Kontentə keç

Mündəricatı göstər

Azərbaycan

ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM

Avropa

Avropa
  • ÖLKƏ VƏ ƏRAZİLƏRİ 47

  • ƏHALİSİ 744 482 011

  • TƏBLİĞÇİLƏRİN SAYI 1 611 290

  • MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 834 121

Mülayim cavab

Gürcüstanda ədəbiyyat arabasına bir kişi yaxınlaşır və qışqıraraq deyir: «Qoymaram siz burada təbliğ edəsiniz! Gürcüstan pravoslav ölkəsidir!» Arabanın yanındakı qardaş hörmətlə ondan nə vaxtsa bizim ədəbiyyatları oxuyub-oxumadığını soruşur. Kişi cavab verir: «Yox, oxumamışam». Qardaş nəzakətlə ona ədəbiyyatlarımızı oxumağı məsləhət görür. Qardaşın bu sözlərindən sonra kişi sakitləşir və bir-iki nəşr götürüb gedir. Bir neçə gün sonra kişi geri qayıdıb ogünkü hərəkətinə görə üzrxahlıq eləyir. O deyir ki, bizim jurnallarımızı gözləri görməyən anası üçün oxuyub. Ədəbiyyatlar onların hər ikisinin xoşuna gəlib və oxumaq üçün yenilərini istəyirlər. İndi həmin kişi müntəzəm olaraq ədəbiyyat arabasına yaxınlaşıb jurnalların son saylarını götürür.

Problemi həll etməyin ən gözəl yolu

Azərbaycanda iki qardaş binanın qabağında dayanan cavan bir oğlana xoş xəbəri çatdırır. Oğlan cavab verir: «Mən sizin danışdıqlarınıza qulaq asmayacağam, çünki bu günahdır!» Sonra o, arxa cibindən bir bıçaq çıxardır və deyir: «Mənə qarşı bir nəfər haqsızlıq edib və indi gedib həmin insanın dərsini verəcəyəm ki, haqq-ədalət öz yerini tapsın».

Nə edəcəklərini bilməyən qardaşlar ona deyir: «Adam öldürmək günahdır».

Oğlan soruşur: «Bəs onda mən nə edim?» Qardaşlar ona Romalılara 12:17—21 ayələrini oxuyub açıqlayırlar ki, qisas Allaha məxsusdur və biz pisliyə məğlub olmamalıyıq, əksinə, ona yaxşılıqla qalib gəlməliyik. Onlar izah edir ki, məsələni şirin dillə yoluna qoya bilər. Əgər onu öldürsə, sonradan vicdan əzabı ilə yaşamalı olacaq. Bu sözlər oğlanı düşündürür və o çıxıb gedir.

Bir saatdan sonra oğlan qardaşları tapıb deyir: «Öldürmək istədiyim adamın yanından gəlirəm. Məsələni dava-dalaşsız yoluna qoydum. Sağ olun ki, məni xata-baladan qurtardınız». Qardaşlar izah edirlər ki, əslində, ona Yehova kömək edib.

Ədəbiyyat arabaları qeyri-fəal bacının diqqətini cəlb edir

Bir neçə il bundan əvvəl Norveçdə bir bacı həqiqətdən uzaqlaşmışdı. Yehovanın Şahidləri ədəbiyyat arabaları ilə şahidlik etməyə başlayandan sonra həmin bacı alış-verişə gedəndə tez-tez bu arabalara rast gəlirdi.

Bacı heç vaxt orada duran Yehovanın Şahidlərinə yaxınlaşmasa da, arabaların üzərindəki plakatlar, ədəbiyyatlar həmişə onun diqqətini cəlb edirdi. Bunlar, həmçinin arabanın yanında duran Yehovanın Şahidlərinin mehribanlığı, sadə görkəmi bacıda Yehovaya və Onun xalqına geri dönmək arzusu oyatdı.

Bundan əlavə, arabanın üzərində yazılan jw.org saytı onun diqqətini çəkdi. Bacı sayta daxil olmaq qərarına gəldi. Saytdan yaxınlıqdakı ibadət evinin ünvanını və görüşlərin vaxtını asanlıqla tapa biləndə çox təəccübləndi. O, saytdan bəzi nəşrləri yüklədi. Daha sonra tərəddüdlə ibadət evinə getdi. Onu yığıncaqda mehriban qarşıladılar və ağsaqqallar ona Müqəddəs Kitab dərsi keçməsi üçün bir nəfər təyin etdilər. Bacı tezliklə yığıncaqda dostlar tapdı və ruhani fəaliyyətini bərpa etdi. Hal-hazırda o, mütəmadi şəkildə yığıncağa və təbliğə gedir, həmçinin Yehova ilə yaxın münasibətlərini bərpa etdiyinə görə çox sevinir.

Məktəb avtobusunda təbliğ

Norveçdə bir məktəb avtobusunda 15 yaşlı Ronya eyni sinifdə oxuduğu üç oğlanla təkamül barədə söhbət edir. Oğlanlar onun etiqadına hörmət qoymurlar və bu, bacımızı yaman narahat edir. Bacının bu mövzu barədə məlumatı az olduğuna görə o, anasından Allahın mövcudluğuna dair sübutlar tapmaq üçün kömək istəyir.

Norveç. Ronya imanını müdafiə edir

Növbəti gün Ronya avtobusda uşaqlarla yenidən danışanda hazırladığı fikirləri onlarla bölüşür. Lakin oğlanlar onun Yehovaya olan imanını lağa qoyurlar. Onlardan biri bərkdən deyir: «Bu avtobusda heç kim Yehovaya inanmır! Gəlin əlimizi qaldıraq, görək kim təkamülə inanır, kim Yehovaya». Bu zaman Ronyanın gözləmədiyi bir şey baş verir. Onun yanında oturan oğlan əlini qaldırıb deyir: «Mən Yehovaya inanıram!» Başqa iki uşaq da əlini qaldırıb deyir: «Mən də!» Sən demə, Ronyanın sinif yoldaşları ilə söhbətini digər şagirdlər də eşidirmiş. Ronyanın gətirdiyi dəlillər onların bəzilərini Allahın mövcudluğuna əmin etdi!

Oxumağı-yazmağı bacarmayan kişi kitab tapır

Bir dəfə günorta vaxtı Suriyadan olan iki ərəbdilli kişi Danimarkadakı filiala gəlir. Onlar qəbul şöbəsində oturan bacılara Yehovanın Şahidlərini axtardıqlarını deyirlər. Bacılar bildirəndə ki, onlar düz ünvana gəliblər, kişilər sevinirlər. Bəs onlar ünvanı necə tapmışdılar? Bu kişilərin telefonunda ərəb dilində olan əsas dərs vəsaitinin nəşriyyat səhifəsinin şəkli var idi. Onlar bu şəkli yerli kitabxananın işçisinə göstərmişdilər. Kitabxana işçisi də filialın ünvanını vermişdi.

Bu iki kişi Danimarka dilində çətinliklə danışdıqları üçün qəbul şöbəsinə ərəb dilini bilən bir qardaş çağırırlar. Məlum olur ki, onlardan biri Müqəddəs Kitabı öyrənməyi çox istəyir. Qardaş onun ünvanını götürür və söz verir ki, tezliklə ərəb dilini bilən başqa qardaşla onun yanına gələcək.

Həmin kişinin evinə gedəndə qardaşlar öyrənirlər ki, indiyə kimi heç bir Yehovanın Şahidi onun qapısını döyməyib. Ərəb dilində olan kitabı isə kimsə onun poçt qutusuna qoyub. Halbuki bu qutunun üzərində onun ərəbdilli insana məxsus olduğuna dair yazı yox idi. Kişi oxumağı və yazmağı bacarmadığına görə dostundan xahiş etmişdi ki, bu kitabı onun üçün oxusun. Onlar kitabı üç günə oxuyub qurtarmışdılar. O, eşitdiklərinin sayəsində həqiqəti tapdığına əmin olmuşdu.

Bu kişi ailəsindən uzaq düşdüyü üçün çox pis olurdu. Ancaq Müqəddəs Kitabdan oxuduqları ona təsəlli verdi. Qardaşlar bu kişinin yanına birinci dəfə gələndə o, onlara belə bir sual vermişdi: «Nəyə görə indiyənə kimi qapımı döyməmisiniz? Mənim buna, həqiqətən, ehtiyacım var idi». Hal-hazırda o, qardaşlarla Müqəddəs Kitabı öyrənməyə davam edir və öyrəndikləri onun çox xoşuna gəlir.

Ürəkdəki boşluq sevinclə dolur

Ukraynada tütün fabrikində menecer işləyən Dimitri tütünün insan sağlamlığına zərərini daha yaxşı başa düşəndə bu gəlirli işindən çıxır. Bundan sonra üç ayın içində anasını və qayınanasını itirir. Əzizlərini itirmək onu bərk sarsıdır. Dimitri ümid edir ki, getdiyi kilsədə təsəlli tapacaq və suallarına cavab alacaq. Amma ümidləri puça çıxır. Dostu ona deyir ki, pravoslavın «boynunda xaç, ürəyində isə boşluq var». Dimitri də ürəyində boşluq hiss edir. O başa düşür ki, Allah və Onun Kəlamı haqda əslində heç nə bilmir. Ümidsizlik içərisində Allaha dua eləyir. O an yadına Yehovanın Şahidləri düşür. Dimitri internetdən onların saytını tapır və orada Müqəddəs Kitab haqda məlumatın bolluğunu görüb mat qalır. Sonra saytdan yaxınlıqda yerləşən ibadət evinin ünvanını axtarıb tapır. İbadət evinin maşın dayanacağına çatanda bir nəfər onu salamlayıb köməyini təklif edir. Dimitri deyir: «Müqəddəs Kitabı öyrənmək istəyirəm». Artıq altı aydır ki, o, Müqəddəs Kitabı öyrənir və müntəzəm ibadət görüşlərinə gəlir.

Məktublar həqiqətə marağı artırır

Britaniyada yaşayan Pol ilə Feys Syuzan adlı qadınla söhbət edirlər və danışırlar ki, yenidən görüşsünlər. Amma gələn dəfə gələndə Syuzanı evdə tapa bilmirlər. Buna görə də onlar «Müqəddəs ibadətimiz» vərəqəsinin 2014-cü il noyabr sayındakı məsləhətə uyğun davranaraq, bir kağıza sabah yenə gələcəklərini yazırlar və onu qapıya qoyurlar. Onlar növbəti gün gələndə gözləmədikləri bir şeylə qarşılaşırlar. Qapıda onlar üçün qoyulmuş bir kağız parçası görürlər. Syuzan yazmışdı ki, o gün qızına cer-cehiz almağa getdiyi üçün evdə olmayıb. Pol və Feys bu dəfə kağıza gələn həftə gələcəklərini yazırlar. Bu səfər Syuzan onların yolunu gözləyir. Onlar əsas dərs vəsaiti vasitəsilə Müqəddəs Kitabı öyrənməyə başlayırlar.

Böyük Britaniya. Pol və Feys qapıya məktub qoyurlar

Qızının toyuna az qaldığı üçün Syuzan onlardan xahiş edir ki, mümkünsə, gələn həftə gəlməsinlər. Pol və Feys yenə gələndə qapını açan olmur. Buna görə də onlar qapıya telefon nömrələrini yazıb qoyurlar. Syuzan həmin nömrəyə mesaj yazıb o gün evdə olmadığı üçün üzr istəyir və bildirir ki, həmin vaxt başı bağda qonşu ilə söhbətə qarışmışdı. O vaxtdan bəri Syuzan Müqəddəs Kitabı müntəzəm öyrənir və bu yaxınlarda ilk dəfə ibadət görüşündə iştirak edib.

Təbliğ etdikləri insanlarla əlaqəni itirməmək üçün bu üsuldan istifadə etmək Pol və Feysə çox xoşdur: «Yazdığımız məktublar sayəsində başqaları ilə də yenidən görüşmək imkanımız olub. Bu, əla üsuldur!»

Tibb bacısını hərəkətə gətirən iman

2014-cü ilin avqustunda Macarıstanda ağciyər emboliyasından əziyyət çəkən bir qardaş xəstəxanada yatırdı. Təəssüf ki, bir müddət sonra qardaş həyatını itirdi. Onun həyat yoldaşı xəstəxanada qardaşa qulluq edən Tünde adlı tibb bacısı haqda belə sözlər yazmışdı:

«2015-ci ilin yayında mən oğlumla birgə “Məsihdən örnək alın!” adlı regional toplantıya getmişdim. Toplantının sonuncu günündə evə qayıtmaq üçün maşın dayanacağına yaxınlaşanda bir qadın qabağımı kəsdi. O, çantasını yerə qoyub məni qucaqladı və ağlamağa başladı. Bu qadın təxminən bir il əvvəl reanimasiyada həyat yoldaşıma qulluq edən həmin tibb bacısı idi. O mənə dedi: “Tibb bacıları növbə üzrə hər dəfə bir xəstəyə baxırdı. Mən hər dəfə dua edirdim ki, sizin həyat yoldaşınıza mən baxım. Maraqlıdır ki, tez-tez məhz belə də olurdu!”

Tünde dedi ki, yoldaşımın yaxşı davranışı və gələcək ümidi barədə tez-tez söz açması onu Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə ciddi şəkildə araşdırmağa təşviq edən ilk təkan oldu.

Tünde indi Müqəddəs Kitabı öyrənir və o, yoldaşımı yenidən görəcəyi günü səbirsizliklə gözləyir. Ərimə demək istəyir ki, Yehovanı tanımağa və Onun möhtəşəm vədləri barədə öyrənməyə məhz onun davranışı və möhkəm imanı səbəb olub».

Yük maşını sürücülərinə təbliğ

Bolqarıstan. Yehovanın Şahidləri sərhəddə sürücülərə təbliğ edir

İğtişaşlar və blokadalar səbəbindən Yunanıstan və Bolqarıstan arasında sərhəd nəzarət xidməti tez-tez bağlanırdı. Buna görə də sərhəddə yük maşınlarından ibarət uzun növbələr yaranırdı. Bolqarıstanda sərhədin yaxınlığındakı bir yığıncaq bu vəziyyəti fürsət bilib sərhəddə qalan sürücülərə nəşrlər paylamaq qərarına gəldi. Qardaşlar on iki dildə ədəbiyyat götürüb sərhədə yollandılar. Sürücülərin əksəriyyəti dilxor və yorğun olsalar da, qardaşlarla söhbət edirdilər. Qardaşlar onlara canıyananlıqla qulaq asır, xoş xəbəri çatdırır və toxtaqlıq verirdilər. Sürücülərdən biri öyrənəndə ki, bu insanlar Yehovanın Şahidləridir, dedi: «Elə də bildim, çünki ancaq Yehovanın Şahidləri belə təbliğ edir». Avstraliyadan olan digər bir sürücü isə zarafatyana dedi: «Hətta burada da sizdən qaça bilmədik. Halal olsun sizə! İnsanlara ümid və təsəlli verməyə davam edin». Başqa bir sürücü isə belə sözlər dedi: «Sizin nəşrləri oxumağa heç vaxt həvəsim olmayıb, ancaq indi böyük məmnuniyyətlə oxuyacağam». Sürücülərdən biri xoş xəbəri eşidəndə ağlamağa başladı. O dedi ki, neçə il bundan əvvəl Yehovanın Şahidi olub. Qardaşlar bu sürücünü həm nəşrlərimizi oxumağa təşviq etdilər, həm də yığıncaqla əlaqə yaratmağa kömək etdilər.