Kontentə keç

Mündəricatı göstər

Mətta 5—7 fəsillər

Mətta 5—7 fəsillər

5 İsa izdihamı görəndə dağa qalxıb əyləşdi, sonra şagirdləri yanına gəldilər. 2 İsa vəz etməyə başladı:

3 «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır.

4 Dərd çəkənlər xoşbəxtdir, çünki onlar təsəlli tapacaqlar.

5 Həlimlər xoşbəxtdir, çünki Yer onların olacaq.

6 Salehlik üçün susayıb ona can atanlar xoşbəxtdir, çünki onlar doyacaqlar.

7 Rəhmdillilər xoşbəxtdir, çünki onlara mərhəmət göstəriləcək.

8 Ürəyitəmizlər xoşbəxtdir, çünki onlar Allahı görəcəklər.

9 Sülhpərvərlər xoşbəxtdir, çünki onlara Allahın oğulları deyiləcək.

10 Salehlik yolunda təqib olunanlar xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır.

11 Mənə görə insanlar sizi təhqir və təqib edəndə, sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz! 12 Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər.

13 Siz dünyanın duzusunuz. Ancaq duz öz dadını itirsə, onun dadını necə qaytarmaq olar? O artıq heç nəyə yaramır. Onu çölə, ayaq altına atırlar.

14 Siz dünyanın nurusunuz. Dağın başında yerləşən şəhər gizli qala bilməz. 15 Çırağı yandıranda onu səbət altına qoymurlar, əksinə, çıraqdana qoyurlar ki, evdəkilərin hamısına işıq saçsın. 16 Eynilə, qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər.

17 Elə bilməyin ki, mən Tövratı və ya Peyğəmbərlərin kitabını ləğv etməyə gəlmişəm. Xeyr, mən onları ləğv etməyə yox, yerinə yetirməyə gəlmişəm. 18 Əmin ola bilərsiniz: yer və göy yox olar, amma Tövratdan bircə hərfin nöqtəsi belə, yox olmaz, hər şey yerinə yetər. 19 Buna görə də kim bu əmrlərin ən kiçiyindən birini pozsa və insanlara da bunu öyrətsə, səmavi Padşahlığa yaramayacaq. Amma onlara əməl edən və başqalarına da bunu öyrədən səmavi Padşahlığa yarayacaq. 20 Bilin və agah olun: əgər sizin salehliyiniz mirzələrin və fərisilərin salehliyindən üstün olmasa, siz səmavi Padşahlığa əsla girməyəcəksiniz.

  21 Qədimdə insanlara: “Adam öldürmə. Kim qatillik edərsə, məhkəmə qarşısında cavab verəcək” deyildiyini eşitmisiniz. 22 Mən isə sizə deyirəm: kim bir adama qarşı ürəyində qəzəb saxlayırsa, məhkəmə qarşısında cavab verəcək; kim bir adamı söyərsə, Ali Məhkəmə qarşısında cavab verəcək; amma kim ona: “Axmaq insan!” deyərsə, odlu-alovlu Hinnom vadisinə a düşə bilər.

23 Əgər bəxşişini qurbangaha gətirəndə yadına düşsə ki, kimsə səndən inciyib, 24 bəxşişi orada, qurbangahın qarşısında qoy. Əvvəlcə get onunla barış, sonra gəl bəxşişini təqdim et.

25 Rəqibinlə məhkəməyə gedəndə, hələ yolda ikən, çalış məsələni tez həll edəsən. Yoxsa o səni hakimə, hakim də səni məhkəmə icraçısına verər və həbsə düşərsən. 26 Bunu bil ki, axırıncı qəpiyini verməyincə oradan çıxmayacaqsan.

27 “Zina etmə” deyildiyini eşitmisiniz. 28 Mən isə sizə deyirəm: qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur. 29 Ona görə də sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at. Çünki bütün bədəninin Hinnom vadisinə b atılmağındansa, bədəninin bir üzvünü itirməyin daha yaxşıdır. 30 Həmçinin əgər sağ əlin səni günaha sürükləyirsə, onu kəsib at. Çünki bütün bədəninin Hinnom vadisinə c düşməyindənsə, bədəninin bir üzvündən məhrum olmağın daha yaxşıdır.

31 Həmçinin belə deyilib: “Arvadını boşayan qoy ona talaq kağızı versin”. 32 Mən isə sizə deyirəm: arvadını əxlaqsızlıqdan d başqa digər səbəbə görə boşayan hər kəs həmin qadını zinaya vadar edir, boşanmış qadınla evlənən kişi də zina edir.

33 Həmçinin qədimdə atalarımıza deyilmiş bu sözü eşitmisiniz: “İçdiyin andı pozma, Yehovaya dediyin nəziri yerinə yetir”. 34 Mən isə sizə deyirəm, ümumiyyətlə, and içməyin. Nə göyə, çünki göy Allahın taxtıdır; 35 nə yerə, çünki yer Onun ayağının altındakı kətildir; nə Yerusəlimə, çünki Yerusəlim böyük Padşahın şəhəridir. 36 Öz başınıza da and içməyin, çünki başınızdakı bir tükü belə, nə ağ, nə də qara edə bilməzsiniz. 37 Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun. Bundan artığı Şərirdəndir e.

38 “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39 Mən isə deyirəm: pis adama müqavimət göstərmə, amma kim sənin sağ yanağına şillə vurarsa, o biri yanağını da ona çevir. 40 Kim səni məhkəməyə verib köynəyini tələb edərsə, üst paltarını da ona ver və 41 əgər hakimiyyət sahibi səni bir kilometr yol getməyə məcbur edirsə, onunla iki kilometr get. 42 Səndən bir şey istəyənə ver və səndən borc f istəyəni geri qaytarma.

43 “İnsanları sev, amma düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44 Mən isə sizə deyirəm: düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin. 45 Beləcə, göydəki Atanızın oğulları olacaqsınız. O, günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun. Yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın. 46 Əgər təkcə sizi sevənləri sevirsinizsə, bundan nə fayda? Məgər vergiyığanlar da belə etmirlər? 47 Əgər təkcə soydaşlarınızı salamlayırsınızsa, məgər qeyri-adi bir iş görürsünüz? Məgər başqa xalqlardan olanlar da belə etmirlər? 48 Buna görə də göydəki Atanız kamil olduğu kimi, siz də kamil olmalısınız.

6 İnsanlar görsün deyə, salehliyinizi onların qabağında nümayiş etdirməkdən çəkinin. Yoxsa göydəki Atanızdan mükafat almayacaqsınız. 2 Buna görə də sədəqə verəndə ikiüzlülər kimi aləmə car çəkmə. İnsanlardan tərif almaq üçün onlar sinaqoqlarda və küçələrdə belə edirlər. Bunu bilin ki, onlar artıq mükafatlarını bütövlüklə alıblar. 3 Amma sən sədəqə verəndə qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin, 4 qoy sədəqən gizli qalsın. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.

5 Həmçinin dua edəndə ikiüzlülərə bənzəməyin. Onlar özlərini insanlara göstərmək üçün sinaqoqlarda və baş küçələrin tinində durub dua etməyi sevirlər. Bunu bilin ki, onlar artıq mükafatlarını bütövlüklə alıblar. 6 Sən isə dua edəndə otağına gir, qapını bağla və gözəgörünməz Atana dua et. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək. 7 Dua edəndə başqa xalqlardan olanlar kimi eyni sözləri təkrar-təkrar deməyin. Onlar düşünürlər ki, çox söz deməklə duaları eşidiləcək. 8 Onlara bənzəməyin, çünki Atanız sizin nəyə ehtiyac duyduğunuzu Ondan istəməzdən əvvəl bilir.

9 Buna görə də bu cür dua edin:

“Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. 10 Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin. 11 Bu gün bizə bugünlük ruzimizi ver 12 və günahlarımızı bağışla, necə ki özümüz də bizə qarşı günah işləyənləri bağışlamışıq. 13 Qoyma yolumuzu azaq, bizi Şərirdən xilas et”.

14 Əgər insanların təqsirlərini bağışlayırsınızsa, göydəki Atanız da sizi bağışlayacaq. 15 Lakin onların təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq.

16 Oruc tutanda daha özünüzü ikiüzlülər kimi pərişan göstərməyin. Camaat onların oruc tutduğunu görsün deyə, özlərini qəmli göstərirlər. Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar. 17 Sən isə oruc tutanda başına yağ sürt və üzünü yu ki, 18 sənin oruc tutduğunu insanlar yox, gözəgörünməz Atan görsün. Onda gizli dərgahından hər şeyi görən Atan sənə əvəzini verəcək.

19 Özünüzə yerdə xəzinə toplamayın. Burada onu güvə yeyir və pas xarab edir, oğrular da girib oğurlayır. 20 Əvəzində xəzinənizi göydə toplayın. Orada onu nə güvə yeyir, nə pas xarab edir, nə də oğrular girib oğurlayır. 21 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq.

22 Bədənin çırağı gözdür. Əgər gözün toxdursa, bütün bədənin nur içində olacaq. 23 Yox əgər gözün acdırsa, bütün bədənin zülmət içində olacaq. Səndə olan işıq zülmətdirsə, bu zülmət necə də qatıdır!

24 Heç kim iki ağaya qulluq edə bilməz. Ya birinə nifrət edib digərini sevəcək, ya da birinə sədaqət göstərib, digərini saymayacaq. Siz həm Allahın, həm də var-dövlətin qulu ola bilməzsiniz.

25 Buna görə sizə deyirəm, “nə yeyəcəyik?”, “nə içəcəyik?” deyə canınızdan ötrü, “nə geyəcəyik?” deyə bədəninizdən ötrü daha qayğı çəkməyin. Məgər can yeməkdən, bədən geyimdən qiymətli deyil? 26 Quşlara fikir verin. Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin göydəki Atanız onları yedizdirir. Məgər siz onlardan qiymətli deyilsiniz? 27 Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər? 28 Həmçinin geyimdən ötrü niyə narahat olursunuz? Zanbaqların necə boy atdığına fikir verin. Onlar nə zəhmət çəkir, nə də ip əyirir, 29 amma bunu bilin ki, heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir. 30 Əgər Allah bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə, ey az imanlılar, məgər sizi geyindirməyəcək? 31 Buna görə də “nə yeyəcəyik?”, “nə içəcəyik?”, “nə geyəcəyik?” deyə heç vaxt narahat olmayın. 32 Çünki bütün bunların dalınca başqa xalqlar qaçır. Sizin göydəki Atanız isə bütün bunlara ehtiyac duyduğunuzu bilir.

33 Beləliklə, Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun, onda bütün bunlar sizə veriləcək. 34 Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir.

7 Daha insanları mühakimə etməyin, yoxsa özünüz də mühakimə olunarsınız. 2 Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız. Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər. 3 Niyə başqasının gözündə çöpü görürsən, amma öz gözündə tiri görmürsən? 4 Öz gözündə tir ola-ola sən başqasına necə deyirsən: “Gəl gözündəki çöpü çıxarım”? 5 Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, onda aydın görüb başqasının gözündəki çöpü çıxara bilərsən.

6 Müqəddəs şeyləri itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki, onlar mirvariləri tapdalamasınlar, sonra da çönüb sizi parçalamasınlar.

7 Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar. 8 Çünki diləyən istədiyini alır, axtaran tapır və qapını döyənə açırlar. 9 Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin? 10 Yaxud balıq istəyəndə ona ilan versin? 11 Əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Atanız Ondan istəyənlərə gözəl nemətlər verməyəcək?

12 Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əslində, Tövrat və Peyğəmbərlərin kitabı da məhz bunu deyir.

13 Dar qapıdan girin, çünki məhvə aparan qapı enli, yol isə genişdir və çox adam bu yolla gedir. 14 Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır.

15 Özünüzü yalançı peyğəmbərlərdən gözləyin. Onlar yanınıza qoyun cildində gəlirlər, halbuki daxildə yırtıcı canavardırlar. 16 Onları bəhrələrindən tanıyacaqsınız. Heç tikan kolundan üzüm, qanqal kolundan əncir yığarlar? 17 Eynilə də hər yaxşı ağac yaxşı meyvə verir, çürük ağac isə yararsız meyvə verir. 18 Yaxşı ağac yararsız meyvə gətirə bilməz, çürük ağac da yaxşı meyvə gətirə bilməz. 19 Yaxşı meyvə gətirməyən hər ağacı kəsib oda atırlar. 20 Beləliklə, onları bəhrələrindən tanıyacaqsınız.

21 Mənə “Ağa, Ağa” deyən hər kəs səmavi Padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək. 22 O gün çoxları mənə deyəcək: “Ağa, Ağa, məgər biz sənin adınla peyğəmbərlik etmirdik? Məgər sənin adınla cinləri qovmurduq? Məgər sənin adınla çoxlu möcüzələr göstərmirdik?” 23 O zaman onlara deyəcəyəm: “Mən sizi tanımıram! Rədd olun, qanunsuzluğun qulluğunda duranlar!”

24 Beləliklə, mənim sözlərimi eşidib onlara əməl edən evini daş üzərində tikmiş ağıllı adama bənzəyir. 25 Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi, lakin ev uçmadı, çünki təməli daş üzərində qoyulmuşdu. 26 Amma mənim sözlərimi eşidib onlara əməl etməyən evini qum üzərində tikmiş ağılsız adama bənzəyir. 27 Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi. Ev uçub darmadağın oldu».

28 İsa sözünü qurtaranda camaat onun necə vəz etdiyinə heyran qaldı. 29 Çünki İsa onların mirzələri kimi yox, ixtiyar sahibi kimi vəz edirdi.

a (İbr. geh-hinnom. «Cəhənnəm» sözü də bu ifadədən əmələ gəlmişdir.) Qədim Yerusəlimdən cənubda və cənub-qərbdə, şəhərin kənarında yerləşən, zibil yandırılan yer. Hinnom vadisində insanların və ya heyvanların diri-diri yandırıldığına, yaxud onlara işgəncə verildiyinə heç bir dəlil yoxdur. Beləcə, həmin yer insan ruhlarının alovda yanıb əbədi işgəncə çəkdiyi gözəgörünməz məkanın simvolu ola bilməz. İsa Məsih və onun ardıcılları Hinnom vadisi ifadəsini «ikinci ölümün», yəni əbədi məhvin rəmzi olaraq işlədirdi.

b  5:22 haşiyəsinə bax.

c  5:22 haşiyəsinə bax.

d Yun. porneya. Hər növ qeyri-qanuni cinsi əlaqə. Buraya həyat yoldaşına xəyanət, fahişəlik, nikahdan xaric, eyni cinslər arasında və ya heyvanla cinsi əlaqə daxildir.

e Yəni Şeytandandır.

f Yəni sələmsiz borc.