Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Ölmək istəmirdim!

Ölmək istəmirdim!
  • DOĞULDUĞU İL: 1964

  • ÖLKƏ: İNGİLTƏRƏ

  • KEÇMİŞDƏ: GƏNC YAŞINDA ANA OLAN ÜSYANKAR QIZ

KEÇMİŞİM

Mən Londonda, əhalinin sıx məskunlaşdığı Paddinqton ərazisində anadan olmuşam. Anam və üç böyük bacımla bir yerdə yaşayırdım. Atam əyyaş idi, onun bizimlə yaşadığı hiss olunmurdu, evə hərdənbir gəlirdi.

Uşaq olanda anam mənə hər axşam dua etməyi öyrətmişdi. Mənim balaca Zəbur kitabım var idi. Oradakı məzmurları özümdən qoşduğum musiqilərlə oxuyurdum. Bir dəfə başqa bir kitabdan belə bir ifadə oxudum: «Bir gün açılan sabahı görməyəcəksən». Həmin gecə gözümə yuxu getmədi, gələcək barədə fikirlər məni rahat buraxmırdı: «Ola bilməz, həyat bununla bitsin. Bəs mən niyə dünyaya gəlmişəm?» Mən ölmək istəmirdim!

Okkultizmlə maraqlanmağa başladım. Ölülərlə danışmağa cəhd göstərirdim, sinif yoldaşlarımla qəbiristanlığa gedirdim. Biz qorxulu filmlərə baxırdıq, bu, xoşumuza gəlirdi, amma bir tərəfdən də qorxurduq.

Artıq on yaşımdan öz bildiyimi edirdim. Siqaret çəkməyə başladım, sonra isə marixuanaya keçdim. On bir yaşım olanda içki içməyə başladım. Dadından xoşum gəlməsə də, içkili olmaqdan xoşum gəlirdi. Musiqini və rəqs etməyi də sevirdim. Tez-tez diskotekalara, gecə klublarına gedirdim. Gecə evdən gizlin çıxır, hava işıqlanmamış geri qayıdırdım. Növbəti gün dəhşət yorğun olduğum üçün məktəbə getməyə halım olmurdu. Gedəndə də, fasilə zamanı içki içirdim.

Məktəbi qurtaranda qiymətlərim çox aşağı oldu. Hansı hoqqalardan çıxdığımdan anamın xəbəri olmadığı üçün qiymətlərimə görə çox əsəbiləşmişdi. Biz dalaşdıq və mən evdən qaçdım. Bir müddət görüşdüyüm oğlanla birgə yaşadım. Adı Toni olan bu oğlan soyğunçuluqla məşğul idi və narkotik satırdı. Onu hamı davakar insan kimi tanıyırdı. Çox keçməmiş hamilə qaldım. Oğlumuz olanda cəmi 16 yaşım var idi.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

Dövlət mənə nikahdan kənar övladları olan analar üçün nəzərdə tutulan yataqxanada bir otaq vermişdi. Yehovanın Şahidləri ilə də elə orada tanış oldum. İki Yehovanın Şahidi hər dəfə gəlib buradakı bəzi gənc analara baş çəkirdi. Bir gün onların söhbətinə qoşuldum. Yehovanın Şahidlərinin səhv olduqlarını sübut etmək istəyirdim. Ancaq onlar Müqəddəs Kitabın vasitəsilə hər sualıma sakit və aydın şəkildə cavab verirdilər. Onların mehriban olmağı xoşuma gəlmişdi. Buna görə də mənə Müqəddəs Kitab dərsi keçmələrini özüm istədim.

Çox keçməmiş Allahın Kəlamından öyrəndiklərim həyatımı dəyişdi. Uşaqlıqdan ölməkdən qorxurdum. Ancaq Müqəddəs Kitabdan öyrəndim ki, ölülər diriləcək (Yəhya 5:28, 29). Həm də bildim ki, Allah hər birimizin şəxsən qayğısına qalır (1 Butrus 5:7). Mənə ən çox Ərəmya 29:11 ayəsində yazılan sözlər təsir elədi. Orada deyilir: «Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir». Bu ayədən sonra mənim yerüzü Cənnətdə əbədi yaşamaq ümidim daha da artdı (Zəbur 37:29).

Yehovanın Şahidləri mənə səmimi məhəbbət bəsləyirdilər. Yehovanın Şahidlərinin ibadət evinə getdiyim ilk gündən oradakı ab-hava xoşuma gəldi. Hamı gülərüz, mehriban idi (Yəhya 13:34, 35). Yehovanın Şahidlərinin yığıncaqlarında mənə göstərilən münasibət getdiyim kilsədəki münasibətdən yerlə göy qədər fərqlənirdi. Yehovanın Şahidləri sürdüyüm həyat tərzinə baxmayaraq, mənə xoş münasibət göstərirdilər. Onlar mənə vaxt ayırır, diqqət və qayğı göstərir, yeri gələndə kömək əllərini uzadırdılar. Özümü böyük, sevgi dolu bir ailənin içində hiss edirdim.

Müqəddəs Kitabdan öyrəndim ki, Allahın qoyduğu əxlaq normalarına uyğun gəlmək üçün həyatımda bəzi şeyləri dəyişməliyəm. Siqareti atmaq mənə çox çətin oldu. Bəzi musiqilər məndə marixuana çəkmək istəyi oyadırdı, ona görə daha onlara qulaq asmadım. Ayıq qalmaq istədiyim üçün diskotekalara və gecə klublarına getməyə son qoydum. Çünki ən çox orada içirdim. Mənə yaxşı təsir edən, dəyişməyə kömək edən insanlarla dostlaşdım (Məsəllər 13:20).

Həmin vaxtlarda Toni də Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi. Yehovanın Şahidləri onun suallarına Müqəddəs Kitabdan cavab verdikləri üçün Toni də öyrəndiklərinin həqiqət olduğuna əmin oldu. O, həyatında köklü dəyişikliklər elədi: keçmiş davakar dostlarından uzaqlaşdı, soyğunçuluq etməyə son qoydu və marixuananı atdı. Başa düşdük ki, Yehova Allahı tam razı salmaq üçün əxlaqsız həyat tərzimizdən əl çəkməli, oğlumuzu böyütmək üçün sabit mühit yaratmalıyıq. Beləcə, 1982-ci ildə evləndik.

«Mən artıq gələcəklə, ölümlə bağlı narahatçılıqlarıma görə gecələr yuxusuz qalmıram»

«Gözətçi qülləsi» və «Oyanın!» * jurnallarından mənim mübarizə apardığım sahələrdə uğur qazanan bacı-qardaşların bioqrafiyasını oxuyurdum. Onların nümunəsi məni çox ruhlandırırdı, təslim olmamaq üçün güc verirdi! Yehovaya hərarətlə dua edirdim ki, məndən əlini üzməsin. 1982-ci ildə Toni ilə mən Yehovanın Şahidi olduq.

MƏNƏ FAYDASI

 

Yehova Allahı tanımağım həyatımı xilas etdi. Toni ilə mən çətin anlarımızda da Yehovanın dəstəyini hiss edirdik. Problemlərimizi Yehovanın üzərinə qoymağı öyrəndik. Allahın əli həmişə ailəmizin üzərində olub (Zəbur 55:22).

Oğlumla qızıma Yehova haqqında öyrətmək mənə böyük zövq verirdi. İndi nəvələrimin də Allaha yaxınlaşdığını görəndə ürəyim dağa dönür.

Mən artıq gələcəklə, ölümlə bağlı narahatçılıqlarıma görə gecələr yuxusuz qalmıram. İndi Toni ilə birgə hər həftə Yehovanın Şahidlərinin digər yığıncaqlarına gedib oradakı dindaşlarımızı ruhlandırırıq. Biz onlarla birlikdə insanlara öyrədirik ki, İsa peyğəmbərə iman gətirsələr, onlar da əbədi həyatda yaşaya biləcəklər.

^ abz. 18 Yehovanın Şahidləri tərəfindən dərc edilir.