Kontentə keç

Mündəricatı göstər

GÜRCÜSTAN

«Allah üçün hər şey mümkündür»

Natela Qriqoriadis

«Allah üçün hər şey mümkündür»
  • DOĞUM TARİXİ: 1960

  • VƏFTİZ TARİXİ: 1987

  • QISA MƏLUMAT: Natela satış üzrə menecer olduğu üçün vəftiz olandan dərhal sonra öz bacarığından və imkanlarından istifadə edib çap işinə kömək etdi.

1980-ci illərin sonunda «Gözətçi qülləsi» müzakirəsində yalnız görüşü aparan qardaşın əlində jurnal olurdu, o da ki, əllə yazılmış. Bizim yığıncağın ağsaqqallarından birinə, Genadi Qudadze qardaşa yaxınlaşıb dedim ki, jurnalları çap etmək üçün gərək nəsə edək.

Qardaşlar bu vaxta kimi kustar üsulla düzəldilmiş mimeoqrafdan istifadə etdikləri üçün nəşrlərin sayı az olurdu. Müntəzəm olaraq ədəbiyyat nəşr etmək üçün daha mükəmməl mimeoqrafa, təcrübəli makinaçıya, yazı makinasına və trafaretə ehtiyac var idi. Ancaq bütün çap ləvazimatları, hətta kağız belə, dövlət qeydiyyatından keçirdi və xüsusi təhlükəsizlik orqanlarının nəzarəti altında olurdu.

Mən bir tanışımdan yazı makinası əldə elədim. Onun dövlət nəzarətində olmayan lazımsız yazı makinalarına əli çatırdı. Doğma bacım makinaçı idi və bizə kömək etməyə hazır idi. Qardaşlar isə yeni mimeoqraf düzəltdilər və trafaret almaq üçün yer tapdılar. Hər şey öz qaydasına düşdü. Nəhayət, bizim gürcü dilində ilk «Gözətçi qülləsi» jurnalımız ərsəyə gəldi.

Ancaq ortaya başqa bir maneə çıxdı. Bir gün Genadi qardaş mənə dedi: «Trafaret almaq üçün başqa yer tapmalıyıq». Genadi qardaş dövlət idarəsində topa-topa yığılmış trafaretlər görmüşdü, amma dövlət onu izlədiyi üçün özü onları ala bilməzdi. Bəs onları necə ala bilərdik? Mən durmadan deyirdim: «Bu mümkün deyil!» Ancaq Genadi dedi: «Bəsdir, “mümkün deyil!” “mümkün deyil!” dedin. “Allah üçün hər şey mümkündür!”» (Mət. 19:26).

Qardaşın sözü beynimdə fırlanırdı. Növbəti gün dövlət idarəsinə getdim. Çox narahat idim. Yehova məni mehriban bir makinaçının yanına yönəltdi. O, müraciətimi idarənin rəisinə çatdırdı. Rəis həmin qadının həyat yoldaşı idi! Tezliklə mən həmin idarədən müntəzəm olaraq trafaret almağa başladım və bundan sonra biz bu sarıdan heç bir problem yaşamadıq.