Kontentə keç

Mündəricatı göstər

FƏSİL 13

Bayram və adətlər

Bayram və adətlər

«Rəbbə nəyin məqbul olduğuna daima əmin olun» (EFESLİLƏRƏ 5:10).

1. Yehovaya düzgün şəkildə ibadət etmək üçün nə etməliyik və nəyə görə?

 İSA MƏSİH demişdi: «Ataya düzgün ibadət edənlər ruha və həqiqətə uyğun ibadət edəcəklər. Çünki Ata Ona bu cür ibadət etmək istəyənləri axtarır» (Yəhya 4:23; 6:44). Hər birimiz «Rəbbə nəyin məqbul olduğuna daima» əmin olmalıyıq (Efeslilərə 5:10). Bu, həmişə asan olmur. Şeytan bizi aldadıb, Yehovanın bəyənmədiyi əməllərə təhrik etmək istəyir (Vəhy 12:9).

2. Sina dağının yaxınlığında nə baş vermişdi?

2 Şeytan bizi aldatmaq üçün nə edir? Onun əl atdığı üsullardan biri nəyin düzgün, nəyin səhv olduğuna dair yanlış düşüncə yaratmaqdır. Bunu İsrail xalqı Sina dağının yaxınlığında düşərgə salanda baş verən əhvalatdan görmək olar. Musa peyğəmbər dağa qalxmışdı, xalq isə düşərgədə onu gözləyirdi. Axırda gözləməkdən yorulub, Harundan xahiş etdilər ki, onlar üçün allah düzəltsin. Harun qızıl dana düzəltdi. Sonra xalq bayram elədi. Onlar dananın ətrafında rəqs edib, ona səcdə qılırdılar. Onlar fikirləşirdilər ki, danaya səcdə qılmaqla Yehovaya ibadət edirlər. Xalq bu bayramı Yehovaya həsr olunmuş bayram adlandırsa da, bu belə deyildi. Yehovanın gözündə bu, bütpərəstlik idi və bu əmələ görə çoxlu israilli öldü (Çıxış 32:1—6, 10, 28). Bundan özümüzə hansı dərsi götürürük? Şeytanın səni aldatmasına yol vermə. Murdar şeylərə toxunma, qoy nəyin düzgün, nəyin səhv olduğunu sənə Yehova öyrətsin (Əşiya 52:11; Hizqiyal 44:23; Qalatiyalılara 5:9).

3, 4. Nəyə görə bayramların kökünü araşdırmaq lazımdır?

3 İsa yer üzündə olanda həvarilərinə pak şəkildə ibadət etməyi öyrətmişdi. Onun ölümündən sonra həvarilər Yehovanın prinsiplərini yeni şagirdlərə öyrətməyə davam edirdilər. Lakin həvarilər öləndən sonra yalançı müəllimlər yığıncağa yanlış fikirlər, bütpərəstlərin adətlərini və bayramlarını gətirdilər. Onlar hətta həmin bayramların bəzilərinin adlarını dəyişib, onlara məsihi bayramı donu geyindirdilər (2 Salonikililərə 2:7, 10; 2 Yəhya 6, 7). O bayramların çoxu hələ də populyardır, onlar hələ də yalan etiqadları, hətta cindarlığı dəstəkləyirlər * (Vəhy 18:2—4, 23).

4 Bu gün bütün dünyada bayram və mərasimlər insanların həyatında mühüm yer tutur. Lakin Yehovanın baxışını öyrəndikcə görəcəksən ki, müəyyən mərasimlərlə bağlı düşüncəni dəyişməlisən. Bu, asan olmaya bilər, lakin əmin ola bilərsən ki, Yehova sənə kömək edəcək. Gəl bəzi məşhur bayram və mərasimlərin kökünü araşdıraq. Bu bizə Yehovanın onlara münasibətini başa düşməyə kömək edəcək.

MİLAD BAYRAMI

5. İsa Məsihin dekabrın 25-də doğulmadığına hansı sübut var?

5 Dünyanın bir çox yerində dekabrın 25-i Milad bayramı keçirilir. Əksər insanlar düşünür ki, İsa Məsih həmin tarixdə doğulub. Müqəddəs Kitabda İsa Məsihin hansı ayda, hansı gündə doğulduğu deyilmir, amma həmin vaxt ilin hansı çağı olduğu haqda müəyyən qədər məlumat verilir. Luka yazır ki, İsa Beytləhmdə doğulanda «çobanlar... çöldə qalıb gecələr sürülərinin keşiyini çəkirdilər» (Luka 2:8—11). Beytləhmdə dekabr ayı soyuq, yağışlı və qarlı keçir. Buna görə də çobanlar gecə sürüləri ilə çöldə qala bilməzdilər. Bundan hansı nəticəyə gəlirik? İsa dekabrda yox, havanın mülayim keçdiyi fəsildə doğulmuşdu. Həm Müqəddəs Kitab, həm də tarixi faktlar sübut edir ki, İsanın doğulması indi sentyabr və oktyabr adlandırdığımız aylara düşür.

6, 7. a) Milad bayramındakı adətlərin çoxunun kökü hara gedib çıxır? b) Hədiyyə verməyimizə səbəb nə olmalıdır?

6 Bəs Milad bayramının kökü haradan gəlir? Bunun da kökü bütpərəstlərin bayramına, məsələn, Romada kənd təsərrüfatı allahı Saturna həsr edilən Saturnaliya bayramına gedib çıxır. Bir ensiklopediyada deyilir: «Milad bayramındakı bir çox şənliklər dekabrın ortasında keçirilən Saturnaliya bayramından götürülüb. Məsələn, bu bayramda təmtəraqlı ziyafətlər qururdular, hədiyyələr verirdilər, şamlar yandırırdılar». Həmçinin farslarda günəş allahı Mitranın da ad günü dekabrın 25-i keçirilirdi.

7 Bu gün Milad bayramını keçirən insanların əksəriyyəti bu bayramın bütpərəstlikdən gəldiyi barədə heç düşünmür. Onlar üçün bu bayram sadəcə ailə ilə bir yerdə gözəl süfrə arxasında yığışmaq və hədiyyə vermək üçün bir fürsətdir. Düzdür, biz ailəmizi və dostlarımızı sevirik. Yehova da istəyir ki, xidmətçiləri bir-birinə qarşı səxavətli olsun. 2 Korinflilərə 9:7 ayəsində deyilir ki, «Allah gülərüzlə verəni sevir». Yehova istəmir ki, biz yalnız müəyyən günlərdə bir-birimizə hədiyyə verək. Yehovanın xalqı qarşılıq gözləmədən ilin istənilən günündə bir-birinə hədiyyə verir, dostlarla, ailə ilə birlikdə vaxt keçirdir. Onların hədiyyə vermələrinə səbəb bir-birilərini sevmələridir (Luka 14:12—14).

Bayramların kökünü biləndə nədən uzaq durmalı olduğumuzu ayırd edəcəyik

8. Münəccimlər İsaya doğulan günü hədiyyələr gətirmişdilər?

8 Milad bayramında hədiyyə verilməsini dəstəkləyənlərin əksəriyyəti deyir ki, təzə doğulan İsa axurda olanda üç münəccim ona hədiyyə gətirmişdi. Düzdür, bir neçə adam İsaya baş çəkib ona hədiyyələr gətirmişdi. Qədim dövrdə mühüm insanlara bəxşiş vermək adət idi (1 Padşahlar 10:1, 2, 10, 13). Ancaq bu münəccimlər cindarlıqla məşğul olurdular və Yehovaya ibadət etmirdilər. Həmçinin onlar İsanın yanına o, təzəcə doğulub, axura qoyulduğu vaxt gəlməmişdilər. Üstündən xeyli keçəndən sonra, o artıq evdə olanda gəlmişdilər (Mətta 2:1, 2, 11).

AD GÜNÜ

9. Müqəddəs Kitabda kimlərin ad gününü qeyd etdiyi yazılıb?

9 Uşağın dünyaya gəlməsi sevincli hadisədir (Zəbur 127:3). Lakin bu o demək deyil ki, ad gününü qeyd etmək lazımdır. Müqəddəs Kitabda cəmi iki ad günü barədə yazılıb. Onlardan biri Misir padşahı fironun, digəri isə Hirod Antipa padşahın ad günüdür. (Yaradılış 40:20—22; Mark 6:21—29 ayələrini oxu.) Bu padşahların heç biri Yehovaya xidmət etmirdi. Yehovanın xidmətçilərinin öz doğum günlərini qeyd etməsi barədə Müqəddəs Kitabda heç bir məlumat yoxdur.

10. İlk məsihilər ad gününün qeyd edilməsinə necə yanaşırdılar?

10 Bir ensiklopediyada deyilir ki, ilk məsihilər ad gününün qeyd edilməsini bütpərəstlik hesab edirdilər. Çünki ad günü yalan etiqadlara əsaslanırdı. Məsələn, qədim yunanlar inanırdı ki, hər insanı qoruyan ruh var, bu ruh insan doğulanda onun yanında olur və bütün ömrü boyu onu qoruyur. Bu ruhla həmin gün ad günü olan allah arasında sirli əlaqə olur. Bundan başqa ad günü astrologiya və qoroskopla da əlaqəlidir.

11. Yehova bizim hansı keyfiyyətlərə sahib olmağımızı istəyir?

11 Çoxları ad gününü xüsusi gün hesab edir, fikirləşir ki, həmin gün ad günü olan adama xüsusi diqqət, məhəbbət göstərilməlidir. Lakin biz ailəmizə və dostlarımıza xüsusi bir gündə yox, bütün il boyu məhəbbət göstərməliyik. Yehova bizim həmişə xeyirxah və səxavətli olmağımızı istəyir. (Həvarilərin işləri 20:35 ayəsini oxu.) Biz sadəcə ad günümüzdə yox, hər gün həyat ənamına görə Yehovaya minnətdar olmalıyıq (Zəbur 8:3, 4; 36:9).

Həqiqi məsihilər sevgidən irəli gələrək bir-birilərinə səxavət göstərirlər

 

12. Hansı mənada ölüm günü doğum günündən yaxşıdır?

12 Vaiz 7:1 ayəsində deyilir: «Yaxşı ad əla yağdan, ölüm günü də doğum günündən yaxşıdır». Hansı mənada ölüm günü doğum günündən yaxşıdır? İnsan doğulanda nə yaxşı, nə də pis, heç bir əməl sahibi olmur. Amma həyatımızı Yehovaya xidmət etməyə, insanlara yaxşılıq etməyə sərf edəndə biz yaxşı ad qazanırıq və hətta öləndən sonra da Yehova bizi yadında saxlayır (Əyyub 14:14, 15). Yehovanın xalqı nə özlərinin, nə də İsanın doğum gününü qeyd etmirlər. Əslində, İsa Məsihin qeyd etməyi buyurduğu yeganə mərasim onun ölümünü anma mərasimidir (Luka 22:17—20; İbranilərə 1:3, 4).

PASXA BAYRAMININ MƏNŞƏYİ

13, 14. Xristian Pasxasının kökü hara gedib çıxır?

13 Məsihin dirilməsi günü kimi qələmə verilən xristian Pasxa bayramının kökü əslində yalan dindən gəlir. Bəzi ölkələrdə bu bayramda yumurta boyayır və kuliç adlanan şirin çörək bişirirlər. Bir ensiklopediyada deyilir ki, yumurta «yeni həyat və dirilmənin rəmzi hesab edilirdi», başqa bir ensiklopediyada isə deyilir ki, kuliç fallik (cinsiyyət orqanı) simvol idi. Deməli, guya Məsihin dirilməsi qeyd olunan Pasxa, əslində, bütpərəstlərin məhsuldarlıq mərasimidir («Encyclopædia Britannica» və «Религии мира» ensiklopediyaları).

14 İnsanların yalan dini adətləri Oğlunun dirilməsilə əlaqələndirməsi, sözsüz, Yehovaya ağır gedir (2 Korinflilərə 6:17, 18). Əslində, Yehova heç vaxt İsanın dirilməsini qeyd etməyi buyurmayıb.

YAS MƏRASİMLƏRİ

15. Nəyə görə məsihilər yas mərasimləri ilə bağlı bəzi adətlərdən uzaq dururlar?

15 Yas mərasimlərində məsihiliyə zidd olan bir çox ayinlər icra olunur. Yas düşən evdə adətə görə şəkillərin, güzgülərin üstünü örtürlər, cənazəni üzü qibləyə uzadırlar. Ölüyə üç, yeddi, qırx və il verirlər. Bu adətlər ölünün ruhunun mövcudluğuna olan inancla bağlıdır. Ölülər heç nə bilmir, buna görə də ölünün ruhunu şad etmək üçün ayinlər icra etmək düzgün deyil. Allahın məhəbbətini itirmək istəməyən insanlar üçün bunlar qeyri-məqbuldur (Vaiz 9:5, 10).

ALLAHI RAZI SALAN TOYLAR

16, 17. Toy etməyi planlaşdıran məsihilər nələri nəzərə almalıdır?

16 Toy sevindirici bir mərasimdir. Dünyanın müxtəlif yerlərində toy adətləri bir-birindən fərqlənir. Adətən, insanlar toy adətlərinin mənşəyi barədə düşünmürlər. Buna görə də bəzi toy adətlərinin yalan dini inanclara söykəndiyindən xəbərləri yoxdur. Lakin toy etməyi planlaşdıran məsihi cütlük istəyir ki, toyları Yehovanı razı salsın. Onlar toy adətlərinin mənşəyi barədə öyrənsələr, düzgün qərarlar verə biləcəklər (Mark 10:6—9).

17 İnanca görə bəzi toy adətləri bəylə-gəlinin bəxtini gözəl edir (Əşiya 65:11). Məsələn, toy güzgüsü. «Azərbaycan Toyu» kitabına əsasən, gəlinin önündə aparılan bəxt güzgüsü onu bədnəzərdən qoruyur, toy günü bu güzgü sınarsa, evlənənlər tez bir zamanda ayrılar, ya qız ölər, ya oğlan. Toyla bağlı digər bir adət gəlinin gül atmasıdır. Belə inanırlar ki, kim gülü tutsa, növbəti ailə quran o şəxs olacaq. Bu adət də yalan dindən və bütpərəstlikdən qaynaqlanır. Məsihilər ehtiyatlı olurlar ki, yalan dini inanclarla ləkələnmiş adətlərdən uzaq dursunlar. (2 Korinflilərə 6:14—18 ayələrini oxu.)

18. Müqəddəs Kitabdakı hansı prinsipləri toya aid etmək olar?

18 Məsihi cütlük fikir verməlidir ki, toyu şən, ləyaqətli keçsin, qonaqların hər biri üçün xoş olsun. Məsihi toyuna gələn qonaqlar isə söz alıb, kobud, ədəbsiz, bəylə-gəlini və ya başqalarını xəcalətli edən sözlər deməməlidirlər (Məsəllər 26:18, 19; Luka 6:31; 10:27). Məsihi toyunda insanın varı nümayişə qoyulmamalıdır (1 Yəhya 2:16). Əgər sən toy etməyi planlaşdırırsansa, elə et ki, gələcəkdə toyunu xoş xatirələrlə yada salasan. (28-ci əlavəyə bax.)

SAĞLIQ DEMƏK ADƏTİNİN MƏNŞƏYİ

19, 20. Sağlıq söyləmək adətinin kökü hara gedib çıxır?

19 Toylarda və digər məclislərdə sağlıq demək geniş yayılıb. Sağlıq deyən adam xoş arzularını bildirir, digərləri isə badələrini qaldırırlar. Məsihilər sağlıq demək adətinə necə yanaşmalıdırlar?

20 Bir kitabda belə deyilir ki, sağlıq söyləmək adəti, çox güman, qədim bütpərəstlərdən qalıb. İnsanlar «allahlara müqəddəs içki təqdim edirdilər». Bunun əvəzində «arzularına çatacaqlarına ümid edir, “uzun ömür!” və ya “sənin sağlığına!” sözləri ilə dua edirdilər». Qədim dövrdə insanlar badələrini qaldırıb allahlarından nemət istəyirdilər («The International Handbook on Alcohol and Culture»). Ancaq Yehova bu üsulla nemət vermir (Yəhya 14:6; 16:23).

«EY YEHOVANI SEVƏNLƏR, PİSLİYƏ NİFTƏR EDİN»

21. Məsihilər başqa hansı tədbirlərdən uzaq durmalıdırlar?

21 Hər hansı bir mərasimdə iştirak edib-etməməyi qərarlaşdıranda bu mərasimin hansı əhvali-ruhiyyəyə, hansı davranışa təşviq etdiyi barədə düşün. Məsələn, bəzi bayramlarda və karnavallarda erotik rəqslərə, əyyaşlığa, hətta əxlaqsızlığa yol verilir. Belə bayramlarda homoseksualizm, millətçilik tərənnüm olunur. Bu cür bayramlarda iştirak edə-edə Yehovanın nifrət etdiyi şeylərə nifrət etdiyimizi necə deyə bilərik? (Zəbur 1:1, 2; 97:10; 119:37).

22. Məsihiyə hansısa mərasimdə iştirak edib-etməyəcəyinə qərar verməyə nə kömək edə bilər?

22 Məsihilər Allahı hörmətdən salan bütün tədbirlərdən uzaq durmalıdırlar. Həvari Bulus yazmışdı: «İstər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, Allah şərəflənsin» (1 Korinflilərə 10:31; 29-cu əlavəyə bax). Əlbəttə, bütün tədbirlər əxlaqsızlıqla, yalan dinlə, yaxud millətçiliklə bağlı deyil. Əgər hansısa bir tədbirdə Müqəddəs Kitab prinsipləri pozulmursa, orada iştirak edib-etməyəcəyimizə özümüz qərar verməliyik. Həmçinin qərarımızın başqalarına da necə təsir edəcəyini nəzərə almalıyıq.

SÖZLƏRİNLƏ VƏ ƏMƏLLƏRİNLƏ YEHOVANI ŞƏRƏFLƏNDİR

23, 24. Yehovanın Şahidi olmayan ailə üzvlərimizə bayramlarla bağlı qərarımızı necə izah edə bilərik?

23 Yəqin ki, sən Yehovanı hörmətdən salan tədbirlərdə artıq iştirak etmirsən. Lakin Yehovanın Şahidi olmayan ailə üzvlərin bu mövqeyini elə qəbul edə bilər ki, sən onları sevmirsən, onlarla vaxt keçirmək istəmirsən. Bəlkə, onlar fikirləşirlər ki, bayramlar ailənin bir yerə yığışması üçün yeganə fürsətdir. Əgər belədirsə, nə edə bilərsən? Onları sevginə, sənin üçün dəyərli olduqlarına başqa cür əmin edə bilərsən (Məsəllər 11:25; Vaiz 3:12, 13). Onları başqa günlərdə birgə vaxt keçirməyə dəvət edə bilərsən.

24 Qohumların müəyyən bayramları nəyə görə qeyd etmədiyini soruşsalar, daha çox məlumat üçün nəşrlərimizə və ya jw.org saytına baxa bilərsən. Oradakı məlumatlar sənə mövqeyini izah etməyə kömək edəcək. Onlarda elə təəssürat yaratma ki, mübahisədə qalib çıxmaq, yaxud öz fikrini onlara yeritmək istəyirsən. Qohumlara izah et ki, bir çox amilləri nəzərə alaraq özün bu qərarı vermisən. Təmkinini qoru və qoy sözlərin «həmişə duzlu, ürəkaçan olsun» (Koloslulara 4:6).

25, 26. Valideynlər övladlarına Yehovanın qayda-qanunlarını necə sevdirə bilərlər?

25 Gərək hər birimiz müəyyən tədbirlərdə nəyə görə iştirak etmədiyimizi aydın başa düşək (İbranilərə 5:14). Bizim məqsədimiz Yehovanı razı salmaqdır. Valideynlər övladlarına Müqəddəs Kitab prinsiplərini başa düşməyə və sevməyə kömək etməlidir. Uşaq Yehovanın gerçək Varlıq olduğunu anlayanda Onu razı salmaq istəyəcək (Əşiya 48:17, 18; 1 Butrus 3:15).

26 Yehova bizim təmiz və dürüst şəkildə ibadət etmək üçün əlimizdən gələni etdiyimizi görəndə çox sevinir (Yəhya 4:23). Amma çoxları düşünür ki, bu nadürüst dünyada dürüst olmaq mümkün deyil. Bu, doğrudan da, belədir? Bu barədə növbəti fəsildə danışacağıq.

^ Bayramlarla bağlı məlumat üçün «Gözətçi Qülləsi nəşrlərinin indeksi»nə, «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitinə və jw.org saytına bax.