Kontentə keç

Mündəricatı göstər

DƏRS 4

Allah haqqında biliyi necə almaq olar

Allah haqqında biliyi necə almaq olar

Müqəddəs Kitabı oxumaqla Yehova haqqında öyrənə bilərsən. Keçmişdə Allah bir neçə adam seçib Öz fikirlərini onlara yazdırmışdı. Həmin yazılar «Müqəddəs Kitab» adlanır. Bu gün biz Müqəddəs Kitabı oxumaqla Allahla tanış oluruq. Müqəddəs Kitab Yehovanın kəlamlarından, yəni göndərdiyi xəbərlərdən ibarət olduğu üçün, həm də «Allahın Kəlamı» adlanır. Biz Müqəddəs Kitabda yazılanlara inana bilərik, çünki Yehova heç vaxt yalan danışmır. Allahın yalan danışması mümkün deyil (İbranilərə 6:18). Allahın Kəlamında həqiqət yazılıb (Yəhya 17:17).

Müqəddəs Kitab Allahın bizə verdiyi ən qiymətli hədiyyələrdən biridir. Bu kitabı övladlarını sevən atanın onlara yazdığı məktuba bənzətmək olar. Bu kitabda yazılıb ki, Allah yer üzünü gözəl yaşayış yerinə, Cənnətə çevirəcəyinə söz verib. Müqəddəs Kitab bizə Allahın Öz sadiq övladları üçün keçmişdə və indi nə etdiyini və gələcəkdə nələr edəcəyini bildirir. O həmçinin problemləri həll etməkdə və xoşbəxt olmaqda bizə kömək edir (2 Timutiyə 3:16, 17).

Yehovanın Şahidləri Allahın dostlarıdır; onlar sənə Müqəddəs Kitabın təlimlərini öyrətməyə hazırdırlar. Sadəcə bu adamlara Müqəddəs Kitabı öyrənmək istədiyini de. Dərs keçmək üçün onlar pul götürmürlər (Mətta 10:8). Bundan əlavə, sən onların yığıncaq görüşlərinə də gedə bilərsən. Bu görüşlər onların ibadət evlərində keçirilir. Əgər bu görüşlərdə iştirak etsən, Allah haqqında biliyin tez bir vaxtda artacaq.

Sən Allahın yaratdıqlarından Onun haqqında öyrənə bilərsən. Məsələn, Müqəddəs Kitabda yazılıb: «Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1). Yehova «göyləri» yaradanda günəşi də yaratdı. Bu bizə Allah haqqında nə deyir? Onun çox güclü olduğunu. Yalnız Allah günəş kimi güclü bir cisim yarada bilərdi. Günəş həm də Yehovanın çox müdrik olduğunu bildirir, çünki istilik və işıq verən, amma tükənməyən bir cisim yaratmaq üçün müdriklik lazımdır.

Yehovanın yaratdıqları Onun bizi sevdiyini bildirir. Yer üzündəki cürbəcür meyvələri yada sal. Yehova bizə cəmi bir meyvə verə bilərdi. İstəsəydi, ümumiyyətlə heç bir meyvə verməzdi. Amma Allah bizə müxtəlif formalı, ölçülü, rəngli və dadlı cürbəcür meyvələr verdi. Bütün bunlar Yehovanın sevən Allah olmaqla yanaşı, çox səxavətli, qayğıkeş və mehriban olduğunu bildirir (Zəbur 104:24).