Kontentə keç

Mündəricatı göstər

TARİXİ HADİSƏ

Azərbaycan dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

Azərbaycan dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü

ÇOXDAN gözlədiyimiz an yetişdi! 2014-cü il sentyabrın 19-u Azərbaycan dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü.

Azərbaycanda Allahı sevən insanların oxuduğu bir neçə Müqəddəs Kitab tərcüməsinin sırasına «Yeni Dünya Tərcüməsi» də daxil oldu. Nəyə görə bu tərcüməyə ehtiyac yarandı? Bu tərcüməni kim ərsəyə gətirib? «Yeni Dünya Tərcüməsi»ni mötəbər saymaq olarmı?

Nəyə görə Müqəddəs Kitabın bu qədər tərcüməsi var?

Son illər ərzində olduqca çox Müqəddəs Kitab tərcümələri nəşr olunub. Bəzi dillərdə Allahın Kəlamı ilk dəfə tərcümə olunub. Digər dillərdə isə artıq Müqəddəs Kitabın bir neçə tərcüməsi olsa da, başqa tərcümələr də işıq üzü görüb. Səbəb? Sakai Kubo və Uolter Spektin yazdığı bir kitabda izah olunur: «Müqəddəs Kitabın heç bir tərcüməsini son variant hesab etmək olmaz. Tərcümələr Müqəddəs Kitabın son tədqiqatlarına və müasir dilə müvafiq gəlməlidir» («So Many Versions?»).

Son illər ərzində Müqəddəs Kitabın orijinal mətninin yazıldığı ibrani, arami və yunan dillərinin başa düşülməsində xeyli inkişaf müşahidə olunub. Üstəlik, əvvəllər tərcüməçilərin istifadə etdiyi Müqəddəs Kitab əlyazmalarından daha qədim və daha dəqiq əlyazmalar tapılıb. Buna görə də bu gün Allahın Kəlamını daha dəqiq tərcümə etmək mümkündür.

Beynəlxalq Biznes professoru Deklan Heyz yazır: «Hər il Müqəddəs Kitab ilin bestselleri olur». Bəzən nəşrin bestseller, yəni ən çox satılan olması üçün dəqiqlik bada verilir. Məsələn, bir Müqəddəs Kitab tərcüməsində naşirlər «cansıxıcı» saydıqları hissələri mətndən sərbəst şəkildə götürüblər. Digər tərcümədə isə bəzi müasir oxucuların acığına gələcək sözlər və ifadələr dəyişdirilib. Misal üçün, onlar tərcümələrində bir qrup insanları razı salmaq üçün Allahı «Ata-Ana» adlandırıblar.

Allahın adı gizli qalır

Amma ən çox narahatçılıq doğuran məsələ Allahın adı — Yehova adı ilə bağlıdır. (Bəzi alimlər Allahın adını «Yahve» kimi verirlər.) Müqəddəs Kitabın qədim əlyazmalarında Allahın adı dörd ibrani samiti ilə yazılıb. Onları YHVH kimi transliterasiya etmək olar. Allahın adına Tövrat və Zəburda (Əhdi-Ətiq) təxminən 7000 dəfə rast gəlinir (Çıxış 3:15; Zəbur 83:18). Gördüyümüz kimi, Yaradanımız istəyir ki, mömin bəndələri Onun adını bilsin və çəksin.

Lakin əsrlər öncə yəhudilər mövhumi qorxuya qapılaraq Allahın adını çəkməyə son qoymuşdular. Sonradan xristianlar da bu cür mövhumi düşüncələrə qapıldılar (Həvarilərin işləri 20:29, 30; 1 Timutiyə 4:1). Beləcə, Müqəddəs Kitab tərcüməçiləri Allahın adını «Rəbb» sözü ilə əvəz etməyə başladılar. Bu gün əksər Müqəddəs Kitablardan Allahın adı tamamilə götürülüb. Müqəddəs Kitabın ingilis dilində olan bəzi müasir tərcümələrində Yəhya 17:6 ayəsində hətta «ad» sözü yoxdur. Orijinal mətndə bu ayə belə səslənir: «Sənin adını açdım». «Xoş Xəbərin Tərcüməsi»ndə isə bu ayə belə verilib: «Səni tanıtdım» («Good News Translation»).

Nəyə görə Allahın adına bu cür münasibət göstərilir? Müqəddəs Kitabın ümumdünya tərcüməsini təşkil edən Birləşmiş Müqəddəs Kitab Cəmiyyətlərinin (BMKC) dərc etdiyi bir jurnalda deyilir: «Sözsüz ki, YHVH xüsusi isimdir, buna görə də ən düzgün tərcümə üsulu bu adı transliterasiya etməkdir». Lakin orada bir xəbərdarlıq da var: «Bununla belə, bəzi faktları da nəzərə almaq lazımdır» («Practical Papers for the Bible Translator»).

Bu «faktlar» nə dərəcədə əsaslıdır? Həmin jurnalda bəzi alimlər bunu belə əsaslandırırlar: «Əgər biz Yahve kimi bir ad yazsaq, bu çaşqınlıq yarada bilər,.. insanlara elə gələ bilər ki, Yahve yad və yeni bir Allahdır, yəni onların inandığı ­Allah yox, başqa bir Allahdır». Amma Müqəddəs Kitabda deyilir ki, Yehova, doğrudan da, cansız ­allahlardan fərqlənir (Əşiya 43:10—12; 44:8, 9).

Bəzi alimlər iddia edirlər ki, Allahın adını «Rəbb» sifəti ilə əvəz etməklə sadəcə olaraq ənənəyə uyğun davranırlar. Lakin İsa peyğəmbər Allahı rüsvay edən ənənələrə riayət edənləri mühakimə etmişdi (Mətta 15:6). Bundan əlavə, Allahın adını sifətləri ilə əvəz etmək ideyası Müqəddəs Kitaba əsaslanmır. Allahın Kəlamında İsa Məsihə «Allahın sözü» və «padşahlar Padşahı» kimi sifətlərlə müraciət olunur (Vəhy 19:11 —16). Bəs İsa peyğəmbərin adını bu sifətlərdən biri ilə əvəz etmək nə dərəcədə düzgündür?

Yuxarıda sitat gətirilən jurnalın başqa bir məqaləsində deyilir: «Əslində, “Yehova” adını istifadə etmək düzgün olmaz». Nəyə görə? «Əksər alimlər hesab edirlər ki, orijinala əsasən, “Yahve” tələffüzü daha dəqiq səslənir». Müqəddəs Kitabda Yəhya, İlyas, eləcə də İsa kimi tanınmış peyğəmbərlərin adları ibrani dilindəki orijinal tələffüzdən olduqca fərqlənir (İoanes, Eliyah Yehohşua). «Yehova» adı ingilis dilində və digər dillərdə Allahın adının əsrlər boyu qəbul edilmiş forması olduğu üçün bu adın əleyhinə söylənən fikirlər əsassızdır. Bəli, ­Allahın adını çəkməmək istəyi faktlara yox, hisslərə əsaslanır və qərəzli münasibətdən doğur.

Amma bu məsələyə sadəcə bir nəzəriyyə kimi baxmaq düzgün olmaz. Məsələn, BMKC-nin Hindistandakı məsləhətçisi Allahın adının əvvəllər mövcud olduğu yerlərdən götürülməsinin nəticələri barədə yazır: «Hinduları Allahın sifətləri maraqlandırmır. Onlar Allahın adını bilmək istəyirlər. Hindular adını bilmədikləri Allaha ibadət edə bilməzlər». Əslində, bunu Allahı axtaran bütün insanlara şamil etmək olar. Allahı tanımaq üçün Onun adını bilmək şərtdir, çünki O, hansısa qüvvə yox, Varlıqdır və Onu tanımaq mümkündür (Çıxış 34:6, 7). Müqəddəs Kitabda deyilir: «Yehovanın adını çağıran hər kəs qurtulacaq» (Romalılara 10:13). Allaha ibadət edən kəslər Onun adını çəkməyə borcludurlar!

Allaha şərəf gətirən tərcümə

«Yeni Dünya Tərcüməsi»ndə Allahın tək adı, Yehova adı yazılıb

1950-ci ildə əlamətdar hadisə baş verdi: ingilis dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin ilk buraxılışı işıq üzü gördü. Növbəti illər ərzində Tövrat (Əhdi-Ətiq) hissə-hissə çıxmağa başladı. 1961-ci ildə isə ingilis dilində Müqəddəs Kitab bütöv şəkildə nəşr olundu. Maraqlıdır ki, bu nəşrin Tövrat hissəsində Allahın adı «Yehova» təxminən 7000 dəfə yazılıb. Ən önəmlisi İncildə (Əhdi-Cədid) Allahın adının 237 yerdə yazılmasıdır.

«Yeni Dünya Tərcüməsi»ndə Allahın adının orijinal mətndə olduğu yerlərdə yazılması həm Allaha şərəf gətirir, həm də Müqəddəs Kitabı daha aydın başa düşməyə kömək edir. Misal üçün, tərcümələrin çoxunda Mətta 22:44 ayəsi belə verilib: «Ağa Ağama dedi». Görəsən, kim kimə dedi? «Yeni Dünya Tərcüməsi»ndə isə bu ayədə yazılan sözlər Zəbur 110:1 ayəsindən dəqiqliklə sitat gətirilir. Orada deyilir: «Yehova Ağama dedi». Beləcə, oxucu Allahla İsa Məsih arasında fərqi aydın görür.

Bu tərcüməni kim ərsəyə gətirib?

«Yeni Dünya Tərcüməsi» Yehovanın Şahidlərini təmsil edən hüquqi şəxs — Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti tərəfindən dərc olunub. Yüz ildən çoxdur ki, Yehovanın Şahidləri Müqəddəs Kitabı çap edib bütün dünyada paylayırlar. Bu tərcüməni ərsəyə gətirən məsihilərdən ibarət Yehovanın Şahidlərinin Yeni Dünya Tərcüməsi Komitəsidir. Bu komitənin üzvləri ad qazanmağa çalışmayıblar, əksinə, xahiş ediblər ki, hətta öləndən sonra da adları məxfi qalsın (1 Korinflilərə 10:31).

Nəyə görə bu tərcümə «Yeni Dünya Tərcüməsi» adlanır? 1950-ci il nəşrinin ön sözündə izah olunur ki, bu ad 2 Butrus 3:13 ayəsinə əsasən, bəşəriyyətin «yeni dünyanın astanasında» olduğuna əminliyi əks etdirir. Komitənin təbirincə, «köhnə dünyadan salehlik hökm sürən yeni dünyaya keçən müddətdə» Müqəddəs Kitab tərcümələrinin «Allahın Kəlamındakı saf həqiqətləri» işıqlandırması olduqca vacibdir.

Dəqiq tərcümə

Tərcümə zamanı üstünlük dəqiqliyə verilmişdi. İngilis dilində olan bu nəşrin üzərində işləyən tərcüməçilər birbaşa ibrani, arami və yunan dillərində olan ən sanballı mətnlərdən istifadə etmişlər *. Onlar bacardıqları qədər qədim mətni hərfən tərcümə etmiş, eyni zamanda onu müasir oxucunun asan başa düşəcəyi dildə vermişlər.

Təəccüblü deyil ki, bəzi alimlər dəqiq və qərəzsiz olduğu üçün «Yeni Dünya Tərcüməsi» barədə xoş sözlər söyləmişlər. 1989-cu ildə israilli alim, professor Benjamin Kedar demişdi: «İbrani dilində olan Müqəddəs Kitab və onun tərcümələri ilə bağlı dilçilik tədqiqatları apararkən tez-tez “Yeni Dünya Tərcüməsi” kimi tanınan ingilis dilindəki tərcüməyə müraciət edirəm. Hər dəfə əmin oluram ki, bu tərcümənin üzərində işləyənlər mətni mümkün qədər dəqiq başa düşmək üçün dürüstlüklə çalışmışlar».

«Yeni Dünya Tərcüməsi» digər dillərdə

Bu səbəbdən Yehovanın Şahidləri «Yeni Dünya Tərcüməsini» digər dillərə də tərcümə ediblər. Bu nəşr hal-hazırda bütöv və ya hissə-hissə 125 dildə nəşr olunur. Tərcümə işini asanlaşdırmaq üçün bir üsul hazırlanıb. Bunun sayəsində Müqəddəs Kitab sözlərini kompüter texnologiyası vasitəsilə təhlil etmək və cəmləmək mümkün olur. Tərcüməçilərə kömək etmək üçün Tərcümə xidmətləri adlanan bir şöbə təsis olunub. Yehovanın Şahidlərinin Rəhbərlik Şurası Yazı Komitəsi vasitəsilə Müqəddəs Kitabın tərcüməsinə ciddi nəzarət edir. Bəs tərcümə işi necə həyata keçirilir?

Əvvəla, bir neçə Yehovanın Şahidindən ibarət tərcümə qrupu təşkil olunur. Təcrübə göstərir ki, tərcüməçilər ayrı-ayrılıqda yox, bir qrup şəklində işləyəndə daha gözəl tərcümə ərsəyə gəlir (Məsəllər 11:14). (Adətən, qrupun üzvləri Yehovanın Şahidlərinin nəşrlərini tərcümə etməkdə səriştəsi olan tərcüməçilərdir.) Sonra qrup Müqəddəs Kitab tərcüməsinin əsas prinsiplərinə və xüsusi təkmilləşmiş kompüter proqramlarına dair təlim alır.

Tərcümə qrupunun qarşısına məqsəd qoyulur ki, Müqəddəs Kitabı dəqiq və camaatın başa düşdüyü dildə tərcümə etsinlər. Bu tərcümə mümkün qədər hərfi olmalıdır, amma eyni zamanda orijinal mətnin mənası təhrif olunmamalıdır. Bu necə mümkündür? Gəlin Azərbaycan dilində təzəlikcə çıxan Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nə baxaq. Əvvəlcə, tərcümə qrupu ingilis dilindəki «Yeni Dünya Tərcüməsi»ndə istifadə olunan əsas terminlərə uyğun Azərbaycan terminləri tapır. Gözətçi Qülləsi Tərcümə Sistemi adlı kompüter proqramı ekranda Müqəddəs Kitabda işlənən sinonim və eyniköklü sözləri göstərir. Həmçinin bu proqram orijinal yunan və ibrani sözlərini də göstərir. Beləcə, tərcüməçilər eyni yunan və ibrani sözlərinin başqa-başqa ayələrdə necə tərcümə olunduğunu görə bilirlər. Bunun sayəsində sözlərin Azərbaycan dilində qarşılığını tapmaq çox asanlaşır. Sözlərin tərcüməsi ilə bağlı yekdil qərara gələndən sonra qrup Müqəddəs Kitabı tərcümə etməyə başlayır. Onlar hər ayəni tərcümə edəndə ingilis sözlərinin Azərbaycan dilində qarşılığı kompüterin ekranında peyda olur.

Lakin tərcümə etmək sadəcə olaraq bir sözü o biri sözlə əvəz etmək demək deyil. Azərbaycan dilində seçilmiş terminin kontekstə müvafiq dəqiq mənanı verdiyinə əmin olmaq üçün can qoyulub. Həmçinin dilin qrammatikası və sintaksisi nəzərə alınıb ki, tərcümə təbii və canlı alınsın. Bu işə nə qədər əmək sərf olunduğunu tərcümənin özündən görmək olar. Azərbaycan dilində «Yeni Dünya Tərcüməsi» sayəsində Allahın Kəlamı daha rahat oxunur. Tərcümə aydın və təbiidir, həmçinin orijinal mətndəki fikirləri səhih çatdırır *.

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni oxumağı sizə də tövsiyə edirik. Siz bu kitabı əlinizdə olan jurnalın naşirlərindən və ya Yehovanın Şahidlərinin yığıncağından əldə edə bilərsiniz. Bu kitabı oxuyarkən əmin olun ki, Allahın sözləri ana dilinizdə tam dəqiqliklə tərcümə olunub. Şübhəsiz, qısa vaxt ərzində siz özünüz də görəcəksiniz ki, Müqəddəs Kitabın bu buraxılışı, doğrudan da, tarixi hadisədir!

^ abz. 24 İncilin ingilis dilinə tərcüməsində Vestkot və Hortun «İncil qədim yunan dilində» adlı nəşri əsas götürülüb («The New Testament in the Original Greek»). Tövratın tərcüməsi isə Rudolf Kittel tərəfindən tərtib edilmiş «Biblia Hebraica»ya əsaslanır. Bundan əlavə, «Yeni Dünya Tərcüməsi»nin 2013-cü il nəşrinin ərsəyə gəlməsi üçün eramızın ikinci və üçüncü əsrlərinə aid digər qədim papirus sənədlərə də müraciət olunub. Birləşmiş Müqəddəs Kitab Cəmiyyətləri, həmçinin Nestle və Aland kimi alimlərin apardıqları son tədqiqatları əks etdirən mətn nümunələrindən də istifadə olunub.

^ abz. 30 Müqəddəs Kitabın tərcümə prinsipləri və Azərbaycan dilindəki nəşrin özəllikləri barədə ətraflı məlumatı «Yeni Dünya Tərcüməsi»nin A1 və A2 əlavələrindən tapa bilərsiniz.