Kontentə keç

Mündəricatı göstər

FƏSİL 3

Allahın sevdiyi insanları sev

Allahın sevdiyi insanları sev

«Hikmətli ilə oturub-duran hikmətli olar» (MƏSƏLLƏR 13:20).

1—3. a) Müqəddəs Kitabda hansı danılmaz həqiqət var? b) Bizə müsbət təsir göstərən dostları necə tapmaq olar?

İNSAN bir növ mayeni canına çəkən süngərə bənzəyir; o, ətrafındakı hər şeyi çox asanlıqla mənimsəyir. Biz özümüzdən də asılı olmadan, yaxın adamların baxışlarını, xasiyyətlərindəki cizgiləri götürürük.

2 Müqəddəs Kitabda bu danılmaz həqiqət belə səslənir: «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Məsəllər 13:20). Bu ayədə söhbət adi tanışlıqdan getmir. «Oturub-durmaq» ifadəsi məhrəm münasibətləri bildirir *. Müqəddəs Yazılara aid bir kitabda deyilir ki, «kiminləsə oturub-durmaq deyəndə həmin insanı sevmək, ona bağlı olmaq nəzərdə tutulur». Yəqin razılaşarsan ki, biz sevdiyimiz adamlara bənzəməyə çalışırıq. Doğrudan da, bu adamlara ürəkdən bağlandığımızdan, onlar bizə ya yaxşı, ya da pis təsir göstərə bilərlər.

3 Allahın məhəbbətini itirməmək üçün bizə yaxşı təsir göstərən insanlarla dostluq etmək vacibdir. Bunu necə edə bilərik? Sadə dillə desək, Allahın sevdiyi adamları sevməli, Onun dostları ilə dostluq etməliyik. Bir düşün. Məgər Yehovanın Öz dostlarında görmək istədiyi keyfiyyətlərə sahib olan insanlardan da yaxşı dost tapmaq mümkündür? Gəl Yehovanın necə adamları sevdiyini öyrənək. Yehovanın bu məsələyə necə yanaşdığını yadda saxlasaq, özümüzə yaxşı dostlar seçəcəyik.

ALLAHIN SEVDİYİ İNSANLAR

4. Nə üçün Yehovanın hər kəsi Özünə dost seçməməyə ixtiyarı var və nəyə görə O, İbrahimi «dostum» adlandırırdı?

4 Yehova dost seçiminə çox ciddi yanaşır. Kainatın Hökmdarı olduğundan Onun buna ixtiyarı var. Onunla dostluq etmək ən böyük şərəfdir. Bəs Allah Özünə kimləri dost seçir? Ona etibar edənləri, sidqi-ürəkdən inananları. Güclü iman sahibi kimi tanınan İbrahim peyğəmbəri götürək. Ata üçün öz balasını qurban gətirməkdən ağır iman sınağı ola bilməz *. Lakin İbrahim demək olar ki, İshaqı qurban gətirdi. O inanırdı ki, «Allah onu diriltməyə qadirdir» (İbranilərə 11:17—19). Belə güclü imanına və itaətkarlığına görə Yehova İbrahimi nəvazişlə «dostum» adlandırırdı (Əşiya 41:8; Yaqub 2:21—23).

5. Yehova Ona sədaqətlə itaət edənlərə necə yanaşır?

5 Yehova sədaqəti və itaətkarlığı yüksək qiymətləndirir. Ona sadiq qalmağı hər şeydən üstün tutan insanları sevir. (2 İşmuil 22:26 ayəsini oxu.) Bu kitabın 1-ci fəslindən öyrəndik ki, sevgidən irəli gələrək itaət edənlər Yehovanın ürəyini sevindirir. Məsəllər 3:32 ayəsində deyildiyi kimi, Yehova «saleh adamla dostluq edər». Allahın tələblərinə sədaqətlə riayət edənləri Yehova Öz çadırına dəvət edir, yəni Ona ibadət etməyə və istədikləri vaxt dua etməyə izin verir (Zəbur 15:1—5).

6. İsanı sevdiyimizi necə göstərə bilərik və Yehova Onun Oğlunu sevənlərə qarşı hansı hissləri bəsləyir?

6 Yehova yeganə Oğlu İsanı sevənləri sevir. İsa demişdi: «Məni sevən mənim sözümə əməl edəcək və Atam onu sevəcək. Onda biz onun yanına gəlib onunla yaşayacağıq» (Yəhya 14:23). İsanı sevdiyimizi necə göstərə bilərik? Əlbəttə ki, Onun əmrlərinə riayət etməklə, o cümlədən müjdəni bəyan etmək və şagird hazırlamaq tapşırığını yerinə yetirməklə (Mətta 28:19, 20; Yəhya 14:15, 21). Biz İsanı sevdiyimizi, həmçinin onun izi ilə getməklə də göstərə bilərik. Yəni qeyri-kamil olsaq da, sözdə və əməldə bacardığımız qədər Ona bənzəməyə çalışmalıyıq (1 Butrus 2:21). Məsihi sevdiklərinə görə onun izləri ilə getməyə çalışanları görəndə Yehovanın ürəyi riqqətə gəlir.

7. Nəyə görə Yehovanın dostları ilə dostlaşmaq ağıllı işdir?

7 Yehova Öz dostlarında inam, sədaqət, itaətkarlıq, həmçinin İsaya və onun təlimlərinə məhəbbət kimi keyfiyyətlər görmək istəyir. Hər birimiz özümüzdən soruşmalıyıq: «Öz dostlarımda belə keyfiyyətlər görürəm? Onlar İsanın təlimlərinə inanırlar? Yehovanın dostları mənim də dostlarımdır?» Allaha xas keyfiyyətlər yetişdirən və Padşahlıq haqqındakı müjdəni həvəslə bəyan edən insanlar bizə müsbət təsir göstərə, bizi Allaha məqbul yaşamağa sövq edə bilərlər. (29-cu səhifədəki « Kimi yaxşı dost adlandırmaq olar?» adlı çərçivəyə bax.)

MÜQƏDDƏS KİTAB NÜMUNƏLƏRİNDƏN NƏ ÖYRƏNİRİK?

8. a) Naimə və Rut, b) üç ibrani gənc, c) Bulus və Timuti arasındakı dostluqda ürəyinə xüsusilə yatan nədir?

8 Müqəddəs Yazılarda yaxşı dost seçib bunun xeyrini görən şəxslərin nümunəsi var. Sən Naimə ilə gəlini Rut, Babildə yaşayan və ayrılmaz dostlar olan üç ibrani gənc, həmçinin Bulus və Timuti arasındakı dostluq haqqında oxuya bilərsən (Rut 1:16; Dənyal 3:17, 18; 1 Korinflilərə 4:17; Filippililərə 2:20—22). Amma indi gəl Davudla Yonatan arasındakı sarsılmaz dostluq nümunəsinə diqqət yetirək.

9, 10. Davudla Yonatanın dostluğunun təməlində nə dururdu?

9 Müqəddəs Kitabda deyilir ki, Davud Calutu öldürəndən sonra «Yonatanın qəlbi Davuda bağlandı. Yonatan onu öz canı kimi sevməyə başladı» (1 İşmuil 18:1). Aralarında böyük yaş fərqi olsa da, o gün Yonatanın döyüş meydanında həlakına qədər davam edən sarsılmaz dostluğun təməli qoyuldu * (2 İşmuil 1:26). Bu iki insanın dostluğu nəyin sayəsində belə möhkəm idi?

10 Davudla Yonatanı Allaha məhəbbət, Ona sadiq qalmaq və ürəyini sevindirmək arzusu birləşdirirdi. Onların hər ikisində bir-birini cəlb edən keyfiyyətlər var idi. Şübhəsiz, Yehovanın adını cəsarətlə müdafiə edən bu gənc oğlanın şücaəti Yonatanda güclü təəssürat yaratmışdı. Qətiyyətlə demək olar ki, Yonatanın Yehovanın hakimiyyətini dəstəklədiyinə, Davudun mənfəətini özünkündən üstün tutduğuna görə Davud da ona böyük hörmət bəsləyirdi. Nümunə üçün Davudun həyatının ağır anlarında baş vermiş bir hadisəni nəzərdən keçirək. O vaxt Davud Yonatanın atası zalım padşah Talutun qəzəbindən qaçıb çöllükdə qaçaq kimi yaşayırdı. Yonatan dostluğa sadiq qalıb «Davudun yanına gəldi və onun Yehovaya inamını möhkəmləndirdi» (1 İşmuil 23:16). Əziz dostunun dar gündə yanına gəlib ona dayaq olması Davudu necə də ruhlandırmışdı! *

11. Yonatanla Davudun dostluğundan sən nə öyrəndin?

11 Davudla Yonatanın nümunəsindən biz nə öyrənirik? Birincisi, dostluqda ən vacib şey onun ruhani dəyərlər üzərində qurulmasıdır. Bizim kimi eyni əqidəyə və əxlaqi dəyərlərə malik olub, Allaha sadiq qalmaq arzusu ilə yaşayan adamlarla dostluq edəndə bir-birimizlə hisslərimizi, fikirlərimizi, həyatda başımıza gələnləri bölüşüb bir-birimizi möhkəmləndirir və ruhlandırırıq. (Romalılara 1:11, 12 ayələrini oxu.) Ruhani şeylərə meyilli dostları həmimanlılarımız arasında tapa bilərik. Bəs yığıncaq görüşlərinə gələn hər adam bizə yaxşı dost ola bilər? Xeyr.

DOSTLARI NECƏ SEÇMƏK OLAR?

12, 13. a) Nə üçün hətta məsihilər arasında belə, dost seçərkən diqqətli olmalıyıq? b) Birinci əsrdə yığıncaqlarda hansı çətinliklər olurdu və Bulus hansı xəbərdarlığı etmişdi?

12 Əgər dostlarımızın Yehova ilə münasibətlərimizi möhkəmləndirməsini istəyiriksə, hətta yığıncaqda da dost seçiminə ciddi yanaşmalıyıq. Məgər yığıncaqda başqa cür dostlar da olur? Bəzən olur. Ağacda bəzi meyvələr o birilərinə nisbətən gec yetişdiyi kimi, yığıncaqdakı bəzi məsihilərə də ruhani cəhətdən yetkinləşmək üçün nisbətən çox vaxt lazımdır. Ona görə də hər yığıncaqda ruhani inkişafın müxtəlif pillələrində duran məsihilər var (İbranilərə 5:12—6:3). Sözsüz ki, biz yığıncağa təzə gələnlərin və zəiflərin ruhani cəhətdən inkişafına kömək etmək üçün onlara səbir və məhəbbətlə yanaşırıq (Romalılara 14:1; 15:1).

13 Hərdən yaranmış vəziyyət kiminlə ünsiyyət etdiyimizə diqqət yetirməyi tələb edir. Bəzi adamların davranışı sual doğurur. Digərləri daima narazı və ya acıqlı ola bilər. Birinci əsrdəki yığıncaqlarda da belə hallar olurdu. Əksər məsihilər sadiq idi, lakin bəziləri məsihiyə yaraşmayan işlər görürdü. Korinf yığıncağındakı bəzi adamlar müəyyən məsihi təlimlərinə riayət etmədikləri üçün həvari Bulus yığıncağı xəbərdar etmişdi: «Aldanmayın! Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:12, 33). Həvari Bulus Timutini xəbərdar etmişdi ki, hətta məsihilər arasında da Allaha məqbul olmayan işlər görən adamlar ola bilər. Timuti belələrindən uzaq durmalı, onlarla dostluq etməməli idi. (2 Timutiyə 2:20—22 ayələrini oxu.)

14. Bulusun söylədiyi xəbərdarlıqların kökündə duran prinsipi necə tətbiq edə bilərik?

14 Bulusun söylədiyi xəbərdarlıqların kökündə duran prinsipi biz necə tətbiq edə bilərik? Yığıncaqda və yaxud ondan kənarda bizi yoldan çıxara bilən insanlarla oturub-durmamalıyıq (2 Salonikililərə 3:6, 7, 14). Biz Yehova ilə münasibətimizi qorumalıyıq. Unutmayaq ki, biz süngər kimi, yaxın dostlarımızın baxışlarını və hərəkətlərini mənimsəyirik. Süngəri çirkli suya atsaq, o, canına təmiz su çəkməyəcək. Eynilə biz də düşünməməliyik ki, pis dostlarla oturub-dursaq, bundan xeyir tapacağıq (1 Korinflilərə 5:6).

Ən yaxşı dostları məsihilər arasında tapmaq olar

15. Yığıncaqda ruhani düşüncəli dostları necə tapmaq olar?

15 Xoşbəxtlikdən, məsihilər arasında yaxşı dost tapmaq imkanı genişdir (Zəbur 133:1). Yığıncaqda ruhani düşüncəli dostları necə tapa bilərik? Sən Allaha xas keyfiyyətlər və yaxşı vərdişlər yetişdirdikcə, bu cür əhval-ruhiyyəli adamlar səninlə dost olmaq istəyəcəklər. Yeni-yeni dostlar tapmaq üçün sən də öz tərəfindən addımlar atmalısan. (30-cu səhifədəki « Biz necə dostlaşdıq?» adlı çərçivəyə bax.) Özündə yetişdirmək istədiyin keyfiyyətləri təzahür etdirən insanlara fikir ver. Müqəddəs Kitabın «ürəyinizi geniş açın» məsləhətinə riayət edərək, başqa irq və millətlərdən olan məsihilərlə də dostlaş (2 Korinflilərə 6:13; 1 Butrus 2:17 ayəsini oxu). Dostları yalnız öz yaşıdlarının arasından axtarma. Unutma ki, Yonatan Davuddan xeyli böyük idi. Səndən yaşca böyüklərlə dostluq sənə zəngin təcrübə və hikmət qazandırar.

ÇƏTİNLİKLƏR YARANANDA

16, 17. Həmimanlımız xətrimizə dəyərsə, yığıncaqdan nəyə görə üz döndərməməliyik?

16 Hər birimizin tərbiyəsi və xasiyyəti müxtəlifdir. Buna görə də məsihilər arasında vaxtaşırı çətinliklər yarana bilər. Həmimanlılarımızdan kiminsə sözü və ya hərəkəti xətrimizə dəyə bilər (Məsəllər 12:18). Çox zaman çətinliklər adi anlaşılmazlıq və ya fikir ayrılığı ucbatından yaranır. Bəs buna görə yığıncaqdan uzaqlaşacağıq? Xeyr, Yehovanı və Onun sevdiyi adamları ürəkdən seviriksə, belə etməyəcəyik.

17 Bizi yaradan və yaşadan Yehova Allah məhəbbətimizə və tam sədaqətimizə layiqdir (Vəhy 4:11). Bundan əlavə, biz Allahın sevə-sevə istifadə etdiyi yığıncağı da sədaqətlə dəstəkləməliyik (İbranilərə 13:17). Ona görə də hansısa həmimanlı xətrimizə dəyərsə, biz etiraz əlaməti olaraq, yığıncaqdan üz döndərməyəcəyik. Axı xətrimizə dəyən Yehova deyil. Yehovanı sevdiyimizdən biz heç vaxt nə Ondan, nə də Onun xalqından üz döndərməyəcəyik! (Zəbur 119:165 ayəsini oxu.)

18. a) Yığıncaqda sülhü qorumaq üçün nə edə bilərik? b) Bağışlamağa əsas olan halda qardaşımızı əfv etməyin hansı faydası olur?

18 Bacı-qardaşlarımıza məhəbbət bizi yığıncaqda sülhü qorumağa təşviq edəcək. Yehova sevdiyi insanlardan kamillik gözləmir, biz də Ondan nümunə götürməliyik. Səhvsiz insan yoxdur, çünki hamı qeyri-kamildir. Məhəbbət bunu yadda saxlamağa və bacı-qardaşlarımızın xırda nöqsanlarına göz yummağa kömək edəcək (Məsəllər 17:9; 1 Butrus 4:8). Məhəbbət bir-birimizi ürəkdən bağışlamağa kömək edir (Koloslulara 3:13). Amma bunu etmək həmişə asan olmur. Bəzi adamlar pis hisslərə qapılıb kin saxlayır və xətrinə dəyən adamdan küsür. Bu yolla qarşı tərəfi cəzalandırdığını düşünür. Əslində isə kin saxlamaq adamın özünə ziyan vurur. Bağışlamağa əsas olan halda qardaşımızı əfv edəndə, bunun çox gözəl nəticəsi olur (Luka 17:3, 4). Bağışlayanda daxilən rahatlıq tapır, yığıncaqda sülhü qoruyuruq, ən əsası isə Yehova ilə münasibətlərimizi möhkəmləndiririk (Mətta 6:14, 15; Romalılara 14:19).

HANSI HALLARDA DOSTLUĞA SON QOYMAQ LAZIMDIR?

19. Hansı hallarda dostluğa son qoymaq lazım gəlir?

19 Bəzən kimsə Allahın qanununu pozub tövbə etmədiyinə görə yığıncaqdan kənar edilir və ya yalan təlimlər yayaraq imandan dönür, yaxud da özü yığıncaqdan imtina edir. Belə adamla dostluğa son qoymaq lazımdır. Allahın Kəlamı belələri ilə oturub-durmağı açıq-aydın qadağan edir * (1 Korinflilərə 5:11—13 ayələrini oxu; 2 Yəhya 9—11). Əvvəllər dostluq etdiyimiz adamla və ya qohumumuzla ünsiyyəti kəsmək heç də asan deyil. Belə vəziyyət yaranarsa, Yehovaya sədaqətli olduğumuzu və Onun saleh qanunlarının bizim üçün hər şeydən üstün olduğunu qətiyyətlə göstərəcəyik? Unutmayaq ki, Yehova sədaqəti və itaətkarlığı yüksək qiymətləndirir.

20, 21. a) Nəyə görə yığıncaqdan kənaredilmə Yehovanın məhəbbətlə gördüyü tədbirdir? b) Dost seçimində gözüaçıq olmaq nəyə görə vacibdir?

20 Yığıncaqdan kənaredilmə əslində Yehovanın məhəbbətlə gördüyü tədbirdir. Bunu necə başa düşmək olar? Tövbə etməyən adamı yığıncaqdan kənar etməklə Yehovanın Özünə və müqəddəs adına məhəbbət göstərilir (1 Butrus 1:15, 16). Bu tədbir yığıncağı hifz edir. Sadiq məsihilər qəsdən günah işlədənlərin pozucu təsirindən qorunurlar. Onlar ibadətlərinə arxayınlıqla davam edirlər, çünki bu natəmiz dünyada yığıncağın təhlükəsiz bir sığınacaq olduğunu bilirlər (1 Korinflilərə 5:7; İbranilərə 12:15, 16). Bu cür ciddi tədbirlə təqsirkara da məhəbbət göstərilir. Ola bilsin, bu tədbir onu ayıldıb Yehovaya tərəf dönməyinə təkan verəcək (İbranilərə 12:11).

21 Yaxın dostlarımızın bizə güclü təsir göstərməsi danılmazdır. Buna görə dost seçimində gözüaçıq olmaq çox vacibdir. Yehovanın dostları ilə dostlaşmaqla və Onun sevdiyi adamları sevməklə biz özümüzü ən yaxşı dostlarla əhatə edəcəyik. Onlardan öyrəndiklərimizi həyatda tətbiq etməklə Yehovanın ürəyini sevindirə-sevindirə yaşayacağıq.

^ abz. 2 «Ayaqlaşan» kimi tərcümə edilmiş ibrani sözünün, həmçinin «yoldaş olmaq» mənası da var (Hakimlər 14:20; Məsəllər 22:24).

^ abz. 4 İbrahimə İshaqı qurban gətirməyi buyurmaqla Yehova gələcəkdə Öz yeganə Oğlunu qurban verəcəyinə işarə edirdi (Yəhya 3:16). İbrahimə gəldikdə, Yehova vəziyyətə müdaxilə edib İshaqın əvəzinə bir qoç təqdim etdi (Yaradılış 22:1, 2, 9—13).

^ abz. 9 Davud Calutu öldürəndə hələ uşaq idisə, Yonatan öləndə onun haradasa 30 yaşı vardı (1 İşmuil 17:33; 31:2; 2 İşmuil 5:4). Yonatan təxminən 60 yaşında ölmüşdü və güman etmək olar ki, Davuddan təqribən 30 yaş böyük idi.

^ abz. 10 1 İşmuil 23:17 ayəsinə əsasən, Yonatan Davudu 5 sahədə ruhlandırmışdı: 1) Davuda ürək-dirək vermişdi; 2) Talutun cəhdlərinin boşa çıxacağına inandırmışdı; 3) Allahın vəd etdiyi kimi onun padşah olacağını xatırlatmışdı; 4) Davudu ona sadiq qalacağına əmin etmişdi; 5) özünün Davuda sədaqətindən hətta Talutun da xəbərdar olduğunu söyləmişdi.

^ abz. 19 Yığıncaqdan kənar edilmiş insanlarla necə münasibət saxlamalı olduğumuz barədə ətraflı məlumat almaq üçün «Əlavələr» bölməsinin 207—209 səhifələrinə bax.