Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Müqəddəs Kitabda yazılan «xədim» sözü kimlərə şamil olunur?

Assuriyalı xədimin barelyefinin bir hissəsi

Bəzən bu söz axtalanmış kişilərə şamil edilir. Peyğəmbərlərin dövründə bəzi kişiləri cəzalandıranda, əsir aparanda və ya kölə edəndə axtalayırdılar. Axtalanmış etibarlı kişiləri isə padşahın hərəmxanasına, yəni qadınların yaşadığı yerə nəzarət etmək üçün qoyurdular. Məsələn, götürək, hərəmağa Heqay və Şaaşqazı. Onlar I Kserks kimi tanınan Fars padşahı Axaşveroşun arvadlarının və cariyələrinin keşikçiləri idilər (Ester 2:3, 14).

Amma Müqəddəs Kitabda yazılan «xədim» sözü yalnız axtalanmış kişilərə aid edilmir. Bəzi alimlərin fikrincə, padşahın sarayında işləyən məmurlar da xədim adlanırdı. Məsələn, Yeremya peyğəmbərin dostu Eved-Melek və müjdəçi Filipin təbliğ etdiyi həbəşistanlı kişi. Eved-Melek çox ehtimal ki, yüksək vəzifəli saray məmuru idi və Sidqiya padşaha bilavasitə müraciət edə bilirdi (Yeremya 38:7, 8). Həbəşistanlı kişi barədə isə deyilir ki, o, Yerusəlimə ibadətə gələn saray xəzinədarı idi (Həvarilərin işləri 8:27).

Nəyə görə peyğəmbərlərin dövründə çobanlar qoyunları keçilərdən ayırırdılar?

İsa peyğəmbər gələcəkdə baş verən hökm barədə söz açanda belə demişdi: «İnsan Oğlu... öz calalında gəlib... çoban qoyunları keçilərdən ayırdığı kimi, insanları saf-çürük edəcək» (Matta 25:31, 32). Nəyə görə çobanlar bu heyvanları bir-birindən ayırırdı?

Adətən, qoyunlar və keçilər bütün günü otlaqda bir yerdə olurdular. Gecə isə çobanlar onları oğrulardan, vəhşi heyvanlardan və soyuqdan qorumaq üçün ağıllara aparırdılar (Yaradılış 30:32, 33; 31:38—40). Onlar qoyunları, xüsusilə dişi qoyunları və quzuları aqressiv keçilərdən qorumaq üçün bir-birindən ayırıb başqa-başqa ağıllara salırdılar. Bir kitabda deyilir: «Çobanlar keçiləri qoyunlardan onları cütləşdirəndə, südlərini sağanda və qırxanda ayırırdılar» («All Things in the Bible»). Beləliklə, İsa peyğəmbər israillilərin çobanlıqla məşğul olduqlarını və bu işdən agah olduqlarını bildiyi üçün bu nümunəni çəkmişdi.