Kontentə keç

Mündəricatı göstər

FƏSİL 5

Dünyadan ayrı dur

Dünyadan ayrı dur

«Dünyaya məxsus deyilsiniz» (YƏHYA 15:19).

1. İsa ölümündən əvvəlki gecə nə barədə narahat olmuşdu?

 İSA MƏSİHİN ölümündən əvvəlki gecə idi. O bilirdi ki, şagirdlərindən ayrılacaq. Amma şagirdlərinin gələcəyi onu narahat edirdi. İsa onlara dedi: «Siz dünyaya məxsus deyilsiniz» (Yəhya 15:19). Sonra o, Atasına onlar haqqında dua edib dedi: «Onlar da mənim kimi dünyaya məxsus deyillər» (Yəhya 17:15, 16). İsa nəyi nəzərdə tuturdu?

2. İsa Məsih «dünya» deyəndə nəyi nəzərdə tuturdu?

2 İsa Məsih «dünya» deyəndə Allahı tanımayan və Şeytanın idarə etdiyi insanları nəzərdə tuturdu (Yəhya 14:30; Efeslilərə 2:2; Yaqub 4:4; 1 Yəhya 5:19). Biz dünyaya məxsus olmamaq üçün nə etməliyik? Bu fəsildə növbəti sahələri nəzərdən keçirəcəyik: biz Allahın Padşahlığına sadiq qalmalıyıq və siyasətdə bitərəf olmalıyıq. Dünyanın ruhuna müqavimət göstərməliyik. Geyimimiz və xarici görkəmimiz ədəbli olmalıdır, pul məsələsinə tarazlı yanaşmalıyıq. Biz həmçinin Allahın verdiyi bütün yaraqları geyinməliyik. (16-cı əlavəyə bax.)

ALLAHIN PADŞAHLIĞINA SADİQ OL

3. İsa Məsih siyasətə necə yanaşırdı?

3 İsa Məsih yer üzündə olanda görürdü ki, insanların dərdi-səri başından aşır, həyatı ağır keçir. O, insanların halına acıyırdı, onlara kömək etmək istəyirdi. Ancaq İsa onların hökmdarı olmadı. O bilirdi ki, insanlar Allahın Padşahlığına, yəni hökumətinə möhtacdırlar. İsa həmin Padşahlığın Padşahı olacaqdı və o, əsasən, bu Padşahlıq haqqında təbliğ edirdi (Dənyal 7:13, 14; Luka 4:43; 17:20, 21). İsa siyasətə qarışmırdı, həmişə bitərəf qalırdı. O, Roma valisi Ponti Pilatın hüzurunda duranda demişdi: «Mənim Padşahlığım bu dünyadan deyil» (Yəhya 18:36). Onun şagirdləri də bitərəf idilər. Bir kitabda deyilir ki, ilk məsihilər siyasi vəzifə tutmurdular («On the Road to Civilization»). Bu gün də həqiqi məsihilər eyni cür davranırlar. Biz sədaqətlə Allahın Padşahlığının tərəfində dururuq və bu dünyanın siyasi məsələlərində bitərəf qalırıq (Mətta 24:14).

Nəyə görə Allahın Padşahlığının tərəfində olduğunu izah edə bilirsən?

 

4. Həqiqi məsihilər Allahın Padşahlığını necə dəstəkləyirlər?

4 Səfirlər xarici ölkədə öz dövlətlərini təmsil edirlər. Buna görə də onlar həmin ölkənin siyasətinə qarışmırlar. İsa Məsihlə göydə idarə etməyə ümid edən məsh olunmuşlar da eyni mövqeni tuturlar. Həvari Bulus məsh olunmuş məsihilərə yazmışdı: «Biz Məsihin adından xidmət edən səfirlərik» (2 Korinflilərə 5:20). Məsh olunmuşlar Allahın hökumətini təmsil edirlər. Onlar bu dünyanın siyasətinə və dövlət işlərinə qarışmırlar (Filippililərə 3:20). Əksinə, onlar milyonlarla insana Allahın hökuməti barədə öyrənməyə kömək edirlər. Allahın vəd etdiyi yeni dünyada əbədi yaşamağa ümid edən «başqa qoyunlar» məsh olunmuşları dəstəkləyirlər. Onlar da bitərəf qalırlar (Yəhya 10:16; Mətta 25:31—40). Aydındır ki, həqiqi məsihi olan kəs bu dünyanın siyasi işlərinə qarışmayacaq. (Əşiya 2:2—4 ayələrini oxu.)

5. Məsihilərin müharibəyə getməməsinin səbəbi nədir?

5 Həqiqi məsihilər bütün dindaşlarına ailə üzvü kimi baxırlar. Hansı ölkədən, hansı xalqdan olmalarından asılı olmayaraq, məsihilərin arasında birlik hökm sürür (1 Korinflilərə 1:10). Əgər biz müharibəyə getsək, onda öz ailəmizə, öz dindaşımıza qarşı vuruşmuş olacağıq. İsa Məsih isə demişdi ki, biz onları sevməliyik (Yəhya 13:34, 35; 1 Yəhya 3:10—12). Bundan başqa İsa demişdi ki, onun şagirdləri düşmənlərini də sevməlidir (Mətta 5:44; 26:52).

6. Yehovanın xidmətçiləri hökumətə necə yanaşır?

6 Məsihilər bitərəf qalsalar da, yaxşı vətəndaş olmağa çalışırlar. Məsələn, biz qanunlara tabe olaraq, vergiləri ödəyərək hökumətə hörmət etdiyimizi göstəririk. Ancaq «Allaha məxsus şeyləri» həmişə Allaha veririk (Mark 12:17; Romalılara 13:1—7; 1 Korinflilərə 6:19, 20). Allaha məxsus şeylərə Ona olan sevgimiz, itaətimiz və ibadətimiz daxildir. Biz Yehovaya itaətsizlik etməkdənsə, canımızdan keçməyə hazırıq (Luka 4:8; 10:27; Həvarilərin işləri 5:29; Romalılara 14:8 ayələrini oxu).

DÜNYANIN RUHUNA MÜQAVİMƏT GÖSTƏRİN

7, 8. Bu dünyanın ruhu nədir və insanlara necə təsir edir?

7 Şeytan dünyasından ayrı durmaq o deməkdir ki, bu dünyanın ruhunun bizi idarə etməsinə yol vermirik. Dünyanın ruhu Şeytandan qaynaqlanan düşüncə tərzi və davranışdır. Yehovaya xidmət etməyən insanları bu ruh idarə edir. Lakin məsihilər bu ruha müqavimət göstərirlər. Həvari Bulus demişkən, «biz dünyanın ruhunu yox, Allahdan gələn ruhu aldıq» (1 Korinflilərə 2:12; Efeslilərə 2:2, 3; 17-ci əlavəyə bax).

8 Dünyanın ruhu insanlarda xudbinlik, qürur və dikbaşlıq yaradır. Onlara aşılayır ki, Allaha itaət etmək lazım deyil. Şeytan istəyir ki, insanlar nəticəsini düşünmədən ürəkləri istəyəni etsinlər və düşünsünlər ki, cismin istəyini, gözlərin istəyini yerinə yetirmək dünyada ən vacib şeydir (1 Yəhya 2:16; 1 Timutiyə 6:9, 10). Şeytan, xüsusilə də Yehovanın xidmətçilərini azdırmağa və öz fikrini onlara aşılamağa çalışır (Yəhya 8:44; Həvarilərin işləri 13:10; 1 Yəhya 3:8).

9. Dünyanın ruhu bizə necə təsir göstərə bilər?

9 Bu dünyanın ruhu nəfəs aldığımız hava kimi hər yandadır. Əgər biz müqavimət göstərməsək, bu ruh bizə də təsir edəcək. (Məsəllər 4:23 ayəsini oxu.) Bu, əvvəlcə zərərsiz görünən şeylərdən başlayacaq. Məsələn, biz Yehovaya ibadət etməyən insanların fikirlərinin, onların əhvali-ruhiyyəsinin təsiri altına düşəcəyik (Məsəllər 13:20; 1 Korinflilərə 15:33). Yaxud bizdə pornoqrafiyaya, dönük fikirlərə və ya zorakı idman növlərinə meyil yaranacaq. (18-ci əlavəyə bax.)

10. Dünyanın ruhuna necə müqavimət göstərə bilərik?

10 Bəs dünyanın ruhunun təsiri altına düşməmək üçün nə etməliyik? Biz Yehovaya yaxın olmalı və Onun hikmətilə yaşamalıyıq. Duada həmişə müqəddəs ruh istəməliyik və xidmətdə fəal olmalıyıq. Yehova kainatda ən qüdrətli varlıqdır. Biz əminik ki, O bizə dünyanın ruhuna müqavimət göstərməyə kömək edə bilər (1 Yəhya 4:4).

ALLAHI ŞƏRƏFLƏNDİRƏN GEYİM

11. Dünyanın ruhu insanların geyiminə necə təsir edir?

11 Biz dünyaya məxsus olmadığımızı geyimimiz və xarici görkəmimizlə göstərə bilərik. Bu dünyada insanlar elə geyinirlər ki, diqqəti özlərinə cəlb etsinlər, başqalarında əxlaqsız fikirlər oyatsınlar, cəmiyyətə qarşı çıxdıqlarını göstərsinlər və ya pullarını nümayiş etdirsinlər. Elələri də var ki, necə göründükləri veclərinə deyil. Onlar səliqəsiz və çirkli geyinirlər. Bizim geyimimizdə və xarici görünüşümüzdə bu şeylərin heç birinə yol verilməməlidir.

Geyimimlə Yehovaya şərəf gətirirəm?

12, 13. Geyim seçərkən hansı prinsiplərin bizə köməyi dəyəcək?

12 Məsihilər Yehovaya xidmət etdikləri üçün həmişə təmiz, səliqəli, zövqlə və vəziyyətə uyğun geyinməlidirlər. Biz abır-həya ilə, ağıl-kamalla geyinirik ki, insanlar mömin olduğumuzu görsünlər (1 Timutiyə 2:9, 10; Yəhuda 21).

13 Bizim geyimimiz insanların Yehovaya və Onun xalqına olan münasibətinə təsir edir. Biz hər şeyi elə etmək istəyirik ki, nəticədə, Allah şərəflənsin (1 Korinflilərə 10:31). Abır-həya ilə geyinmək o deməkdir ki, biz başqalarının fikirlərinə və hisslərinə hörmət edirik. Deməli, özümüzə geyim seçəndə, yaxud xarici görünüşümüzlə bağlı qərar verəndə bunun başqalarına da təsiri olacağını nəzərə almalıyıq (1 Korinflilərə 4:9; 2 Korinflilərə 6:3, 4; 7:1).

14. Məsihi fəaliyyəti üçün geyim seçərkən nə barədə düşünməliyik?

14 İbadət görüşlərinə və ya xidmətə gedəndə necə geyinirik? Geyimimizlə diqqəti özümüzə cəlb edirik? Başqaları bizim geyimimizi görəndə xəcalət çəkmir? Geyimin şəxsi məsələ olduğunu, heç kimə aidiyyəti olmadığını düşünürük? (Filippililərə 4:5; 1 Butrus 5:6). Düzdür, biz hamımız yaxşı görünmək istəyirik, amma bizi gözəlləşdirən məsihi keyfiyyətləridir. Yehova bizə baxanda bizdə bu keyfiyyətləri axtarır. Onlar bizim daxilən necə insan olduğumuzu, daxili varlığımızı göstərir. Bu keyfiyyətlər «Allahın gözündə çox qiymətli»dir (1 Butrus 3:3, 4).

15. Nəyə görə Yehova bizə nə geyinəcəyimizi, necə görünəcəyimizi diktə etmir?

15 Yehova bizə nəyi geyinib-geyinməməklə bağlı qanunlar siyahısı verməyib. O bizə Müqəddəs Kitab prinsipləri verib, onlar bizə düzgün qərar verməyə kömək edə bilər (İbranilərə 5:14). Allah istəyir ki, həm kiçik, həm də böyük, başqa sözlə, bütün qərarlarımız Ona və insanlara olan məhəbbətimizə əsaslansın. (Mark 12:30, 31 ayələrini oxu.) Bütün dünyada Yehovanın xalqı mədəniyyətlərindən və zövqlərindən asılı olaraq müxtəlif cür geyinirlər. Bu müxtəliflik göz oxşayır.

PULA TARAZLI MÜNASİBƏT

16. İsanın dediyindən fərqli olaraq, bu dünyada pula hansı münasibət var? Biz özümüzə hansı sualları verməliyik?

16 Şeytan istəyir ki, insanlar xoşbəxtliyi pulda, var-dövlətdə görsünlər. Amma Yehovanın xidmətçiləri bilir ki, bu belə deyil. Biz İsanın sözlərinə etibar edirik: «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil» (Luka 12:15). Pul insana həqiqi xoşbəxtlik gətirmir. Pulla əsl dost, qəlb rahatlığı, əbədi həyat almaq olmaz. Düzdür, yaşamaq, həyatdan zövq almaq üçün bizə müəyyən şeylər lazımdır. Amma İsa deyirdi ki, Allahla yaxın münasibətimiz olsa və ibadəti həyatımızda hər şeydən üstün tutsaq, xoşbəxt olacağıq (Mətta 5:3; 6:22). Özündən soruş: «Bu dünyanın pula olan münasibəti mənə də təsir edib? Mənim söhbətlərimdə, fikirlərimdə pul əsas yeri tutur?» (Luka 6:45; 21:34—36; 2 Yəhya 6).

17. Pula dünyadakı kimi yanaşmasaq, həyatımız necə olar?

17 Diqqətimizi xidmətə cəmləsək və pula bu dünyanın yanaşdığı kimi yanaşmasaq, həyatımız mənalı olacaq (Mətta 11:29, 30). Biz həyatdan məmnunluq duyacağıq, ürəyimiz rahat olacaq (Mətta 6:31, 32; Romalılara 15:13). Maddiyyata görə çox narahat olmayacağıq. (1 Timutiyə 6:9, 10 ayələrini oxu.) Əliaçıq olub, xoşbəxt olacağıq (Həvarilərin işləri 20:35). Üstəlik, sevdiyimiz insanlarla daha çox vaxt keçirə biləcəyik. Gecələri də rahat yatacağıq (Vaiz 5:12).

BÜTÜN YARAQLARI ƏYNİNƏ GEYİN

18. Şeytan bizə nə etməyə çalışır?

18 Şeytan bizim Yehova ilə münasibətlərimizi korlamağa çalışır. Ona görə də biz bu münasibətlərimizi qorumaq üçün əlimizdən gələni etməliyik. Biz şər ruhi qüvvələrə qarşı mübarizə aparırıq (Efeslilərə 6:12). Şeytan və cinlər bizim xoşbəxt olmağımızı, əbədi yaşamağımızı istəmir (1 Butrus 5:8). Bu güclü düşmənlər bizə qarşı vuruşurlar. Amma Yehovanın köməyilə biz bu döyüşdə qalib gələ bilərik.

19. Efeslilərə 6:14—18 ayələrində məsihinin geyinməli olduğu yaraqlar necə təsvir olunur?

19 Qədimdə əsgərlər döyüşdə özlərini qorumaq üçün yaraq-əsləhə götürürdülər, biz də Yehovanın verdiyi «bütün yaraqları» əynimizə geyinməliyik (Efeslilərə 6:13). Bu bizi qoruyacaq. Efeslilərə 6:14—18 ayələrində bu yaraq haqqında yazılıb: «Həqiqət qurşağını belinizə bağlayıb, salehlik zirehini döşünüzə taxıb, sülh müjdəsini təbliğ etmək hazırlığını ayağınıza geyinib dəyanətlə dayanın. Bunlardan başqa böyük iman qalxanını götürün, onunla siz Şəririn bütün alovlu oxlarını söndürəcəksiniz. Həmçinin xilas dəbilqəsini və ruhun qılıncını, yəni Allahın sözünü götürün. Eyni zamanda hər an ruhun təsirilə hər cür dilək və yalvarışla dua edin».

20. Yaraqların bizi qoruması üçün nə etməliyik?

20 Əsgər yaraqlardan birini yaddan çıxarsa, bədənin hansısa hissəsi müdafiəsiz qalacaq və düşmən onu həmin yerdən vuracaq. Biz də bu yaraqların bizi qorumasını istəyiriksə, onların heç birini unutmamalıyıq. Bu yaraqlar həmişə əynimizdə olmalıdır və onları yaxşı vəziyyətdə saxlamalıyıq. Bizim döyüşümüz Şeytan dünyası məhv olana qədər, Şeytan və cinlər yer üzündən götürülənədək davam edəcək (Vəhy 12:17; 20:1—3). Buna görə də pis arzularla, yaxud başqa zəifliklə mübarizə aparırıqsa, təslim olmamalıyıq (1 Korinflilərə 9:27).

21. Şeytanla mübarizədə necə qalib gələ bilərik?

21 Özümüzə qalsa, biz Şeytandan güclü deyilik, lakin Yehovanın köməyilə güclü ola bilərik. Sadiq qalmaq üçün biz Yehovaya dua etməli, Onun Kəlamını öyrənməli və bacı-qardaşlarla ünsiyyətdə olmalıyıq (İbranilərə 10:24, 25). Bu bizə Allaha sadiq qalmağa və imanımızı müdafiə etmək üçün hazır olmağa kömək edəcək.

İMANINI MÜDAFİƏ ETMƏYƏ HAZIR OL

22, 23. a) İmanımızı müdafiə etməyə necə hazır ola bilərik? b) Növbəti fəsildə nədən danışılacaq?

22 Biz hər zaman imanımızı müdafiə etməyə hazır olmalıyıq (Yəhya 15:19). Yehovanın Şahidlərinin bəzi məsələlərdə tutduğu mövqe cəmiyyətin mövqeyindən fərqlənir. Özündən soruş: «Mən nəyə görə bu mövqeyi tutduğumu başa düşürəm? Müqəddəs Kitabın, sadiq və ağıllı nökərin həqiqəti öyrətdiyinə əminəm? Yehovanın Şahidi olmağımla fəxr edirəm? (Zəbur 34:2; Mətta 10:32, 33). Etiqadlarımı başqalarına izah edə bilərəm?» (Mətta 24:45; Yəhya 17:17; 1 Butrus 3:15 ayəsini oxu).

23 Bir çox hallarda dünyadan ayrı qalmaq üçün nə etməli olduğumuzu dəqiq bilirik. Lakin bəzi hallarda bunu konkret bilmirik. Şeytan bizi müxtəlif yollarla tələyə salmaq istəyir. Bu tələlərdən biri də əyləncədir. Düzgün əyləncəni necə seçə bilərik? Bunu növbəti fəsildə görəcəyik.