GÜRCÜSTAN | 1991—1997
Allah böyütdü (1 Kor. 3:6).
1991-ci ildə Sovet İttifaqının dağılması ilə Gürcüstan hökuməti müstəqillik əldə etdi. Ancaq siyasi dəyişikliklər və vətəndaş müharibələri ölkənin həyat səviyyəsini kəskin surətdə aşağı saldı. Həmin illərdə rayon nəzarətçisi kimi xidmət edən Genadi Qudadze qardaş deyir ki, insanlar çörək almaq üçün bütün günü növbəyə dururdu.
Həmin dövrdə Yehovanın Şahidləri fürsətdən istifadə edib növbəyə dayanan insanlara xoş xəbəri çatdırırdılar. Genadi qardaş deyir: «Bu çətin illərdə demək olar ki, hər kəs xoş xəbərə qulaq asırdı. Müqəddəs Kitabı öyrənmək istəyən yüzlərlə insan bizə öz ünvanlarını göndərirdi».
Hər görüşün sonunda qardaşlar bu insanların adını və ünvanlarını oxuyurdu. Sonra isə təbliğçilər hansı ünvanı istəyirdilərsə, götürüb baş çəkirdilər.
Tbilisidə ağsaqqal kimi xidmət edən Levani Sabaşvili qardaş öz ünvanını vermiş bir ər-arvadı xatırlayaraq deyir: «Təbliğçilər bütün ünvanları götürmüşdülər, bircə bu ər-arvadın ünvanı qalmışdı. Onlar uzaqda yaşadıqları üçün heç kim ora getmək istəmirdi. Üstəlik, onsuz da hamımızın bir neçə Müqəddəs Kitab şagirdi var idi».
Bir neçə ay sonra bu ər-arvad öz ünvanlarını təzədən göndərdilər. Amma yenə də ora heç kim gedə bilmədi. Onlar üçüncü dəfə də ünvanlarını göndərdilər, amma bu dəfə bir yazı ilə. Bu yazıda onlar «qoymayın qanımız sizin üzərinizdə qalsın» sözlərini yazmışdılar (Həv. 20:26, 27). Levani xatırlayır: «Yeni il bayramı vaxtı idi. Adətən, biz bu ərəfələrdə çalışırdıq insanlara baş çəkməyək. Amma artıq sonraya saxlaya bilməzdik, getməli idik».
Allah haqqında öyrənmək arzusu ilə alışıb yanan bu cütlüyün adı Roini və Nana Qriqalaşvili idi. Onlar səhərin ayazında qapılarının ağzında Levanini və onunla gələn qardaşı görəndə gözlərinə inana bilmədilər. Qardaşlar dərhal onlarla Müqəddəs Kitab dərsi keçməyə başladılar. Hal-hazırda Roini və Nana öz uşaqları ilə birgə öncül kimi xidmət edirlər.
Maraqlananlar uğrunda zəhmət çəkilir
Həqiqəti eşidən insanlar buna görə o qədər şad idilər ki, istəyirdilər bunu başqaları da bilsin. Onlar bundan
ötrü güclərini, vaxtlarını, pullarını qurban verməyə hazır idilər. İnsanlara xoş xəbəri çatdırmaq üçün usanmadan ucqar kəndlərə gedənlərdən biri də üzərlərində ailə məsuliyyətləri olan Badri və Marina Kopaliani cütlüyü idi.Həftə sonları Badri və Marina yeniyetmə oğlanları Qoça və Levani ilə birgə Tbilisinin şimalında yerləşən gözəl dağlıq bir əraziyə, Duşetiyə gedirdilər. Bəzən onlar kəndlərə çatmaq üçün 150 kilometrlik qarlı yollar qət etməli olurdular.
Günlərin bir günü bir qadın Badri ilə yoldaşını öz iş yerinə dəvət etdi. Badri deyir: «İçəri girəndə şoka düşdüm. Böyük bir otaqda haradasa əlli nəfər bizi gözləyirdi! Əvvəlcə bilmədim nə edim. Tez Yehovaya dua etdim. Sonra Mətta 24-cü fəsildə axırzamanın əlamətləri haqda olan ayələri izah etməyə başladım. Bu, bir nəfərə o qədər maraqlı gəldi ki, soruşdu: “Bəs keşişlərimiz bizə bunu niyə öyrətmir?”»
Anma mərasimi diqqət cəlb edir
İsa Məsihin ölümünü anma mərasimi bir çox səmimi insanın həqiqəti eşitməsinə səbəb oldu. Misal üçün, 1990-cı ildə Tbilisidə İya Badridze adlı bir bacının evində keçirilən anma mərasimi qonşularda maraq oyatmışdı.
İya bacı anma mərasimini keçirmək üçün öz evini təklif etmişdi. Uşaqlarının köməyilə o, qonaq otağını boşaltdı. Bəs oturmaq üçün stulları haradan tapdı? Gürcüstanda belə bir adət var idi ki, böyük mərasimlər olanda stol-stulları kirayə götürürdülər. İya da belə etdi. Ancaq kirayə təkcə stul götürdüyü üçün satıcılar soruşurdu: «Bəs stol lazım deyil? Yeməkləri harada yeyəcəksiniz?»
İya bacı 13-cü mərtəbədə yerləşən mənzilində anma mərasimini qeyd etmək üçün gələnlərin hamısını yerləşdirə bildi. Mərasimə düz 200 nəfər gəlmişdi! Əlbəttə ki, bu, qonşuların gözündən yayınmadı və onlar Yehovanın Şahidləri haqda suallar verdilər.
Unudulmaz anma mərasimi
1992-ci ildə qardaşlar Gürcüstanın müxtəlif ərazilərində anma mərasimini keçirmək üçün böyük zallar icarəyə götürdülər. Qoridə yaşayan David Samxaradze qardaş deyir ki, səyyar nəzarətçisi ondan anma mərasimi ilə bağlı hansı işlərin görüldüyünü soruşdu.
Səyyar nəzarətçi biləndə ki, bacı-qardaşlar evlərdə yığışmağı planlaşdırırlar, soruşdu: «Nə yaxşı şəhərdə böyük bir zal tutmaq istəmirsiniz?» Qardaşların şəhərdə tapdıqları zal 1000 nəfərlik idi, təbliğçilərin sayı isə cəmi 100 nəfər idi. Ona görə qardaşlar düşünürdü ki, bu boyda yer tutmağa dəyməz.
Səyyar nəzarətçi məsləhət görüb dedi: «Əgər hər təbliğçi on nəfər dəvət eləsə, bütün yerlər dolar». Onun verdiyi bu məsləhət təbliğçilər üçün qeyri-mümkün görünsə də, hamı əlindən gələni etdi. Nəticə təbliğçiləri çox təəccübləndirdi. Anma mərasiminə nə az, nə çox düz 1036 nəfər gəldi! *
Xoş xəbər başqa ərazilərə də çatır
1992-ci ildə Gürcüstanda hələ də elə ərazilər var idi ki, orada təbliğ olunmamışdı. Bəs ölkədə iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda həmin ərazilərə xoş xəbər necə çatacaqdı?
O vaxt Gürcüstanın qərbində yaşayan Tamazi Biblaya deyir: «Səyyar nəzarətçi bu məsələ ilə bağlı məsləhətləşmək üçün bizimlə görüşdü. Xüsusi öncüllərin təşkili işində elə də təcrübəmiz yox idi. Bir şeyi bilirdik ki, xoş xəbər yubanmadan təbliğ olunmalıdır» (2 Tim. 4:2). Buna görə də öncüllər arasından 16 nəfər seçildi və Gürcüstanın müxtəlif ərazilərinə göndərildi. (Xəritəyə baxın.)
1992-ci ilin mayında həmin ərazilərə beş ay müddətinə təyin olunan öncülləri ruhlandırmaq məqsədilə üçsaatlıq xüsusi görüş təşkil olundu. Ağsaqqallar hər ay bu öncülləri ziyarət edir, ruhlandırır, lazım gələrdisə, maddi yardım göstərirdilər.
Maniya Aduaşvili və Nazi Jvaniya adlı iki öncül bacı Ozurgeti şəhərinə təyin olunmuşdu. O vaxt 60 yaşı olan Maniya bacı xatırlayır: «Bilirdik ki, Ozurgetinin yaxınlığında həqiqətlə maraqlanan bir qadın yaşayır. Buna görə də ora çatar-çatmaz onunla görüşmək üçün vaxt təyin etdik. Evinə gedəndə gördük ki, bizi ondan əlavə otuz nəfər də gözləyir. Həmin gün biz bir neçə nəfərə dərs keçməyə başladıq».
Növbəti aylar da təbliğimiz yaxşı getdi. Cəmi beş aydan sonra artıq 12 nəfər vəftiz olmağa hazır idi!
Onların fədakarlığı hədər getmədi
Pavle Abduşelişvili və Paata Morbedadze adlı iki öncül qardaş isə Sakeriyə təyin olunmuşdu. Bu şəhər çox dindar bölgədə yerləşirdi. Orada xristian dininin ehkamları ilə dərin kök salmış qədim adət-ənənələr bir-birinə qarışmışdı.
Qışın oğlan çağı yaxınlaşırdı və öncüllərin beş aylıq təyinatı qurtarmaq üzrə idi. Paatanı tərcümə işinə kömək etməyə dəvət etdilər. Buna görə də Pavle seçim etməli idi. O deyir: «Bilirdim ki, qışı burada keçirmək mənim üçün çətin olacaq. Ancaq dərs keçdiyim insanların köməyə ehtiyacı var idi. Bu səbəbdən qalmaq qərarına gəldim.
Burada bir ailənin evində qaldım. Bütün günü təbliğdə olurdum. Axşam evə gələndə isə həmin ailə ilə birgə odun peçinin ətrafında otururduq. Yatmaq vaxtı çatanda papağımı başıma taxıb ikinci mərtəbəyə qalxırdım və qalın yorğana bürünüb yatırdım».
Ağsaqqallar yazda Pavlenin yanına gələndə artıq 11 nəfər təbliğçi olmağa hazır idi. Sonra onların hamısı vəftiz oldu.
^ abz. 20 1992-ci ildə Gürcüstanda 1869 təbliğçi var idisə, anma mərasiminə 10 332 nəfər gəlmişdi.