Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Müqəddəs Kitab həqiqəti susuzluğumu yatırtdı

Müqəddəs Kitab həqiqəti susuzluğumu yatırtdı
  • DOĞULDUĞU İL: 1987

  • ÖLKƏ: AZƏRBAYCAN

  • KEÇMİŞDƏ: ATASI MÜSƏLMAN, ANASI YƏHUDİ

KEÇMİŞİM.

Mən Bakıda (Azərbaycan) anadan olmuşam. Evin ikinci uşağıyam. Atam müsəlman, anam isə yəhudi idi. Atamla anam bir-birini çox sevirdilər. Fərqli dinlərdən olsalar da, bir-birinin imanına hörmətlə yanaşırdılar. Atam Ramazan ayında oruc tutanda anam ona dəstək olurdu, anam isə Pasxa bayramını qeyd edəndə atam ona dəstək olurdu. Evimizdə həm Quran, həm Tövrat, həm də Bibliya var idi.

Mən özümü müsəlman sayırdım. Allahın varlığına heç vaxt şübhə eləmirdim. Amma bununla yanaşı, bəzi suallar məni narahat edirdi: «Allah nə üçün insanı yaradıb? Yaradıb ki, ömür boyu əzab çəkməsi azmış kimi, cəhənnəmdə də əbədiyyən əzab çəksin?» İnsanlar deyirdilər ki, nə olursa, Allahın izni ilə olur. Mən fikirləşirdim: «Necə ola bilər ki, Allah insanların taleyini yazsın, sonra isə kənarda durub onların necə əzab çəkdiklərinə tamaşa etsin?»

12 yaşım olanda namaz qılmağa başladım. Elə həmin vaxtlarda atam bacımla məni yəhudi məktəbinə yazdırdı. Başqa dərslərlə yanaşı biz Tövratdakı qayda-qanunları və ibri dilini öyrənirdik. Dərs başlamazdan əvvəl biz yəhudi adət-ənənəsinə uyğun dua edirdik. Beləcə, evdə sübh namazımı qılırdım, məktəbdə isə oradakılarla birgə yəhudilərin duasını edirdim.

Mən suallarıma məntiqli cavab tapacağım günü həsrətlə gözləyirdim. Dəfələrlə məktəbdəki ravvinlərdən soruşurdum: «Allah nə üçün insanları yaradıb? O, atamın müsəlman olmasına necə baxır? Nəyə görə atam natəmiz sayılır, o ki yaxşı insandır? Allah onu nə üçün yaradıb?» Onların verdiyi cavablar ağlabatan deyildi, heç bir məntiqə də sığmırdı.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.

2002-ci ildə Allaha imanım sarsıldı. Mən uzun illər ərzində ailəmin sağlamlığı və firavanlığı üçün dua edirdim. Amma Almaniyaya köçəndən cəmi bir həftə sonra atam iflic olub komaya düşdü. Bilirdim ki, həyat və ölüm Uca Allahın əlindədir. Buna görə də atamın ölməməsi üçün gecə-gündüz Ona yalvarırdım. Düşünürdüm ki, balaca qızın arzusunu yerinə yetirmək Allahın əlində heç nədir. Onun yalvarışlarımı cavabsız qoymayacağına əmin idim. Amma atam öldü.

Allahın yalvarışlarıma biganə yanaşması məni sarsıtdı. Öz-özümə deyirdim: «Ya mən düzgün dua etmirəm, ya da Allah yoxdur». Çox pis idim, özümə yer tapa bilmirdim. Namaz qılmağı da dayandırdım. Digər dinlər də məni qane etmədiyi üçün Allahın olmadığı qənaətinə gəldim.

Bu hadisədən altı ay sonra Yehovanın Şahidləri qapımızı döydülər. Xristian dini haqda elə də yaxşı fikirdə olmadığımız üçün bacımla mən istəyirdik ki, nəzakətli şəkildə onların səhv olduğunu göstərək. Biz onlardan soruşduq: «Necə olur ki, siz On əmrə zidd gedə-gedə İsaya, xaça, Məryəmə və digər bütlərə ibadət edirsiniz?» Yehovanın Şahidləri bizə Müqəddəs Kitabdan göstərdilər ki, Məsihin həqiqi davamçıları bütlərə ibadət etməməlidirlər, onlar yalnız və yalnız Allaha dua etməlidirlər. Mən məəttəl qalmışdım.

Sonra biz soruşduq: «Bəs Üç üqnum barədə nə deyə bilərsiniz? İsa Allahdırsa, onda necə ola bilərdi ki, o yer üzündə yaşasın və insanlar onu öldürsün?» Onlar yenə də əllərinə Müqəddəs Kitabı alıb izah etdilər ki, İsa nə Allahdır, nə də Allaha bərabərdir. Yehovanın Şahidləri əlavə etdilər ki, elə bu səbəbdən onlar Üç üqnuma ibadət etmirlər. Şoka düşmüşdüm. «Onlar, həqiqətən də, qəribə xristianlardır», — deyə fikirləşdim.

İnsanların nəyə görə öldüyü və Allahın əzablara nə üçün yol verdiyi məni hələ də narahat edirdi. Yehovanın Şahidləri mənə «Əbədi həyata aparan bilik» * kitabını göstərdilər. O kitabda suallarımı cavablandıran o qədər fəsil var idi ki! O gündən etibarən onlar mənimlə Müqəddəs Kitaba əsaslanan dərslər keçməyə başladılar.

Hər dərsdə mən suallarıma Müqəddəs Kitaba əsaslanan və məntiqli cavab tapırdım. Öyrəndim ki, Allahın adı Yehova, ən gözəl sifəti isə məhəbbətdir (Məzmur 83:18; 1 Yəhya 4:8). O, insanları yaşamaq üçün yaradıb. Allah haqsızlığa yol versə də, ona nifrət edir və tezliklə onu bir dəfəlik yox edəcək. Habelə öyrəndim ki, Adəmlə Həvvanın üsyanı bəşəriyyətə böyük bəlalar gətirib (Romalılara 5:12). Bu bəlalardan biri də sevdiyimiz insanların ölümüdür. Yeni dünyada Allah bütün faciələri aradan qaldıracaq, ölən insanları isə həyata qaytaracaq (Həvarilərin işləri 24:15).

Müqəddəs Kitabdan tapdığım cavablar susuzluğumu yatırtdı. Allaha yenidən iman etdim. Yehovanın Şahidlərini daha yaxşı tanıdıqca gördüm ki, onlar ümumdünya qardaşlıq cəmiyyətidir. Aralarındakı birlik və məhəbbət məni valeh etdi (Yəhya 13:34, 35). Yehova Allah haqda öyrəndiklərim məni Ona ibadət etməyə təşviq etdi. Beləcə, mən də Yehovanın Şahidi olmaq istədim və 2005-ci il yanvarın 8-i vəftiz olundum.

MƏNƏ FAYDASI.

Müqəddəs Kitabdan öyrəndiklərim həyata baxışımı dəyişdi. Oradan tapdığım məntiqli, ağlabatan izahatlar mənə qəlb rahatlığı verdi. Allahın Kəlamında ölən insanların diriləcəyinə dair vəd ürəyimə aramlıq gətirdi. Çox sevinirəm ki, atamı yenidən görəcəyəm! (Yəhya 5:28, 29).

Mən altı ildir ki, Allaha sədaqətlə ibadət edən Conatanla evliyəm. Çox xoşbəxt ailəmiz var. İkimiz də Allah haqda həqiqətin sadə və məntiqli, eyni zamanda, qiymətli xəzinə olduğunu öyrənmişik. Buna görə də biz öz imanımız və ümidimiz barədə başqaları ilə də sevə-sevə bölüşürük. İndi mən bilirəm ki, Yehovanın Şahidləri «qəribə xristianlar» yox, həqiqi məsihçilərdir.

^ abz. 15 Yehovanın Şahidləri tərəfindən dərc olunurdu, ancaq indi dərc olunmur.