Kontentə keç

Mündəricatı göstər

FƏSİL 3

Yehova niyyətini açıqlayır

Yehova niyyətini açıqlayır

MÖVZU

Yehova Öz niyyətini tədricən və yalnız Ondan qorxan insanlara açıqlayır

1, 2. Yehova bəşəriyyətlə bağlı niyyətini necə açıqlayır?

 ADƏTƏN, qayğıkeş valideynlər ailə məsələlərini öz uşaqları ilə də müzakirə edirlər. Ancaq müdrik davranaraq onlar uşaqlarına hər şeyi danışmırlar; uşaqların yaşından asılı olaraq, onların qavraya biləcəyi qədər məlumatı bölüşürlər.

2 Eynilə, Yehova da bəşəriyyətlə bağlı Öz niyyətini tədricən açıqlayır və O bunu yalnız münasib bildiyi vaxtda edir. Gəlin Yehovanın Padşahlıqla bağlı həqiqətləri tarix boyu tədricən necə açıqladığını qısaca olaraq nəzərdən keçirək.

Padşahlığa nə üçün ehtiyac var?

3, 4. Yehova bəşəriyyətin tarixini qabaqcadan müəyyənləşdiribmi? İzah edin.

3 Padşahlıq qurmaq Yehovanın əzəli niyyətinə daxil deyildi. Çünki Yehova bəşər tarixinin gedişatını qabaqcadan müəyyənləşdirməmişdi; insanları iradə azadlığı ilə yaratmışdı. O, Adəm və Həvvaya bəşəriyyət üçün niyyətinin nədən ibarət olduğunu açıqlayaraq belə demişdi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun» (Yar. 1:28). Yehova həmçinin onlara pisliyə və yaxşılığa dair qoyduğu normalara tabe olmağı əmr etmişdi (Yar. 2:16, 17). Adəm və Həvva sadiq qalmağı seçə bilərdilər. Əgər onlar və onların nəsli Allahın sözünə qulaq assaydılar, onda Allahın niyyətini həyata keçirmək üçün Məsihin idarə etdiyi Padşahlığa ehtiyac olmazdı. Və indinin özündə də yer üzü Yehovaya ibadət edən kamil insanlarla dolu olardı.

4 Şeytanın, Adəm və Həvvanın üsyan qaldırmasına baxmayaraq, Yehova yer üzünü kamil insanlarla doldurmaq niyyətindən əl çəkmədi. O, Öz istəyini həyata keçirmək üçün sadəcə başqa üsula əl atdı. Allahın niyyəti mənzil başına yalnız müəyyən yolla gedən və kimlərinsə təsiri ilə relsdən çıxa bilən qatar kimi deyil. Kainatda elə bir qüvvə yoxdur ki, Yehovaya Öz niyyətini həyata keçirməyə mane olsun. (Əşiya 55:11 ayəsini oxuyun.) Qarşısına hər hansı bir maneə çıxanda O, dərhal başqa yol seçir a (Çıx. 3:14, 15). Münasib bildiyi vaxtda O, Öz sadiq bəndələrinə niyyətini həyata keçirəcəyi yeni üsul barədə məlumat verir.

5. Ədən bağında qaldırılan üsyandan sonra Yehova nə etdi?

5 Ədən bağında qaldırılan üsyandan sonra Yehova Allah niyyətinə Padşahlıq qurmağı daxil etdi (Mət. 25:34). Bəşəriyyət tarixinin həmin zülmət bir dövründə Yehova insanları kamilliyə necə qaytaracağına və Şeytanın hakimiyyəti ələ keçirmək cəhdlərinin vurduğu zərəri necə aradan qaldıracağına ilk dəfə aydınlıq gətirdi (Yar. 3:14—19). Ancaq Yehova Padşahlıqla bağlı bütün təfsilatları açıqlamadı.

Yehova Padşahlıq haqda həqiqətləri açıqlamağa başlayır

6. Yehova nə söz vermişdi, ancaq nəyə aydınlıq gətirməmişdi?

6 Elə ilk peyğəmbərlikdə Yehova söz vermişdi ki, «övlad» ilanı məhv edəcək. (Yaradılış 3:15 ayəsini oxuyun.) Ancaq həmin vaxt nə qadının, nə də ilanın övladının kimliyi açıqlanmamışdı. Yehova təxminən 2000 il ərzində bu barədə məlumat vermədi b.

7. Yehova nəyə görə İbrahim peyğəmbəri seçdi və bundan hansı vacib dərsi öyrənirik?

7 Onda Yehova İbrahim peyğəmbəri seçdi ki, vəd olunmuş övlad ondan törəsin. Yehova onu itaətkarlığına görə seçmişdi (Yar. 22:18). Bundan vacib bir dərs öyrənirik: Yehova Öz niyyətini yalnız Onun qarşısında ehtiram dolu qorxuya malik olan insanlara açıqlayır. (Zəbur 25:14 ayəsini oxuyun.)

8, 9. Yehova vəd olunmuş övlad barədə İbrahim və Yaqub peyğəmbərə nələri açıqladı?

8 Yehova mələk vasitəsilə dostu İbrahimlə danışanda vəd olunmuş «övlad» barədə ilk dəfə vacib bir məlumatı açıqladı. O, bildirdi ki, «övlad» insan olacaq (Yar. 22:15—17; Yaq. 2:23). Bəs bu insan ilanı necə məhv edəcək? Söhbət hansı ilandan gedir? Bu suallar zaman keçdikcə cavablandırıldı.

9 Yehova bildirdi ki, vəd olunmuş «övlad» İbrahim peyğəmbərin nəvəsinin — böyük iman sahibi olan Yaqubun nəslindən gələcək (Yar. 28:13—22). Yehova Yaqub vasitəsilə açıqladı ki, vəd olunmuş Övlad Yaqubun oğlu Yəhudanın nəslindən gələcək. Yaqub peyğəmbərlik etmişdi ki, Yəhudanın nəslindən gələn həmin Övlad hakimiyyət rəmzi olan «hökmdar əsası»nı alacaq və «xalqlar ona itaət edəcək» (Yar. 49:1, 10). Bununla da Allah vəd olunmuş Övladın hökmdar, yəni padşah olacağını bildirdi.

10, 11. Nəyə görə Yehova Öz niyyətini Davud padşaha və Dənyal peyğəmbərə açıqlamışdı?

10 Yəhudanın yaşadığı dövrdən təxminən 650 il sonra onun nəslindən gələn Davud padşaha Yehova Öz niyyəti ilə bağlı əlavə məlumat verdi. Yehova Davudun Onun könlünə yatdığını demişdi (1 İşm. 13:14; 17:12; Həv. 13:22). Davud Yehova qarşısında qorxuya malik olduğu üçün Külli-İxtiyar Allah onunla əhd bağlayaraq vəd etmişdi ki, onun nəslindən gələn bir nəfər əbədi hökmdarlıq edəcək (2 İşm. 7:8, 12—16).

11 Təxminən 500 ildən sonra Yehova Dənyal peyğəmbər vasitəsilə məsh olunmuş şəxsin, yəni Məsihin yer üzündə konkret hansı ildə peyda olacağını bildirdi (Dən. 9:25). Yehova onu istəkli bəndəsi hesab edirdi, axı Dənyal Ona dərin ehtiram bəsləyir və gecə-gündüz ibadət edirdi (Dən. 6:16; 9:22, 23).

12. Dənyal peyğəmbərə nə tapşırılmışdı və nəyə görə?

12 Yehova vəd olunmuş «övlad», yəni Məsih barədə Dənyal və digər sadiq peyğəmbərlər vasitəsilə bir çox təfərrüatlar yazdırsa da, O hesab edirdi ki, xidmətçilərinin bütün peyğəmbərlikləri başa düşmələrinin vaxtı hələ yetişməyib. Məsələn, Allahın Padşahlığının necə təsis olunacağı barədə görüntü alanda Dənyala bu peyğəmbərliyi Yehovanın təyin etdiyi vaxta kimi möhürləmək tapşırıldı. Həmin vaxt gələndə «həqiqi elm çoxalacaq»dı (Dən. 12:4).

Yehova Allah Öz Padşahlığı barədə təfsilatları Dənyal kimi sadiq bəndələri vasitəsilə çatdırırdı

İsa peyğəmbər Allahın niyyətini açıqlayır

13. a) Vəd olunmuş «övlad» kimdir? b) İsa Yaradılış 3:15 ayələrindəki peyğəmbərliyə necə aydınlıq gətirdi?

13 Yehova vəd olunmuş «övlad»ın, yəni Davudun nəslindən gələcək Padşahın İsa olduğunu aydın şəkildə bildirdi (Luka 1:30—33; 3:21, 22). Günəş şüaları yer üzünə şəfəq saçdığı kimi, İsa da yer üzündə xidmət etməyə başlayanda insanları Allahın niyyətləri ilə bağlı biliklərlə aydınlatdı (Mət. 4:13—17). Misal üçün, İsa Şeytanı qatil və yalanın atası adlandıraraq Yaradılış 3:14, 15 ayələrində qeyd olunan «ilan»ın kim olduğuna dair bütün şübhələri aradan qaldırdı (Yəh. 8:44). Eləcə də Yəhyaya verdiyi vəhydə «qədim ilan»ın İblis və Şeytan olduğunu aşkara çıxartdı c. (Vəhy 1:1; 12:9 ayələrini oxuyun.) Həmin vəhydə İsa, yəni vəd olunmuş «övlad» Ədən bağında söylənilən peyğəmbərliyi necə yerinə yetirəcəyini və Şeytanı məhv edəcəyini göstərdi (Vəhy 20:7—10).

14—16. İsanın birinci əsrdəki şagirdləri onun dediklərinin hamısını tam başa düşürdülərmi? İzah edin.

14 Bu kitabın 1-ci fəslindən gördüyümüz kimi, İsa Padşahlıq barədə ətraflı danışırdı. Ancaq o, çox vaxt şagirdlərinin bilmək istədikləri təfərrüatların hamısını açıqlamırdı. Hətta açıqlasa belə, onun davamçıları Ağalarının onlara dediyi həqiqətləri sonra, bəzən isə yüzilliklər keçdikdən sonra tam başa düşürdülər. Gəlin bəzi nümunələrə nəzər salaq.

15 Eramızın 33-cü ilində İsa aydın şəkildə bildirdi ki, Allahın Padşahlığının Padşahına kömək edəcək hakimiyyət şərikləri yer üzündən götürüləcəklər və ruhani varlıqlar kimi dirildilərək göylər həyatına qovuşacaqlar. Ancaq İsanın şagirdləri bunu dərhal anlamadılar (Dən. 7:18; Yəh. 14:2—5). Elə həmin il İsa nümunələrlə göstərdi ki, Padşahlıq o, göyə qalxandan uzun müddət sonra qurulacaq (Mət. 25:14, 19; Luka 19:11, 12). Şagirdlər bu vacib həqiqətləri başa düşmədilər və İsa dirildikdən sonra ondan soruşdular: «İsraildə padşahlığı indi bərpa edəcəksən?» Lakin İsa həmin vaxt bu mövzuya dair heç bir izahat vermədi (Həv. 1:6, 7). O həmçinin öyrətmişdi ki, onun hakimiyyət şəriklərindən ibarət «kiçik sürü»yə daxil olmayan «başqa qoyunlar»ı da olacaq (Yəh. 10:16; Luka 12:32). İsanın davamçılarının 1914-cü ildə Padşahlıq qurulandan illər sonra bu iki qrup barədə düzgün anlayışları oldu.

16 Yer üzündə yaşayarkən İsa şagirdlərinə çox şey danışa bilərdi, ancaq onlar hər şeyi başa düşməyəcəklərini bilirdi (Yəh. 16:12). Şübhəsiz, Padşahlıqla bağlı bir çox məlumatlar artıq birinci əsrdə açıqlanmışdı. Ancaq bu kimi biliklərin çoxalmasının hələ vaxtı deyildi.

Axırzamanda elm çoxalır

17. Padşahlıqla bağlı həqiqətləri anlamaq üçün biz nə etməliyik və kimin köməyinə ehtiyacımız var?

17 Yehova Allah Dənyala demişdi ki, axırzamanda «çoxları özünü ora-bura vuracaq» və Allahın niyyəti ilə bağlı «həqiqi elm çoxalacaq» (Dən. 12:4). Bu biliyə yiyələnmək istəyən hər kəs var-gücü ilə çalışmalıdır. Bir ensiklopediyada qeyd olunur ki, «özünü ora-bura vurmaq» kimi tərcümə olunan ibrani feli insanın oxuduğu kitabı səylə və dərindən araşdırdığını bildirir. Müqəddəs Kitabı nə dərəcədə dərindən araşdırsaq da, Padşahlıqla bağlı həqiqətləri Yehovanın köməyi olmadan düzgün başa düşmək qeyri-mümkündür. (Mətta 13:11 ayəsini oxuyun.)

18. Allah qorxusu olan insanlar iman və təvazökarlığı necə göstərmişdilər?

18 Yehova 1914-cü ilə qədər Padşahlıqla bağlı həqiqətləri tədricən açıqladığı kimi, son günlərdə də bunu edir. Bu kitabın 45-ci fəsillərində görəcəyik ki, son 100 il ərzində Allahın xalqı bir çox məsələlərlə bağlı dəfələrlə dəyişikliklər etməli olub. Bu o deməkdirmi ki, Yehova onları dəstəkləməyib? Belə qənaətə gəlməyə heç bir səbəb yoxdur. Əksinə, O, həmişə onları dəstəkləyib. Çünki ürəyində Allah qorxusu olan bu insanlar Onun dəyərləndirdiyi iki xüsusiyyəti — imanı və təvazökarlığı təzahür etdirirdilər (İbr. 11:6; Yaq. 4:6). Yehovanın xidmətçiləri Onun Kəlamında yazılan bütün vədlərin həyata keçəcəyinə iman edirlər. Onlar bu peyğəmbərliklərin necə yerinə yetəcəyini dəqiq başa düşmədiklərini etiraf etməklə təvazökarlıq göstərirlər. Onların təvazökar olduqları «Gözətçi qülləsi» jurnalının 1925-ci il 1 mart sayında yazılan sözlərdə əks olunmuşdu. Orada deyilirdi: «Biz bilirik ki, Müqəddəs Kitabı izah edən Rəbb Özüdür. O, həqiqətləri xalqına münasib vaxtda və lazım bildiyi tərzdə anlamağa kömək edəcək».

«Rəbb... həqiqətləri xalqına münasib vaxtda və lazım bildiyi tərzdə anlamağa kömək edəcək»

19. Bu gün Yehova bizə nəyi anlamağa imkan verir və nəyə görə?

19 Padşahlıq 1914-cü ildə qurulanda Allahın xalqı bu səmavi hökumətlə bağlı peyğəmbərliklərin necə həyata keçəcəyinə dair tam biliyə malik deyildi (1 Kor. 13:9, 10, 12). Bəzən biz Allahın vədlərinin yerinə yetməsini o qədər çox arzulayırdıq ki, sonda yanlış nəticələrə gəlirdik. Əvvəlki abzasda gətirilən «Gözətçi qülləsi» jurnalında qeyd olunan növbəti sözlərin nə dərəcədə müdrik olduğu illər ötdükcə öz təsdiqini tapdı: «Görünür, növbəti qaydaya uyğun olaraq hərəkət etmək təhlükəsiz olardı: biz peyğəmbərliyi yerinə yetməmiş və ya yerinə yetməyə başlamamış anlaya bilmərik». İndi son, demək olar ki, qapımızın ağzındadır. Padşahlıqla bağlı peyğəmbərliklərin bəziləri artıq yerinə yetib, bəziləri isə yerinə yetməkdədir. Allahın xalqı olan bizlər təvazökar və düzəlməyə hazır olduğumuz üçün O, bizə niyyətini tam başa düşməyə imkan verir. Bəli, həqiqi elm çoxalır!

Təlim dəyişiklikləri — Allahın xalqı üçün sınaq

20, 21. Həqiqətlə bağlı anlayışlarında edilən dəyişikliklər birinci əsrdəki məsihilərə necə təsir etdi?

20 Yehova həqiqətlə bağlı anlayışımıza dəyişiklik edəndə ürəyimizin vəziyyəti sınanır. İman və təvazökarlıq bizi bu dəyişiklikləri qəbul etməyə təşviq edəcəkmi? Birinci əsrin ortalarında yaşayan məsihilər məhz bu cür sınaqla üzləşmişdilər. Təsəvvür edin ki, siz məsihiliyi qəbul etmiş yəhudisiniz və həmin dövrdə yaşayırsınız. Musanın qanununa dərin ehtiram bəsləyir və yəhudi olduğunuz üçün qürur duyursunuz. Və budur, həvari Bulusun Allahdan ilham alaraq yazdığı məktublarını alırsınız. Orada deyilir ki, artıq Musanın qanununa riayət etmək tələb olunmur və Yehova İsrail xalqını rədd edərək yəhudilərdən və qeyri-yəhudilərdən ibarət ruhani İsrail toplamaq qərarına gəlib (Rom. 10:12; 11:17—24; Qal. 6:15, 16; Kol. 2:13, 14). Siz buna necə münasibət göstərərdiniz?

21 Təvazökar məsihilər Bulusun Allahdan ilham alaraq verdiyi izahatları qəbul etdilər və Yehovadan xeyir-dua aldılar (Həv. 13:48). Digərləri isə bildiklərinə bağlı qalmaq istədikləri üçün dəyişiklikləri qəbul etmədilər (Qal. 5:7—12). Öz nöqteyi-nəzərlərində dəyişikliklər etməyənlər, Məsihlə bərabər hakimiyyət sürmək kimi gözəl üstünlüyü itirəcəkdilər (2 But. 2:1).

22. Allahın niyyətlərinin açıqlaması ilə bağlı edilən dəyişikliklərə necə yanaşırsınız?

22 Son bir neçə onilliklər ərzində Yehova Padşahlıqla bağlı anlayışımıza aydınlıq gətirib. Məsələn, Allah bizə Padşahlığın təbəələrinin həqiqətə hay verməyənlərdən, qoyunlar keçilərdən ayrıldığı kimi, nə zaman ayırılacağını daha dəqiq anlamağa kömək edib. O, həmçinin 144 000-nin nə vaxt tamamlanacağını, İsa peyğəmbərin Padşahlıqla bağlı gətirdiyi məsəllərin mənasını və sonuncu məsh olunmuşun göylərə nə zaman qaldırılacağını öyrədib d. Təlim dəyişikliklərinə necə hay verirsiniz? Onlar sizin imanınızı möhkəmləndirirmi? Bu cür düzəlişlər sizin üçün Yehovanın Öz təvazökar xalqını maarifləndirdiyinə sübutdurmu? Bu kitabın növbəti fəsilləri Allahın Öz niyyətini Ondan qorxanlara tədricən açıqladığına əminliyinizi artıracaq.

a Allahın adı «olmaq» mənasını daşıyan ibrani felindən yaranıb. Yehovanın adının mənası odur ki, O, vədlərinin İcraçısıdır. 43-cü səhifədəki «Allahın adının mənası» adlı çərçivəyə baxın.

b Bizim üçün bu, çox uzun müddət görünə bilər, ancaq yadımızdan çıxartmamalıyıq ki, keçmişdə insanlar daha uzunömürlü idilər. Adəmdən İbrahimə kimi cəmi dörd nəsil yaşayıb: Adəmin həyatı Nuhun atası Ləmeklə, Ləmekin həyatı Nuhun oğlu Samla, Samın həyatı isə İbrahimin həyatı ilə kəsişib (Yar. 5:5, 31; 9:29; 11:10, 11; 25:7).

c İbranicə Müqəddəs Yazılarda «Şeytan» adına 18 dəfə rast gəlinir. Halbuki Yunanca Müqəddəs Yazılarda həmin ad 30 dəfədən çox xatırlanır. Bu normaldır, çünki İbranicə Müqəddəs Yazılarda Şeytana həddən artıq diqqət yetirilmir, əsas diqqət Məsihin kimliyini müəyyən etməyə yönəldilib. Məsih gələndə isə o, Şeytanı ifşa etdi və bu haqda Yunanca Müqəddəs Yazılarda yazılıb.

d Bu təlimlərlə bağlı bəzi düzəlişlər «Gözətçi qülləsi» jurnalının növbəti saylarında müzakirə olunur: 1995-ci il 15 oktyabr, səhifə 23—28 (rus.); 2008-ci il 15 yanvar, səhifə 20—24; 2008-ci il 15 iyul, səhifə 17—21; 2013-cü il 15 iyul, səhifə 9—14.