Kontentə keç

Mündəricatı göstər

FƏSİL 14

Hər sahədə dürüst ol

Hər sahədə dürüst ol

«Hər sahədə dürüst olmaq istəyirik» (İBRANİLƏRƏ 13:18).

1, 2. Dürüst davranmaq üçün əlimizdən gələni etdiyimizi görəndə Yehova hansı hissləri keçirir?

 BİR GÜN məktəbdən evə qayıdan oğlan yerdən içi dolu pul kisəsi tapır. İndi o nə edəcək? Onu özünə götürə bilər, amma o, pulu sahibinə qaytarır. Anası oğlunun hərəkəti barədə eşidəndə oğlu ilə qürur duyur.

2 Övladlarının dürüstlüyü əksər valideynləri sevindirir. Bizim səmavi Atamız Yehova «haqq Allahı»dır. Biz dürüst olanda O, çox sevinir (Zəbur 31:5). Biz Yehovanı razı salmaq və «hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18). Gəl həyatın dörd sahəsini nəzərdən keçirək. Bu sahələrdə dürüst davranmaq çətin ola bilər. Amma biz nəzərdən keçirəcəyik ki, çətinliyə baxmayaraq, dürüst olmaq hansı faydaları gətirir.

ÖZÜMÜZƏ QARŞI DÜRÜSTLÜK

3—5. a) Necə ola bilər ki, özümüzə qarşı dürüst olmayaq? b) Özümüzlə dürüst olmağa bizə nə kömək edər?

3 Başqaları ilə dürüst olmaq üçün biz, ilk növbədə, özümüzlə dürüst olmalıyıq. Bu, həmişə asan olmur. Birinci əsrdə Laodikiya yığıncağındakı qardaşlar özlərini aldadaraq düşünürdülər ki, Allahı razı salırlar. Amma, əslində, belə deyildi (Vəhy 3:17). Biz də necə insan olmağımızla bağlı özümüzü aldada bilərik.

4 Yaqub yazmışdı: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur» (Yaqub 1:26). Ola bilər, biz düşünürük ki, yaxşı işlər görürüksə, Allah bizim kobud, kinayəli sözlərimizə, yaxud yalan danışmağımıza göz yumacaq. Ancaq bu cür düşünməklə biz özümüzü aldadırıq. Bəs belə olmasın deyə nə edə bilərik?

5 Biz güzgüyə baxanda zahirən necə göründüyümüzü görürük. Müqəddəs Kitabı oxuyanda isə daxilən necə olduğumuzu görürük. Müqəddəs Kitab bizə həm güclü, həm də zəif yönlərimizi görməyə kömək edir. Düşüncəmizdə, hərəkətimizdə və danışığımızda nəyi dəyişməli olduğumuzu öyrənirik. (Yaqub 1:23—25 ayələrini oxu.) Amma biz heç bir nöqsanımızın olmadığını düşünsək, yaxşılığa doğru dəyişməyəcəyik. Ona görə də Müqəddəs Kitabın köməyi ilə özümüzə dürüst gözlə baxmalıyıq (Mərsiyələr 3:40; Həqqay 1:5). Dua da özümüzün əslində kim olduğumuzu görməyə kömək edir. Biz duada Yehovadan xahiş edə bilərik ki, bizi imtahan etsin və bizə nöqsanlarımızı görməyə kömək etsin ki, onları düzəldək (Zəbur 139:23, 24). Biz unutmuruq ki, «Yehova fitnəkardan ikrah edər, amma saleh adamla dostluq edər» (Məsəllər 3:32).

AİLƏDƏ DÜRÜSTLÜK

6. Nəyə görə ərlə arvad bir-biri ilə dürüst olmalıdır?

6 Ailədə dürüstlük son dərəcə vacibdir. Ərlə arvad bir-biri ilə açıq olanda ürəkləri arxayın olur və bir-birinə etibar edirlər. Ailədə nadürüstlük müxtəlif cür ola bilər. Məsələn, ailəli adamın flirt etməsi, pornoqrafiyaya aludə olması, kiminləsə gizlicə romantik münasibət qurması nadürüstlükdür. Bir məzmurda deyilir: «Yalançılarla oturub-durmuram, iç üzünü gizlədənlərə qaynayıb-qarışmıram» (Zəbur 26:4). İnsan hətta fikrində də həyat yoldaşına qarşı nadürüstlük etsə, bu onun nikahına xələl yetirəcək.

Nikahınıza xələl yetirəcək hər şeyi dərhal rədd edin

7, 8. Müqəddəs Kitabın vasitəsilə uşaqlara dürüstlüyün dəyərini necə başa salmaq olar?

7 Uşaqlar da dürüstlüyün vacib olduğunu öyrənməlidir. Valideynlər Müqəddəs Kitab vasitəsilə övladlarına bunu öyrədə bilər. Orada adı çəkilən nadürüst personajlardan ibrət almağa onlara kömək edə bilər. Məsələn, Axan oğurluq etmişdi; Qihazi puldan ötrü yalan danışmışdı; Yəhuda pul oğurlayırdı, sonradan isə İsa Məsihi otuz gümüş pula satmışdı (Yuşə 6:17—19; 7:11—25; 2 Padşahlar 5:14—16, 20—27; Mətta 26:14, 15; Yəhya 12:6).

8 Müqəddəs Kitabda dürüst insanlar haqda da yazılıb. Məsələn, Yaqub oğullarına tapdıqları pulu geri qaytarmağı tapşırmışdı. İftahla qızı Allaha verdikləri sözün üstündə durmuşdu. İsa Məsih hətta çətin vəziyyətlərdə də dürüst davranmışdı (Yaradılış 43:12; Hakimlər 11:30—40; Yəhya 18:3—11). Bu nümunələr uşaqlara dürüstlüyün vacibliyini başa salacaq.

9. Valideynlərin dürüst olmağı uşaqlara nədə kömək edir?

9 Valideynlər Müqəddəs Kitabdakı bu prinsiplərdən çox şey öyrənə bilər: «Elə isə başqalarını öyrədə-öyrədə nə üçün özünü öyrətmirsən? “Oğurlama” deyə təbliğ edib niyə özün oğurluq edirsən?» (Romalılara 2:21). Valideynlər dildə bir şey deyib, əməldə başqa şey edəndə uşaqlar bunu dərhal görür. Uşağa dürüst olmağı öyrədib, özümüz isə dürüst olmasaq, onlar çaş-baş qalacaq. Uşaqlar valideynlərinin hətta xırda şeydə də olsa, yalan danışdığını görsə, özləri də, çox ehtimal ki, yalan danışacaqlar. (Luka 16:10 ayəsini oxu.) Lakin uşaqlar valideynlərinin dürüst olduğunu görsələr, gələcəkdə öz uşaqları olanda onlar da etibarlı valideyn olacaqlar (Məsəllər 22:6; Efeslilərə 6:4).

YIĞINCAQDA DÜRÜSTLÜK

10. Dindaşlarımızla ünsiyyət edərkən necə dürüst ola bilərik?

10 Biz dindaşlarımızla da dürüst olmalıyıq. Adi söhbətlər asanlıqla qeybətə, hətta böhtana çevrilə bilər. Biz doğruluğunu dəqiq bilmədiyimiz bir söhbəti kiməsə danışsaq, yalan yaymış ola bilərik. Yaxşı olar ki, dilimizi saxlayaq (Məsəllər 10:19). Dürüst olmaq hər fikirləşdiyini, bildiyini və ya eşitdiyi söyləmək demək deyil. Hətta deyəcəyimiz söz düzgün olsa belə, ola bilsin, bunun bizə aidiyyəti yoxdur, yaxud onu danışmağa lüzum yoxdur, həmçinin bunu söyləmək xeyirxah əməl olmazdı (1 Salonikililərə 4:11). Bəzi adamlar «mən olanı danışıram» deməklə kobudluqlarına bəraət qazandırırlar. Lakin biz bilirik ki, Yehovanın xalqı olduğumuz üçün bizim sözlərimiz xoş və ürəkaçan olmalıdır. (Koloslulara 4:6 ayəsini oxu.)

11, 12. a) Günaha yol verən adam dürüst olmamaqla vəziyyəti necə ağırlaşdıra bilər? b) Dostumuz ciddi günaha yol veribsə, hansı düşüncədən uzaq durmalıyıq və nə üçün? c) Yehovanın təşkilatına qarşı necə dürüst ola bilərik?

11 Yehova ağsaqqallara yığıncağa kömək etmək məsuliyyətini həvalə edib. Biz onlarla dürüst olanda onlar bizə kömək edə bilirlər. Tutaq ki, xəstələnmisən və həkimə gedirsən. Xəstəliyinin bəzi əlamətlərini həkimdən gizlədəcəksən? Gizlətsən, o sənə necə kömək edər? Eynilə də, ciddi səhvə yol verəriksə, bununla bağlı yalan danışmamalıyıq. Əksinə, ağsaqqalların yanına gedib, onlara dürüst şəkildə hər şeyi danışmalıyıq (Zəbur 12:2; Həvarilərin işləri 5:1—11). İndi isə fərqli bir vəziyyətə baxaq. Tutaq ki, dostun ciddi günaha yol verib (Lavililər 5:1). Düşünəcəksən ki, əgər əsl dostsansa, bunu sirr saxlamalısan? Yoxsa dostunun Yehova ilə münasibətlərini bərpa edib möhkəmləndirməsi üçün ağsaqqalların ona kömək etməli olduğunu yadına salacaqsan? (İbranilərə 13:17; Yaqub 5:14, 15).

12 Biz təbliğ hesabatını yazanda da Yehovanın təşkilatına qarşı dürüst olmalıyıq. Həmçinin öncüllük, yaxud digər xidmət növləri üçün ərizə yazanda da dürüst olmaq lazımdır. (Məsəllər 6:16—19 ayələrini oxu.)

13. Dindaşımızla işgüzar məsələlərdə necə dürüst ola bilərik?

13 Məsihi bacı-qardaşlar işgüzar məsələləri ibadətə qarışdırmamalıdır. Məsələn, biz ibadət evində və ya xidmətdə iş məsələlərini həll etmirik. Həmçinin işgüzar məsələlərdə bacı-qardaşlardan sui-istifadə etmirik. Əgər məsihiləri işə götürmüsənsə, məvaciblərini vaxtı-vaxtında, sözləşdiyiniz məbləğdə ver və onları qanunda nəzərdə tutulmuş imtiyazlarla təmin et. Bura tibbi sığorta, ödənişli qeyri-iş günləri daxil ola bilər (1 Timutiyə 5:18; Yaqub 5:1—4). Əgər müdirin məsihidirsə, özünə qarşı xüsusi münasibət gözləmə (Efeslilərə 6:5—8). İş saatından kəsmə, işini vicdanla gör (2 Salonikililərə 3:10).

14. Məsihilər birlikdə iş qurmazdan əvvəl nə etməlidirlər?

14 Ola bilsin ki, biz dindaşımızla birgə iş qururuq. Bu zaman, bəlkə də, investisiya qoyuruq və ya borc götürürük. Belə məqamlarda Müqəddəs Kitabdakı bir prinsip yerinə düşür: hər şeyi yazılı surətdə sənədləşdirin. Ərəmya peyğəmbər torpaq alanda razılaşmanı sənədləşdirib, iki nüsxəsini çıxartdı. Bir nüsxəni şahidlərə imzalatdırdı, sonra isə hər ikisini gələcək üçün saxladı (Ərəmya 32:9—14; həmçinin Yaradılış 23:16—20 ayələrinə bax). Bəziləri düşünür ki, razılaşmanı sənədləşdirmək dindaşlarına etibar etmədiyini göstərəcək. Əslində isə yazılı razılaşmanın olması bir çox anlaşılmazlıqların, məyusluqların və qanqaraçılığın qarşısını alır. Hətta işgüzar məsələlərdə də unutma ki, yığıncaqda sülhün olması iş məsələlərindən daha vacibdir (1 Korinflilərə 6:1—8; 30-cu əlavəyə bax).

DÜNYƏVİ İŞDƏ DÜRÜSTLÜK

15. Yehova ticarətdə nadürüstlüyə necə yanaşır?

15 Biz hər kəslə, eləcə də, Yehovanın Şahidi olmayan insanlarla münasibətdə dürüst olmalıyıq. Bizim dürüst olmağımız Yehova üçün vacibdir. «Əyri tərəzi və haram çəki. Hər ikisi Yehovada ikrah yaradır» (Məsəllər 11:1; 20:10, 23). Qədim dövrdə tərəzi, adətən, alqı-satqıda istifadə olunurdu. Ancaq bəzi tacirlər malı əksik çəkərək və ya pulu artıq alaraq, alıcıları aldadırdılar. Bu gün də ticarətdə nadürüstlük adi hal alıb. Yehova nadürüstlüyə qədimdə necə nifrət edirdisə, bu gün də elə nifrət edir.

16, 17. Bu gün adi hal alan nadürüstlüyün hansı sahələrindən uzaq durmalıyıq?

16 Bəzən elə vəziyyətlərlə üzləşirik ki, bu zaman bizdə nadürüstlüyə əl atmaq meyli yarana bilər. Məsələn, iş üçün anket dolduranda, hökumət orqanlarına ərizə verəndə, yaxud məktəbdə imtahan verəndə. Çoxları düşünür ki, yalan danışmaqda, faktları şişirtməkdə, yaxud ikibaşlı cavab verməkdə səhv heç nə yoxdur. Bu cür düşüncə tərzi bizi təəccübləndirmir. Müqəddəs Kitabda deyilmişdi ki, axırzamanda insanlar «xudbin, pulpərəst,.. yaxşılığın düşməni» olacaqlar (2 Timutiyə 3:1—5).

17 Bəzən elə görünür ki, bu dünyada nadürüst insanlar uğur qazanır (Zəbur 73:1—8). Ola bilər ki, məsihi dürüstlüyünə görə işini itirsin, pul məsələsində ona fırıldaq gəlsinlər, yaxud iş yerində pis rəftara məruz qalsın. Amma dürüstlük hər şeyə dəyər. Nəyə görə?

DÜRÜSTLÜYÜN MÜKAFATI

18. Nə üçün təmiz ad çox qiymətlidir?

18 Bu dünyada dürüst, etibarlı adamın qazandığı təmiz ad kimi qiymətli şey az tapılar. Hər birimiz bu cür ad qazana bilərik (Mikə 7:2). Düzdür, bəzi insanlar dürüst olduğuna görə səni lağa qoyub, axmaq adlandıra bilər. Amma başqaları sənin dürüstlüyünü qiymətləndirib, sənə etibar edəcəklər. Bütün dünyada Yehovanın Şahidləri dürüstlüklərinə görə tanınırlar. Bəzi iş yerlərində məhz Yehovanın Şahidlərini işə götürürlər, çünki onların dürüst olduğunu bilirlər. Hətta elə olur ki, digər işçilər nadürüstlüklərinə görə işdən qovulduqları halda, Yehovanın Şahidləri dürüst olduqları üçün işdə qalırlar.

Zəhmətkeş olmaqla Yehovanı şərəfləndirə bilərik

19. Dürüstlük Yehova ilə dostluğuna necə təsir edəcək?

19 Hər şeydə dürüst olsan, vicdanın təmiz, ürəyin də rahat olacaq. Biz həvari Bulus kimi ola bilərik. O yazmışdı: «Vicdanımızın təmiz olduğuna əminik» (İbranilərə 13:18). Ən əsası, səmavi Atan Yehova hər sahədə dürüst olmağa çalışdığını görəcək və bunu qiymətləndirəcək. (Zəbur 15:1, 2; Məsəllər 22:1 ayələrini oxu.)