Kontentə keç

Mündəricatı göstər

Allahla necə dost ola bilərəm?

Allahla necə dost ola bilərəm?

FƏSİL 35

Allahla necə dost ola bilərəm?

Həyatının çox çətin vaxtında Ceremi Allahla dostluğun qədrini bilməyə başladı. «12 yaşım olanda, atam bizi atıb getdi, — deyə Ceremi izah edir. — Bir gecə Yehovaya dua edib yalvardım ki, atamı geri qaytarsın».

Ümidi hər yerdən üzülmüş Ceremi Müqəddəs Kitabı oxumağa başladı. Onu Zəbur 10:14 ayəsi çox təsirləndirdi. Orada Yehova haqda deyilir: «Fağır üzünü Sənə tutar, yetimin dayağı Sənsən». Ceremi deyir: «Məndə belə bir hiss vardı, sanki Yehova mənimlə danışır və istəyir ki, bilim: O mənim dayağımdır, mənim Atam odur. Ondan yaxşı Ata ola bilməz».

OLA BİLƏR sən Cereminin yaşadığını yaşamamısan, amma Müqəddəs Kitabdan aydın olur ki, Yehova səninlə dostluq etmək istəyir. Orada aydın deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Bu sözlərin üzərində bir qədər düşün: Allahı görmək mümkün deyil, üstəlik, O sənin yaşıdın da deyil, amma bunlara baxmayaraq, Yehova səni özü ilə dost olmağa çağırır!

Ancaq Allahla dost olmaq üçün səndən də nə isə tələb olunur. Bir nümunəyə nəzər salaq: evdə otaq bitkiləri saxlamısansa, bilirsən ki, bitki öz-özünə böyümür. Ona qulluq etmək lazımdır: vaxtı-vaxtında suyunu vermək, uyğun şəraitdə saxlamaq lazımdır. Allahla dostluq haqda da eyni şeyi demək olar. Bəs bu dostluq hansı qulluğu tələb edir?

Mütaliə çox vacibdir

Dostlar bir-birini dinləyir və bir-birilə söhbət edirlər, yəni ünsiyyət ikitərəflidir. Allahla dostluq da belədir. Biz Müqəddəs Kitabı diqqətlə oxuyanda sanki Allah bizimlə danışır, biz də Onu dinləyirik (Zəbur 1:2, 3).

Ola bilsin, kitab oxumağı elə də sevmirsən. Bir çox gənclər kitab oxumaqdansa, televizora baxmağı, oyun oynamağı, ya da dostlarıyla vaxt keçirməyi üstün tutur. Ancaq əgər sən Allahla dostluq etmək istəyirsənsə, bil ki, bunun bir yolu var: gərək Onun dediklərinə qulaq asasan. Bunun üçün isə Onun Kəlamını diqqətlə oxumaq lazımdır.

Qorxma, Müqəddəs Kitabı oxumaq adamı qətiyyən bezdirmir. Özünü lap elə böyük kitab həvəskarı hesab etməsən də, elə etmək olar ki, onu oxumaq sənə maraqlı gəlsin. Əvvəla, Müqəddəs Kitabı oxumaq üçün vaxt ayır. Lais adlı qız deyir: «Mən Müqəddəs Kitabı oxumaq üçün qrafik düzəltmişəm. Səhər tezdən mütləq bir fəsil oxumalıyam». 15 yaşlı Mariya isə başqa qrafiklə oxuyur. O deyir: «Mən Müqəddəs Kitabı hər axşam yatmazdan qabaq oxuyuram».

Müqəddəs Kitabı oxumağa başlamaq üçün  292-ci səhifədəki çərçivəyə bax. Aşağıda qeyd et ki, Allahın Kəlamını oxumağa günün hansısa saatında təxminən yarım saat vaxt ayıra bilərsən.

․․․․․

Vaxt ayırmaq işin yarısıdır. Kitabı oxumağa başlayanda görəcəksən ki, Müqəddəs Kitab elə də asan kitab deyil. 11 yaşlı bir oğlan etiraf edir: «Müqəddəs Kitabın elə yerləri var ki, adam onları başa düşmür, onlar o qədər də maraqlı deyil». Əgər səndə də elə təəssürat yaranıbsa, təslim olma. Unutma ki, bu kitabı oxumaqla Dostun Yehova Allahın sözlərini dinləyirsən. Müqəddəs Kitabın sənin üçün maraqlı olub-olmaması istənilən halda özündən asılıdır.

Dua çox vacibdir

Dua Allahla söhbətdir. Nə yaxşı ki, Yehova bizə dua etmək ənamını bəxş edib! Ürəyin istəyən vaxt, gecə də, gündüz də Yehova Allahla danışa bilərsən. O səni həmişə dinləyəcək. Üstəlik, O Özü də səni eşitmək istəyir. Buna görə də Müqəddəs Kitabda yazılıb: «Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin» (Filippililərə 4:6).

Bu ayədə yazıldığı kimi, Yehova ilə çox şey haqda danışmaq olar. Ona problemlərini, səni narahat edən şeyləri danışa bilərsən. Həmçinin həyatındakı yaxşı şeylərə görə Allaha təşəkkürünü bildirə bilərsən. Məgər dostun sənə bir yaxşılıq edəndə, ona «çox sağ ol» demirsən? Yehovaya da təşəkkürünü bildirə bilərsən, axı O sənə həyatda nə qədər yaxşılıq edib! Heç bir dost o qədər yaxşılıq edə bilməz (Zəbur 106:1).

Aşağıda qeyd et ki, həyatında nələrə görə Yehovaya minnətdarsan.

․․․․․

Şübhəsiz, bəzən hamı kimi sən də nəyə görəsə fikir edirsən, narahatçılığa qərq olursan. Zəbur 55:22 ayəsində deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar. O, heç vaxt saleh insanı yıxılmağa qoymaz».

Aşağıdakı sətirlərdə səni narahat edən şeyləri yaz. Onları duada Allaha danışa bilərsən.

․․․․․

Şəxsi təcrübə

Allahla dostluq özünə başqa vacib şeyi də daxil edir. Davud yazmışdı: «Dadın, görün necə gözəldir Yehova» (Zəbur 34:8). Davud 34-cü məzmuru qoşmazdan əvvəl böyük təhlükə ilə üzləşmişdi. Talut padşah Davudun qəsdinə durmuşdu, Davud da başını götürüb ondan qaçmışdı. Padşahdan qaça-qaça Davud düşmən filiştlilərin arasında gizlənməyə məcbur qalmışdı. Ölümlə üz-üzə duran Davud özünü dəliliyə vurub canını xilas etmişdi (1 İşmuil 21:10—15).

Davud başa düşürdü ki, öz ağıl-fərasəti sayəsində xilas olmayıb. Onu xilas edən Yehova idi. O bu hadisədən sonra məzmurda yazmışdı: «Yehovaya üz tutdum, mənə hay verdi, məni bütün qorxulardan azad etdi» (Zəbur 34:4). Davud öz təcrübəsinə arxalanaraq başqalarını da dadıb Yehovanın necə gözəl olduğunu görməyə çağırırdı *.

Sən də həyatında Yehovanın xüsusi qayğısını hiss etmisən? Əgər belə bir hadisə yadına gəlirsə, onu aşağıda qeyd et. Şərt deyil ki, bu, qeyri-adi bir hadisə olsun. Çalış həyatındakı gündəlik nemətlər haqda düşün, bəzən onları adi bir şey kimi qəbul edirik.

․․․․․

Ola bilər valideynlərin sənə uşaqlıqdan Müqəddəs Kitabı öyrədiblər. Əgər belədirsə, bu, böyük xoşbəxtlikdir. Ancaq bununla belə, sən şəxsən özün Allahla dost olmağa çalışmalısan. Əgər hələ bunu etməmisənsə, onda qoy bu fəsil sənə təkan olsun. Yehova əməyini mükafatsız qoymayacaq. Müqəddəs Kitabda deyilir: «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız» (Mətta 7:7).

BU MÖVZU HAQDA DAHA ƏTRAFLI CİLD 1, FƏSİL 3839–DA OXU

NÖVBƏTİ FƏSİLDƏ Başqalarına Allah haqda danışmağa çətinlik çəkirsən? Öyrən gör etiqadını necə müdafiə edə bilərsən.

[Haşiyə]

^ abz. 24 Müqəddəs Kitabın ingilis dilindəki bəzi tərcümələrində «dadın, görün» ifadəsi «özünüz üçün aşkar edin» yaxud «təcrübədən keçirib görün» kimi tərcümə edilir (Contemporary English Version, Today’s English Version, and The Bible in Basic English).

AÇAR AYƏ

«Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir»​ (Mətta 5:3).

MƏSLƏHƏT

Hər gün cəmi dörd səhifə oxusan, Müqəddəs Kitabı bir ilə oxuyub qurtararsan.2

BİLİRSƏN?

Bu kitabı oxumağın və buradakı məsləhətlərə əməl etməyin göstərir ki, Yehova şəxsən səninlə maraqlanır (Yəhya 6:44).

HƏRƏKƏT PLANI!

Müqəddəs Kitabın mütaliəsindən daha çox fayda almaq üçün mən...

Daha tez-tez dua etmək üçün mən...

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar:

NECƏ DÜŞÜNÜRSƏN?

● Müqəddəs Kitab mütaliəsini daha maraqlı necə edə bilərsən?

● Yehova qeyri-kamil insanların dualarına nə üçün qulaq asmaq istəyir?

● Dualarını necə yaxşılaşdıra bilərsən?

[Yazı]

Bir neçə il əvvəl dualarımda tez-tez eyni şeyləri təkrar edirdim. İndi isə dualarımda Yehovaya hər gün baş verən yaxşı və pis şeylər haqda danışıram. Günlər bir-birinə bənzəmədiyi üçün, artıq dualarım da bir-birinə bənzəmir» (Eva).

[Çərçivə/şəkil]

 Müqəddəs Kitabı tədqiq et

1. Müqəddəs Kitabdan oxumaq istədiyin bir əhvalat seç. Oxuduğunu başa düşmək üçün Allahdan hikmət dilə.

2. Seçdiyin əhvalatı diqqətlə oxu. Tələsmədən oxu. Fantaziyanı işə sal. Vəziyyəti görməyə, personajların səsini eşitməyə, havadakı qoxuları hiss etməyə, yeməklərin dadını duymağa çalış. Oxuduğun hadisələri xəyalında canlandır.

3. Oxuduqların üzərində düşün. Özündən soruş:

● Nə üçün Yehova bu hadisəni Öz Kəlamına daxil edib?

● Hansı personajlara bənzəməyə dəyər, hansılarının hərəkətindən özümə ibrət götürə bilərəm?

● Oxuduğumdan nə öyrənirəm?

● Bu parçadan Yehova haqda və Onun müxtəlif vəziyyətlərdə necə davrandığı barədə nə öyrənirəm?

4. Yehovaya qısaca dua et. Müqəddəs Kitab mütaliəsindən nə öyrəndiyini və öyrəndiklərinə həyatının hansı sahələrində əməl etmək istədiyini Allaha danış. Sənə verdiyi hədiyyəyə, yəni Kəlamı olan Müqəddəs Kitaba görə həmişə minnətdarlığını bildir.

[Şəkil]

«Sözün addımlarıma çıraq, yollarıma işıqdır» (Zəbur 119:105).

[Çərçivə/şəkil]

Əvvəlcə ən vacib şeylər

Duaya vaxtın qalmır? Müqəddəs Kitabı oxumağa vaxt çatdıra bilmirsən? Çox vaxt səbəb həyatında nəyə önəm verməyindədir.

Təcrübədən keçir: Bir vedrə götür və içinə bir neçə iri daş qoy. Sonra vedrəni ağzınacan qumla doldur. Vedrən həm daşla, həm də qumla doludur.

İndi vedrəni boşalt, bu dəfə hər şeyi tərsinə yığ. Əvvəlcə vedrəni qumla doldur, sonra isə içinə daşları qoy. Alınır? Xeyr. Bəs niyə? Çünki əvvəlcə vedrəyə qumu tökdün.

Bu təcrübədən hansı nəticəni çıxarmaq olar? Müqəddəs Kitabda məsləhət görülür ki, daha vacib şeyləri ayırd etməyi bacaraq (Filippililərə 1:10). Əgər həyatda əyləncə kimi xırda şeyləri birinci yerə qoysan, onda vacib şeylərə, məsələn, ruhani işlərə yer qalmayacaq. Ancaq Müqəddəs Kitabın bu məsləhətinə əməl etsən, görəcəksən ki, həyatında həm ruhani işlərə, həm də istirahət və əyləncəyə vaxt qalır. Ona görə fikir ver gör, vedrənə əvvəlcə nəyi qoyursan.

[Şəkil]

Otaq bitkisi qulluq tələb etdiyi kimi, Allahla dostluğu da bəsləmək lazımdır