Kontentə keç

Mündəricatı göstər

Meksika. Onlar birgə Brayl əlifbasını öyrəndilər

ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM İŞİ

Amerika

Amerika
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 57

  • ƏHALİSİ 998 254 087

  • TƏBLİĞÇİLƏRİN SAYI 4 154 608

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 4 353 152

«Səninlə birlikdə mən də öyrənəcəyəm»

Meksikada yaşayan İsmayıl Müqəddəs Kitabı başdan ayağa oxumağı qərara alır və bir ilin içində iki dəfə oxuyub qurtarır. Sonradan o, görmə qabiliyyətini itirir. Bunun üstündən bir neçə il keçəndən sonra Angel adlı Yehovanın Şahidi İsmayılla rastlaşır və ona Allahın vədi haqda danışır. İsmayıl bu haqda daha çox öyrənmək istəyir, ancaq deyir: «Gözlərim tutulub. Müqəddəs Kitabı oxuya bilmirəm».

Angel ona ürək-dirək verib deyir: «Ürəyini sıxma, mən sənə Brayl əlifbasını öyrədəcəyəm».

İsmayıl soruşur: «Sən Brayl əlifbasını bilirsən?»

«Yox, bilmirəm, amma səninlə birlikdə mən də öyrənəcəyəm», — deyə Angel cavab verir. İsmayıl inana bilmir ki, Angel onun xatirinə Brayl əlifbasını öyrənəcək. Angel evə gedib Brayl əlifbası ilə bağlı axtarışlar aparır, sonra kardon kağızın üzərində relyefli hərflər hazırlayır və İsmayıla Brayl əlifbasını oxumağı öyrədir. İsmayıl Brayl əlifbasını öyrənəndən sonra yığıncaqlara getməyə və ədəbiyyatlarımızı oxumağa başlayır. Hal-hazırda Angel gözdən əlil olan dörd nəfərə Allahın Kəlamını öyrədir. Onlar gözlərinin görəcəyi dövr haqda, Cənnət haqda danışmağı çox xoşlayırlar.

Onu tanıya bilmədi

Birləşmiş Ştatlarda yaşayan 14 yaşlı Viana yazır: «Sosial elmlər dərsində bizim müəllimimizi əvəz edən müəllim din barədə danışmağa başladı. O, bizdən hansı dinləri tanıdığımızı soruşdu. Mən Yehovanın Şahidlərinin adını çəkəndə sinif yoldaşlarım mənə güldü. Onlar insanların vaxtını aldığımızı, lazımsız işlə məşğul olduğumuzu və verdiyimiz nəşrləri tulladıqlarını dedilər. Hətta müəllim də uşaqların tərəfini tutdu.

Onda mən Yehovaya dua edib şahidlik vermək üçün cəsarət istədim. Sinif yoldaşlarıma dedim ki, onların qapısına vaxtlarını almaq üçün gəlmirik. Yehova Allah bizi göndərir ki, insanlara Müqəddəs Kitabdakı məsləhətləri çatdıraq. Mən onlardan nəşrlərimizi atmamağı xahiş etdim. Dedim ki, bu nəşrlər onların həyatını yaxşılaşdırmağa və xilas etməyə qadirdir. Müəllim üzrxahlıq elədi və söz verdi ki, Yehovanın Şahidlərindən kimsə bir də onun qapısını döysə, onları dinləyəcək və verdikləri nəşrləri oxuyacaq. Ancaq onun dediklərinə inanmağım gəlmədi.

Dörd aydan sonra mən bu müəllimi gördüm. O, mənə Müqəddəs Kitabı öyrəndiyini deyəndə qulaqlarıma inana bilmədim. Bundan altı ay sonra isə o, məni məktəbdə axtarıb tapdı və ona təbliğ etdiyim üçün minnətdarlığını bildirdi. Əvvəlcə onu tanımadım, çünki o, saçını kəsib, üzünü təraş etmişdi. Hal-hazırda müəllimim vəftiz olunmamış təbliğçidir».

Amazonda təbliğ

Keçən il Braziliyada yaşayan Yehovanın Şahidləri diqqətlərini Amazon ərazisinə yönəltdilər. Çünki bu ərazidə yaşayan insanların çoxu xoş müjdə haqda heç vaxt eşitməmişdi. Bunu nəzərə alaraq, Rəhbərlik Şurası birillik xüsusi təbliğ kampaniyası təşkil etdi. Məqsəd Amazonun ən ucqar ərazilərində yaşayan minlərlə insana xoş xəbəri çatdırmaq idi.

Braziliya. Amazonda təbliğ

Filial Amazonun çay şəbəkəsinin ətrafında yerləşən 53 şəhəri seçdi. Cəmi dörd ayın içərisində 6500 təbliğçi bu çağırışa hay verdi.

Ucqar bir ərazidə yerləşən Anamada bir nəfər də olsun təbliğçi yox idi. On təbliğçi 11 gün bu ərazidə yaşadı. Bu vaxt ərzində onlar 12 500 ədəbiyyat payladılar və 200 nəfərlə Müqəddəs Kitab dərsi keçməyə başladılar. Həmin adamlarla indi də telefon vasitəsilə dərs keçilir. Orada olduqları müddətdə qardaşlar ibadət görüşləri də keçirtdilər. Getməzdən öncə keçirdikləri son görüşdə 90 nəfərin iştirak etdiyini görəndə təbliğçilər çox sevindilər. Kampaniyanın faydası gələcəkdə özünü daha çox göstərəcək.

Sayt vasitəsilə təbliğ

Venesuelada yaşayan Jizel və Mariyana altı ildir ki, bir sinifdə oxuyurlar. Jizel Yehovanın Şahidi olduğu üçün Mariyana onu tez-tez ələ salırdı. Mariyana elə düşünürdü ki, Jizel həyatın dadını çıxarmağı bacarmır. Bir gün Mariyana Jizelin üstünə daha çox düşür. Bunu görən Jizelin ağlına belə bir fikir gəlir və deyir: «Mariyana, zəhmət olmasa, jw.org saytını ziyarət edib “Video” bölməsinin “Yeniyetmələr” hissəsinə daxil ol».

Elə həmin gün Mariyana Jizelə zəng edib deyir: «Mən səni indi başa düşdüm».

Jizel onun zarafat etdiyini zənn edib deyir: «Yenə məni ələ salırsan?»

«Yox. Mən sənə bir də lağ etməyəcəyəm. Əksinə, sənə “çox sağ ol” demək istəyirəm. İndi başa düşürəm ki, əksər problemlərimə səbəb həyatın “ləzzəti bundadır” dediyim şeylərdir». Mariyana indi Müqəddəs Kitabı öyrənir və bütün ibadət görüşlərində iştirak edir.

Keşişə verilən suallar

Haitidəki kilsələrin birində katibə kimi işləyən Jarol Yehovanın Şahidlərinin onun bütün suallarına Müqəddəs Kitabdan cavab verdiyini görəndə mat qalır. O və qızı Müqəddəs Kitabı öyrənməyə razı olurlar. Öyrəndikləri onların çox xoşuna gəlir. Ona görə də Yehovanın Şahidlərindən xahiş edirlər ki, onlara həftədə iki dəfə dərs keçsinlər.

Jarol üç aydan sonra kilsəyə gedir və keşişə dörd sual verir: «İsa Məsih nə vaxt padşah olub? Yaxşı insanlar öləndən sonra hara gedir? Bəs öləndən sonra pis insanların aqibəti necə olur? İsa Məsih xaçın, yoxsa dirəyin üzərində ölüb?» Keşiş ancaq ikinci və üçüncü suallara cavab verə biləcəyini bildirib deyir: «Yehovanın Şahidlərinin sözlərinə görə, göyə ancaq 144 000 insan qalxacaq. Amma mənim fikrimcə, yaxşı insanların hamısı göyə qalxacaq. Pis insanlar isə əbədiyyən cəhənnəmdə yanacaqlar». Jarol ona deyəndə ki, bu dediklərini Müqəddəs Kitabdan göstər, o göstərə bilmir. Ümidləri puça çıxan Jarol Yehovanın Şahidləri ilə Müqəddəs Kitab dərsi keçməyə daha da qətiyyətli olur. O, kilsədəki vəzifəsindən çıxır. Jarol etiraf edir ki, üç ay ərzində Yehovanın Şahidlərindən öyrəndiklərinin yarısını belə, kilsəyə getdiyi 30 il ərzində öyrənməyib. Jarol və onun qızı bu yaxınlarda vəftiz olundular. Onlar yaşadıqları kənddə 23 nəfərə Müqəddəs Kitab dərsi keçirlər.

Haiti. Jarol və qızı bir çoxlarına Müqəddəs Kitab dərsi keçirlər