Kontentə keç

Mündəricatı göstər

ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

«Məsihi həyatı və ibadəti» adlı yeni görüş

«Məsihi həyatı və ibadəti» adlı yeni görüş

2015-ci il oktyabrın 3-ü Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) illik görüşündə tarixi hadisə baş verdi. Rəhbərlik Şurasının üzvü Entoni Moris Teokratik Xidmət Məktəbi, Xidmət görüşü və Yığıncağın Müqəddəs Kitab öyrənməsinin «Məsihi həyatı və ibadəti» adlı yeni görüşlə əvəz olunacağını elan etdi. Entoni qardaş həmçinin bildirdi ki, «Müqəddəs ibadətimiz» adlı vərəqənin əvəzinə «Məsihi həyatı və ibadəti. İş dəftəri» adlı aylıq nəşri istifadə edəcəyik. Dörd rəngli və səkkiz səhifəli olan bu nəşrdə həftəlik görüşün cədvəli və Müqəddəs Kitabın fərdi mütaliəsini maraqlı edən şəkillər yer alır.

Bu yeni ibadət görüşü 3 hissədən ibarətdir.

  1. Allahın Kəlamındakı xəzinə. Bu hissənin ilk bəndində 10 dəqiqəlik nitq səslənir. Nitq Müqəddəs Kitabın həftəlik mütaliəsinə və iş dəftərindəki şəkillərə əsaslanır. İkinci bənd isə «Hikmət xəzinəsindən incilər» adlanır. Müqəddəs Kitabın həftəlik mütaliəsinə əsaslanan bu bənd 8 dəqiqə davam edir və sual-cavab şəklində keçirilir. Ardınca 4 dəqiqəlik «Müqəddəs Kitabın qiraəti» tapşırığı olur.

  2. Səriştəli müjdəçi olun. Adətən, bu hissədə üç şagird ilk və təkrar söhbət zamanı, həmçinin Müqəddəs Kitab dərsi keçərkən təlim verməyin yolunu göstərir.

  3. Məsihi həyatı. Bu hissədə Müqəddəs Kitab prinsiplərini gündəlik həyatda tətbiq etməyin praktiki yolları göstərilir. Hissənin əsas bəndi isə sual-cavab şəklində keçirilən «Müqəddəs Kitab dərsi»dir.

Bütün dünyadan olan təbliğçilər bu görüşə görə öz minnətdarlıqlarını bildiriblər. Avstraliyadan bir qardaş yazır: «“Məsihi həyatı və ibadəti” görüşü möhtəşəmdir! İndi oradakı məlumatlar həyatımızla birbaşa əlaqəlidir. Nümunə üçün təqdimələr daha sadədir. Adam görüşün necə başlayıb, necə qurtardığını hiss eləmir. Çünki görüşün hissələri daha qısa, yığcam və maraqlıdır, xüsusilə də, videolar və uşaqlarla bağlı bəndlər».

İtaliyadakı bir ağsaqqallar şurasından aldığımız məktubda deyilir: «Fikir vermişik ki, bu yeni görüş bizi yığıncağa daha yaxşı hazırlaşmağa sövq edir və nəticədə, təlim vermək bacarığımız yaxşılaşır. “Məsihi həyatı və ibadəti” görüşü Yehovanın xalqına verdiyi yeni təlim üsuludur. On beş yaşlı bir təbliğçi belə sözlər demişdi: “Əvvəllər diqqətimi görüşə cəmləmək çətin idi. Ancaq indi fikrim yayınmır, həm də yığıncağa daha yaxşı hazırlaşıram”».

Avstriyada yaşayan bir ailə yeni görüşlə bağlı öz təəssüratlarını bölüşür: «Əvvəllər on yaşlı qızımızla birgə Müqəddəs Kitabın həftəlik mütaliəsinə hazırlaşmaq bizə çətin gəlirdi. Amma görüşün “Allahın Kəlamındakı xəzinə” hissəsi sayəsində şərh vermək daha rahatdır. İndi Müqəddəs Kitabın həftəlik mütaliəsinə hazırlaşmaq üçümüzə də böyük zövq verir. Ən əsası isə, qızımızın Yehova ilə münasibətlərinin getdikcə daha sıx olduğunu görürük».

Almaniyadan İnes adlı bir bacı yazır: «Yığıncağa hazırlaşmağa, oxuduqlarımın üzərində düşünməyə indi daha həvəsliyəm. Heç vaxt bu qədər araşdırma aparmamışdım. Yehova ilə münasibətlərim indi daha möhkəmdir. Şeytanın dünyası məni yorsa da, əldən salsa da, yığıncaqlar mənə güc verir, mübarizəni davam etdirməyə kömək edir».

«Məsihi həyatı və ibadəti» görüşü Solomon Adalarındakı yığıncaqların da çox xoşuna gəlir. Görüşdən tam fayda əldə etmək onlara elə də asan olmasa da, bunun üçün əllərindən gələni edirlər. Yığıncaqların əksəriyyəti şəhərdən kənarda yerləşir. Bu ərazilərdə işıq və internet yoxdur. Bacı-qardaşların isə maddi durumu zəifdir, onlar əkin-biçinlə dolanırlar. Bəs görəsən, qardaşlar aylıq videoları necə əldə edib yığıncağa göstərirlər? Malaita adasında olan bir yığıncaq kokos qurusu satmağa başladı. Qazandıqları pulu qardaşlara verdilər ki, onlar videoları göstərmək üçün günəş şüası ilə enerji yığan sadə bir aparat alsınlar. Videoları yükləyib yığıncağa göstərmək üçün isə qardaşlar hər ay internetin olduğu əraziyə gedirlər.

ABŞ-dan olan bir qardaş yazır: «Oxuduğum nəşrlərdən çox, baxdığım videolar, şəkillər yadımda qalır. Bir şeyi tam başa düşüb başqasına izah edə bilmək üçün gərək onu bir neçə dəfə oxuyum. Qırx ildən çoxdur ki, buna görə əziyyət çəkirəm. Rəhbərlik Şurasının üzvlərinə hazırladıqları əyani vəsaitlərə görə minnətdarlığımı bildirirəm. Müqəddəs Kitabın bölmələri ilə tanışlıq videoları əntiqədir! İş dəftərindəki şəkillərə isə söz ola bilməz! Elə bil mənim üçün çəkilib. Yehovanın sizin bütün əməyinizə bərəkət verdiyi göz qabağındadır. Hər şeyə görə çox sağ olun».

Malavi