Müqəddəs Kitab həyatları dəyişir
Müqəddəs Kitab həyatları dəyişir
«Yehovaya geri dönməli idim» (İLİ XALİL).
DOĞULDUĞU İL: 1976
ÖLKƏ: KİPR
KEÇMİŞDƏ: YOLUNU AZMIŞ OĞUL
KEÇMİŞİM. Mən Kiprdə doğulmuşam, ancaq Avstraliyada böyüyüb boya-başa çatmışam. Valideynlərim Yehovanın Şahididir. Onlar mənə Yehovanı, Müqəddəs Kitabı sevdirmək üçün əllərindən gələni ediblər. Ancaq yeniyetmə yaşına çatanda yolumu azdım. Gecələr evdən çıxıb yeniyetmə yaşda olan dostlarımın yanına gedirdim. Biz maşın oğurlayırdıq, başımıza cürbəcür işlər gəlirdi.
Əvvəlcə valideynlərimin narazılığından qorxduğum üçün hər şeyi gizlincə edirdim. Amma getdikcə bu qorxunu itirdim. Yaşca məndən çox böyük olan adamlarla dostluq etməyə başladım. Onlar Yehovanı sevmirdilər, beləcə, mənə pis təsir göstərirdilər. Axırda valideynlərimə dedim ki, daha onların dinində olmaq istəmirəm. Onlar mənə nə qədər kömək etməyə çalışsalar da, heç nə alınmadı. Valideynlərim çox pərişan olmuşdu.
Evdən gedəndən sonra narkotikə qurşandım. Hətta özüm də marixuana əkib satırdım. Əxlaqsızlıq edirdim, gecə klublarına dadanmışdım. Üstəlik, yaman tez özümdən çıxırdım. Kimsə xoşuma gəlməyən nəsə desəydi, yaxud etsəydi, dərhal qəzəblənirdim, qışqırıb-bağırırdım, basıb həmin adamı döyürdüm. Bir sözlə, məsihiyə nə olmazdısa, hər şeyi edirdim.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Bir narkomanla çox yaxın dost olmuşduq. O, balaca olanda atası vəfat etmişdi. Biz tez-tez gecə yarısına kimi söhbət edirdik. Bir dəfə onun ürəyi açılmışdı, deyirdi ki, atası üçün çox darıxır. Mən uşaqlıqdan dirilmə ümidi barədə bilirdim. Bir də onu gördüm ki, ona İsadan, ölüləri diriltməsindən, gələcəkdə yenə də dirildəcəyindən danışıram (Yəhya 5:28, 29). Ona deyirdim: «Təsəvvür edirsən, atanı görəcəksən. Hər birimiz əbədiyyən yer üzündə, Cənnətdə yaşaya bilərik». Bu sözlər dostuma çox güclü təsir etdi.
Başqa vaxtlarda dostum axırzamandan, Üç üqnumdan söz salırdı. Mən onun Müqəddəs Kitabını açıb ona Yehova Allah, İsa Məsih, axırzaman barədə ayələri oxuyurdum (Yəhya 14:28; 2 Timutiyə 3:1—5). Dostuma Yehova haqda danışdıqca, özüm də Yehova barədə düşünürdüm.
Bir vaxtlar valideynlərimin ağır zəhmətlə ürəyimə əkdiyi, mənim isə sükunətə qərq etdiyim həqiqət toxumları yavaş-yavaş cücərməyə başladı. Məsələn, bəzən dostlarımla narkotik qəbul edəndə birdən Yehova yadıma düşürdü. Dostlarımın çoxu iddia edirdi ki, Allahı sevir. Amma əməlləri başqa şey deyirdi. Mən onlar kimi olmaq istəmirdim. Başa düşürdüm ki, nəsə etmək lazımdır. Yehovaya geri dönməli idim.
Sözsüz ki, başa düşmək bir şeydir, başa düşdüyünü etmək ayrı şey. Bəzi dəyişiklikləri etmək asan oldu. Çətinlik çəkmədən narkotiki tərgitdim. Həmçinin dostlarımla əlaqəni kəsdim və ağsaqqalla Müqəddəs Kitabı öyrənməyə başladım.
Digər dəyişiklikləri isə etmək çətin oldu. Qəzəbimi heç cür cilovlaya bilmirdim. Bəzən bir müddət hər şey yaxşı gedirdi, sonra isə özümü saxlaya bilmirdim. Belə olanda özümü çox pis hiss edirdim, düşünürdüm ki, bunun öhdəsindən gələ bilməyəcəyəm. Pərişan halda mənimlə dərs keçən ağsaqqala yanaşırdım. O, səbirlə, mülayimcəsinə mənə kömək edirdi. Bir dəfə mənə «Gözətçi qülləsi»ndən təslim olmamaqla bağlı məqaləni oxutdurdu *. Sonra müzakirə etdik ki, qəzəblənəndə hansı addımları atmalıyam. Tədricən, həmin məqalədəki fikirləri düşünərək, Yehovaya çoxlu dua edərək qəzəbimi cilovlamağı bacardım. 2000-ci ilin aprel ayında Yehovanın Şahidi kimi vəftiz olundum. Valideynlərim son dərəcə xoşbəxt idi.
MƏNƏ FAYDASI. İndi ürəyim rahatdır, vicdanım isə təmizdir. Axı artıq narkotiklə, əxlaqsızlıqla bədənimi murdarlamıram. Hər nə ilə məşğul olsam da, istər işləyəndə, istər ibadət görüşündə olanda, istərsə də əylənəndə özümü xoşbəxt hiss edirəm. Həyata nikbin gözlə baxıram.
Yehovaya şükür edirəm ki, elə valideynlərim var. Onlar heç vaxt məndən əllərini üzmədilər. Həmçinin Yəhya 6:44 ayəsi də fikrimdən çıxmır: «Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz». Başa düşürəm ki, Yehova məni cəlb etdiyi üçün Ona geri dönə bildim. Bu isə mənim üçün hər şeydən qiymətlidir.
«Atamın həsrətini çəkirdim» (MARKO ANTONİO ALVAREZ SOTO).
DOĞULDUĞU İL: 1977
ÖLKƏ: ÇİLİ
KEÇMİŞİ: AĞIR METAL QRUPUNUN ÜZVÜ
KEÇMİŞİM. Mən Cənubi Amerikanın cənub qurtaracağında, Magellan boğazının sahilində yerləşən gözoxşayan Punta-Arenas şəhərində böyümüşəm. Beş yaşım olanda anamla atam boşandı. Buna görə də məni anam böyütdü. Özümü atılmış hiss edirdim. Atamın həsrətini çəkirdim.
Anam Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi və məni ibadət evindəki yığıncaqlara aparırdı. Amma mənim yığıncaqlara getməkdən zəhləm gedirdi. Yolda tez-tez qanqaraçılıq salırdım. 13 yaşım olanda yığıncaqlara getməyi tamamilə dayandırdım.
Həmin vaxtlar musiqini sevirdim, bu sahədə bacarığımın olduğunu da sezdim. 15 yaşımda festivallarda, barlarda və şənliklərdə ağır metal musiqisi ifa edirdim. Çevrəmdə istedadlı musiqiçilərin olması məndə klassik musiqiyə maraq oyatdı. Yaşadığım şəhərdəki musiqi konservatoriyasında təhsil aldım. 20 yaşım olanda təhsilimi davam etdirmək üçün paytaxt şəhərə, Santyaqoya köçdüm. Eyni zamanda ağır metal qruplarında çalırdım.
Bu müddət ərzində içimdə bir boşluq var idi. Bu boşluğu doldurmaq üçün ailəm hesab etdiyim qrup yoldaşlarımla birgə içki içir, narkotik çəkirdim. Görünüşümdən də bəlli olduğu kimi, üsyankar insan idim. Qara rəngdə paltar geyinirdim, saqqal saxlayırdım, saçımı haradasa belimə qədər uzatmışdım.
Günüm dava-dalaşla keçirdi, polislərlə aramda problem yaranırdı. Bir dəfə o qədər içmişdim ki, məni və dostlarımı narahat edən narkotik satanlarla dalaşdım. Onlar məni elə döydülər ki, çənəm sındı.
Amma ən ağır zərbəni mənə yaxınlarım vurmuşdu. Bir gün öyrəndim ki, sevgilim illərdir mənə xəyanət edir, özü də ən yaxın dostumla. Bütün dostlarım bunu bilirdi, amma məndən gizlədirdilər. Çox sarsılmışdım.
Punta-Arenasa qayıtdım. Orada musiqi dərsi keçməyə və violonçel çalmağa başladım. Həmçinin ağır metal qruplarında çalmağa davam edirdim. Susan adlı gözəl qızla tanış oldum və biz birlikdə yaşamağa başladıq. Onun anası Üç üqnuma inanırdı. Bir qədər sonra Susan bildi ki, mən Üç üqnuma inanmıram. Məndən soruşdu: «Onda hansı düzdür?» Dedim ki, Üç üqnum təlimi, əminəm, yalandır, di gəl, bunu sənə Müqəddəs Kitabdan sübut edə bilmərəm. Amma bilirdim bunu kim edə bilər. Ona dedim ki, Yehovanın Şahidləri Müqəddəs Kitabdan həqiqəti göstərə bilərlər. Sonra uzun illərdir etmədiyim bir şeyi etdim, Allaha dua edib Ondan kömək istədim.
Bir necə gündən sonra mənə üzdən tanış gələn bir kişidən Yehovanın Şahidi olub-olmadığını soruşdum. Xarici görünüşüm onu ürkütsə də, ibadət evindəki görüşlərlə bağlı verdiyim suallara nəzakətlə cavab verdi. Əmin idim ki, bu, duama cavabdır. Mən ibadət evinə getdim və ən son cərgədə oturdum ki, məni heç kim görməsin. Amma uşaqlıqdan məni ibadət görüşlərində görənlərin çoxu o dəqiqə tanıdı. Onlar məni salamlayıb, elə səmimi qucaqladılar ki, qəlbimə sakitlik çökdü. Sanki evimə qayıtmışdım. Balaca vaxtı mənə Müqəddəs Kitab dərsi keçən adamı görəndə ondan xahiş etdim ki, mənimlə yenidən dərs keçsin.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Bir gün Məsəllər 27:11 ayəsini oxuyurdum, orada deyilir: «Oğlum, hikmətli ol, qəlbim sevinsin». Adi insanın Kainatın Yaradanını sevindirə biləcəyi fikri mənə çox təsir etdi. Başa düşdüm ki, Yehova ömrüm boyu həsrətində olduğum Atadır!
Səmavi Atamın ürəyini şad etmək, Onun istəyini yerinə yetirmək istəyirdim, fəqət uzun illərdir içkinin, narkotikin qulu idim. Mən İsanın Mətta 6:24 ayəsindəki sözlərini başa düşdüm. Orada deyilir ki, «heç kim iki ağaya qulluq edə bilməz». Var gücümlə dəyişikliklər etməyə başlayanda 1 Korinflilərə 15:33 ayəsindəki bu sözlər mənə təsir etdi: «Pis dostlar yaxşı əxlaqı pozur». Başa düşdüm ki, eyni məkanlara getsəm, eyni dostlarla oturub-dursam, bu vərdişlərdən yaxa qurtara bilməyəcəyəm. Müqəddəs Kitabdakı məsləhət aydındır: qəti addım atıb, məni günaha sürükləyən hər şeydən tamamilə yaxa qurtarmalıyam (Mətta 5:30).
Mənim üçün ən çətini ağır metal musiqisini çalmağı və dinləməyi tərgitməyim idi, çünki musiqini çox sevirdim. Amma yığıncaqdakı dostlarımın sayəsində nəhayət bunu bacardım. Əyyaşlığı və narkotiki atdım. Həmçinin saçlarımı kəsdim, saqqalımı qırxdım və təkcə qara rəngdə geyinmədim. Susana deyəndə ki, saçımı kəsdirmək istəyirəm, bu ona çox maraqlı gəldi. O dedi: «Gələn dəfə mən də səninlə ibadət evinə gedəcəyəm, görüm ora necə yerdi!» Orada gördükləri Susanın xoşuna gəldi və o da Müqəddəs Kitab dərsinə başladı. Nəhayət, Susanla evləndik. 2008-ci ildə vəftiz olunub, Yehovanın Şahidi olduq. Biz çox şadıq ki, anamla birlikdə Yehovaya xidmət edirik.
MƏNƏ FAYDASI. Mən bu dünyadakı saxta xoşbəxtlikdən və etibarsız dostlardan qurtuldum. Musiqini hələ də sevirəm, amma indi bu məsələdə seçim edirəm. Öz təcrübəmdən ailəmə və başqalarına, xüsusilə də gənclərə kömək etmək üçün istifadə edirəm. İstəyirəm onlara kömək edim ki, bu dünyanın təklif etdiyi şeylərin sadəcə üzdən cəlbedici gəldiyini, amma, əslində, zibil olduğunu anlasınlar (Filippililərə 3:8).
Məhəbbətin və sülhün hökm sürdüyü məsihi yığıncağında özümə sədaqətli dostlar tapdım. Ən əsası, Yehovaya yaxınlaşmaqla, nəhayət, ən yaxşı Atanı tapdım!
[Haşiyə]
^ «Mətanətlə qalib gəlin» adlı bu məqalə «Gözətçi qülləsi» jurnalının 2000-ci il 1 fevral sayının 4—6 səhifələrində (türk.) yerləşir.
[Yazı]
«Yehova məni cəlb etdiyi üçün Ona geri dönə bildim»