Kontentə keç

Mündəricatı göstər

FƏSİL 8

Yehovanın xalqı təmiz olmalıdır

Yehovanın xalqı təmiz olmalıdır

«Pak qalıb müqəddəs olun, çünki Mən müqəddəsəm» (LAVİLİLƏR 11:44, 45).

1—3. a) Nəyə görə ana oğlunun təmizliyinə diqqət yetirir? b) Nəyə görə Yehova xalqının təmiz olmasını istəyir?

 TƏSƏVVÜR ET Kİ, ana balaca oğlunu məktəbə yola salır. O, uşağın əl-üzünün, əyin-başının təmizliyinə, səliqəsinə diqqət yetirir. Çünki bu, övladının sağlamlığı üçün vacibdir. Həmçinin valideynin övladına yaxşı baxdığını göstərir.

2 Atamız Yehova da bizim təmiz və pak olmağımızı istəyir (Lavililər 11:44, 45). O bilir ki, təmiz olmaq bizim xeyrimizədir. Həm də biz təmiz olanda Ona şərəf gətiririk (Hizqiyal 36:22; 1 Butrus 2:12 ayəsini oxu).

3 Təmiz olmaq nə deməkdir? Nəyə görə bu bizim xeyrimizədir? Bu sualları araşdırdıqca həyatımızda dəyişiklik etməli olduğumuz sahələri görəcəyik.

BİZ NƏ ÜÇÜN TƏMİZ OLMALIYIQ?

4, 5. a) Nəyə görə təmiz olmalıyıq? b) Təbiətdən Yehovanın təmizliyə münasibəti barədə nə öyrənirik?

4 Yehova Özü təmiz və pak olmaqda nümunədir (Lavililər 19:2). Deməli, ən başlıcası, biz Allaha bənzəmək istədiyimiz üçün təmiz olmalıyıq (Efeslilərə 5:1).

5 Təbiətdən Yehovanın təmizliyə münasibəti barədə çox şey öyrənə bilərik. Yehova havanın və suyun təmizlənməsi üçün təbiətdə dövranlar yaradıb (Ərəmya 10:12). İnsanlar ətraf mühiti çirkləndirsələr də, yer bir çox üsullarla öz-özünü təmizləyir. Məsələn, Yehova bakteriyalar adlanan canlı orqanizmlər yaradıb. Onları yalnız mikroskopla görmək olur. Bakteriyalar zərərli tulantıları zərərsiz maddələrə çevirir. Bu çox mürəkkəb prosesdir. Alimlər hətta bu bakteriyaların bəzilərindən istifadə edib, çirklənmənin nəticələrini aradan qaldırırlar (Romalılara 1:20).

6, 7. Tövratda Yehovaya ibadət edənlərdən təmizlik tələb olunduğu necə vurğulanır?

6 Yehovanın gözündə təmizliyin nə dərəcədə vacib olduğu Tövratdan da görünür. Məsələn, israillilər fiziki cəhətdən təmiz olmalı idilər ki, Yehova onların ibadətini qəbul etsin. Kəffarə günündə baş kahin Ən müqəddəs yerə girdiyi üçün iki dəfə çimməli idi (Lavililər 16:4, 23, 24). Başqa kahinlər də qurban təqdim etməzdən əvvəl əl-ayaqlarını yumalı idilər (Çıxış 30:17—21; 2 Salnamələr 4:6). Bəzi hallarda təmizliklə bağlı qanuna əməl etməməyin cəzası ölüm idi (Lavililər 15:31; Saylar 19:17—20).

7 Bəs bu gün necə? Tövratdan Yehovanın təmizliyə münasibəti barədə çox şey öyrənirik (Məlaki 3:6). Oradan aydın görünür ki, Yehovaya ibadət edənlər təmiz olmalı idilər. Yehovanın tələbləri dəyişməyib. O bu gün də xalqından təmiz və pak olmağı tələb edir (Yaqub 1:27).

TƏMİZ OLMAQ NƏ DEMƏKDİR?

8. Biz hansı sahələrdə təmiz olmalıyıq?

8 Yehovanın nöqteyi-nəzərincə təmizlik sadəcə bədənin, paltarın və evin təmiz olması deyil. Bura bizim ibadətimiz, davranışımız və fikirlərimiz də daxildir. Bəli, Yehovanın gözündə təmiz olmaq üçün biz həyatımızın hər sahəsində təmiz və pak olmalıyıq.

9, 10. Pak ibadət nə deməkdir?

9 Pak ibadət. Bizim yalan dinlə heç bir əlaqəmiz olmamalıdır. İsraillilər Babildə əsarətdə olanda əxlaqsız ayinlər icra edən bütpərəst insanların əhatəsində idilər. Əşiya peyğəmbərlik etmişdi ki, israillilər İsrailə qayıdacaq və pak ibadəti dirçəldəcəklər. Yehova onlara demişdi: «Oranı tərk edin, murdar şeylərə toxunmayın! Oranı tərk edin, özünüzü pak saxlayın» . İsraillilər Babilin yalan dinindəki təlimləri, adət-ənənələri pak ibadətə qarışdırmamalı idilər (Əşiya 52:11).

10 Həqiqi məsihilər bu gün də yalan dindən uzaq dururlar. (1 Korinflilərə 10:21 ayəsini oxu.) Bütün dünyada geniş yayılmış adətlərin, etiqadların çoxu yalan dini təlimlərə əsaslanır. Məsələn, bir çox xalqlar inanır ki, insan öləndən sonra ruhu yaşayır. Bu inancla bağlı çoxlu adətlər var (Vaiz 9:5, 6, 10). Məsihilər belə adətlərdən uzaq durmalıdırlar. Ola bilər ki, ailə üzvlərimiz bizi bu kimi adət-ənənələrdə iştirak etməyə məcbur etsin. Amma biz Yehovanın gözündə təmiz qalmaq istədiyimiz üçün belə təzyiqlərə təslim olmuruq (Həvarilərin işləri 5:29)

11. Təmiz əxlaq nədir?

11 Təmiz əxlaq. Yehovanın gözündə təmiz olmaq üçün biz hər cür cinsi əxlaqsızlıqdan uzaq durmalıyıq. (Efeslilərə 5:5 ayəsini oxu.) Yehova Müqəddəs Kitabda buyurur: «Əxlaqsızlıqdan qaçın». O, aydın şəkildə bildirir ki, tövbə etməyən əxlaqsız adamlar «Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:9, 10, 18; 22-ci əlavəyə bax).

12, 13. Nəyə görə fikirlərimiz təmiz olmalıdır?

12 Təmiz fikirlər. Adətən, insan nə fikirləşirsə, onu da edir (Mətta 5:28; 15:18, 19). Fikirlər təmizdirsə, əməllər də təmiz olacaq. Düzdür, biz qeyri-kamil olduğumuza görə hərdən ağlımıza natəmiz fikirlər gəlir. Belə olanda dərhal bu fikirləri özümüzdən uzaqlaşdırmalıyıq. Yoxsa bir də görəcəyik ki, ürəyimiz təmiz deyil. Bizdə düşüncəmizdəki şeyləri əməldə etmək istəyi yaranacaq. Ona görə də ağlımızı təmiz fikirlərlə doldurmalıyıq. (Filippililərə 4:8 ayəsini oxu.) Odur ki, biz əxlaqsız və ya zorakı əyləncələrdən uzaq dururuq. Oxuduğumuz, baxdığımız şeylərə, danışığımıza fikir veririk (Zəbur 19:8, 9).

13 Allahın məhəbbətində qalmaq üçün ibadətimiz, əxlaqımız və fikirlərimiz təmiz olmalıdır. Ancaq fiziki cəhətdən də təmiz olmağımız Yehova üçün vacibdir.

FİZİKİ CƏHƏTDƏN NECƏ TƏMİZ QALMAQ OLAR?

14. Fiziki təmizlik nəyə görə vacibdir?

14 Bədənimizin, ev-eşiyimizin təmizliyi həm özümüzün, həm də ətrafımızdakı adamların xeyrinədir. Belə olanda özümüzü yaxşı hiss edirik, başqalarına da bizimlə olmaq xoş olur. Tutaq ki, bir uşaq həmişə çirkli gəzir. Onun valideyni haqqında nə fikirləşərdik? Əgər biz də özümüzə baxmasaq, təmizliyimizə fikir verməsək, insanlar Yehova haqda pis fikirləşərlər. Bulus demişdi: «Xidmətimizdə qüsur tapılmasın deyə, biz iman yolunda kimisə büdrədən bir iş görmürük, özümüzü hər cəhətdən Allahın xidmətçiləri kimi göstəririk» (2 Korinflilərə 6:3, 4).

Yehovanın xalqı olduğumuz üçün özümüzü və ev-eşiyimizi təmiz saxlamalıyıq

15, 16. Öz təmizliyimizə necə fikir verməliyik?

15 Gigiyena və geyim. Təmizliyimizə hər gün fikir verməliyik. Məsələn, vaxtlı-vaxtında, əgər mümkündürsə, hər gün çimməliyik. Əllərimizi sabunla yumalıyıq. Yemək bişirməyə hazırlaşanda, yemək yeməmişdən əvvəl, ayaqyolundan çıxandan, çirkli nəyəsə toxunandan sonra əlləri sabunla yumaq lazımdır. Əlləri yumaq adi bir iş olsa da, bakteriyaların və xəstəliyin yayılmasının qarşısını alır. Bu hətta insanı ölümdən xilas edə bilər. Əgər ayaqyolu, yaxud kanalizasiya sistemi yoxdursa, nəcisi basdırmaq lazımdır. Qədimdə israillilərin kanalizasiya sistemləri yox idi. Ona görə də onlar nəcisi evdən və su mənbələrindən uzaqda basdırırdılar (Qanunun təkrarı 23:12, 13).

16 Geyimimizin bahalı, dəbdəbəli olması vacib deyil. Əsas odur ki, üst-başımız təmiz və səliqəli olsun. (1 Timutiyə 2:9, 10 ayələrini oxu.) Biz istəyirik ki, xarici görünüşümüzlə həmişə Yehovanı şərəfləndirək (Titusa 2:10).

17. Nəyə görə ev-eşiyimizi təmiz saxlamalıyıq?

17 Ev-eşiyimiz. Harada yaşayırıqsa-yaşayaq, evimizi təmiz saxlamalıyıq. Həmçinin avtomobil, motosiklet, velisoped və ya digər nəqliyyat vasitəmiz varsa, onu təmiz saxlamalıyıq, xüsusilə də yığıncağa və ya təbliğə gedəndə. Axı təbliğ vaxtı biz insanlara dünyanın təmiz, gözəl cənnətə çevriləcəyindən danışırıq (Luka 23:43; Vəhy 11:18). Ev-eşiyimizi təmiz saxlamaqla göstəririk ki, indidən cənnətə hazırlaşırıq.

18. Nəyə görə ibadət evini təmiz saxlamaq istəyirik?

18 İbadət evimiz. İbadət evlərini və toplantı zallarını təmiz saxlamaqla göstəririk ki, təmizlik bizim üçün vacibdir. Birinci dəfə ibadət evinə gələn adamların diqqətini çox vaxt oranın təmizliyi cəlb edir. Bu, Yehovaya şərəf gətirir.Yığıncaq üzvü kimi, hər birimizin imkanı var ki, ibadət evinin təmizliyinə və təmirinə öz töhfəmizi verək (2 Salnamələr 34:10).

NATƏMİZ VƏRDİŞLƏRDƏN ƏL ÇƏKMƏLİYİK

19. Hansı vərdişləri tərgitməliyik?

19 Müqəddəs Kitabda bütün pis vərdişlər sadalanmır. Amma orada Yehovanın bu kimi əməllərə münasibətini göstərən prinsiplər var. Yehova siqaret çəkməyimizi, spirtli içkilərdən sui-istifadə etməyimizi, yaxud narkotik qəbul etməyimizi istəmir. Əgər biz Allahın dostuyuqsa, belə şeylərdən uzaq duracağıq. Çünki biz həyat ənamına hörmət edirik. Bu cür vərdişlər ömrü gödəldir, həm adamın özünün, həm də ətrafdakıların səhhətinə zərər vurur. Bəzi adamlar sağlamlıqlarına görə pis vərdişləri tərgidirlər. Biz isə Yehovanın dostu olduğumuz üçün bunu ali məqsəddən — Allaha məhəbbətdən irəli gələr edirik. Bir gənc qadın özü haqda deyir: «Yehovanın köməyilə mən həyatımı səliqə-səhmana saldım. Bütün natəmiz vərdişlərdən yaxa qurtardım... Bunları öz gücümə edə bilməzdim». Gəl zərərli vərdişləri tərgitməyə kömək edən beş prinsipi nəzərdən keçirək.

20, 21. Yehova hansı vərdişləri tərgitməyimizi istəyir?

20 «Beləliklə, əzizlərim, bizə verilmiş vədlərin müqabilində gəlin cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək» (2 Korinflilərə 7:1). Yehova istəyir ki, biz əqlimizə və bədənimizə zərər vuran natəmiz vərdişlərdən uzaq olaq.

21 Özümüzü hər cür murdarlıqdan təmizləmək üçün 2 Korinflilərə 6:17, 18 ayələrində tutarlı səbəb gətirilir. Yehova deyir: «Bir də murdar şeylərə toxunmayın». Sonra vəd edir: «Mən sizi qəbul edəcəyəm. Mən sizə Ata olacağam, siz isə Mənim oğullarım və qızlarım olacaqsınız». Bəli, əgər bizi Yehovanın gözündə murdar edən əməllərdən uzaq dursaq, O bizi övladı kimi sevəcək.

22—25. Hansı prinsiplər bizə natəmiz vərdişlərdən yaxa qurtarmağa kömək edəcək?

22 «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev» (Mətta 22:37). Bu ən vacib əmrdir (Mətta 22:38). Yehova sidqi-ürəkdən sevilməyə layiqdir. Bəs əgər ömrümüzü qısaldan, yaxud beynimizi zədələyən bir şeyi ediriksə, Onu sidqi-ürəkdən necə sevə bilərik? Biz əlimizdən gələni etməliyik ki, Allahın verdiyi həyata hörmət edək.

23 «[Yehova] hamıya həyat, nəfəs — hər şey verir» (Həvarilərin işləri 17:24, 25). Əgər dostun sənə xüsusi bir hədiyyə versə, onu atarsan, yaxud məhv edərsən? Həyat da Yehovadan heyrətamiz bir hədiyyədir. Biz bu hədiyyəni ürəkdən qiymətləndiririk. Ona görə də həyatımızı elə yaşamaq istəyirik ki, Yehova şərəflənsin (Zəbur 36:9).

24 «Başqasını özünü sevdiyin kimi sev» (Mətta 22:39). Natəmiz vərdişlər təkcə bizə zərər yetirmir. Bunlar ətrafımızdakı insanlara da zərər yetirir və əksər hallarda, ən çox zərər çəkən bizim sevdiyimiz insanlar olur. Məsələn, siqaret çəkən adamla bir evdə yaşayanlar tüstü udmaqdan ciddi xəstəliyə tutula bilərlər. Amma biz pis vərdişləri tərgitməklə onları sevdiyimizi göstəririk (1 Yəhya 4:20, 21).

25 «Daima onlara xatırlat ki, hakimiyyətə və hökumətə tabe olsunlar, itaət etsinlər» (Titusa 3:1). Bir çox ölkələrdə narkotik maddələr saxlamaq və ya onlardan istifadə etmək qanunla qadağan olunur. Yehova bizə hökumətə hörmət etməyi buyurduğu üçün bu qanunlara tabe olmalıyıq (Romalılara 13:1).

Biz təmiz və pak olanda Yehovanı şərəfləndiririk

26. a) Yehovanın ibadətimizi qəbul etməsi üçün nə etməliyik? b) Nəyə görə pak və təmiz qalmaq istəyirik?

26 Əgər biz Yehovanın dostu olmaq istəyiriksə, yəqin bəzi dəyişikliklər etməli olduğumuzu başa düşəcəyik. Əgər belədirsə, o zaman dərhal hərəkətə keçməliyik. Natəmiz vərdişi tərgitmək həmişə asan olmasa da, mümkündür! Yehova bizə kömək edəcəyinə söz verir. O deyir: «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram» (Əşiya 48:17). Biz təmiz və pak qalmaq üçün əlimizdən gələni edəndə Allahı şərəfləndirdiyimizə əmin ola bilərik.