İNDONEZİYA
Yehovanın adını bəyan etmək şərəfdir
Uzun illər davam edən qadağa dövründə İndoneziyadakı qardaşlar İsa Məsihin «ilan kimi ehtiyatlı, göyərçin kimi məsum olun» məsləhətinə əməl edirdilər (Mət. 10:16). Lakin indi, qadağa götürüləndən sonra onlar «cəsarətlə» təbliğ etməyi öyrənməli idilər (Həv. 4:31).
Misal üçün, bəzi qardaşlar ev-ev təbliğ etməyə çəkinirdilər. Onlar əsasən maraqlanan insanların yanına gedir və Müqəddəs Kitab dərsləri keçirirdilər. Digərləri müsəlmanlara təbliğ etməyə cürət etmirdi. Elələri də var idi ki, özlərini Yehovanın Şahidi kimi yox, xristian kimi təqdim edirdi, ya da İndoneziya dilində olan Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin * yerinə, xristian kilsələrinin tərcümələrini işlədirdi. Bir başqaları isə ədəbiyyatlarımızı paylamağa tərəddüd edirdilər.
Bəziləri qadağa dövründən qalmış vərdişlərin təsiri altında idilər. Digərlərinə isə İndoneziya mədəniyyəti təsir edirdi. Bu mədəniyyətdə insanlar münaqişədən qaçır, güzəştə getməyə və hər şeyi üstüörtülü həll etməyə üstünlük verir. Bəs qardaşlara dəyişməyə nə kömək edə bilərdi?
Yehova bu sualın cavabını ruhən yetkin qardaşlar vasitəsilə verdi (Efes. 4:11, 12). Misal üçün, 2010-cu ildə İndoneziyaya gələn Rəhbərlik Şurasının üzvü Stiven Let bacı-qardaşları «Yeni Dünya Tərcüməsi»ndən istifadə edərək Allahın adını müdafiə etməyə səslədi. Misya Birens adlı xüsusi təyinatlı müjdəçi bölüşür: «Stiven Let qardaşın çıxışı təbliğçiləri silkələdi. Onlar Yehovanın Şahidi kimi tanınmağın və Allahın Kəlamını qürurla müdafiə etməyin vacibliyini anladılar».
İndoneziyalı müsəlmanlar çox vaxt Yehovanın Şahidlərini xristian aləminə aid edirdilər. Buna görə də İndoneziya dilində olan «Müqəddəs ibadətimiz» vərəqəsində belə bir gözəl məsləhət verilmişdi: «Yaxşısı budur, Yehovanın Şahidi olduğunuzu elə söhbətin əvvəlində deyəsiniz... Biz Allahın adını daşımaqdan qürur duyuruq və istəyirik ki, təbliğ etdiyimiz ərazidə Allahın adı və Onun niyyəti hamıya agah olsun». İndoneziyada filial komitəsində xidmət edən Şinsuki Kavamoto bölüşür: «Bu cür birbaşa, eyni zamanda nəzakətli üsulla gözəl bəhrələr biçirik. Əksər müsəlmanlara Yehovanın Şahidlərinin kim olduğu maraqlıdır. Onlar bizim başqalarından nə ilə fərqləndiyimizi bilmək istəyirlər. Onların bu marağı sayəsində biz gözəl şahidlik verə bilirik».
Həmçinin təbliğçilərə «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını daha çox paylamaq məsləhət görülmüşdü. Filial komitəsinin koordinatoru Lotar Mihanq deyir: «İnsanlar bizi jurnallarımızı oxuyaraq tanıya bilərlər. Jurnallar “torpağı” yumşaldır və insanları həqiqəti qəbul etməyə meyilli edir. Jurnalları nə qədər çox paylasaq, bir o qədər də çox insanın Yehova haqda öyrənmək imkanı olacaq».
İctimai şahidliyin rolu
2013-cü ildə İndoneziya filialı Rəhbərlik Şurasının icazəsi ilə iki yeni təbliğ üsulunu tətbiq etdi: şəhərin gediş-gəlişi sıx olduğu yerlərdə xüsusi ictimai şahidlik və yığıncaqların ictimai şahidliyi. Bu üsullar İndoneziyada daha çox insanın xoş xəbəri eşitməsinə yol açdı.
Xüsusi ictimai şahidlik üçün ilk masalar Qərbi Cakartanın böyük elektronika mağazalarında quraşdırıldı. Bundan sonra yığıncaqlar da öz ərazilərində ictimai şahidlik üçün arabalar və masalar yerləşdirməyə başladı. Bir ilin içində İndoneziyanın şəhərlərində artıq 400-dən çox araba və masa fəaliyyət göstərirdi. Bu, hansı bəhrələri verdi?
Cakartada ağsaqqal kimi xidmət edən Yusak Yuniplat deyir: «İctimai şahidliyə başlamazdan qabaq yığıncağımız aya 1200 jurnal sifariş edirdi. Altı aydan sonra sifarişimizin sayı 6000-ə qalxdı. Hal-hazırda isə ayda 8000 jurnal sifariş edirik. Bundan əlavə, kitablarla broşürlər paylayırıq». Medanda (Şimali Sumatra) öncüllərdən ibarət kiçik bir qrup üç yerdə arabalar yerləşdirdi. Birinci ay onlar 115 kitab və 1800 jurnal payladılar. İki ay sonra isə yeddi ərazidə təxminən 60 öncül 1200 kitab və 12 400 jurnal verdi. Yesse Klark adlı xüsusi təyinatlı müjdəçi bölüşür: «Bu yeni təbliğ üsulları bacı-qardaşları çox ruhlandırdı və İndoneziyada hələ çox insanın həqiqətə gələ biləcəyini üzə çıxartdı. İctimai şahidlik burada dərin kök salıb!»
Doğma dildə xoş xəbər
İndoneziya dünyanın ən çox dildə danışılan guşələrinin birində yerləşir *. Əhali dövlət dili olan İndoneziya dilində danışsa da, əksəriyyət yerli etnik dildə — ana dillərində danışırlar.
2012-ci ildə filial bu cür çoxdilli ərazinin tələbatını ödəmək üçün addımlar atmağa başladı. Tom Van Limputen bölüşür: «Bunun üçün biz əvvəlcə təxminən 120 milyon insanın danışdığı 12 yerli dilə ədəbiyyat tərcümə etməyə başladıq. Yavalı tərcüməçilər Yava dilində olan ilk
bukleti görəndə sevinc göz yaşlarını saxlaya bilmədilər. Axır ki, onların da öz doğma dilində ruhani qidası oldu!»Yığıncağa gələnlərin çoxu yerli dildə danışsa da, görüşlər İndoneziya dilində keçirilirdi. Lotar Mihanq xatırlayır: «2013-cü ildə yoldaşım Karmenlə mən Şimali Sumatrada Nias adasında keçirilən ikigünlük toplantıda iştirak etdik. Toplantıya haradasa 400 nəfər gəlmişdi. Gələnlərin əksəriyyəti niasdilli idi. Amma çıxışlar İndoneziya dilində edilirdi. Natiqlərlə məsləhətləşib toplantıya gələnlərə elan etdik ki, sabahkı günün proqramı Nias dilində olacaq. Səhərisi gün toplantıya 600-dən çox adam gəldi». Karmen bölüşür: «Açıq-aydın görünürdü ki, dinləyicilər dünən İndoneziya dilində olan çıxışlarla müqayisədə, bu gün Nias dilində keçirilən proqrama daha
diqqətlə qulaq asırdılar. Müqəddəs Kitabda deyilənləri öz ana dillərində eşidib tam başa düşmək onlara zövq verirdi».İndoneziyada hətta eşitmə qüsurlu insanlar da xoş xəbəri öz dillərində «eşidə» bilər. 2010-cu ildən bəri İndoneziya jest dili tərcümə qrupu yeddi broşür və səkkiz bukleti İndoneziya jest dilinə tərcümə edib. Bundan əlavə, filial 24 jest dili kursu təşkil edərək 750-dən çox bacı-qardaşa jest dilini öyrənməyə kömək edib. Bu gün 23 jestdilli yığıncaq və qrup İndoneziyada yaşayan təxminən üç milyon eşitmə qüsurlu insana xoş xəbəri çatdırır.
Hazırda Tərcümə şöbəsində ədəbiyyatlar 37 dilə tərcümə olunur. Ümumilikdə İndoneziyanın 19 ərazisində 117 tərcüməçi və 50 işçi heyəti çalışır.
^ abz. 4 Müqəddəs Kitabın İndoneziya dilində olan «Yeni Dünya Tərcüməsi» 1999-cu ildə nəşr olunub. Tərcüməçilər qadağa dövründə yeddi il çalışaraq bu layihəni başa vurmuşlar. Bir neçə il sonra isə İndoneziya dilində «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının iki cildi və elektron formatda «Gözətçi Qülləsinin kitabxanası» işıq üzü gördü. Bunlar möhtəşəm əməyin bəhrəsi idi!
^ abz. 14 İndoneziyada 707, onun şərq qonşusu Papua Yeni Qvineyada isə 838 işlək dil var.