Kontentə keç

Mündəricatı göstər

GÜRCÜSTAN | 1924—1990

Yığıncaqlar hamının imanını möhkəmləndirir

Yığıncaqlar hamının imanını möhkəmləndirir

İbadət görüşləri həqiqətə yeni gələn insanların imanlarının möhkəmlənməsində mühüm rol oynayırdı. Nəinki çoxdan həqiqətdə olanlar, hətta yeni vəftiz olanlar da razı idilər ki, ibadət görüşləri onların evində keçirilsin. Görüşə gələnlər xoş qarşılanırdı, bu isə bacı-qardaşlar arasında məhəbbət tellərini möhkəmləndirirdi.

Artıq bir neçə şagird vəftizə hazır olanda diqqət çəkmədən xüsusi görüşlər təşkil edilirdi. Bu görüşlərdən biri 1973-cü ilin avqust ayında Suxumidən aralıda, Qara dəniz sahili yaxınlığında təşkil olundu. Lakin vəftizə hazırlaşan 35 nəfər vəftiz ola bilmədi. Görüş qurtarmamış polislər gəldi və Vladimir Qladyuk qardaş da daxil olmaqla, bir neçə bacı-qardaşı tutub apardı.

Vladimir və digər qardaşlar polisdən çıxan kimi vəftiz olmaq istəyənlərlə yenidən əlaqə saxladılar. İlk görüşdən iki gün sonra onların hamısı nəhayət ki, vəftiz ola bildi. Vladimir qardaş xatırlayır: «Yehova bizim tərəfimizdə idi. Vəftizdən sonra hamımız bir yerdə Yehovaya dua edib Ona şükür etdik».

Təqiblər xoş xəbəri yayır

Vəftizdən iki gün sonra Vladimir Qladyuk yenidən həbs olundu. Sonra ona, İtta Sudarenkoya və Natela Çarqeişviliyə bir neçə illik həbs cəzası verdilər. Təbliğçilər bu hadisəyə görə pis olsalar da, təbliği dayandırmaq fikrində deyildilər. Amma indi daha ehtiyatlı olmağa çalışırdılar.

Hakimiyyət orqanlarının diqqətini çəkməmək üçün təbliğçilər öz ərazilərində yox, digər kəndlərə və şəhərlərə gedib təbliğ edirdilər. Beləcə, təqiblər xoş xəbərin digər ərazilərə də yayılmasına səbəb oldu.

Kommunist rejimi dövründə böyük şəhərlərdə yaşayan təbliğçilər insanların az olduğu küçə və parklarda təbliğ edirdilər. Onlar başqa şəhər və kəndlərdən qohumlarıgilə və ya bazarlıq etməyə gələn insanlarla tez-tez rastlaşırdılar. Əgər kimsə xoş xəbərə maraq göstərərdisə, təbliğçilər həmin insanın ünvanını götürüb onunla görüşürdü.

Gürcüstanın qərbində təbliğ edənlərdən biri Babutsa Cecelava bacı idi. O xatırlayır: «Qohumlarımın hərəsi bir tərəfdə yaşadığı üçün mənim bu ərazilərə tez-tez gedib gəlməyim heç kimin diqqətini çəkmirdi. Təxminən iki ildən sonra mən Zuqdididə 20, Çxorotskuda isə 5 nəfərlə Müqəddəs Kitab dərsi keçirdim. Onların hamısı vəftiz olundu».

Gürcü dilində ədəbiyyatlara tələbat yaranır

Tezliklə gürcü dilində ədəbiyyatlara böyük ehtiyac yarandı. Təkrar söhbət etmək, ya da dərs keçmək üçün təbliğçilərə insanların başa düşdüyü dildə Müqəddəs Kitab və nəşrlər lazım idi *.

Gürcü dilində heç bir nəşr olmaya-olmaya bu dildə Müqəddəs Kitab dərsi keçməyin nə qədər çətin olduğunu xatırlayan Babutsa bacı deyir: «Məndə olan Müqəddəs Kitab və nəşrlər rus dilində idi. Ona görə də dərs keçəndə hər şeyi tərcümə etməli olurdum». Babutsa bacı təkcə lüğətin köməyi ilə nəşrlərdəki məqalələri gürcü dilinə tərcümə edirdi. O hətta bütünlüklə Məttanın yazdığı müjdəni də tərcümə etmişdi!

Cəsarətli Yehovanın Şahidləri evdə ədəbiyyatların surətini çıxarmaq üçün mimeoqraflardan istifadə edirdilər

Həqiqətə maraq göstərən insanlar ana dillərinə tərcümə edilmiş məqalələri o qədər dəyərləndirirdilər ki, onları özləri üçün köçürürdülər. Gürcü dilində Müqəddəs Kitab çox çətin tapıldığı üçün şagirdlərin bəziləri Allahın Kəlamının müasir «mirzələri» oldular.

«Bütün günü köçürürdüm»

Gürcü dilinə tərcümə edilmiş nəşrlər bacı-qardaşlara və maraqlananlara növbə ilə ötürülürdü ki, hamı oxuya bilsin. Nəşrləri hər kəs bir neçə günün (və ya həftənin) içərisində oxumalı idi. Qardaşların əlinə gürcü dilində İncil keçəndə bir ailə fürsətdən istifadə edib onu köçürməyə başladı.

Raul Karçavanın atası ondan İncili köçürməyi xahiş etmişdi. Həmin vaxt onun 13 yaşı var idi. O deyir: «Atam çoxlu dəftər və cürbəcür qələm, karandaş almışdı ki, məni həvəsləndirsin. Bunu etmək mənim gözümə dursa da, razılaşdım. Bütün günü köçürürdüm, təkcə barmaqlarım yorulanda dayanırdım».

Gürcü dilində olan «Gözətçi qülləsi»nin və «Müqəddəs Yazıları hər gün araşdırın» nəşrinin əllə köçürülmüş nüsxələri

Raulun yaxınları biləndə ki, kitabı axıra kimi köçürmək üçün qardaşlar onlara əlavə bir neçə həftə vaxt veriblər, çox sevindilər. Raul cəmi iki aya İncilin 27 kitabının hamısını köçürdü!

Ədəbiyyatları köçürmək üçün bu qədər zəhmət çəkilsə də, nəşrlərə olan tələbat tam ödənilmirdi, çünki şagirdlərin sayı getdikcə artırdı. Bu tələbatı ödəmək üçün cəsarətli bacı-qardaşlar təhlükəli olsa da, öz evlərində nəşrlərin surətini çıxarıb paylamağa başladılar.

Qərbi Gürcüstanda təbliğ işi geniş vüsət alırdı. Bəs ölkənin şərqində vəziyyət necə idi? Paytaxt Tbilisidə Vaso Kveniaşvili kimi həqiqəti axtaran səmimi insanlara kömək edə biləcək kimsə var idimi?

Xoş xəbər paytaxta çatır

1970-ci illər ərzində Sovet hökuməti əqidələrindən döndərmək üçün Yehovanın Şahidlərini evlərindən didərgin salırdı. Tbilisiyə köçmüş ukraynalı ər-arvad Aleksey və Lidiya Kurdasla da eyni şey baş vermişdi. Onlar əqidələrinə görə Sovet həbs düşərgələrində uzun illər məhbus həyatı yaşayıblar.

Larisa Kesayeva (sonralar Qudadze), 1970-ci illər

Bu ər-arvad həqiqəti Kesayev Zaura və yoldaşı Eteriyə çatdırmışdı. Kesayevlər ailəsi çox dindar ailə idi. Onların həmin vaxt 15 yaşında olan qızı Larisa bu ər-arvadla ilk söhbətlərini xatırlayaraq deyir: «Biz sübut etmək istəyirdik ki, pravoslavların dini ən düzgün dindir. Onlarla bir neçə dəfə söhbət edəndən sonra daha heç bir dəlil gətirə bilmədik, onlar isə Müqəddəs Kitab əsasında söhbət aparmağa davam edirdilər.

Əvvəllər biz kilsəyə gedəndə mən həmişə divarda iki ikonanın arasında yazılmış On əmri oxuyurdum. Amma Aleksey bizə Çıxış 20:4, 5 ayələrini oxuyanda məəttəl qaldım. Bu söhbət axşam olmuşdu. Həmin gecə gözümə yuxu getmədi, düşünürdüm: “Görəsən ikonaya sitayiş etməklə doğrudan Allahın qanunu pozuruq?”»

Larisa səhər tezdən durub bu suala cavab tapmaq üçün kilsəyə yollanır və divarda yazılmış əmri yenidən oxuyur: «Özünüz üçün... heç birinin bütünü və ya surətini düzəltməyin. Onlara səcdə qılıb sitayiş etməyin». Larisa həyatında ilk dəfə idi ki, bu əmrin mənasını başa düşdü. O və valideynləri tezliklə vəftiz oldular. Onlar Tbilisidəki ilk Yehovanın Şahidlərindən biri idi.

Axtardığı ədaləti tapdı

Xoş xəbəri ilk dəfə eşidəndən 20 il sonra Vaso Kveniaşvili Yehovanın Şahidlərinin Tbilisidəki yığıncağında iştirak edən bir nəfərlə rastlaşdı. Vaso Yehovanın Şahidlərini yenidən tapdığına görə çox xoşbəxt idi. O, bu günü həsrətlə gözləyirdi.

Vaso Kveniaşvili Yehovanın Şahidləri ilə tanış olandan 24 il sonra məsihi olur

Amma əvvəl-əvvəl bacı-qardaşlar Vasodan çox ehtiyat edirdilər, çünki o, kriminal aləmdə ad çıxarmışdı. Hətta bəziləri onun Sovet hökumətinin casusu olmasından qorxurdu. Buna görə də dörd il onu yığıncağa gəlməyə qoymadılar.

Aydın olanda ki, Vasonun heç bir pis niyyəti yoxdur, ona yığıncağa gəlməyə və vəftiz olmağa icazə verdilər. Nəhayət, Vaso uşaqlıqdan axtarışında olduğu «haqq Allah»ına yaxınlaşa bildi! (Əşy. 30:18). 2014-cü ildə vəfat edən Vaso son nəfəsinə qədər Yehovaya eyni əhval-ruhiyyə ilə xidmət etdi.

1990-cı ildə Gürcüstanın həm qərb, həm də şərq hissəsində təbliğ işi artıq mütəşəkkil şəkildə gedirdi. Təxminən 900 təbliğçi 942 nəfərlə Müqəddəs Kitab dərsi keçirdi. Gələcək inkişaf üçün artıq möhkəm təməl qoyulmuşdu.

^ abz. 12 Müqəddəs Kitabın bəzi hissələrinin gürcü dilində tərcüməsi artıq eramızın V əsrindən mövcud olsa da, kommunist dövründə onu tapmaq müşkül məsələ idi. («Gürcü dilində Müqəddəs Kitab» adlı çərçivəyə baxın.)