ÜZ QABIĞINDAKI MÖVZU | DÜNYANIN SONU BARƏDƏ VƏHY
Axırzaman. Əlamətləri və sizə aidiyyəti
Təsəvvürünüzdə gurultu ilə çapan dörd atı canlandırın. Birinci at ağ rəngdədir. Belində oturan yenicə taxta çıxmış şanlı padşahdır. Ardınca kürən at çapır. Belindəki atlı yer üzündən sülhü götürmək üçün gəlir. Onun arxasınca çapan at zil qara rəngdədir. Bu atı çapanın əlində tərəzi var. Həmin atlının gəlişi ərzaq qıtlığı xəbərini car çəkən bir səslə müşayiət olunur. Axırda gələn solğun rəngli dördüncü at xəstəlik və başqa həyat təhlükələrinin xəbərçisidir. Onun belində oturanın adı Ölümdür. Ümumbəşər məzar addımbaaddım onun dalınca gəlir və Ölümün saysız-hesabsız qurbanlarını ağuşuna alır (Vəhy 6:1—8). Allahdan peyğəmbərə görüm şəklində nazil olmuş bu vəhy İncil kitabında qələmə alınıb və axırzamana aiddir. Görüm o qədər canlı təsvir olunub ki, neçə-neçə oxucunu heyrətə salıb.
«Dörd atlı haqqında ilk dəfə oxuyanda canımı qorxu aldı. Elə bildim Haqq-hesab günü gəlir, mən isə hazır olmadığım üçün məhv olacağam» (Kristel).
«Dörd atlı barəsindəki görüm məni çaş-baş qoymuşdu. Ancaq bu vəhyin mənasını anlayanda hər şey aydın oldu» (Ed).
Əgər siz İncildəki bu vəhyi oxumusunuz, ya da haqqında eşitmisinizsə, ola bilsin, siz də onun mənasını və sizə aidiyyətini anlamaq istəyirsiniz. İlk olaraq qeyd edək ki, dörd atlı səhnəsi Müqəddəs Kitabın «Vəhy» adlanan sonuncu qismində təsvir olunan ən məşhur səhnələrdən biridir. Bunu da deyək ki, bu vəhyin bilavasitə sizə aidiyyəti var. Soruşacaqsınız necə? Allah-Taala söz verir ki, «bu peyğəmbərlik sözlərini ucadan oxuyan, onları eşidən və orada yazılanlara əməl edən adam» əsl xoşbəxtliyə çatacaq (Vəhy 1:1—3).
Dörd atlı haqqındakı vəhy insanları qorxutmaq məqsədilə yazılmayıb. Əksinə, bu vəhyin mənasını anlayan milyonlarla möminin imanı artıb, gözəl gələcəyə ümidi yaranıb. Siz də bu insanların sırasında ola bilərsiniz. Növbəti məqalədə bu haqda daha ətraflı yazılıb.