Kontentə keç

Mündəricatı göstər

Zuqdidinin yaxınlığında keçirilən öncül məktəbi

GÜRCÜSTAN | 1998—2006

Allahın «həm əlverişli, həm də çətin vaxtda» verdiyi nemətlər (2 Tim. 4:2).

Allahın «həm əlverişli, həm də çətin vaxtda» verdiyi nemətlər (2 Tim. 4:2).

1990-cı illərin sonundan etibarən Gürcüstanda təbliğçilərin və maraqlananların sayı görünməmiş dərəcədə artdı. 1998-ci ildə nə az, nə çox 32 409 nəfər Məsihin ölümünü anma mərasimində iştirak etdi.

Amma əksər təbliğçilər, o cümlədən ağsaqqallar həqiqətdə yeni və təcrübəsiz idilər. Çoxunun təbliğ fəaliyyətinin müxtəlif sahələri ilə bağlı təlim keçməsinə ehtiyac var idi. Bəs onlar bu təlimi necə alacaqdılar?

Təşkilatdan gələn kömək

Almaniyada keçirilmiş Gilad məktəbinin məzunları olan Arno və Sonya Tünqler 1998-ci ilin mart ayında Gürcüstana təyin olundular. Elə həmin il Rəhbərlik Şurası Gürcüstanda ofisin açılmasına icazə verdi. Bu ofis Rusiya filialının nəzarəti altında fəaliyyət göstərirdi.

Təbliğ işinə rəhbərlik etmək üçün ölkə komitəsi yaradıldı. Fəaliyyətimiz rəsmi qeydiyyata alınandan sonra ədəbiyyatlarımız birbaşa Almaniya filialından gəlməyə başladı. Qeydiyyatdan keçməyimiz sayəsində biz ibadət evləri və filial binaları tikmək üçün mülk ala bildik.

Təlim dövrü

Sovet dövründə Yehovanın Şahidlərinin fəaliyyəti qadağan altında olduğu üçün təbliğçilər açıq şəkildə ev-ev təbliğ edə bilmirdilər. Arno Tünqler xatırlayır: «Təbliğçilərin çoxu əksər hallarda küçədə təbliğ edirdi. Ev-ev təbliğ edən, maraqlanan insanlara baş çəkənlərin sayı çox az idi».

Arno və Sonya Tünqler

1999-cu ilin may ayında yenicə açılmış ofisdə xidmət etməyə başlayan David Devidze qardaş bölüşür: «Həm sahədə, həm də Beyteldə görüləsi çox iş var idi. Bəzi şeylər haqda məlumatımız olsa da, onları necə icra edəcəyimizi bilmirdik. Buna görə də biz Rəhbərlik Şurasının bura təyin etdiyi qardaşları müşahidə edir, onların təcrübəsindən yararlanırdıq».

Beləcə, Gürcüstandakı qardaşlar üçün təlim dövrü başladı. Təlim verməyə gələnlər yerli bacı-qardaşlara çox şey öyrətdilər (Məs. 27:17). Amma onların özləri də az şey öyrənmədi.

Yerli bacı-qardaşların gözəl xüsusiyyətləri

Arno və Sonyanın Gürcüstanla bağlı çoxlu xoş xatirələri var. Yerli bacı-qardaşlar əllərindən gələni etmişdilər ki, onlar yeni təyinatlarına uyğunlaşa bilsinlər.

Sonya onların göstərdikləri qonaqpərvərliyi xatırlayaraq deyir: «Yaxınlıqda yaşayan bir ər-arvad bizə dadlı yeməklər bişirib gətirirdi. Bir bacı bizi təbliğə aparır, yeni yığıncağımızın üzvləri ilə tanış edir və bizə gürcü mədəniyyəti haqqında ətraflı danışırdı. Başqa bir bacı isə bizə səbirlə gürcü dilini öyrədirdi».

1999-cu ildə Kanadadan Gürcüstana təyin olunan Uorren və Lesli Şufelt deyir: «Gürcüstandakı bacı-qardaşların məhəbbəti, qayğısı bizə dərin təsir bağışladı. Gördük ki, hələ çox şeyin üzərində işləməliyik. Gənclər də daxil olmaqla, heç kim bir-birinə səmimi məhəbbət və qayğı göstərməkdən çəkinmirdi».

Yerli bacı-qardaşlar ofisdə xüsusi təyinatlı müjdəçilərlə birgə xidmət edirdilər

Xarici ölkələrdən Gürcüstana təyin olunan bacı-qardaşlar diqqətlərini üzləşdikləri çətinliklərə yox, yerli əhalinin gözəl xüsusiyyətlərinə cəmləyirdilər. Nəticədə, göstərdikləri təvazökarlıq və məhəbbət sayəsində onlar Gürcüstandakı bacı-qardaşların sevgisini qazandılar.

Allahı sevən insanlar həqiqətə hay verir

1990-cı illər ərzində Gürcüstanda xeyli insan həqiqətə hay verdi. Təkcə 1998-ci ildə 1724 nəfər vəftiz olundu. Bu qədər insanı həqiqətə gəlməyə nə təşviq edirdi?

Uzun illər səyyar nəzarətçi kimi xidmət edən Tamazi Biblaya qardaş bu suala belə cavab verir: «Ümumiyyətlə, gürcü xalqı Allahı sevən xalqdır. Buna görə də onlar xoş müjdəyə dərhal hay verirdilər».

Padşahlıq Müjdəçiləri Məktəbində təlim verən David Samxaradze qeyd edir: «Kimsə Müqəddəs Kitabı öyrənməyə başlayanda qohum-qonşuları ona əvvəl-əvvəl mane olur. Amma çox vaxt onların özləri də sonradan Müqəddəs Kitabı öyrənməyə başlayırlar!»

Xoş xəbər yayıldıqca çox insanın həyatı dəyişirdi. 1999-cu ilin aprel ayında anma mərasimində iştirak edənlərin ən yüksək sayı qeydə alındı. Mərasimdə 36 669 nəfər iştirak etmişdi.

«Əleyhdarlar da az deyil»

Qədim Efes şəhərindəki təbliğ xidməti barədə Bulus yazmışdı: «Çünki qarşımda böyük fəaliyyət qapısı açılıb, amma əleyhdarlar da az deyil» (1 Kor. 16:9). Onun sözləri Gürcüstandakı Yehovanın Şahidlərinin 1999-cu ildə keçirilən tarixi anma mərasimindən cəmi bir neçə ay sonra üzləşdikləri vəziyyətə tam uyğun gəlir.

Həmin ilin avqust ayında pravoslav kilsəsinin bəzi üzvləri hal-hazırda keşiş rütbəsindən məhrum olan Vasili Mkalavişvilinin rəhbərliyi altında Tbilisidə yığışıb ədəbiyyatlarımızı hamının gözü qarşısında yandırdılar. Bundan sonra dörd il ərzində ard-arda təqiblər başladı.

1999-cu ildən Gürcüstanda Yehovanın Şahidlərinə qarşı etiraz aksiyaları keçirilir, nəşrləri yandırılır, özlərinə hücum edirdilər

1999-cu il oktyabr ayının 17-si bir neçə dini fanatik təxminən 200 nəfəri toplayaraq Tbilisidə yığışan Qıldani yığıncağına basqın etdi. Onlar əllərindəki taxta dəyənək və dəmir xaçlarla yığıncağa gələn insanlara xəsarət yetirmişdilər. Belə ki, bir neçə Yehovanın Şahidi həkim yardımına ehtiyac duymuşdu.

Əfsuslar olsun ki, hücum çəkənlərin heç biri həbs olunmadı və Yehovanın Şahidlərinə qarşı bu cür həmlələr hələ də davam etməkdə idi. Bir sıra dövlət xadimi, o cümlədən prezident Şevardnadze bu amansız hücumlara qarşı qəti narazılıqlarını bildirsə də, heç bir tədbir görülmədi. Polislər hadisə yerinə həmişə hücumdan xeyli sonra gəlib çıxırdılar.

Təxminən o ərəfələrdə Gürcüstan parlamentinin üzvü olan Quram Şaradze Yehovanın Şahidlərinin adına qara yaxmaq üçün yürüşlər təşkil etdi. O, Yehovanın Şahidlərini cəmiyyət üçün təhlükəli insanlar olmaqda günahlandırdı. Bütün bu baş verənlər elə təəssürat oyadırdı ki, sanki, xoş xəbərin təbliği üçün «əlverişli vaxt» artıq keçmişdə qaldı.

Yehovanın təşkilatı təqiblərə qarşı tədbir görür

Təşkilat Gürcüstandakı Yehovanın Şahidlərinin köməyinə çatmaq üçün dərhal tədbir gördü. Gürcüstandakı qardaşlara hücum zamanı necə davranmalarına dair məsləhətlər verildi. Həmçinin onlara xatırlatdılar ki, nəyə görə həqiqi məsihilərin vaxtaşırı təqibləri olur (2 Tim. 3:12).

Bundan əlavə, təşkilat bacı-qardaşlarımızı məhkəmədə müdafiə etmək üçün hüquqi tədbirlər gördü. Gürcüstan filialının hüquq şöbəsində xidmət etmiş bir qardaş xatırlayır: «Həmin o dörd il ərzində biz Vasili Mkalavişvilinin dəstəsinin etdiklərinə görə 800 şikayət ərizəsi yazdıq. Dövlət rəsmilərindən və insan hüquqlarını müdafiə edən təşkilatlardan kömək istədik. Yehovanın Şahidlərinin baş idarəsi geniş təbliğat kampaniyasına başladı. Amma hücumlar dayanmırdı ki, dayanmırdı». *

^ abz. 30 Hüquqlarımızın tanınması üçün gedən məhkəmələrlə bağlı ətraflı məlumatı «Oyanın!» jurnalının 2002-ci il 22 yanvar sayının 18—24 səhifələrində (rus.) tapa bilərsiniz.