Kontentə keç

Mündəricatı göstər

DƏRS 2

Rəfəqə Yehovanı razı saldı

Rəfəqə Yehovanı razı saldı

Rəfəqə Yehovanı sevən qadınlardan biri idi. Onun ərinin adı İshaq idi. İshaq da Yehovanı sevən birisi idi. Bəs, onlar necə tanış olmuşdular? Və Rəfəqə Yehovanı razı salmaq istədiyini necə göstərmişdi? Gəl onun haqqında daha ətraflı öyrənək.

İbrahim peyğəmbərlə Sara İshaqın valideynləri idi. Onlar Kənan torpağında yaşayırdılar. Oradakı insanlar Yehovaya ibadət etmirdilər. Ancaq İbrahim peyğəmbər istəyirdi ki, onun oğlu Yehovaya ibadət edən qadınla evlənsin. Məhz bu səbəbdən qulluqçusu Əlyəzəri İshaqa arvad almaq üçün Harran diyarına göndərdi. İbrahim peyğəmbərin bəzi qohum-əqrabası orada yaşayırdı.

Rəfəqə dəvələrə su vermək üçün canla-başla çalışırdı

Əlyəzər İbrahim peyğəmbərin digər qulluqçuları ilə birgə yola düşdü. Bu, çox uzun səyahət idi. Onlar özləri ilə ərzaq və hədiyyələrlə yüklənmiş on dəvə götürmüşdülər. Bəs, Əlyəzər İshaq üçün münasib arvadı necə seçə bilərdi? Əlyəzər və digər qulluqçular Harrana çatanda onlar bir quyunun başında dayandılar. O bilirdi ki, indilərdə ora su çəkmək üçün camaat gələcək. Əlyəzər Yehovaya dua edərək belə dedi: «Qoy elə olsun ki, “səhəngini əy su içim” deyəndə mənə: “Buyur, iç, indi dəvələrinə də verərəm”, — deyə cavab verən qız qulun İshaq üçün seçdiyin qız olsun. Bundan biləcəyəm ki, ağama xeyirxahlıq edirsən».

Bir azdan Rəfəqə quyudan su çəkməyə gəldi. Müqəddəs Kitabda deyilir ki, o, çox qəşəng qadın idi. Əlyəzər içmək üçün ondan su istəyəndə o dedi: «Ağam, buyur iç. Qoy dəvələrin üçün də su çəkim, içib doysunlar». Səhrada susamış dəvələr yaman çox içirlər. Buna görə də Rəfəqə dəfələrlə quyudan su çəkməli olurdu. Şəkildə bunun necə çətin iş olduğunu görürsən? ~ Yehovanın Əlyəzərin duasına bu cür cavab verməsi onu çox heyrətləndirmişdi.

Əlyəzər Rəfəqəyə çoxlu gözəl hədiyyələr verdi. Rəfəqə onu və yanındakı dostlarını atası evinə dəvət etdi. Əlyəzər İbrahim peyğəmbərin onu nə üçün buraya göndərdiyini və Yehovanın onun duasına necə cavab verdiyini danışdı. Rəfəqənin ailəsi onun İshaqla evlənəcəyinə çox sevindilər.

Rəfəqə Əlyəzərlə Kənan torpağına gedərək İshaqla evləndi

Bəs, səncə, Rəfəqə İshaqa ərə getmək istəyirdi? ~ Rəfəqə bilirdi ki, Əlyəzəri Yehova göndərib. Elə buna görə də ailəsi Rəfəqənin fikrini soruşanda o, Kənan diyarına getməyə və İshaqın arvadı olmağa razı olduğunu dedi. O, yubanmadan Əlyəzərlə yola düşdü. Onlar Kənana çatanda Rəfəqə ilə İshaqın toyu oldu.

Rəfəqə Yehovanın istədiyini etdiyi üçün Yehova ona xeyir-dua verdi. Uzun illər keçəndən sonra İsa peyğəmbər məhz onun nəslindən gəldi! Əgər Rəfəqə kimi Yehovanı razı salsan, O, səni də xeyir-dualandırar.

MÜQƏDDƏS KITABDAN OXU