Çoxsaylı dinlərlə üz-üzə
Bir müəllim kimi, siz əvvəllər nadir hallarda rast olunan problemlə, müxtəlif dinlərin geniş yayılması problemi ilə üz-üzə durmusunuz.
ORTA ƏSRLƏRDƏ, adətən, bir ölkənin vətəndaşları eyni dinə etiqad edirdilər. Hələ XIX əsrin axırlarında Avropada cəmi bir neçə din mövcud idi: qərbdə katolisizm və protestantizm dini, şərqdə pravoslavlıq və islam; eləcə də iudaizm. Şübhəsiz, bu gün Avropada və bütün dünyada daha çox dinlər yayılıb. Dünənə kimi naməlum olan dinlər bu gün ya yerli əhali tərəfindən qəbul olunur, ya da ki, ölkəyə mühacirlər və qaçqınlar tərəfindən gətirilir.
Buna görə də bu gün Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Böyük Britaniya və Fransa kimi ölkələrdə islam, hinduizm və buddizm dinlərinin çoxlu nümayəndəsinə rast gəlmək olur. Eyni zamanda İsa Məsihin davamçıları olan Yehovanın Şahidləri 239 ölkə və ərazidə fəaliyyət göstərir. 14 ölkənin hər birində fəal Yehovanın Şahidlərinin sayı 150 000-dən artıqdır. (« Yehovanın Şahidləri. Bütün dünyada geniş yayılmış din» adlı çərçivəyə baxın.)
Bu qədər dinin mövcudluğu müəllimlər üçün də asan deyil. Misal üçün, onları belə bir sual düşündürə bilər: ölkədəki bütün populyar bayramları dini etiqadından asılı olmayaraq hər bir şagird qeyd etməlidirmi? Çoxları bu bayramlarda pis bir şey görmürlər. Bununla belə, məgər azlıq təşkil edənlərin əqidəsini nəzərə almaq lazım deyil? Yaxud, başqa bir sual: dinin dövlətdən ayrı olduğunu və dini təlimlərin tədris proqramına daxil olmadığını nəzərə alsaq, bu bayramları məktəbdə məcburi keçirmək nə dərəcədə məntiqə uyğundur?
Ad günləri
Ümumiyyətlə ilk baxışdan dinlə heç bir əlaqəsi olmayan bayramlarla əlaqədar da anlaşılmazlıqlar yarana bilər. Məsələn, məktəbdə ad günlərinin qeyd edilməsini götürək. Yəqin diqqət yetirmisiniz ki, Yehovanın Şahidləri başqalarının öz ad gününü qeydetmə hüququna hörmətlə yanaşırlar, lakin özləri bu ad günlərində iştirak etmirlər. Ola bilsin, Yehovanın Şahidlərinin və onların uşaqlarının bu şənliklərdə iştirak etməmələrinin səbəbi sizə məlum deyil.
Fransanın bir məşhur ensiklopediyası bu adəti ayin adlandırır və onu «xalq ayinləri» siyahısına daxil edir («Le livre des religions»). Ad günü mərasimi zərərsiz xalq ayini hesab edilsə də, bu bayramın kökü əslində bütpərəstlikdən gəlir.
Bir ensiklopediyada deyilir: «Misir, Yunanıstan, Roma və İran kimi qədim dövlətlərdə allahların, hökmdarların və zadəganların ad günü qeyd edilirdi» («The Encyclopedia Americana», 1991-ci il). Yazıçılar Ralf və Adelin Linton bu adətin kökünü belə təsvir edirlər: «İnsanlar ilk dəfə ad günlərini sivilizasiyanın beşiyi olmuş Mesopotamiya və Misirdə qeyd etməyə başlamışlar. Keçmişdə doğum günləri haqqında qeydlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verilirdi, çünki doğum gününün tarixinə əsasən ulduz falı tərtib edilirdi» («The Lore of Birthdays»). Müqəddəs Kitabda astrologiya haqqında nə deyildiyini bilən və buna görə ondan uzaq duran insanlara ad günləri ilə astrologiya arasındakı sıx əlaqə, əlbəttə ki, xoş deyil (Əşiya 47:13—15).
Buna görə də təəccüblü deyil ki, bir ensiklopediyada yazılıb: «İlk məsihilər Onun [Məsihin] doğum gününü qeyd etmirdilər, çünki onlar hər hansı bir adamın doğum gününün qeyd edilməsini bütpərəst adət hesab edirdilər» («The World Book Encyclopedia», cild III, səhifə 416).
Milad bayramı
Milad bayramını bütün dünyada, hətta qeyri-xristian ölkələrində də qeyd edirlər. Xristian dünyasına mənsub dinlərin əksəriyyəti bu bayramı qeyd etdiyi üçün Yehovanın Şahidlərinin onu qeyd etməmələri bir çoxlarında təəccüb doğurur. Nəyə görə?
Bir çox ensiklopediyalar açıq-aydın göstərir ki, İsa Məsihin doğum
gününün qeyd edilməsi üçün 25 dekabr tarixinin seçilməsi heç də təsadüfi deyildi. Məqsəd — bu yeni bayramı Romada qeyd olunan bütpərəst bir bayramla birləşdirmək idi. Müxtəlif ensiklopediyalardan götürülmüş aşağıdakı fikirlərə baxaq:«Məsihin doğum tarixi məlum deyil. “Müjdə”lərdə Onun hansı ayın hansı günündə doğulduğu qeyd olunmayıb» («New Catholic Encyclopedia», cild III, səhifə 656).
«İstər keçmişdə, istər bu gün Avropada dəbdə olan Milad bayramı ilə bağlı adətlər əslində məsihi adəti deyil, kilsə tərəfindən mənimsənilmiş bütpərəstlik ayinləridir. Milad bayramının əksər şən adətləri üçün Romada keçirilən Saturnaliya bayramı nümunə kimi xidmət etmişdir» («Encyclopædia of Religion and Ethics» (Edinburq, 1910), Ceyms Hastinqsin redaktəsi ilə, cild III, səhifələr 608, 609).
«Milad bayramının ilkin mənbəyi hər il qış günəş duruşu zamanı (21—25 dekabr) xilaskar allahın “doğulması” ilə əlaqədar keçirilən qədim bütpərəst mərasim bayramı olmuşdu. Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmişdi» (Azərbaycan Sovet Ensiklopediyası, 1983, cild VI, səhifə 562).
«Milad bayramı Mitraya (Sol inviktus) həsr edilmiş bütpərəst bayramların müqabilində inkişaf etmişdi. Digər tərəfdən, qış günəş duruşu günü olan 25 dekabr Məsih vasitəsilə dünyaya daxil olan nurla eyniləşdirilmiş və bununla da, Sol inviktusun simvolik mənası Məsihə şamil edilmişdi» («Brockhaus Enzyklopädie» (alman.), cild XX, səhifə 125).
Milad günü barədə həqiqəti öyrənənlər buna necə münasibət göstərir? «Britaniya ensiklopediyası»nda deyilir: «[Milad bayramı] bütpərəst bayram olduğu üçün İngiltərə puritanları 1644-cü ildə parlamenti bütün şənlik və liturgiyaları ləğv edən qanun çıxarmağa təhrik etdilər və bu bayramın orucluq kimi keçirilməsi əmr olundu. II Karl Milad şənliklərini bərpa etdi, lakin
şotlandiyalılar puritanların baxışlarını qoruyub saxladılar». İlk məsihilər Milad gününü qeyd etmirdilər. Müasir Yehovanın Şahidləri də Milad bayramını keçirmir və onunla bağlı heç bir mərasimlərdə iştirak etmir.Müqəddəs Kitab bizi il boyu hədiyyə verməyə, ailəlikcə və ya dostlarla süfrə arxasında xoş ünsiyyətə yığışmağa təşviq edir. Bu kitab valideynləri və uşaqları həmişə səxavətli olmağa öyrədir, sadəcə borc hissindən irəli gələrək hədiyyə verməyə səsləmir (Mətta 6:2, 3). Yehovanın Şahidləri övladlarına bütün insanlara qarşı dözümlü və hörmətcil münasibət bəsləməyi aşılayırlar. Bu, o deməkdir ki, onlar başqalarının Milad bayramını keçirmək hüququna hörmətlə yanaşırlar. Öz növbəsində, başqaları da onların Milad bayramında iştirak etməmək qərarına hörmətlə yanaşanda onlar bunu çox qiymətləndirirlər.
Digər bayramlar
Yehovanın Şahidləri tədris ili boyu müxtəlif ölkələrdə qeyd olunan qismən və ya bütövlüklə dini xarakterli bayramlara münasibətdə də eyni mövqe tuturlar. Bu bayramların sırasında Braziliyada qeyd olunan iyun festivalları, Fransada Epifan bayramı, Almaniyada karnaval, Yaponiyada Setsubun bayramı və ABŞ-da qeyd olunan Hellouin bayramının adını çəkmək olar. Burada adı çəkilməyən bu və ya digər bayramlarla əlaqədar Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizin suallarınıza cavab verərlər.