Kontentə keç

Mündəricatı göstər

Təhsil proqramları

Təhsil proqramları

Yehovanın Şahidləri bütün dünyada maarifləndirmə fəaliyyəti ilə tanınırlar.

YEHOVANIN ŞAHİDLƏRİ Müqəddəs Kitab üzrə maarifləndirmə fəaliyyətinə çox ciddi yanaşdıqları üçün bəzilərinə elə gələ bilər ki, onları dünyəvi təhsil maraqlandırmır. Lakin bu heç də belə deyil. Başqalarına nə isə öyrətmək üçün, əvvəlcə müəllimin gərək özü lazımi təhsil alsın. Buna görə də Yehovanın Şahidləri məktəbdə aldıqları təhsildən əlavə, artıq çox illərdir ki, Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən təşkil olunan müxtəlif təlim proqramlarından və məktəblərdən faydalanırlar. Bunların sayəsində Yehovanın Şahidləri və digər adamlar özlərinin zehni, əxlaqi və mənəvi səviyyələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışlar.

Məsələn, bir çox ölkələrdə Yehovanın Şahidləri aztəhsilli və savadsız insanlara yazıb-oxumağı öyrətməli olmuşlar. Bu problemi həll etmək üçün Gözətçi Qülləsi Cəmiyyəti savad kursları təşkil edib.

Misal üçün, Yehovanın Şahidləri Nigeriyada bu cür kursları 1949-cu ildən etibarən keçirirlər. Bu kursların sayəsində minlərlə nigeriyalı oxumağı öyrənib. Bir araşdırma göstərdi ki, nigeriyalı Yehovanın Şahidlərinin 90 faizindən çoxu oxumağı və yazmağı bacarır, halbuki yerdə qalan əhalinin arasında bu göstərici 50 faizdən aşağıdır. Meksikada isə savad kursları Yehovanın Şahidləri tərəfindən 1946-cı ildə təşkil edildi. Bir il ərzində 6500-dən çox adam oxumağı və yazmağı öyrəndi. Beləcə, 100 000-dən artıq adama savad almağa kömək edildi. Savad kursları həmin illərdə Boliviya, Kamerun, Nepal və Zambiya kimi ölkələrdə də təşkil olunmuşdu. Yehovanın Şahidləri «Oxumaqla və yazmaqla məşğul ol» adlı dərsliyi 100-dən çox dildə yeddi milyondan artıq nüsxəsini paylamışdılar.

Çox vaxt bu cür proqramlar yerli təhsil nazirlikləri tərəfindən bəyənilir. Meksikanın dövlət işçilərindən biri yazmışdı: «Əməkdaşlığınıza görə sizə minnətdaram və yazı-pozu bilməyən insanlar arasında bilik nurunu yaymaq kimi gözəl fəaliyyətiniz üçün hökumətimiz adından sizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm... Maarifləndirmə fəaliyyətinizdə sizə uğurlar arzulayıram».

Həftəlik təlim

Şagirdlərə auditoriya qarşısında oxumaq və nitq söyləmək tapşırığı verilir

Yehovanın Şahidləri Müqəddəs Kitab üzrə maarifləndirmə işinə böyük əhəmiyyət verdikləri üçün, Müqəddəs Kitab təlimlərini başqalarına izah etmək bacarıqlarını təkmilləşdirməyə çalışırlar. Elə bu səbəbdən bütün dünyada mövcud olan 119 000-dən artıq yığıncaqda hər həftə şagirdlərə auditoriya qarşısında oxumaq və nitq söyləmək qabiliyyətini yaxşılaşdırmaq üçün tapşırıqlar verilir. Üzdən oxumağı bacaran uşaqlara da bu tapşırıqlar verilir. Bunun onlara həyatın başqa sahələrində, o cümlədən təhsil ocaqlarında da böyük faydası dəyəcək. Bir çox müəllimlər qeyd edirlər ki, Yehovanın Şahidlərinin uşaqları fikirlərini dolğun ifadə etməyi bacarırlar.

Yığıncağa gələnlərin hamısı oxumağa təşviq olunur, həmçinin ailələrə məsləhət görülür ki, evlərində həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş çoxlu ədəbiyyatdan ibarət böyük kitabxana təşkil etsinlər

Bundan əlavə, Yehovanın Şahidlərinin yığıncaq görüşlərini keçirdikləri ibadət evində Müqəddəs Kitab üzrə vəsaitlər, lüğətlər və başqa mənbələrdən ibarət kitabxanalar var. Həmin kitabxanalardan yığıncaqlara gələn hər kəs istifadə edə bilər. Yığıncağa gələnlərin hamısı oxumağa təşviq olunur, həmçinin ailələrə məsləhət görülür ki, evlərində həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş çoxlu ədəbiyyatdan ibarət böyük kitabxana təşkil etsinlər.

Əlavə təlim

Bundan əlavə, Gözətçi Qülləsi Cəmiyyəti kişi və qadınların xüsusi təyinatlı müjdəçi xidmətinə hazırlanması və həmçinin yığıncaqlarda xidməti məsuliyyət daşıyan kişilərin təlim alması üçün məktəblər təşkil edir. Bu məktəblər Yehovanın Şahidlərinin təhsilə çox ciddi yanaşdıqlarını bir daha sübut edir.