Kontentə keç

Mündəricatı göstər

Takoma şəhərində keçirilən böyük toplantı, Vaşinqton (ABŞ)

Yüz il əvvəl: 1917

Yüz il əvvəl: 1917

«GÖZƏTÇİ QÜLLƏSİ» jurnalının 1917-ci il 1 yanvar sayında yazılmışdı: «Böyük çaxnaşmalarla, xaosla dolu qanlı bir yeni ilə qədəm qoymuşuq». Bəli, Böyük müharibə adlanan Birinci Dünya müharibəsi Avropada canlar almağa davam edirdi.

Müqəddəs Kitab tədqiqatçıları məsihi bitərəfliyinin nə demək olduğunu tam başa düşməsələr də, çoxları qan tökməmək üçün əllərindən gələni edirdilər. Misal üçün, İngiltərədə Stenli Uillis adlı 19 yaşlı cavan bir qardaş nəyin bahasına olursa olsun, bitərəfliyini qorumağa qətiyyətli idi. Mövqeyini məhkəmə qarşısında müdafiə etməzdən bir neçə gün əvvəl o yazmışdı: «Mənim üçün böyük şərəfdir ki, məhkəmədə şahidlik verə biləcəm. Polkovnik bu səhər dedi ki, mənə hərbi formanı geyinmək əmr olunacaq, imtina etdiyim təqdirdə işimə hərbi məhkəmədə baxılacaq».

Tutduğu mövqedən dönmədiyinə görə Stenli həbsxanada katorqa cəzasına məhkum olundu. Buna baxmayaraq, o, sevincini itirmədi. İki ay sonra Stenli yazmışdı: «Həqiqətin verdiyi güc sayəsində insan başqalarının tab gətirə bilməyəcəyi çətinliklərə səbirlə... dözə bilir». Qardaş həbsxanada vaxtından düzgün istifadə edirdi. O demişdi: «İndiki sınaqlarımın ən müsbət cəhəti odur ki, mənim sakit şəraitdə dua etmək, düşünmək və mütaliə etmək imkanım var».

Çox keçməmiş, Amerika Birləşmiş Ştatları rəsmi şəkildə müharibəyə qoşuldu. 1917-ci il aprelin 2-si prezident Vudro Vilson ABŞ Konqresinə müraciətində Almaniyaya qarşı müharibə elan etdi. Dörd gün sonra Amerika müharibəyə qatıldı. Beləcə, ölkədə yaşayan məsihilər bitərəflik məsələsi ilə üzləşdilər.

Əsgərlərə ehtiyac olduğundan Amerika Birləşmiş Ştatları may ayında icbari hərbi xidmət haqda, bir ay sonra isə casusluq haqda qanun verdi. Birinci qanunun əsasında hökumət minlərlə insanı müharibəyə cəlb etdi, ikinci qanun isə hərbi xidmətdən imtina edənləri cinayətdə təqsirkar bilirdi. Çox keçməmiş «qanun adı ilə pislik törədən» həqiqət əleyhdarları bu qanundan Yehovanın sülhsevər xalqına qarşı istifadə etdilər (Zəb. 94:20).

Müharibə dövründə dünyada baş verən dəhşətlər Müqəddəs Kitab Tədqiqatçıları üçün gözlənilməz olmadı. Allahın Kəlamında qabaqcadan deyilmişdi ki, belə bir vəziyyət olacaq və onlar bunu gözləyirdilər. Lakin çox keçməmiş Yehovanın xalqı arasında yaranan ciddi fikirayrılığı çoxları üçün gözlənilməz oldu.

Sınaq və təmizlənmə

ABŞ-da Çarlz Teyz Rasselin ölümündən bir az sonra Yehovanın xalqının işlərinin idarəçiliyi ilə bağlı problemlər baş qaldırdı. Çarlz qardaş 1884-cü ildə Sion Gözətçi Qülləsi və Traktatlar Cəmiyyətini qeydiyyatdan keçirmişdi və həyatının sonuna, 1916-cı ilin oktyabrına kimi bu hüquqi cəmiyyətin prezidenti oldu. Ruterford qardaş rəhbərlik etməyə başlayandan sonra təşkilatda olan bir neçə məsul qardaş, o cümlədən direktorlar şurasında olan dörd nəfər vəzifə uğrunda mübarizə aparmağa başladı.

Bu dörd nəfər və onları dəstəkləyənlər Cozef Ruterfordun rəhbərlik etmək tərzini bəyənmirdilər. Onların narazılığına səbəb olan məsələlərdən biri səyyar nəzarətçi kimi xidmət edən Pol Consonla bağlı idi.

Ölümündən bir az öncə Çarlz qardaş Polu təşkilatın nümayəndəsi kimi İngiltərəyə göndərməyi planlaşdırmışdı. Orada Pol xoş xəbəri təbliğ etməli, yığıncaqlara baş çəkməli və həmin ərazidə gedən işlə bağlı məlumat verməli idi. 1916-cı ilin noyabr ayında İngiltərəyə gedəndə qardaşlar onu çox yaxşı qarşıladılar. Əfsuslar olsun ki, göstərilən hörmət və xüsusi münasibət onun özü haqda yüksək fikirdə olmasına səbəb oldu. O, Çarlz Rassellin xələfi olmaq sevdasına düşdü.

Pol, ixtiyarı çatmadığı halda, İngiltərə Beytelində ona qarşı olan bir neçə nəfəri təyinatından azad etdi. Bundan əlavə, o, Londonda təşkilatın bank hesabını öz nəzarəti altına keçirməyə çalışdı. Bu zaman Cozef Ruterford onu Amerikaya geri çağırdı.

Pol Bruklinə qayıdandan sonra təvazökarlıq göstərib ona verilən məsləhəti qəbul etmək əvəzinə, dəfələrlə Cozef Ruterfordu dilə tutmağa çalışdı ki, ona İngiltərəyə qayıdıb oradakı işini davam etməyə icazə versin. Niyyəti baş tutmadığı üçün Pol onun tərəfində olan direktorlar şurasının dörd üzvünə təsir göstərməyə başladı.

Cozef Ruterford hiss etdi ki, İngiltərədə təşkilatın hesabını ələ keçirməyə çalışan Pol kimi, bu adamlar da Amerikada bunu etməyə cəhd göstərəcəklər. Buna görə də o, onları vəzifələrindən uzaqlaşdırmaq üçün tədbir görür. ABŞ-ın qanununa əsasən, direktorlar şurası hər il təşkilatın üzvləri tərəfindən səsvermə yolu ilə seçilməli idi. Amma 1917-ci il 6 yanvar tarixində keçirilən illik görüşdə şuranın yalnız üç üzvü seçildi: Cozef Ruterford, Endriyu Pirson və Uilyam Van Amburg. Onlar prezident, vitse-prezident və xəzinədar vəzifələrinə seçildilər. Direktorlar şurasında olan digər dörd yer üçün isə səsvermə keçirilmədi. Çünki bu dörd əleyhdar həmin vəzifələrə çoxdan təyin olunmuşdu və bəziləri elə hesab edirdi ki, onlar ömrü boyu bu vəzifələrdə qalacaqlar. Amma onlar səsvermə yolu ilə seçilmədikləri üçün qanuna görə direktorlar şurasının hüquqi üzvləri sayılmırdılar! Buna görə də 1917-ci ilin iyul ayında Cozef Ruterford əlində olan səlahiyyətdən istifadə edərək bu dörd əleyhdarı vəzifələrindən kənarlaşdırdı və yerlərinə başqa dörd sadiq qardaşı təyin elədi.

Əlbəttə ki, bu, vəzifədən kənar edilmiş dörd əleyhdarın qəzəbinə səbəb oldu və onlar vəzifələrinə yenidən qayıtmaq üçün kampaniyaya başladılar. Amma onlarda heç nə alınmadı. Bəziləri onların tərəfinə keçib başqa cəmiyyətlər yaratsa da, Müqəddəs Kitab Tədqiqatçılarının əksəriyyəti təşkilata sadiq qaldı. Həmin dörd nəfər direktorlar şurasında öz vəzifələrinə heç vaxt qayıda bilmədi.

Düşmənçiliyə rəğmən inkişaf gedir

Həmin vaxt ərzində Cozef Ruterford və Beyteldə xidmət edən digər sadiq qardaşlar Padşahlığın işini irəli aparmağa davam etdirirdilər. Səyyar nəzarətçilərin sayı 69-dan 93-ə, kitabpaylayanların (öncüllərin) sayı isə 372-dən 461-ə qalxdı. Bundan əlavə, ilk dəfə xüsusi kitabpaylayanlar (indiki köməkçi öncüllər) təyin olundu. Bəzi yığıncaqlarda onların sayı 100-ə çatırdı.

1917-ci il 17 iyul tarixində «Açılmış sirr» adlı kitab işıq üzü gördü. Elə həmin ilin sonunda nüsxələrin sayı qurtardı, buna görə də nəşrlərimizi çap edən şirkətə əlavə 850 000 nüsxə sifariş verildi *.

Çarlz Rassel 1916-cı ildə Beyteldəki işləri yenidən təşkil etməyə başlamışdı. Bu işlər 1917-ci ildə tamamlandı. Həmin il «Gözətçi qülləsi» jurnalının dekabr sayında yazılmışdı: «Beyteldəki işlərin yenidən təşkil olunması tamamlandı və indi hər şey öz qaydasına düşüb. İşləri düzgün idarə olunan hər bir müəssisə kimi, bizdə də hər şey yolunda gedir... Beytel ailəsinin üzvləri başa düşürlər ki, əslində, onlar Beyteldə xidmət etməyə layiq deyillər, burada olmaq onlar üçün böyük şərəfdir».

1917-ci ildə «Gözətçi qülləsi» jurnalının dekabr sayında yazılmışdı: «1916-cı ilin ayları ilə müqayisədə 1917-ci il yanvarın birindən [ədəbiyyatların çapında] hər ay artım müşahidə olunub... Bizim üçün bu, böyük bir sübutdur ki, Ağamız Bruklindən idarə olunan təbliğ işini avand edir».

Sınaq və təmizlənmə hələ bitməyib

Sədaqətsizlik göstərənlər təşkilatdan kənar olundu, bunun sayəsində təşkilat təmizləndi. Yığıncaqlarda səsvermə keçirildi və «Gözətçi qülləsi» jurnalında nəşr olunmuş bu səsvermənin nəticələri göstərdi ki, əksəriyyət Cozef Ruterfordu və Beyteldəki sədaqətli qardaşları dəstəkləyir. Ancaq bu qardaşların sınağı hələ bitməmişdi. 1918-ci il gözəl notlarla başlasa da, həmin il təşkilatın müasir tarixinin ən qaranlıq dövrü kimi yadda qalacaq.

^ abz. 18 1920-ci ilə qədər bütün nəşrlərimiz kommersiya şirkətlərində çap olunurdu.