Kontentə keç

Mündəricatı göstər

ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Hüquqi hesabat 2016

Hüquqi hesabat 2016

Bacı-qardaşlarımız hüquqi çəkişmələr və çətin vəziyyətlər zamanı Yehovaya sədaqətlərini sübut edirlər. Onların nümunəsi hər birimizi imanda möhkəm qalmağa təşviq edir və Yehovanın Öz sadiq bəndələrini ucaldacağına əmin edir (Zəb. 4:3).

ARGENTİNA | Uşaqlara dini tərbiyə vermək hüququ

Rut adlı bir qız məsihi ailəsində böyüsə də, gənc yaşlarında həqiqətə marağı soyuyur. Sonra o, bir oğlanla görüşməyə başlayır və bir müddətdən sonra qızı olur. Bir gün Rut Yehovanın Şahidlərinin La-Plata şəhərində ədəbiyyat masası vasitəsilə təbliğ etdiyini görür və məsihi olduğu vaxtlar yadına düşür. Bundan sonra o, yığıncağa getməyə və qızına Müqəddəs Kitab dərsi keçməyə başlayır. Ancaq qızın atası Rutun dininə qarşı çıxır. O istəmir ki, qızı Müqəddəs Kitabı öyrənsin və yığıncağa getsin. Buna görə də məhkəməyə müraciət edir.

Məhkəmə zamanı Rutun vəkili bildirir ki, hər iki valideynin övladına dini tərbiyə vermək hüququ var və verilən dini tərbiyənin uşağın zərərinə olduğu sübuta yetirilmədiyi təqdirdə məhkəmə bu hüququ onların əlindən ala bilməz. Qızların o vaxt dörd yaşı olmasına baxmayaraq, məhkəmə qərar verir ki, valideynlər qızlarının istədiyi dini seçmək hüququna hörmət etməlidir. Amma hansısa dini seçmək üçün uşaqları hələ çox balaca olduğundan Rut yenidən məhkəməyə müraciət edir. Apellyasiya məhkəməsi qərar verir ki, hər iki valideynin uşaqlarına dini tərbiyə vermək hüququ var.

Hal-hazırda bu qızcığaz hər axşam Müqəddəs Kitabı oxuyur və anası ilə birgə ibadət evinə gedir. O, Buenos-Ayresdəki Beyteli ziyarət edəcəyi günü səbirsizliklə gözləyir.

AZƏRBAYCAN | Dini etiqad azadlığı

Həvari Bulus məsihi yığıncağını insan bədəni ilə müqayisə edərək yazmışdı: «Bədənin bir üzvü əziyyət çəkirsə, onunla birlikdə bütün üzvlər də əziyyət çəkir» (1 Kor. 12:26). Bu sözlər həqiqətdir, çünki Azərbaycanda yaşayan İrina Zaxarçenko və Validə Cəbrayılovanın başına gələnlərə görə bütün dünyadakı Yehovanın Şahidləri narahat idilər. 2015-ci ilin fevral ayında dövlət məmurları bacılarımızı qanunsuz dini fəaliyyətdə ittiham elədilər. Bacılar barəsində hakim həbs qətimkan tədbiri seçdi. Həbs qətimkan tədbirinin müddətinin uzadılması nəticəsində bacılarımız bir ilə yaxın həbsdə qaldılar. Bu müddət ərzində onlar pis rəftara məruz qalmış və ağır şəraitə dözməli olmuşlar.

Azərbaycan. Validə Cəbrayılova və İrina Zaxarçenko

2016-cı ilin yanvar ayında hakim bacılarımızı təqsirkar bildi və cərimə kəsdi, ancaq bir ilə yaxın həbsdə qaldıqları üçün hakim cəriməni ləğv etdi və onları azadlığa buraxdı. Bakı Apellyasiya Məhkəməsi bacıların üzərindən «cinayətkar» damğasının götürülməsi üçün edilən müraciəti rədd etdiyindən bacılarımız Ali Məhkəməyə müraciət etdilər. Bundan əlavə, onlar pis rəftar və dini etiqad azadlığı hüququnun pozulması ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə şikayət ərizəsi veriblər.

Hal-hazırda İrina Zaxarçenko və Validə Cəbrayılova yavaş-yavaş özlərinə gəlirlər. Bu bacılarımız onlar üçün edilən dualara, onlara yazılan məktublara görə çox minnətdardırlar. Validə bacı Rəhbərlik Şurasına yazdığı məktubunda demişdi: «Bizim üçün elədiyiniz duaların nəticəsi idi ki, çətinliklərə tab gətirirdik, bunu mən hiss edirdim. Mən sizin, Yehovanın və bütün dünyada olan həmimanlarımın məhəbbətini, qayğısını heç vaxt unutmaram».

ERİTREYA | Etiqadlarına görə həbs olunublar

2016-cı ilin iyul ayından etibarən Eritreya hökuməti 55 Yehovanın Şahidini dini etiqadına görə həbs edib. Üç qardaşımız — Paulos İyassu, Negede Teklemariyam və İsak Moqos 1994-cü ilin sentyabr ayından etibarən həbsdədirlər, digər 9 qardaşımız isə təxminən on ildir ki, həbsdədir.

2016-cı ilin yanvarında müsbət bir irəliləyiş baş verdi: 2014-cü ilin aprelində paytaxt Asmerada keçirilən anma mərasimi zamanı həbs olunan Yehovanın Şahidlərinin işinə məhkəmədə baxıldı. İlk dəfə idi ki, hökumət rəsmi şəkildə Yehovanın Şahidlərini «cinayət törətməkdə» ittiham edir və onlara məhkəmə qarşısında özlərini müdafiə etməyə icazə verirdi. Gözlənildiyi kimi də, bacı-qardaşların çoxu «qanunsuz» şəkildə yığıncaq keçirdiklərinə görə təqsirləndirilərək cərimə olundular, sonra onları azadlığa buraxıldılar. Amma Saron Gebru adlı bir bacı cəriməni ödəməkdən imtina etdiyi üçün altı ay müddətinə həbs edildi. Saron bacıya həftədə bir dəfə baş çəkilməsi üçün icazə verildi. Bacı bildirdi ki, burada onunla pis rəftar etmirdilər. O və həbs olan digər 54 dindaşımız onlar üçün edilən duaları çox qiymətləndirirlər. Gəlin bundan sonra da «həbsdə olanları yaddan çıxarmayın, elə bilin ki, siz də onlarla birgə həbsdəsiniz» sözlərinə əməl edək (İbr. 13:3).

ALMANİYA | Din azadlığı. Hüquqi tanınma

2015-ci il dekabrın 21-i Almaniyanın şimal-qərb hissəsində yerləşən Bremen əyaləti dörd il davam edən hüquqi mübarizədən sonra nəhayət Yehovanın Şahidlərinə əvvəlkindən daha üstün hüquqi status verdi. Berlinin Ali İnzibati Məhkəməsi tərəfindən verilən qərardan sonra Almaniyadakı 16 əyalətin əksəriyyəti Yehovanın Şahidlərinə «ictimai hüquqi status» adlanan imtiyazlı hüquqi status vermişdi. Lakin Bremen əyalətinin məmurları əleyhdarlarımızın saxta ittihamlarını əsas tutaraq öz ərazilərindəki Yehovanın Şahidlərinə bu statusu verməkdən imtina etmişdilər.

2015-ci ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsi bildirdi ki, Bremen əyaləti Yehovanın Şahidlərinə ictimai hüquqi status verməkdən imtina etməklə konstitusiyanın onlara verdiyi hüququ pozub. Bu qərar təsdiqlədi ki, konstitusiyanın verdiyi dini azadlıq Bremendəki Yehovanın Şahidlərinin dini fəaliyyətini qoruyur. Beləliklə, yığıncaqlar bütün vergilərdən azad oldu və Almaniyadakı əsas dini məzhəblərin malik olduğu digər üstünlüklərə yiyələndi.

QIRĞIZISTAN | Dini etiqad azadlığı

2013-cü ilin mart ayında Oş şəhərinin məmurları Oksana Koryakina və anası Nadejda Sergiyenkoya qarşı yalan ittiham irəli sürərək onları məsuliyyətə cəlb etdi. Məhkəmə onları qonşuları ilə Allahın Kəlamı əsasında söhbət edərkən fırıldaqçılıq etməkdə ittiham etdi və qərar verilənə kimi onlara ev dustağı hökmü kəsdi. 2014-cü ilin oktyabr ayında məhkəmə sürülən ittihamların yalan olduğunu, bir sıra məhkəmə prosedurlarının düzgün şəkildə aparılmadığını və bacıların günahsız olduğunu bildirdi. 2015-ci ilin oktyabr ayında apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxladı.

Oş şəhərinin prokuroru bu dəfə Qırğızıstanın Ali Məhkəməsinə üz tutaraq apellyasiyaya şikayət ərizəsi verdi. Məhkəmə bacılara çıxarılan bəraəti ləğv etdi və məsələyə yenidən baxılmasını qərara aldı. 2016-cı ilin aprel ayında baş tutan dinləmə zamanı qoyulan məhdudiyyətin vaxtı artıq bitdiyi üçün bacılarımızı təmsil edən vəkillər onların azadlığa buraxılmasını xahiş etdilər. Hakimin bu məsələni bağlamaqdan başqa çarəsi qalmadı.

Bu ağır sınaq ərzində bacılarımız müsbət əhval-ruhiyyələrini qoruyub saxladılar. Nadejda bacı deyir: «İnsanlar haqsızlıqla üzləşəndə acıqlı olur. Mən isə bacı-qardaşların simasında Yehova Allahın qayğısını və məhəbbətini duydum. Biz təkliyin nə olduğunu bilmədik». Bacılar Yehovanın Əşiya 41:10 ayəsində yazılmış vədinə necə sadiq qaldığını öz gözləri ilə gördülər. Həmin ayədə Yehova deyir: «Qorxma... Haqq olan sağ əlimlə səni bərk-bərk tutacağam».

QIRĞIZISTAN | Dini azadlıq. Hüquqi tanınma

2015-ci il 9 avqust tarixində on polis Qırğızıstanın Oş şəhərində keçirilən yığıncaq görüşünə basqın etdi. Onlar «qanunsuz» adlandırdıqları bu görüşün dərhal dayandırılmasını tələb etdilər. Hətta görüşə gələn təxminən 40 nəfəri atəş açacaqları ilə hədələdilər. Polislər on qardaşı tutub məntəqəyə gətirdilər. Orada onların doqquzunu təhqir edərək döyəndən sonra buraxdılar. İki gün sonra polislər Nurlan Usupbəyov adlı qardaşımızı həbs etdi. Bu qardaş amansızcasına döyülən qardaşlardan biri idi. Onu ibadət görüşü keçirməklə qanunsuz dini fəaliyyət göstərməkdə ittiham edilər.

Oş Şəhər Məhkəməsi Nurlan qardaşın məsələsinə baxarkən irəli sürülən ittihamların əsassız olduğunu görüb işi bağladı. Prokuror apellyasiya şikayəti ilə Oş Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə işə baxmaqdan imtina edərək bildirdi ki, Nurlan qardaş qanunsuz dini fəaliyyətdə təqsirkar hesab oluna bilməz, çünki Yehovanın Şahidləri Qırğızıstanda qanuni qeydiyyatdan keçiblər.

Prokuror təslim olmayıb Qırğızıstan Ali Məhkəməsinə müraciət etdi. Xoşbəxtlikdən, Ali Məhkəmə 2016-cı ilin mart ayında işə xitam verərək ilk instansiyanın və apellyasiya məhkəməsinin verdiyi müsbət qərarı qüvvədə saxladı və bir daha təsdiqlədi ki, Yehovanın Şahidlərinin Qırğızıstanda dini görüş keçirməyə hüququ var. Digər zərərçəkənlər də polislərin etdiklərinə görə məhkəməyə müraciət ediblər. Hal-hazırda bu qardaşlar onların işinə baxılmasını gözləyirlər.

RUSİYA | Dini azadlıq

Rusiyanın insan hüquqları üzrə mütəxəssislərinin qəti etirazlarına baxmayaraq, hökumət Yehovanın Şahidlərinə amansız hücumlar etməyə və onların dini fəaliyyətinə mane olmağa davam edir. Dövlət rəsmi saytımız olan jw.org saytına və 88 nəşrə «ekstremist» damğası vurub. 2015-ci ildə gömrük işçiləri Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin ölkəyə idxalına icazə vermədilər və hal-hazırda Vıborq Şəhər Məhkəməsi Müqəddəs Kitabın bu tərcüməsinin ekstremist olub-olmadığını araşdırır. 2016-cı ilin mart ayında Baş Prokurorluq Solnoçnoye qəsəbəsində (Sankt-Peterburq) yerləşən Yehovanın Şahidlərinin İdarə Mərkəzinin «ekstremist fəaliyyət» göstərdiyini iddia edərək filialı bağlayacağı ilə hədələdi. Bu, qərəzli münasibətin pik nöqtəsi idi.

Baxmayaraq ki, dövlətin dəstəyi ilə Yehovanın Şahidlərinə qarşı aqressiv mübarizə aparılır, Rusiya ilə bağlı ürəkaçan xəbər də var. 2015-ci ilin oktyabr ayında bir prokuror Moskvadan 2000 kilometr şərqdə yerləşən Tümen şəhərindəki Yerli Dini İcmanın qadağan edilməsini tələb etdi. Yehovanın Şahidlərinə qarşı sürülən ittihamların saxta olmasına dair sübutların olmasına baxmayaraq, Tümen Rayon Məhkəməsi Yerli Dini İcmanı günahkar bildi. Ancaq 2015-ci il aprelin 15-i Rusiya Federasiyasının Ali Məhkəməsi aşağı instansiyanın qərarını dəyişərək bildirdi ki, «Tümen şəhərindəki Yehovanın Şahidlərinin Yerli Dini İcmasının qadağan edilməsinə heç bir əsas yoxdur». Məhkəmə iclasına sədrlik edən hakim bu qərarı oxuyanda məhkəmə zalına toplaşmış 60 məsihi qərarı ayaq üstə alqışladı.

Rusiyadakı Yehovanın Şahidləri onlara qarşı tuşlanan bütün «silah»lara rəğmən sədaqətlə xidmət etməyə əzmlidirlər (Əşy. 54:17).

RUANDA | Azad təhsil almaq hüququ

Son illər ərzində Ruandada Yehovanın Şahidi olan şagirdlər dini ayinlərdə, vətənpərvərlik tədbirlərində iştirak etmədikləri üçün məktəbdən qovulmuşdular. Bu məsələni həll etmək üçün hökumət 2015-ci il dekabrın 14-ü məktəblərdə dini ayrı-seçkiliyə son qoyulsun deyə, bir qərar çıxartdı. Bu qərar şagirdlərin dini etiqadına hörmət etməyə səsləyir.

2016-cı il iyunun 9-u jw.org saytının «Xəbərlər» bölməsində «Ruanda məktəblərdəki dini ayrı-seçkiliyə qarşı hərəkətə keçir» adlı məqalə çap olunmuşdu. Maraqlıdır ki, Ruandanın məşhur internet qəzeti də bu məqaləni öz saytında yerləşdirmişdi. Çox keçməmiş qəzetin saytına 3000-dən çox baxış sayı olmuşdu. Oxucuların çoxu hökumətin atdığı bu addımı bəyəndiklərini ifadə edən şərhlər yazmışdı. Ruandadakı Yehovanın Şahidləri uşaqlarının dini ayrı-seçkilik olmadan təhsil almağı təmin edən bu qanuna görə çox minnətdardırlar.

Ruanda. Onlar yenidən məktəbə qayıtdılar

CƏNUBİ KOREYA | Vicdan azadlığı. Dini etiqada görə hərbi xidmətdən imtina

Cənubi Koreyada 19—35 yaşında olan Yehovanın Şahidləri 60 ildən çoxdur ki, hərbi xidmətlə bağlı çətinliklərlə üzləşirlər. Hökumət dini etiqada görə hərbi xidmətdən imtina hüququnu tanımır və hərbi xidmətin yerinə alternativ xidmət təqdim etmir. Bəzi hallarda Yehovanın Şahidləri nəsillikcə, yəni baba, ata və oğul hərbi xidmətdən imtina etdiklərinə görə növbə ilə həbsə düşmüşdülər.

Konstitusiya Məhkəməsi verdiyi iki qərarda bildirib ki, Hərbi xidmət haqqında qanun konstitusiyaya uyğundur. Lakin aşağı instansiyalar və bu qanuna görə cəza alanlar məsələ ilə bağlı yenidən Konstitusiya Məhkəməsinə müraciət ediblər. Nəhayət, 2015-ci il iyulun 9-u məhkəmə əqidələrinə görə hərbi xidmətdən imtina edənlərin lehinə səslənən dəlilləri dinlədi. Vicdanı hərbi təlim keçməyə yol vermədiyi üçün 18 ay həbsdə yatan Min-huan Kim qardaş deyir: «Mənə əqidəmə görə cəza verdilər, sonra azadlığa buraxıldım. Ümid edirəm ki, etiqadına görə hərbi xidmətdən imtina edənlər buna görə cəza almayacaqlar. Əgər onlara alternativ xidməti icra etməyə icazə verilsə, onlar cəmiyyət üçün çox iş görə bilərlər». Konstitusiya Məhkəməsi tezliklə öz qərarını açıqlayacaq.

TÜRKMƏNİSTAN | Bəhram Həmdəmov

Əlli üç yaşlı Bəhram Həmdəmov ailəlidir və dörd uşaq atasıdır. O, ruhani cəhətdən yetkin və cəmiyyət içində hörmət qazanmış bir insandır. Məhkəmə 2015-ci ilin may ayında evində keçirdiyi dini görüşü «qanunsuz» hesab edərək qardaşı dörd il müddətinə azadlıqdan məhrum etdi. O, hal-hazırda Seydi şəhərində, ən dəhşətli əmək düşərgələrindən birində saxlanılır. Orada o, səlahiyyətli şəxslər tərəfindən dəfələrlə sorğu-suala tutulmuş və qəddarcasına döyülmüşdü. Lakin qardaşımız Yehova Allaha sədaqətini qorudu, ailəsi də həmçinin. Qardaşın həyat yoldaşı Gülzira bacı vaxtaşırı olaraq ona baş çəkib ürək-dirək verməyə müvəffəq olmuşdu.

Gördüyümüz kimi, Yehova Allahın xalqı ən ağır sınaqlar zamanı belə, sədaqətlərini qoruyurlar. Biz onlara görə dua edirik. Həmçinin onların nümunələri bizi təşviq edir ki, Yehovaya sədaqətimizi daha da möhkəmləndirək və Zəbur 37:28 ayəsində yazılan vədə olan etibarımızı artıraq. Ayədə yazılır: «[Yehova] sadiq bəndələrini tərk etməz».