Kontentə keç

Mündəricatı göstər

ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

«Siz ən yaxşı qonşularsınız»

«Siz ən yaxşı qonşularsınız»

2016-cı il mayın 7-si və 8-i Bruklindəki Kolumbiya Hayts 25-də yerləşən baş idarənin foyesində böyük bir izdiham toplaşmışdı. Adətən, həftə sonları foye və sərgilər açıq olmur. Ancaq həmin günlər Beytel binasının ətrafında yaşayan qonşular üçün «açıq qapı» günü təşkil olunmuşdu ki, onlar tarixi Müqəddəs Kitab sərgisini ziyarət etsinlər.

Sərgiyə dəvət etmək məqsədilə təşkil olunan kampaniya sayəsində burada yaşayan qonşulara gözəl şahidlik verildi. Bu tədbirdə iştirak edən bacı-qardaşlar da çox ruhlandılar. Ən sevindirici məqam isə qonşuların bizim haqda dedikləri gözəl sözlər oldu.

Qonşuluqda yaşayan bir kişi deyir: «Mən 1960-cı ildən bəri [Beytel binalarına yaxın] bir neçə binada yaşamışam. Siz tanıdığım ən yaxşı qonşularsınız. Sizin üçün çox darıxacağıq, buradan köçməyinizi heç istəmirik».

Bir qadın deyir: «Siz olmasaydınız, bizim qəsəbə belə yaxşı olmazdı. Biz çox şadıq ki, uzun illər ərzində sizin kimi qonşularımız olub».

Bu ərazidə təbliğ edən öncüllərə qonşuların bu cür səmimi münasibətini görmək çox xoş idi. Bir alicənab insan təşkilatımıza dərin minnətdarlığını bildirmişdi və qeyd etmişdi ki, «açıq qapı» günü şəhərdə olmayacağına görə çox təəssüflənir.

Bu kampaniya çox gözəl bəhrələr verdi. İki gün ərzində Müqəddəs Kitab sərgisinə 48 nəfər gəlmişdi. «Açıq qapı» günü ərzində bir qrup beytelli gələnləri qarşılamaq və onlarla söhbət etmək üçün foyedə dayanırdı.

Sali adlı cavan bir qız təxminən yarım saat ərzində sərgini ziyarət etmişdi. O, foyeyə daxil olanda təsadüfdən ona dəvətnamə verən öncüllər orada idi. Sali dedi ki, «sərgidə bu qədər Müqəddəs Kitab tərcümələrini görəcəyim ağlıma gəlməzdi». Öncüllər vurğuladı ki, sizin kimi savadlı bir qızın Müqəddəs Kitaba dəyər verdiyini görmək çox xoşdur. Sali dedi: «Bu, çox vacibdir, çünki biz Allah haqda yalnız Müqəddəs Kitabdan öyrənə bilərik. Bəli, bu kitab həyatımız üçün bu gün də aktualdır».

Sali qeyd etdi ki, Allahın Kəlamına olan dərin hörməti onu latın və yunan dillərini öyrənməyə təşviq edib. O həmçinin bildirdi ki, onun tərcüməyə də marağı var. Onun fikrincə, tərcümədə dəqiqlik mütləqdir, heç bir tərcüməçi şəxsi baxışlarını tərcümə etdiyi mətnə daxil etməməlidir. Öncüllər Saliyə deyəndə ki, bizim jw.org saytımızda yerləşən məlumatlar 800-dən çox dilə tərcümə olunub, o, heyran qaldı. Bacılar Saliyə tərcüməçilərin Allahın adını Müqəddəs Kitabdan çıxardığı barədə danışdılar. Eşitdiklərindən mat qalan Sali soruşdu: «Onlar bunu hansı haqla ediblər?» Gedənə yaxın Sali dedi: «Uşaqlıqdan bu qəsəbədə yaşayıram, siz ən yaxşı qonşularsınız».

Bu tədbirdən sonra səhərisi gün bir keşiş Beytel yaxınlığında araba ilə təbliğ edən Con qardaşa yaxınlaşdı. Keşiş «açıq qapı» günü ilə bağlı xoş təəssüratlarını bölüşərək dedi: «Nə yaxşı ki, siz Allahın Kəlamına dəqiqliklə əməl edirsiniz». Sonra o, birdən: «Yehovanın Şahidləri çox pisdirlər!» — söylədi. Çaş-baş qalan Con keşişdən nə üçün belə dediyini soruşdu. «Çünki siz buradan köçürsünüz! GETMƏYİN, BURADA QALIN! Daha böyük binalar alın, lazımdırsa, yeni nəsə tikin, nə edirsiniz edin, təki burada qalın. Sizə görə bu qəsəbədə nizam-intizam var. Buradan köçməyinizi görmək məni çox pərişan edir!»

Bir sözlə, Müqəddəs Kitab sərgisinə dəvət kampaniyası və «açıq qapı» günləri yaxınlıqda yaşayan insanlara gözəl şahidlik oldu. İndiyədək qonşularımıza Allahın adı ilə bağlı bu cür şahidlik verilməmişdi.