Kontentə keç

Mündəricatı göstər

FƏSİL 19

Yehovaya şərəf gətirən tikinti

Yehovaya şərəf gətirən tikinti

MÖVZU

Ümumdünya tikinti işi Padşahlığın maraqlarına xidmət edir

1, 2. a) Yehovanın xidmətçiləri ta qədimdən nə işlə məşğuldurlar? b) Yehova ən çox nəyi qiymətləndirir?

 YEHOVANIN sadiq xidmətçiləri ta qədimdən Onun adına izzət gətirən binalar tikirlər. Misal üçün, israillilər müqəddəs çadırın tikintisində şövqlə iştirak edir və səxavətlə tikinti materialları ianə edirdilər (Çıx. 35:30—35; 36:1, 4—7).

2 Yehova tikinti materiallarını Ona şərəf gətirən ən vacib şey saymır və onlara çox qiymətli bir şey kimi yanaşmır (Mət. 23:16, 17). Yehovanın dəyərləndirdiyi və Ona ən çox şərəf gətirən hədiyyə xidmətçilərinin ibadət etməsi, hazırlıq ruhu göstərməsi və səylə çalışmasıdır (Çıx. 35:21; Mark 12:41—44; 1 Tim. 6:17—19). Nəyə görə? Çünki binalar gəldi-gedərdir. Artıq çadır və məbəd mövcud deyil. Buna baxmayaraq, Yehova bu cür tikinti işlərində işləyən sadiq xidmətçilərinin səxavətliliyini və zəhmətini unutmur. (1 Korinflilərə 15:58; İbranilərə 6:10 ayələrini oxuyun.)

3. Bu fəsildə nəyi müzakirə edəcəyik?

3 Yehovanın müasir xidmətçiləri də ürəkdən ibadət yerləri tikirlər. Padşah İsa Məsihin rəhbərliyi altında əldə etdiyimiz nailiyyətlər, həqiqətən də, heyrətamizdir! Sözsüz ki, Yehova bizim cəhdlərimizə xeyir-dua verir (Zəb. 127:1). Bu fəsildə biz nələrə nail olunduğunu və görülən işlərin Yehovaya necə izzət gətirdiyini araşdıracağıq. Həmçinin bu işdə iştirak edənlərin bu haqda nə dediklərini oxuyacağıq.

Padşahlıq zallarının tikintisi

4. a) Nəyə görə daha çox ibadət yerlərinə ehtiyac var? b) Nəyə görə bir çox filiallar birləşdirilib? (« Filialların tikintisi — tələbatların artması» adlı çərçivəyə baxın.)

4 Bu kitabın 16-cı fəslində müzakirə etdiyimiz kimi, Yehova Allah Öz xidmətçilərinə ibadət üçün bir yerə yığışmağı buyurub (İbr. 10:25). İbadət görüşləri təkcə imanımızı möhkəmləndirmir, həm də bizi təbliğ işini canla-başla yerinə yetirməyə təşviq edir. Son günlərdə Yehova bu işi bütün dünyada sürətləndirir. Nəticədə, hər il yüz minlərlə insan Onun təşkilatına axışır (Əşy. 60:22). Padşahlığın təbəələrinin sayı get-gedə artdıqca Müqəddəs Kitaba əsaslanan nəşrlərin çap olunmasına və ibadət yerlərinə daha çox tələbat yaranır.

5. Ruterford qardaşın sözlərinə əsasən, nəyə görə ibadət yerlərimizin Padşahlıq zalı adlanması münasibdir? (Həmçinin « “Yeni şəfəq” kilsəsi» adlı çərçivəyə baxın.)

5 Yehovanın xalqının müasir tarixinin başlanğıcında Müqəddəs Kitab Tədqiqatçıları başa düşdülər ki, öz ibadət yerlərinin olmasına ehtiyac var. Buna görə də 1890-cı ildə Qərbi Virginiyada (ABŞ) ilk ibadət yeri tikildi. 1930-cu illərdə Yehovanın xalqının bir neçə ibadət yeri var idi. Onlardan bəzilərini özləri tikmiş, bəzilərini isə təmir etmişdilər. Ancaq həmin tikililərə münasib ad verilməmişdi. 1935-ci ildə Ruterford qardaş Havay adalarına gedəndə orada yeni filial binasına bitişik ibadət yeri tikilirdi. Ruterford qardaşdan həmin binanı necə adlandıracaqlarını soruşanda o demişdi: «Gəlin onu “Padşahlıq zalı” adlandıraq. Axı bizim əsas məqsədimiz Padşahlıq haqqında xoş xəbəri təbliğ etməkdir» (Mət. 24:14). Bu münasib ad təkcə həmin zala yox, Yehovanın xalqının ibadət üçün birgə yığışdığı yerlərin əksəriyyətinə verildi.

6, 7. İbadət evlərinin sürətlə tikilməsi sayəsində nələrə nail olunub?

6 1970-ci illərdə ibadət evlərinə tələbat sürətlə artmağa başladı. Buna görə də Birləşmiş Ştatlarda qardaşlar cəmi bir neçə günün içində gözəl və funksional ibadət evləri tikmək üçün effektiv metod hazırladılar. 1983-cü ildə Birləşmiş Ştatlarda və Kanadada təxminən 200 ibadət evi tikildi. Bu işi həyata keçirmək üçün qardaşlar regional tikinti komitələri yaratmağa başladılar. Bu metod o qədər uğurlu alındı ki, 1986-cı ildə Rəhbərlik Şurası bu komitələrə rəsmi status verdi və 1987-ci ildə Birləşmiş Ştatlarda artıq 60 Regional tikinti komitəsi (RTK) fəaliyyət göstərirdi a. 1992-ci ildə RTK Almaniya, Argentina, Avstraliya, Fransa, Cənubi Afrika, Meksika, İspaniya və Yaponiya kimi ölkələrdə də yaradıldı. Əlbəttə, ibadət evlərinin və toplantı zallarının tikintisində canla-başla iştirak edən qardaşlar bizim köməyimizə layiqdirlər, çünki onların gördüyü iş müqəddəs xidmətin bir hissəsidir.

7 İbadət evlərinin sürətlə tikilməsi sayəsində qonşuluqda yaşayan insanlara gözəl şahidlik verilib. Misal üçün, İspaniya qəzetlərinin birində «Dağı yerindən oynadan iman» adlı məqalə dərc olunmuşdu. Martos şəhərində tikilən ibadət evi barədə deyilirdi: «Axı bu necə ola bilər, eqoizmin hökm sürdüyü bir dünyada [İspaniyanın] müxtəlif bölgələrindən olan könüllülər heç bir mənfəət güdmədən Martosa gəlib sürətdə, keyfiyyətdə və mütəşəkkillikdə bütün rekordları qıran bir bina tikirlər?» Bu suala cavab olaraq məqalədə könüllülərdən birinin sözləri sitat gətirilirdi: «Cavab çox sadədir: biz Yehovadan təlim almış bir xalqıq».

Məhdud resurslu ölkələrdə tikinti işləri

8. Rəhbərlik Şurası 1999-cu ildə hansı yeni proqramın həyata keçirilməsinə icazə verdi və nəyə görə?

8 XX əsrin sonlarına yaxın məhdud resurslu ölkələrdə yaşayan insanlar Yehovanın təşkilatına axışmağa başladı. Bu ölkələrdə yığıncaqlar imkanları daxilində ibadət yerləri tikməyə çalışırdılar. Ancaq bəzi ölkələrdə onlara rişxənd olunurdu, çünki onların ibadət evləri digər ibadət yerləri ilə müqayisədə olduqca sadə görünürdü. 1999-cu ildən başlayaraq Rəhbərlik Şurası inkişaf etməkdə olan ölkələrdə ibadət evlərinin sürətləndirilmiş proqram üzrə tikilməsinə icazə verdi və «bərabərlik» olması üçün inkişaf etmiş ölkələrin vəsaitlərindən istifadə etmək qərarına gəldi. (2 Korinflilərə 8:13—15 ayələrini oxuyun.) Həmin ölkələrdən olan bacı və qardaşlar isə öz köməklərini təklif etdilər.

9. Hansı tapşırıq çətin görünürdü, bəs o, necə həyata keçirildi?

9 İlk baxışdan bu iş dağ kimi görünürdü. 2001-ci ildə təqdim olunan hesabatda deyilirdi ki, inkişaf etməkdə olan 88 ölkədə 18 300-dən çox ibadət evinə ehtiyac var. Ancaq Allahın müqəddəs ruhunun və Padşahımız İsa Məsihin köməyi sayəsində mümkün olmayan heç nə yoxdur (Mət. 19:26). 15 il ərzində, 1999-cu ildən 2013-cü ilə kimi, Allahın xalqı bu proqramın köməyilə 26 849 ibadət evi tikdi b. Yehova təbliğ işinə xeyir-dua verməyə davam etdiyi üçün 2013-cü ildə həmin ölkələrdə yenə də təxminən 6500 ibadət evinə tələbat var idi. Bundan əlavə, hər il yüzdən çox ibadət evinin tikilməsinə ehtiyac yaranır.

Məhdud resurslu ölkələrdə ibadət evləri tikməyin özünəməxsus çətinlikləri var

10—12. İbadət evlərinin tikintisi Yehovanın adını necə izzətləndirir?

10 İbadət evlərinin tikintisi Yehovanın adını necə izzətləndirir? Zimbabvedəki filialın hesabatında deyilirdi: «Yeni ibadət evinin tikilməsindən sonra bir ayın içində görüşə gələnlərin sayı, adətən, ikiqat artır». Bir çox ölkələrdə insanlar, sanki, münasib ibadət yeri olmadığından bizimlə ünsiyyət etmək istəmirlər. Ancaq ibadət evi tikilib qurtaran kimi görüşə o qədər insan gəlir ki, yeni ibadət evinə ehtiyac yaranır. Lakin insanları Yehovaya cəlb edən yalnız gözəl binalar deyil. İnsanların Allahın təşkilatına olan münasibətinə tikintidə iştirak edənlərin göstərdikləri səmimi məsihi məhəbbəti də təsir edir. Gəlin bir neçə nümunəyə baxaq.

11 İndoneziya. İbadət evinin tikintisini kənardan müşahidə edən bir kişi işçilərin hamısının könüllülər olduğunu biləndə demişdi: «Halal olsun sizə! Görürəm, hər biriniz necə də can-başla, təmənnasız işləyirsiniz. Əminəm, sizin kimi təşkilat yoxdur!»

12 Ukrayna. Hər gün tikinti işinin yanından keçən bir qadın işçilərin Yehovanın Şahidləri olduğu və onların ibadət evi tikdikləri qənaətinə gəlmişdi. O demişdi: «Mən Yehovanın Şahidləri haqqında bacımdan eşitmişəm. O da Yehovanın Şahididir. Bu tikinti işini müşahidə etdikdən sonra mən də bu ruhani ailənin üzvü olmaq istədim. Mən burada əsil məhəbbət görürəm». Həmin qadın Müqəddəs Kitabı öyrənməyə başladı və 2010-cu ildə vəftiz olundu.

13, 14. a) İbadət evlərinin tikintisini müşahidə edən bir cütlüyün hadisəsindən nə öyrəndiniz? b) Toplaşdığınız ibadət yerinin Yehovanın adına izzət gətirməsi üçün nə edə bilərsiniz?

13 Argentina. Bir cütlük ibadət evinin tikinti meydançasına nəzarət edən qardaşa yaxınlaşdı. Kişi qardaşa dedi: «Sizin necə işlədiyinizi müşahidə etmişik və... biz də burada Allah haqqında öyrənmək istəyirik». Sonra o soruşdu: «Bu görüşlərə gəlmək üçün bizdən nə tələb olunur?» Həmin cütlük Müqəddəs Kitabı öyrənməyə razı oldu, ancaq bir şərtlə ki, öyrənmədə bütün ailə üzvləri də iştirak etsin. Qardaşlar böyük məmnuniyyətlə bu şərti qəbul etdilər.

14 Ola bilsin, sizin öz ibadət evinizin tikintisində iştirak etmək imkanınız olmayıb. Ancaq hələ gec deyil, siz həmin ibadət yerinin Yehovanın adına izzət gətirməsi üçün çox şey edə bilərsiniz. Misal üçün, Müqəddəs Kitabı öyrətdiyiniz və təkrar baş çəkdiyiniz insanları, eləcə də digərlərini ibadət evində keçirilən görüşlərə ürəkdən dəvət edə bilərsiniz. Siz həmçinin ibadət evinin təmizliyində iştirak edə və onu göz bəbəyi kimi qoruya bilərsiniz. Üstəlik, kənara pul atmaqla öz ibadət evinizin qorunub saxlanılması və ya başqa ibadət evlərinin tikilməsi üçün ianə edə bilərsiniz. (1 Korinflilərə 16:2 ayəsini oxuyun.) Bütün bunlar Yehova Allahın adına həmd ucaldır.

Könüllü zəhmətkeşlər

15—17. a) Tikinti işi daha çox kimlər tərəfindən görülür? b) Beynəlxalq tikinti briqadasında işləyən cütlüklərin sözlərindən nə öyrəndiniz?

15 İbadət evləri və toplantı zalları, eləcə də filial binalarının tikintisi ilə bağlı görülən işlərin çoxu yerli bacı-qardaşlar tərəfindən görülür. Çox vaxt onlara başqa ölkələrdən gələn və tikinti işlərində təcrübəsi olan bacı-qardaşlar kömək edir. Bəzi könüllülər öz həyatlarını elə qururlar ki, bir neçə həftə beynəlxalq tikintidə iştirak edə bilsinlər. Başqaları isə bir tikintini bitirdikdən sonra digərinə gedərək özlərini uzun illər bu işə həsr edirlər.

Timo və Lina Lappalaynen (16-cı abzasa baxın.)

16 Beynəlxalq tikintinin özünəməxsus çətinlikləri olsa da, insana xeyir-dualar gətirir. Misal üçün, Timo və Lina adlı cütlük Asiya, Avropa və Cənubi Amerika ölkələrində ibadət evlərinin və toplantı zallarının, eləcə də filialların tikintisində iştirak edib. Timo bölüşür: «30 il ərzində, demək olar ki, hər iki ildən bir təyinatım dəyişib». Timonun 25 illik ömür-gün yoldaşı Lina isə deyir: «Həyat yoldaşımla birgə on ölkədə xidmət etmişəm. Yeni yeməklərə, yeni iqlimə, yeni dilə, yeni təbliğ ərazisinə və yeni dostlara uyğunlaşmaq kifayət qədər güc və vaxt tələb edir» c. Bütün bu cəhdlərə dəyirmi? Lina bacı sözünə davam edir: «Bu cür çətinliklərə dözməyin sayəsində bol xeyir-dualar almışıq. Biz məsihi məhəbbətinin və qonaqpərliyinin, eləcə də Yehovanın necə qeydimizə qalmasının şahidi olmuşuq. Biz həmçinin Mark 10:29, 30 ayələrində İsanın şagirdlərinə verdiyi vədin yerinə yetdiyini öz gözlərimizlə görmüşük. Biz yüz qat artıq ruhani bacı-qardaş və ana qazanmışıq». Timo deyir: «Bacarıqlarımızı ən xeyirxah məqsədlər üçün — Padşahın əmlakını genişləndirmək üçün istifadə etmək bizə böyük məmnunluq gətirir».

17 Afrika, Asiya, Mərkəzi Amerika, Avropa, Cənubi Amerika və Sakit okeanın cənub hissəsində tikinti layihələrində işləyən Daren və Sara adlı cütlük aldıqları xeyir-duaların verdikləri qurbanlardan qat-qat çox olduğunu düşünür. Üzləşdikləri çətinliklərə baxmayaraq, Daren deyir: «Dünyanın müxtəlif guşələrindən olan bacı-qardaşlarla çiyin-çiyinə xidmət etmək nəyə desən dəyər. Mən əmin oldum ki, Yehovaya olan məhəbbət Onun yer üzündəki bütün xidmətçilərini gözəgörünməz bir tel kimi birləşdirir». Sara isə qeyd edir: «Mən müxtəlif mədəniyyətlərdən olan bacı-qardaşlardan çox şey öyrənmişəm! Onların xidmətdə göstərdikləri fədakarlığı görmək məni Yehovaya ən yaxşını verməyə təşviq edir».

18. Zəbur 110:1—3 ayələrindəki peyğəmbərlik necə yerinə yetir?

18 Davud padşah peyğəmbərlik etmişdi ki, Allahın Padşahlığının təbəələri çətinliklərlə üzləşsələr də, onlar hazırlıq ruhu göstərərək Padşahlığın rifahına xidmət edəcəklər. (Zəbur 110:1—3 ayələrini oxuyun.) Padşahlığı dəstəkləmək işində iştirak edənlərin hamısı bu peyğəmbərlik sözlərinin yerinə yetməsinə öz töhfələrini vermiş olurlar (1 Kor. 3:9). Bütün dünyada tikilən çoxlu sayda filiallar, yüzlərlə toplantı zalları və on minlərlə ibadət evləri Allahın Padşahlığının real olduğuna və indidən idarə etdiyinə bir sübutdur. Yehova Allahın adını ucaldan bir işlə məşğul olmaqla Padşah İsa Məsihə xidmət etmək necə də böyük şərəfdir!

a 2013-cü ildə 230 000-dən çox könüllü Birləşmiş Ştatlarda 132 RTK-da xidmət etmək üçün təyin olundu. Bu komitələr həmin ölkədə hər il təxminən 75 yeni ibadət evinin tikilməsinə rəhbərlik edib və təxminən 900 ibadət evinin bərpasına və ya təmirinə kömək edib.

b Bu rəqəmə bu proqramda iştirak etməyən ölkələrdə tikilmiş çoxsaylı ibadət evləri daxil deyil.

c Beynəlxalq xidmətçilər və könüllülər vaxtlarının çoxunu tikinti işinə sərf etsələr də, həftə sonları və axşamlar yerli yığıncağın ərazisində təbliğ işində də iştirak edirlər.