Kontentə keç

Mündəricatı göstər

DƏRS 11

Yalan dini rədd et!

Yalan dini rədd et!

Şeytan və onun cinləri sənin Allaha xidmət etməyini istəmirlər. Onlar hər kəsi Allahdan uzaqlaşdırmaq istəyirlər. Necə? Məsələn, yalan din vasitəsilə (2 Korinflilərə 11:13—15). Yalan din Müqəddəs Kitab həqiqətlərini öyrətmir. Yalan din saxta pul kimidir. Belə pul həqiqi pula bənzəyir, lakin dəyəri yoxdur. O həm də adamın başına bəla gətirə bilər.

Həqiqət Allahı Yehova dini saxtakarlığı heç vaxt bəyənməyəcək. İsa yer üzündə olanda bir dinin nümayəndələri onu öldürmək istəyirdilər. O insanlar elə düşünürdülər ki, düzgün ibadət edirlər. Onlar belə deyirdilər: «Bizim bir Atamız var, o da Allahdır». İsa onlarla razılaşdı? Yox! O dedi: «Sizin atanız İblisdir» (Yəhya 8:41, 44). Bu gün bir çox adam Allaha ibadət etdiyini düşünür, əslində isə Şeytana və onun cinlərinə xidmət edir (1 Korinflilərə 10:20).

Çürük ağac pis meyvə gətirdiyi kimi, yalan din də pis işlər görən insan yetişdirir. Adamların törətdiyi pis işlərin ucbatından dünya əzab-əziyyətlə doludur. Hər yanda əxlaqsızlıq, dava-dalaş, oğurluq, zülm, qətl və zorlama halları baş alıb gedir. Bu pis işləri görən adamların bir çoxu hansısa bir dinə etiqad edir, amma bu dinlər adamları yaxşı işlərə sövq etmir. Pis işlərdən əl çəkməsələr, onlar Allahla dostlaşa bilməzlər (Mətta 7:17, 18).

Yalan din bütlərə dua etməyi öyrədir. Allah bütlərə dua etməyi qadağan edir. Bu ağlabatandır. Kimsə sənin əvəzinə daima şəklinlə söhbət etsə xoşuna gələr? Belə adam sənə əsl dost ola bilər? Yox, ola bilməz. Yehova istəyir ki, insanlar cansız müqəvvalarla və ya şəkillərlə yox, Onunla danışsınlar (Çıxış 20:4, 5).

Yalan din öyrədir ki, müharibədə adam öldürmək günah sayılmır. İsa demişdi ki, Allahın dostları arasında məhəbbət olmalıdır. Biz sevdiyimiz adamları öldürmürük (Yəhya 13:35). Pis adamları da öldürmək olmaz. Düşmənləri İsanı həbs etməyə gələndə o qoymadı ki, şagirdləri onu müdafiə etsinlər (Mətta 26:51, 52).

Yalan din pis adamların cəhənnəmdə əzab çəkəcəyini öyrədir. Müqəddəs Kitab isə öyrədir ki, günah ölümə aparır (Romalılara 6:23). Yehova məhəbbət Allahıdır. Heç sevən Allah adamlara əbədi əzab verər? Qətiyyən yox! Cənnətdə təkcə bir din, Yehovanın bəyəndiyi din olacaq (Vəhy 15:4). Şeytanın uydurmalarına əsaslanmış bütün dinlər yox olacaq.