Kontentə keç

Mündəricatı göstər

DƏRS 6

Cənnət yaxındır!

Cənnət yaxındır!

Yer üzündə törədilən pislik, tezliklə Cənnətin qurulacağını bildirir. Müqəddəs Kitabda deyilir ki, Cənnət qurulmazdan əvvəl çox çətin zəmanə olacaq. İndi biz həmin zəmanədə yaşayırıq! Müqəddəs Kitabın xəbərdarlıq etdiyi bəzi hadisələr bunlardır:

Böyük müharibələr. «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq» (Mətta 24:7). Bu peyğəmbərlik artıq yerinə yetmişdir. ­1914-cü ildən başlayaraq, iki dünya müharibəsi və çoxsaylı kiçik miqyaslı müharibələr baş vermişdir. Bu müharibələrdə milyonlarla insan həlak olmuşdur.

Geniş yayılmış xəstəliklər. «Gah burada, gah orada... xəstəliklər olacaq» (Luka 21:11). Bu peyğəmbərlik gerçəkləşibmi? Bəli. Xərçəng, ürək xəstəlikləri, vərəm, malyariya, QİÇS və digər xəstəliklər milyonlarla insanın həyatına son qoymuşdur.

Qıtlıq. Yer üzündə bir çox insan doyunca yemək üçün qida tapmır. Hər il milyonlarla adam acından ölür. Bu, Cənnətin tezliklə qurulacağına daha bir nişanədir. Müqəddəs Kitabda deyilmişdi: «Qıtlıq olacaq» (Mark 13:8).

Zəlzələlər. «Gah burada, gah orada... zəlzələlər olacaq» (Mətta 24:7). Bu peyğəmbərlik də bizim dövrümüzdə yerinə yetir. 1914-cü ildən bəri milyondan çox adam zəlzələlərdə həlak olmuşdur.

Pis adamlar. Adamlar «pulpərəst» və «xudbin» olacaq, yəni yalnız özlərini sevəcəklər. Onlar «Allahdan çox eyş-işrəti sevəcəklər». Uşaqlar valideynlərinə itaət etməyəcəklər (2 Timutiyə 3:1—5). Məgər bu gün insanların əksəriyyəti belə deyil? Belə adamlar Allahdan qorxmur və Onun haqqında öyrənmək istəyənləri incidirlər.

Cinayətkarlıq. Həmçinin «hərc-mərclik baş alıb» gedəcək (Mətta 24:12). Yəqin razılaşarsan ki, əvvəlki illərə nisbətən indi cinayətkarlıq qat-qat çoxalıb. İnsanlar hər yerdə soyğunçuluq, yalan və ya digər təhlükələrlə qarşılaşırlar.

Bütün bunlar Allahın Padşahlığının yaxın olduğunu göstərir. Müqəddəs Kitabda deyilir: «Bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxındadır» (Luka 21:31). Allahın Padşahlığı nədir? Bu, Allahın yer üzünü Cənnətə döndərəcək göydəki hökumətidir. Allahın Padşahlığı insan hakimiyyətlərini əvəz edəcək (Dənyal 2:44).