MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR
«Axır ki, əsil azadlığı tapdım»
- ANADAN OLDUĞU İL: 1981
- ÖLKƏ: ABŞ
- KEÇMİŞDƏ: YOLUNU AZMIŞ OĞUL
AVTOBİOQRAFİYA.
Mən Maundsvildə doğulmuşam. Bu sakit şəhərcik Qərbi Virginiya ştatının (ABŞ) şimalında, Ohayo çayı sahilində yerləşir. Ailədə dörd uşaq idik: üç oğlan, bir qız. Mən ailənin ikinci övladıyam. Demək olar ki, biz darıxmağa macal tapmırdıq. Valideynlərim insanpərvər, zəhmətkeş və çox dürüst adamlar idi. Varlı-hallı yaşamasaq da, heç nədən korluq çəkmirdik. Valideynlərim Yehovanın Şahidləri idi və Müqəddəs Kitab prinsiplərini uşaqlıqdan bizə aşılamaq üçün əllərindən gələni əsirgəmirdilər.
Lakin yeniyetmə yaşlarına çatanda ürəyim artıq uşaqlıqda öyrəndiyim həqiqətlərdən uzaqlaşmağa başlamışdı. Mən düşünürdüm ki, Müqəddəs Kitabın qanunları məni mənalı və sevinc dolu həyat yaşamaq imkanından məhrum edir, həmçinin mənə elə gəlirdi ki, xoşbəxt olmağın yeganə yolu tam sərbəst olmaqdır. Bir müddət sonra yığıncağa getməyi dayandırdım. Böyük qardaşım və balaca bacım tutduğum bu üsyankar yolda mənə qoşuldular. Düzgün yola qayıtmağımız üçün valideynlərimiz əllərindən gələni etdilər, lakin biz onların köməyini rədd etdik.
Ağlıma belə gəlməzdi ki, həsrətində olduğum «azadlıq» məni asılılığın cənginə sürükləyəcək. Bir gün məktəbdən evə gələndə bir dostum mənə siqaret təklif etdi, mən də götürüb çəkdim. O gündən etibarən bir çox zərərli vərdişlərə «hə» deyirdim. Bir müddətdən sonra narkotik maddələr və spirtli içkilər qəbul etməyə, əxlaqsız həyat sürməyə başladım. Növbəti bir neçə il ərzində daha güclü narkotikləri daddım. Asılılığım getdikcə artırdı və bu cür həyat tərzimin xərclərini ödəmək üçün narkotik alverinə girişdim.
Vicdanımın səsini boğduqca, o, mənə daha çox sürdüyüm həyat tərzinin düzgün olmadığını xatırladırdı. Elə həddə gəlib çatmışdım ki, artıq geriyə yolun olmadığını düşünürdüm. Əyləncə gecələrində və konsertlərdə insanların əhatəsində olmağıma baxmayaraq, çox vaxt özümü tənha hiss edir və ruh düşkünlüyünə qapılırdım. Bəzən oturub fikirləşirdim: «Axı belə gözəl, namuslu valideynlərim ola-ola, mən necə bu həddə gəlib çatdım?»
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.
Özümdən ümidimi üzsəm də, başqaları üzmədi. 2000-ci ildə valideynlərim məni Yehovanın Şahidlərinin vilayət konqresinə dəvət etdilər. Bu dəvəti ürəksiz də olsa, qəbul etdim. Biləndə ki, yolunu azmış bacım və qardaşım da o konqresdə olacaq, çox təəccübləndim.
Konqresdə birdən yadıma düşdü ki, təqribən bir il əvvəl burada rok-konsertdə olmuşdum. Gördüyüm təzad mənə olduqca böyük təsir bağışladı. Konsert zamanı bura zir-zibillə dolu idi, aləmi siqaret tüstüsü bürümüşdü. Konsertə qulaq asmağa gələnlərin əksəriyyəti kobud, səslənən mahnılar isə bədbin əhval-ruhiyyədə idi. Onlardan fərqli olaraq, bu konqresdə iştirak edənlər sözün əsil mənasında xoşbəxt insanlar idi. Uzun illər məni görməmələrinə baxmayaraq, onlar məni gülərüzlə qarşıladılar. Hər yer tər-təmiz, səslənən fikirlər isə ümidverici idi. Müqəddəs Kitab həqiqətlərinin faydasını görəndə nəyə görə onu əvvəllər rədd etdiyimi başa düşə bilmirdim! (Yeşaya 48:17, 18).
«Müqəddəs Kitab mənə güc verdi ki, narkotikdən və narkotik alverindən əl çəkim, cəmiyyət üçün faydalı insan olum»
Konqresdən dərhal sonra yığıncağa qayıtmaq qərarına gəldim. Bacımla qardaşıma da konqres böyük təsir bağışlamışdı, onlar da qayıtmaq qərarına gəldilər. Üçümüz də Müqəddəs Kitabı öyrənmək təklifini qəbul etdik.
Məni xüsusilə riqqətə gətirən Yaqub 4:8 ayəsi olmuşdu. Orada deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq». Anladım ki, Allaha yaxınlaşmaq üçün həyatımı bir çox şeylərdən təmizləməliyəm, həmçinin siqareti, narkotiki atmalı və spirtli içkilərdən sui-istifadə etməməliyəm (2 Korinflilərə 7:1).
Köhnə dostlarımla əlaqəmi kəsdim və Yehovaya ibadət edən insanlarla dostluq etməyə başladım. Mənimlə Müqəddəs Kitabı öyrənən ağsaqqalın üzərimdə əziyyəti çox olub. O, müntəzəm zəng edir və hal-əhval tutmaq üçün tez-tez mənə baş çəkirdi. İndiyə kimi o, mənim ən yaxın dostlarımdan biridir.
2001-ci ilin yazında qardaşım, bacım və mən özümüzü Allaha həsr edib vəftiz olduq. Neçə illərdən sonra ailəmiz Yehova Allaha ibadətdə birləşəndə valideynlərimin və Allaha sadiq qalan kiçik qardaşımın necə sevindiyini təsəvvür edin!
MƏNƏ FAYDASI.
Əvvəllər fikirləşirdim ki, Müqəddəs Kitab qanunları əl-qolumu bağlayır, lakin indi mən bu qanunlara dəyər verir və onları misli-bərabəri olmayan müdafiə sayıram. Müqəddəs Kitab mənə güc verdi ki, narkotikdən və narkotik alverindən əl çəkim, cəmiyyət üçün faydalı insan olum.
Mən Yehovaya ibadət edən ümumdünya qardaşlığın üzvü olmaq şərəfinə malikəm. Bu insanlar, həqiqətən də, bir-birlərini sevir və aralarında birlik hökm sürür (Yəhya 13:34, 35). Hədsiz məhəbbət bəslədiyim və mənə çox əziz olan həyat yoldaşım Adriana mənim üçün Allahdan xüsusi paydır. Bir yerdə Yaradanımıza xidmət etmək bizə böyük sevinc gətirir.
Xudbin həyat tərzi sürmək əvəzinə, indi mən vaxtımın çox hissəsini Allaha xidmətə sərf edir və insanlara Allahın Kəlamının faydasını görməyə kömək edirəm. Mənə həyatda ən böyük xoşbəxtliyi bu xidmət gətirir. Tam əminliklə deyə bilərəm ki, Müqəddəs Kitab həyatımı dəyişdi. Axır ki, əsil azadlığı tapdım.