Kontentə keç

Mündəricatı göstər

FƏSİL 14

Hər sahədə dürüst ol

Hər sahədə dürüst ol

«Hər sahədə dürüst olmaq istəyirik» (İBRANİLƏRƏ 13:18).

1, 2. Yehova dürüst olmağa çalışdığımızı görəndə nə üçün sevinir? Nümunə gətir.

ANA balaca oğlu ilə bazarlıq edib supermarketdən çıxır. Birdən uşaq, sanki, yerində quruyub qalır. O, əlində mağazadan götürdüyü oyuncağı tutub. Uşağın yadından çıxıb ki, ya oyuncağı yerinə qoysun, ya da anasından onu almağı xahiş etsin. Uşaq hönkür-hönkür ağlamağa başlayır. Anası onu sakitləşdirir və onlar geri qayıdırlar. Uşaq satıcılardan üzr istəyib oyuncağı qaytarır. Ananın ürəyi qürurdan dağa dönür. Niyə?

2 Övlad dürüstlüyün vacibliyini başa düşəndə valideyn çox sevinir. Eyni şeyi «haqq Allahı» səmavi Atamız haqqında da demək olar (Zəbur 31:5). O, bizim ruhən yetkinləşməyimizi və dürüstlüyə can atdığımızı görəndə çox sevinir. Biz Onu həmişə sevindirmək və məhəbbətini qoruyub-saxlamaq istədiyimiz üçün həvari Bulusun sözlərinə qoşuluruq: «[Biz] hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18). Gəlin baxaq həyatımızın dörd əsas sahəsində necə dürüst ola bilərik. Məhz bu sahələrdə dürüst olmaq çox vaxt çətin olur. Sonra isə dürüstlüyün gətirdiyi faydaları müzakirə edəcəyik.

ÖZÜMÜZLƏ DÜRÜSTLÜK

3—5. a) Allahın Kəlamı bizə özümüzü aldatmaqla bağlı hansı xəbərdarlığı verir? b) Biz nəyin sayəsində özümüzlə dürüst ola bilərik?

3 Ən çətini özümüzlə dürüst olmaqdır. Biz, qeyri-kamil insanlar çox asanlıqla özümüzü aldadırıq. Məsələn, İsa Laodikiya şəhərindəki məsihilərə demişdi ki, onlar varlı olduqlarını düşünərək özlərini aldadırlar, əslində isə ruhani cəhətdən yoxsul, kor və çılpaqdırlar. Onların vəziyyəti necə də acınacaqlı idi! (Vəhy 3:17). Özlərini aldatmaqla onlar vəziyyətlərini daha da ağırlaşdırırdılar.

4 Şagird Yaqubun da sözlərini yada sala bilərik: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur» (Yaqub 1:26). Əgər biz fikirləşirik ki, dilimizi cilovlamasaq da, Yehovaya məqbul tərzdə ibadət edə bilərik, onda özümüzü aldadırıq. Belə halda xidmətimiz boş, tamamilə mənasız olacaq. Özümüzü belə təhlükədən necə qoruya bilərik?

5 Yaqub bu ayənin kontekstində Allahın Kəlamındakı həqiqəti güzgüyə bənzədir. O, Allahın kamil qanununa diqqətlə baxmağı və lazımi dəyişikliklər etməyi məsləhət görür. (Yaqub 1:23—25 ayələrini oxu.) Müqəddəs Kitab bizə özümüzlə dürüst olmağa və yaxşıya doğru dəyişmək üçün nələrin lazım olduğunu görməyə kömək edir (Mərsiyələr 3:40; Həqqay 1:5). Biz həmçinin Yehovadan xahiş edə bilərik ki, bizi yoxlasın, ciddi nöqsanlarımızı görməyə və onları etiraf edib düzəltməyə kömək etsin (Zəbur 139:23, 24). Nadürüstlük çox pis xasiyyətdir, biz ona səmavi Atamızın gözü ilə baxmalıyıq. Məsəllər 3:32 ayəsində deyilir: «Yehova fitnəkardan ikrah edər, amma saleh adamla dostluq edər». Yehova bizə hər şeyə, o cümlədən özümüzə Onun gözü ilə baxmağa kömək edə bilər. Unutma, Bulus demişdi: «Hər sahədə dürüst olmaq istəyirik». Biz hələ kamil deyilik, lakin dürüstlüyü ürəkdən arzulayır və var gücümüzlə buna çalışırıq.

AİLƏDƏ DÜRÜSTLÜK

Dürüstlük bizə gizli günahdan çəkinməyə kömək edəcək

6. Ərlə arvad bir–birilə nə üçün dürüst olmalıdır və bu, onları nədən qoruyur?

6 Dürüstlük məsihi ailəsinin səciyyəvi xüsusiyyəti olmalıdır. Buna görə də ər-arvad bir-birilə səmimi və dürüst olmalıdırlar. Məsihi nikahında natəmiz və zərərli işlərə, məsələn başqası ilə eşqbazlığa, İnternet vasitəsilə gizli tanışlıqlara, həmçinin pornoqrafiyaya yer yoxdur! Bəzi evli məsihilər həyat yoldaşlarından gizli belə işlərə yol vermişlər. Bu, nadürüstlükdür. Gör sədaqətli padşah Davud nə yazır: «Yalançılarla oturub-durmuram, iç üzünü gizlədənlərə qaynayıb-qarışmıram» (Zəbur 26:4). Heç vaxt səni ikiüzlülüyə təhrik edəcək işlər görmə!

7, 8. Hansı nümunələr uşaqlara dürüstlüyün vacibliyini başa düşməkdə kömək edə bilər?

7 Müdrik valideynlər uşaqlarına dürüstlüyün vacibliyini Müqəddəs Kitabdakı nümunələr vasitəsilə aşılayırlar. Nadürüst insanların sırasında oğurladığı əşyaları gizlətmiş Axanı; mənfəətindən ötrü yalan danışmış Qihazini; həmçinin oğurluq və yalana qurşanmış, nəticədə İsanı satmış Yəhudanı göstərmək olar (Yuşə 6:17—19; 7:11—25; 2 Padşahlar 5:14—16, 20—27; Mətta 26:14, 15; Yəhya 12:6).

8 Yaxşı nümunələr sırasında Yaqubu, İftahı və onun qızını, həmçinin İsanı göstərmək olar. Oğlanları öz çuvallarından pul tapanda Yaqub bir anlaşılmazlıq baş verdiyini düşünüb onları pulu qaytarmağa təşviq etmişdi; İftah əhdindən dönməmiş, qızı da özünü inkar edib atasının əhdini yerinə yetirmişdi; İsa peyğəmbərliyi yerinə yetirmək və dostlarını müdafiə etmək üçün cəsarətlə özünü qəzəbli kütlənin qabağına vermişdi (Yaradılış 43:12; Hakimlər 11:30—40; Yəhya 18:3—11). Gətirilmiş bu nümunələr valideynlərə Allahın Kəlamının nə qədər zəngin olduğunu göstərəcək və uşaqlarına dürüstlüyü sevməyi və qiymətləndirməyi aşılamağa kömək edəcək.

9. Uşağına dürüstlüyü öz nümunəsi ilə öyrətmək istəyən valideyn nədən çəkinməlidir və bu, nə üçün vacibdir?

9 Bu, valideynlərin də üzərinə böyük məsuliyyət qoyur. Həvari Bulus soruşurdu: «Elə isə başqalarını öyrədə-öyrədə nə üçün özünü öyrətmirsən? “Oğurlama” deyə təbliğ edib niyə özün oğurluq edirsən?» (Romalılara 2:21). Bəzi valideynlər uşaqlarına düzgünlük haqqında danışıb özləri bunun əksinə hərəkət etməklə onları çaş-baş qoyurlar. Belə ki, valideynlər müxtəlif bəhanələrlə, məsələn, «əşi, burada nə var ki, hamı götürür» və ya «sözdür, dedim də» ifadələrilə xırda oğurluğa və yalana bəraət qazandırırlar. Amma əslində əşyanın dəyərindən asılı olmayaraq, oğurluq elə oğurluqdur. Yalanın da balacası-böyüyü olmur *. (Luka 16:10 ayəsini oxu.) Uşaqlar ikiüzlülüyü tez tuturlar, belə davranış onlara güclü zərər vura bilər (Efeslilərə 6:4). Lakin dürüstlüyü öz valideynlərinin davranışından öyrənmiş uşaq bu nadürüst dünyada Yehovanı ömrü boyu şərəfləndirəcək (Məsəllər 22:6).

YIĞINCAQDA DÜRÜSTLÜK

10. Həmimanlılarımızla ünsiyyətə gəldikdə biz hansı xəbərdarlıqları yadda saxlamalıyıq?

10 Həmimanlılarla ünsiyyət dürüstlüyün inkişafı üçün geniş imkanlar verir. 12-ci fəsildən öyrəndik ki, biz nitq bəxşişindən, xüsusən ruhani bacı-qardaşlarımızla ünsiyyətdə ehtiyatla istifadə etməliyik. Adi söhbət böyüyüb asanlıqla qeybətə və hətta böhtana çevrilə bilər! Doğruluğuna əmin olmadığımız bir hadisəni danışırıqsa, biz yalanın yayılmasına qulluq edirik. Daha yaxşı olar ki, dilimizə nəzarət edək (Məsəllər 10:19). Digər tərəfdən, doğruluğuna əmin olduğumuz şeyi də hamıya yaymağa dəyməz. Məsələn, ola bilsin, bu işin bizə aidiyyəti yoxdur, yaxud da bunu yaymaqla o insana məhəbbət göstərmirik (1 Salonikililərə 4:11). Bəziləri elə düşünür ki, əgər haqlıdırlarsa, demək kobud danışa bilərlər. Lakin bizim sözlərimiz ürəkaçan və xeyirxah olmalıdır. (Koloslulara 4:6 ayəsini oxu.)

11, 12. a) Ciddi günahla məşğul olanlardan bəziləri problemi hansı yollarla daha da mürəkkəbləşdirirlər? b) Şeytan ciddi günahlarla bağlı hansı yalanları uydurur və biz onlara uymamaq üçün nə edə bilərik? c) Yehovanın təşkilatına qarşı dürüst olduğumuzu necə göstərə bilərik?

11 Yığıncaqda, ələlxüsus məsul qardaşlarla dürüst olmaq lazımdır. Ciddi günah yoluna düşmüş bəzi məsihilər günahlarını gizlətmək və ağsaqqalların suallarına yanlış cavab verməklə problemi daha da mürəkkəbləşdirirlər. Belə adamlar ikili həyat sürməyə başlayır, özlərini elə aparırlar ki, guya Yehovaya xidmət edirlər, amma ciddi günah yolundan dönmürlər. Əslində, bu yol insanın həyatını başdan-ayağa yalana çevirir (Zəbur 12:2). Digərləri ağsaqqallara həqiqəti tam söyləmir, mühüm faktları gizlədirlər (Həvarilərin işləri 5:1—11). Belə nadürüstlük Şeytanın uydurduğu yalanlara aldanmaqdan əmələ gəlir. (164 və 165-ci səhifədəki « Ciddi günahlarla bağlı Şeytanın uydurduğu yalanlar» adlı çərçivəyə bax.)

12 Yehovanın təşkilatına qarşı dürüstlüyümüz həmçinin sənəd dolduranda da görünməlidir. Misal üçün, təbliğ xidməti ilə əlaqədar hesabat verərkən biz faktları saxtalaşdırmamalıyıq. Eynilə, xidmətdə şərəfli imtiyaz almaq üçün anket dolduranda biz heç vaxt səhhətimiz və digər şeylər barəsində yanlış məlumat verməməliyik. (Məsəllər 6:16—19 ayələrini oxu.)

13. Həmimanlılarımızla işgüzar əlaqələrdə necə dürüst ola bilərik?

13 Biz həmimanlılarımızla işgüzar məsələlərdə də dürüst olmalıyıq. Bəzən məsihilər bir yerdə işləyirlər. Lakin işgüzar əlaqələr ibadət evindən və təbliğ xidmətindən xaricdə olmalıdır. Ola bilsin, məsihilərdən biri müdir, o birisi işçidir. Həmimanlılarını işə götürmüş müdir, onlarla dürüst davranmalı, razılaşdırılmış məbləğdə maaşlarını və qanunda nəzərdə tutulmuş mükafatları vaxtlı-vaxtında verməlidir (1 Timutiyə 5:18; Yaqub 5:1—4). İşçilər də vəzifələrini vicdanla yerinə yetirməli, iş vaxtından oğurlamamalıdırlar (2 Salonikililərə 3:10). Müdir həmimanlımız olduğu üçün düşünməyəcəyik ki, o, bizə xüsusi rəftar göstərməyə, işdən tez-tez buraxmağa, əlavə imtiyaz və güzəştlər verməyə borcludur (Efeslilərə 6:5—8).

14. İşgüzar əlaqələr quran məsihilər hansı prinsipə riayət etməlidirlər və nə üçün?

14 Belə də ola bilər ki, məsihilər birgə iş qurur, kapital qoyur və ya borc götürür. Belə hallar üçün Müqəddəs Kitabda çox mühüm və faydalı prinsip var: hər şeyi sənədləşdirmək lazımdır! Məsələn, Ərəmya peyğəmbər torpaq sahəsi alanda sövdəni şahidlərin iştirakı ilə iki nüsxədə sənədləşdirdi və sonra onları gələcək istifadə üçün etibarlı yerə qoydu. (Ərəmya 32:9—12; Yaradılış 23:16—20 ayələrinə də bax.) Bu gün də məsihilər işgüzar əlaqə quranda hər şeyi xırdalıqlarına qədər səliqəli formada, şahidlərin iştirakı ilə sənədləşdirməlidirlər. Bu, o demək deyil ki, məsihilər bir-birinə etibar etmirlər. Əksinə, bununla bir çox anlaşılmazlığın, peşmançılığın, hətta qardaşlar arasında münaqişəyə gətirib çıxara bilən narazılıqların qarşısı alınır. Bir-birilə işgüzar əlaqə quran məsihilər yadda saxlamalıdırlar ki, heç bir işgüzar məsələyə görə yığıncaqdakı birliyi və sülhü təhlükə altına qoymağa dəyməz * (1 Korinflilərə 6:1—8).

DÜNYA İLƏ ƏLAQƏLƏRDƏ DÜRÜSTLÜK

15. Yehova işdə nadürüstlüyə necə baxır və məsihilər dünyada adi hal almış əməllərdən necə çəkinirlər?

15 Məsihinin dürüstlüyü yalnız yığıncaqla məhdudlaşmır. Bulus deyirdi: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18). Yaradanımız dünyəvi işlə bağlı məsələlərdə də dürüst olmağımızı çox istəyir. Təkcə «Məsəllər» kitabında əyri tərəzi dönə-dönə pislənir (Məsəllər 11:1; 20:10, 23). Keçmişdə həm malı, həm də onun pulunu çəkmək üçün tərəzidən və çəkidən istifadə edilirdi. Nadürüst tacirlər müştərilərini aldatmaq üçün iki cür çəki və əyri tərəzi işlədirdilər *. Yehova belə şeylərə nifrət edir! Onun məhəbbətindən ayrılmamaq üçün biz işimizdə hər cür nadürüstlüyü rədd edirik.

16, 17. Nadürüstlük bu dünyada nə dərəcədə geniş yayılıb və həqiqi məsihilər nəyə əzmlidirlər?

16 Şeytan bu dünyanın hökmdarı olduğundan biz baş alıb gedən nadürüstlüyə təəccüblənmirik. Biz hər gün nadürüst iş görmək sınağı ilə üz-üzə dururuq. Çox vaxt adamlar işə düzəlmək üçün özləri haqqında yazılı məlumat verəndə iş təcrübəsini, qabiliyyətini şişirdir və ya saxtalaşdırırlar. Həmçinin mühacirət, vergi, sığorta kimi sənədləri doldurarkən istədiklərinə nail olmaq üçün yanlış məlumat verirlər. Bir çox şagird və tələbələr imtahanlarda şparqalkalardan istifadə edir, kurs işi və ya məruzə yazanda İnternetdən hazır mövzuları köçürüb öz işi kimi təqdim edirlər. Bəziləri işlərini həll etmək üçün tamahkar məmurlara rüşvət verirlər. «Xudbin, pulpərəst,.. yaxşılığın düşməni» olan adamlarla dolu dünyadan daha nə gözləmək olar?! (2 Timutiyə 3:1—5).

17 Həqiqi məsihilər bu əməllərdə iştirak etməmək əzmindədirlər. Bəs dürüst olmaq nə üçün çətindir? Bəzən adama elə gəlir ki, bu dünyada yalnız nadürüst adamların işi gətirir, onlar hətta irəli gedirlər (Zəbur 73:1—8). Məsihilər isə «hər sahədə» dürüst olmaq istədikləri üçün, ola bilər, maddi cəhətdən korluq çəksinlər. Bəs bütün bunlara dözməyə dəyər? Əlbəttə! Axı niyə? Dürüst adamları hansı mükafatlar gözləyir?

DÜRÜSTLÜYÜN GƏTİRDİYİ MÜKAFAT

18. Nə üçün dürüst adamlara yüksək qiymət verilir?

18 Dünyada dürüst, etibarlı adamın qazandığı təmiz ad kimi qiymətli şey az tapılar. (167-ci səhifədəki « Mən nə dərəcədə dürüst adamam?» adlı çərçivəyə bax.) Onu da bil ki, bu adı hər bir insan qazana bilər! Təmiz ad adamın istedadından, var-dövlətindən, xarici görkəmindən, tərbiyəsindən və ya digər amillərdən asılı deyil. Heyif ki, çoxları bu xəzinəyə sahib olmaq barəsində heç düşünmürlər. Buna görə də təmiz ada nadir hallarda rast gəlinir (Mikə 7:2). Bəziləri dürüstlüyü lağa qoysalar da, digərləri sənin dürüstlüyünü qiymətləndirəcək, sən onların etibarını və hörmətini qazanacaqsan. Yehovanın Şahidlərindən bir çoxu belə qənaətə gəliblər ki, dürüstlüyün onlara maddi cəhətdən də faydası var. Çox vaxt nadürüstlük edənlər işdən çıxarıldığı halda Yehovanın Şahidləri öz yerlərində qalmış və ya dürüst işçi axtarılanda onları işə götürmüşlər.

19. Dürüst həyat tərzi vicdanımıza və Yehova ilə münasibətimizə necə təsir göstərir?

19 Səninlə belə şey baş verməsə də, dürüst olduğun üçün həmişə xeyir tapacaqsan. Sənin vicdanın təmiz olacaq. Bulus yazmışdı: «Vicdanımızın təmiz olduğuna əminik» (İbranilərə 13:18). Bundan əlavə sənin dürüstlüyünü bizi sevən səmavi Atamız həmişə görür. Yehova dürüst insanları sevir. (Zəbur 15:1, 2; Məsəllər 22:1 ayələrini oxu.) Bəli, dürüstlük sənə Allahın məhəbbətini qorumağa kömək edəcək. Bundan da böyük mükafat ola bilər?! Növbəti fəsildə Yehovanın işə münasibətini müzakirə edəcəyik.

^ abz. 9 Başqalarına zərər vurmaq məqsədilə söylənilən ağ, qərəzli yalana yığıncaqda yer yoxdur. Belə iş görən adamlara qarşı intizam komitəsi tərəfindən ölçü götürülə bilər.

^ abz. 14 İşgüzar münasibətlərdə çətinlik yarananda nə etmək lazımdır? Bu mövzu «Əlavələr» bölməsinin 222 və 223-cü səhifəsində müzakirə edilir.

^ abz. 15 Onlar mal alanda bir cür, satanda isə digər çəkidən istifadə edirdilər və ikitərəfli qazanc götürürdülər. Alış-veriş zamanı onlar həm də bir gözü digərindən ağır və ya uzun tərəzidən istifadə edib müştəriləri aldadırdılar.