Kontentə keç

Mündəricatı göstər

Valideynlərin rolu

Valideynlərin rolu

Müasir cəmiyyətdə uşaqların sağlamdüşüncəli bir insan kimi böyümələri üçün onlara lazımi tərbiyə vermək, sözsüz ki, asan deyil.

AMERİKANIN Milli Ruhi Sağlamlıq İnstitutu, 21 yaşından yuxarı olan və özlərini «cəmiyyətin dəyərli və faydalı üzvləri kimi göstərən» övladlar böyütmüş müvəffəqiyyətli valideynlər arasında keçirilən sorğunun nəticəsini dərc etmişdi. Həmin valideynlərə belə bir sualla müraciət olunmuşdur: «Siz şəxsi təcrübəniz əsasında başqa valideynlərə ilk növbədə nə tövsiyə edərdiniz?» Cavabların çoxu belə olmuşdu: «Məhəbbətinizi əsirgəməyin», «ağılla cəzalandırın», «asudə vaxtlarınızı birgə keçirin», «uşaqlarınıza yaxşını pisdən ayırmağı öyrədin», «qarşılıqlı hörmət aşılayın», «diqqətlə dinləyin», «uzun-uzadı nəsihətlərdən qaçının» və «realist olun».

Uşaqların cəmiyyətin dəyərli üzvləri kimi böyümələrində müəllimlər vacib rol oynayır

Lakin uşaqları cəmiyyətin dəyərli üzvləri kimi tərbiyə etmək məsuliyyəti yalnız valideynlərin üzərinə düşmür. Bu işdə müəllimlər də vacib rol oynayırlar. Uzun müddət məktəbdə işləmiş bir məsləhətçi qeyd etmişdi: «İcbari təhsilin başlıca məqsədi — əqli, fiziki və emosional cəhətdən yaxşı inkişaf etmiş məsuliyyətli insan böyütməkdə valideynlərə kömək etməkdir».

Buna görə də valideynlər və müəllimlər eyni məqsədə xidmət edir: onlar nəticədə yetkin, sağlamdüşüncəli, şən, cəmiyyətdə öz yerini tapmış insan tərbiyə etməlidirlər.

Rəqib yox, əməkdaş

Valideynlər müəllimlərlə ümumi dil tapmayanda problemlər yaranır. Məsələn, bəzi valideynləri uşaqlarının necə oxuması ümumiyyətlə maraqlandırmır, digərləri isə, əksinə, hər şeydə müəllimləri ötüb-keçməyə çalışırlar. Bu cür vəziyyət bir fransız jurnalında belə təsvir edilir: «Artıq çoxdandır ki, müəllim öz işinin ağası deyil. Uşaqlarının nailiyyətlərinə ifrat dərəcədə əhəmiyyət verən valideynlər dərslikləri, tədris metodikasını tənqid edir, övladlarının aldığı ilk pis qiymət onlara çox pis təsir bağışlayır». Belə münasibət nəticəsində müəllimlərin hüquqları tapdalanır.

Yehovanın Şahidləri inanırlar ki, əgər valideynlər müəllimlərlə əməkdaşlıq etsələr və uşaqlarının təhsili ilə həqiqi mənada maraqlansalar, bu, onların övladlarının xeyrinə olacaq

Yehovanın Şahidləri inanırlar ki, əgər valideynlər müəllimlərlə əməkdaşlıq etsələr və uşaqlarının təhsili ilə həqiqi mənada maraqlansalar, bu, onların xeyrinə olacaq. Onlar bizim zəmanədə müəllimlərin işlərinin get-gedə çətinləşdiyini nəzərə alaraq, bu cür əməkdaşlığın xüsusilə vacib olduğunu düşünürlər.

Müasir məktəbin problemləri

Məktəblər cəmiyyətin bir hissəsidir, buna görə də müasir cəmiyyətin qarşılaşdığı bütün problemlər məktəblərdən də yan keçmir. Son illər ərzində ictimai problemlər daha da çoxalıb. «Nyu-York Tayms» qəzetində Birləşmiş Ştatlardakı bir məktəbdə baş verənlər təsvir olunurdu: «Şagirdlər dərsdə yatır, tənəffüs zamanı divarlarında ədəbsiz yazılar olan koridorlarda bir-birlərini hədələyir, dərslərini yaxşı oxuyanları alçaldırlar... Demək olar ki, bütün məktəblilərin problemləri var: bəziləri uşaq saxlayır, digərlərinin valideynləri həbsdədir, bir başqaları isə azyaşlı cinayətkar dəstələrin hücumlarına məruz qalır. Hər gün şagirdlərin, demək olar ki, beşdəbir hissəsi dərsə gəlmir».

Bütün dünyada məktəblərdə zorakılığın geniş yayılması, xüsusilə təlaş doğurur. Şagirdlər arasında hərdənbir baş verən davalar, adət halına çevrilmiş atışma və bıçaqlaşma ilə əvəz olunub. Silah gəzdirmək adi hala çevrilib, hücumlar xüsusi qəddarlıqla edilir, uşaqlar zorakılığa həddindən artıq tez və erkən yaşlarından əl atmağa başlayırlar.

Əlbəttə, bu cür amansız şərait hər ölkədə hökm sürmür. Lakin bütün dünyada müəllimlər Fransanın həftəlik qəzetində qeyd olunan problemlə üzləşirlər. Orada deyilir: «Müəllimlərə hörmət etmirlər, indi onları sayan yoxdur» («Le Point»).

Valideynlər uşaqları ilə vaxt keçirir

Rəhbərliyə qarşı laqeydlik uşaqlara böyük zərər vurur. Buna görə də Yehovanın Şahidləri övladlarına müasir məktəblərdə nadir hallarda rast olunan keyfiyyətləri — böyüklərə hörməti və itaətkarlığı aşılamağa çalışırlar.