Kontentə keç

Mündəricatı göstər

Suxuminin sahilində keçirilən görüş, 1989-cu il

GÜRCÜSTAN | 1924—1990

Həqiqətə ilk hay verənlər

Həqiqətə ilk hay verənlər

ARTIQ 1920-ci illərdən Müqəddəs Kitab Tədqiqatçıları Gürcüstandakı səmimi qəlbli insanlara xoş xəbəri çatdırırdılar. 1924-cü ildə Gürcüstan, Suriya, Türkiyə və bəzi digər ölkələrdə təbliğ işini təşkil etmək üçün Livanın paytaxtı Beyrutda ofis açıldı.

Həmin dövr ərzində Gürcüstana həqiqət toxumları səpilsə də, bunun bəhrəsi əvvəl-əvvəl görünmürdü (Mət. 13:33). Lakin vaxt keçdikcə Padşahlıq haqda xoş xəbər yayıldı və beləcə, Gürcüstanda yaşayan bir çox insanın həyatı köklü şəkildə dəyişildi.

O, ədalət axtarışında idi

İkinci dünya müharibəsi başlayanda Vaso Kveniaşvili yeniyetmə yaşlarında idi. Onun anası vəfat etmişdi. Gürcüstan həmin vaxt Sovet İttifaqının tərkibində olduğuna görə Vasonun atası Sovet ordusuna səfərbər olunmuşdu. Evin böyüyü olduğu üçün ailənin bütün yükü Vasonun üzərinə düşdü. Özünü və özündən kiçik bacı-qardaşlarını saxlamaq üçün Vaso oğurluq etməyə başladı.

O, quldur dəstəsinə qoşuldu və tezliklə mütəşəkkil cinayətkar dəstəsinə daxil oldu. Vaso bölüşür: «Mənə elə gəlirdi ki, ədalət yalnız bu aləmdədir. Dövlətdə, cəmiyyətdə ədalət deyilən bir şey yoxdur». Lakin Vaso tezliklə anladı ki, heç bir insan bu dünyada ədaləti bərpa edə bilməz. O deyir: «Mən ədalət axtarışında idim».

Vaso Kveniaşvili həbsdən çıxandan sonra, 1964-cü il

Vaso axırda cinayət üstündə həbs olundu və Sibirə əmək düşərgəsinə sürgünə göndərildi. Burada o, əqidəsinə görə həbs olunan bir Yehovanın Şahidi ilə tanış oldu. Vaso deyir: «Nəhayət ki, mən axtardığımı tapdım. Əlimizdə heç bir ədəbiyyat yox idi, buna baxmayaraq, onun dediklərini yadımda saxlamağa çalışırdım».

1964-cü ildə azadlığa buraxılan Vaso Gürcüstana qayıdır və Yehovanın Şahidlərini axtarmağa başlayır. Bu vaxt ərzində isə o, həbsdəki həmin Yehovanın Şahidi ilə məktub vasitəsilə əlaqə saxlayır. Əfsuslar olsun ki, Vaso bir gün onun vəfat etdiyini öyrənir. Bununla da onun Yehovanın Şahidləri ilə əlaqəsi tamamilə kəsilir. Vaso onlarla bir də düz 20 ildən sonra görüşür. Bu haqda daha sonra ətraflı danışacağıq.

Uğura aparan uğursuzluqlar

Meşədə keçirilən ibadət görüşü

Gürcüstandan olan Valentina Miminoşvili adlı cavan qızın nasist həbs düşərgəsində olması onun xeyrinə oldu. Valentina orada Yehovanın Şahidləri ilə tanış oldu. Onu ən çox valeh edən bu insanların sarsılmaz imanı idi. Allahın Kəlamından öyrəndikləri Valentinaya dərin təsir bağışlamışdı.

Müharibə qurtarandan sonra Valentina evinə qayıtdı və öyrəndiklərini başqalarına danışmağa başladı. Amma bu, yerli hakimiyyət orqanlarının gözündən yayınmadı. Ona on il həbs cəzası verərək Rusiya əmək düşərgəsinə göndərdilər. Burada o, yenidən Yehovanın Şahidləri ilə görüşür və bir müddət sonra vəftiz olur.

Valentina 1967-ci ildə azadlığa buraxılandan sonra Qərbi Gürcüstana köçür və yenidən təbliğ etməyə başlayır, lakin bu dəfə ehtiyatla. Valentina heç özü də bilmirdi ki, onun ora köçməsi kiminsə duasına cavab olacaq.

Yehova onun duasına cavab verir

Antonina Qudadze bacının imanda olmayan yoldaşı 1962-ci ildə ailəsini də götürüb Sibirdən vətəninə, Gürcüstana köçür. Əslən Sibirdən olan Antonina xoş xəbəri Sibirə sürgün olunan Yehovanın Şahidlərindən eşitmişdi. Gürcüstanın şərq hissəsində yerləşən Xaşuri şəhərinə köçəndən sonra o, iman bacı-qardaşlarından uzaq düşür.

Qudadzenin ailəsi, 1960-cı illər

Antonina Yehova Allahın onun dualarına necə cavab verdiyini xatırlayaraq deyir: «Günlərin bir günü anam mənə Sibirdən bağlama göndərdi. Bağlamanın içindən ədəbiyyat tapdım. Növbəti altı il ərzində Yehova məhz bu yolla qeydimə qaldı. Yehovanın bu qayğısına, məni heç vaxt atmadığına görə Ona hər dəfə şükür edirdim».

Bununla belə, Antonina Allahın xalqından ayrı düşmüşdü. O deyir: «Yehovaya hey dua edirdim ki, məni bacı-qardaşlara qovuşdursun. Bir gün işlədiyim mağazaya iki qadın gəldi. Onlar mənə yaxınlaşıb “Antonina sizsiniz?” — deyə soruşdular. Onların üzündəki mülayimliyi görən kimi bildim ki, onlar Yehovanın Şahididir. Bir-birimizi bağrımıza basdıq, göz yaşlarımızı saxlaya bilmədik».

Bu bacılardan biri Valentina Miminoşvili idi. Antonina biləndə ki, Qərbi Gürcüstanda ibadət görüşləri keçirilir, sevinci yerə-göyə sığmadı. İbadət görüşlərinin keçirildiyi yer evindən 300 kilometr uzaqlıqda yerləşsə də, Valentina ayda bir dəfə ora gedirdi.

Xoş xəbər Qərbi Gürcüstanda yayılır

1960-cı illərdə hakimiyyət orqanları tərəfindən təqib olunan bəzi Yehovanın Şahidləri Sovet İttifaqının digər ərazilərinə köçməyə başladılar. Cəsarətli və zirək qardaş olan Vladimir Qladyuk həmin Şahidlərdən biri idi. Vladimir qardaş 1969-cu ildə Ukraynadan Qərbi Gürcüstanın Zuqdidi şəhərinə köçür.

Lyuba və Vladimir Qladyuk

Gürcüstanda ibadət görüşləri əvvəl-əvvəl rus dilində keçirilirdi. Ancaq getdikcə yığıncaqlara müntəzəm gələn gürcülərin sayı artdı. Buna görə də görüşlərin gürcü dilində keçirilməsi üçün tədbirlər görüldü. Təbliğ işi o qədər yaxşı gedirdi ki, 1970-ci ilin avqust ayında 12 nəfər vəftiz olundu.

1972-ci ilin yazında Vladimir öz ailəsi ilə birgə qərbə, Qara dəniz sahillərində yerləşən Suxumi şəhərinə köçdü. O deyir: «Bizim Yehova ilə münasibətlərimiz çox gözəl idi və Ona minnətdar idik ki, xeyir-duasını üzərimizdən əksik etmirdi. Yığıncağa gələnlərin sayı getdikcə çoxalırdı». Həmin yaz Suxumidə ilk dəfə anma mərasimi keçirildi və 45 nəfər iştirak etdi.

«Onlara böyük həvəslə qulaq asırdım»

Hal-hazırda 90 yaşlarında olan Babutsa Cecelava bacı 1973-cü ildə Suxumidə xoş xəbərə hay verən ilk insanlardan biridir. O deyir: «Bir gün dörd qadının maraqla nəsə danışdığını gördüm. Onlardan ikisi rahibə, ikisi isə sonradan bildim ki, Yehovanın Şahidi idi». Bu bacılardan biri Vladimir Qladyukun arvadı Lyuba, o biri isə İtta Sudarenko idi. İtta bacı Ukraynadan gəlmişdi və fəal öncül idi.

Babutsa Cecelava, 1979-cu və 2016-cı il

Babutsa həmin günü xatırlayaraq deyir: «Onlara böyük həvəslə qulaq asırdım». Babutsa eşidəndə ki, Allahın adı var, tez söhbətə qoşuldu və onlara dedi: «Göstərə bilərsiniz, bu ad harada yazılıb?» Bundan sonra Babutsa onlara o qədər sual verdi ki, özləri də bilmədən düz üç saat söhbət etdilər.

Babutsa Yehovanın Şahidlərini bir daha görməyəcəyinə görə çox narahat oldu və onlardan soruşdu: «Siz indi məni burada atıb gedəcəksiniz?»

Onlar dedilər: «Yox, səni atmarıq. Gələn şənbə günü yenə gələcəyik».

Nəhayət, şənbə günü yetişdi və Babutsanın həsrətlə gözlədiyi bacılar gəldi! Onlar birbaşa Müqəddəs Kitab dərsi keçdilər. Dərs qurtarandan sonra Babutsa təlaşa düşdü. Öz-özünə deyirdi: «Ay Allah, birdən onlar gedərlər və Sənin xalqınla əlaqəm kəsilər. Bu insanları tapmışam, gərək elə edim ki, onları itirməyim».

Babutsanın ağlına bir fikir gəldi. O deyir: «Bilirdim ki, Lyuba ailəlidir. İttanın isə bilmirdim əri var, ya yox. Soruşdum, dedi ki, subaydır. Bunu eşidən kimi ona dedim: “Onda mənim yanıma köç. İki çarpayım var, aralarında da bir lampa. Onun işığında hətta gecələr də Müqəddəs Kitab haqda danışa bilərik!”» İtta razılaşdı və Babutsanın yanına köçdü.

O günləri yadına salaraq Babutsa deyir: «Bəzən gecələr yatmırdım, öyrəndiklərim haqda düşünürdüm. Ağlıma sual gələn kimi tez İttanı oyadıb deyirdim: “İtta, Müqəddəs Kitabı əlinə götür, sualım var!” Yazıq İtta gözlərini ovxalaya-ovxalaya “yaxşı, canım” deyib Müqəddəs Kitabdan sualıma cavab verirdi». İtta Babutsagilə köçəndən cəmi üç gün sonra Babutsa artıq təbliğ etməyə başladı.

Babutsanın Natela Çarqeişvili adlı yaxın rəfiqəsi var idi. Babutsa deyir: «Düşünürdüm o, var-dövlətinə görə Allah haqda öyrənməz. Amma nə yaxşı ki, yanıldım. Elə ilk söhbətdən həqiqət onun ürəyində alışıb-yandı». Üstündən çox keçməmiş bu iki rəfiqə birlikdə xoş xəbəri yaxınlarına, iş yoldaşlarına və qonşularına danışmağa başladılar.