Kontentə keç

Mündəricatı göstər

FƏSİL 3

Allahı sevənlərlə dost ol

Allahı sevənlərlə dost ol

«Hikmətli ilə oturub-duran hikmətli olar» (MƏSƏLLƏR 13:20).

1—3. Məsəllər 13:20 ayəsinə əsasən, nəyə görə dost seçiminə ciddi yanaşmalıyıq?

 HEÇ fikir vermisən, körpə uşaq valideynlərinin hərəkətlərini necə izləyir? Hələ heç dil açmamış, o gördüklərinin, eşitdiklərinin hamısını mənimsəyir. Böyüdükcə, özü də bilmədən, valideynlərini təqlid edir. Təəccüblü deyil ki, çox vaxt böyüklər də oturub-durduqları adamlar kimi düşünür, onlar kimi davranırlar.

2 Məsəllər 13:20 ayəsindən yazılıb: «Hikmətli ilə oturub-duran hikmətli olar». Müqəddəs Kitab üzrə bir alimin sözlərinə əsasən, kiminləsə oturub-durmaq deyəndə həmin insanı sevmək, onu özünə yaxın bilmək nəzərdə tutulur. Birgə vaxt keçirdiyimiz adamlar, xüsusilə də onları çox istəyiriksə, bizə güclü təsir edirlər.

3 Dostlarımız bizə ya yaxşı, ya da pis təsir göstərir. Məsəllər 13:20 ayəsinin ikinci hissəsində deyilir: «Axmaqlarla ayaqlaşan bədbəxt olar». Kiminləsə «ayaqlaşmaq» ibrani dilində onunla «dost olmaq» mənasını da verir (Məsəllər 22:24). Allahı sevən dostlar bizi Allaha sadiq qalmağa təşviq edəcək. Odur ki, düzgün dost seçmək çox vacibdir. Gəl görək Yehova Özünə kimləri dost seçir. Bu bizə də dost seçimində kömək edəcək.

ALLAHIN DOSTLARI KİMLƏRDİR?

4. Allahın dostu olmaq nəyə görə böyük şərəfdir? Nəyə görə Allah İbrahim peyğəmbəri «dostum» adlandırmışdı?

4 Kainatın hökmdarı olan Yehova Allah bizi Özü ilə dost olmağa dəvət edir. Bu, böyük şərəfdir. Yehova hər adamı Özünə dost seçmir, Onu sevən, iman edən insanları seçir. Məsələn, İbrahim peyğəmbəri. İbrahim peyğəmbər Allah üçün hər şey etməyə hazır idi. O, sadiq və itaətkar olduğunu dönə-dönə sübut etmişdi. Hətta oğlu İshaqı da qurban gətirməyə hazır idi. O inandırdı ki, Allah İshaqı diriltməyə qadirdir (İbranilərə 11:17—19; Yaradılış 22:1, 2, 9—13). İbrahim peyğəmbər sadiq və itaətkar insan idi, ona görə də Yehova onu «dostum» adlandırmışdı (Əşiya 41:8; Yaqub 2:21—23).

5. Yehova sadiq bəndələrinə necə yanaşır?

5 Yehova dostlarına çox dəyər verir. Yehovanın dostları Ona sadiq qalmağı hər şeydən üstün tuturlar. (2 İşmuil 22:26 ayəsini oxu.) Onlar Allahı sevirlər, ona görə də Ona sadiq qalırlar və itaət edirlər. Müqəddəs Kitabda deyilir ki, Allah saleh adamla, yəni itaətkar bəndəsi ilə dostluq edir (Məsəllər 3:32). Yehova dostlarını «çadırına» qonaq dəvət edir. Yəni izin verir ki, Ona ibadət etsinlər və dua etsinlər (Zəbur 15:1—5).

6. İsa Məsihi sevdiyimizi necə göstərə bilərik?

6 İsa Məsih demişdi: «Məni sevən mənim sözümə əməl edəcək və Atam onu sevəcək» (Yəhya 14:23). Yehovanın dostu olmaq üçün biz həm də İsanı sevməliyik və onun öyrətdiklərinə əməl etməliyik. Məsələn, İsa Məsihin müjdəni təbliğ etmək və şagird hazırlamaq tapşırığını yerinə yetirməliyik (Mətta 28:19, 20; Yəhya 14:15, 21). Biz İsanı sevdiyimiz üçün onun izi ilə gedirik (1 Butrus 2:21). Yehova görəndə ki, biz həm sözdə, həm də əməldə İsadan nümunə götürürük çox sevinir.

7. Nəyə görə biz Yehovanın dostlarını özümüzə dost seçməliyik?

7 Yehovanın dostları Ona iman edir, itaət edir və sadiq qalır, həm də İsa Məsihi sevir. Bəs biz də bu cür dostlar seçirik? Əgər sənin dostların İsadan nümunə götürürsə, insanlara Allahın Padşahlığı haqqında öyrədirsə, onlar sənə yaxşı insan olmağa və Yehovaya sadiq qalmağa kömək edəcəklər.

MÜQƏDDƏS KİTABDAKI NÜMUNƏLƏR

8. Rutla Naimənin dostluğunda nə xoşuna gəlir?

8 Müqəddəs Kitabda çox adamların dostluğundan yazılıb. Onlardan biri də Rutla qayınanası Naimənin dostluğudur. Bu qadınlar ayrı-ayrı ölkələrdən və xalqlardan idilər. Üstəlik, Naimə Rutdan yaşca çox böyük idi. Amma onlar yaxın dost olmuşdular. Çünki ikisi də Yehovanı sevirdi. Naimə Muabdan İsrailə qayıtmaq istəyəndə Rut onu tək qoymadı. O, Naiməyə dedi: «Xalqın xalqım olacaq, sənin Allahın mənim Allahım olacaq» (Rut 1:14, 16). Rut Naiməyə qarşı çox xeyirxah idi. Onlar İsraildə yaşayanda Rut işləyib, özünü və dostunu dolandırırdı. Naimə də Rutu çox istəyirdi. Ruta ağıllı məsləhət verdi. Rut da ona qulaq asdı. Bunun sayəsində, onların hər ikisinə böyük nemətlər nəsib oldu (Rut 3:6).

9. Davudla Yonatanın dostluğunda sənə xoş təsir bağışlayan nə oldu?

9 Davudla Yonatan da gözəl dostluq nümunəsidir. Onların hər ikisi Yehovaya sadiq idi. Yonatan Davuddan təxminən 30 yaş böyük idi. Yonatan İsrailin növbəti padşahı olmalı idi (1 İşmuil 17:33; 31:2; 2 İşmuil 5:4). Amma biləndə ki, Yehova Davudu padşah seçib, o, nə paxıllıq etdi, nə də Davudla rəqabətə girişdi. Yonatan əlindən gəldiyi qədər Davuda dayaq oldu. Məsələn, Davud təhlükədə olanda onun «Yehovaya inamını möhkəmləndirdi». Yonatan hətta Davuda görə həyatını da təhlükəyə atdı (1 İşmuil 23:16, 17). Davud da sadiq dost idi. O söz verdi ki, Yonatanın ailəsinin qayğısına qalacaq. Davud Yonatan öləndən sonra da sözünün üstündə durdu (1 İşmuil 18:1; 20:15—17, 30—34; 2 İşmuil 9:1—7).

10. Üç ibraninin nümunəsindən dostluqla bağlı nə öyrənirsən?

10 Sədrah, Misah və Abidnağu ibrani idilər. Onları uşaq vaxtı Babilə əsir aparmışdılar. Ailələrindən uzaqda onlar bir-birilərinə kömək edirdilər ki, Yehovaya sadiq qalsınlar. Bu gənclər böyüyəndə də iman sınağı ilə üzləşirdilər. Bir dəfə Navuxodonosor padşah onlara əmr etmişdi ki, qızıl heykələ səcdə qılsınlar. Sədrah, Misah və Abidnağu bu əmrə boyun əyməyib padşaha dedilər: «Biz nə sənin allahlarına ibadət edəcəyik, nə də qoyduğun qızıl heykələ səcdə qılacağıq». Bu üç dost iman sınağı ilə üzləşəndə Allaha sadiq qaldı (Dənyal 1:1—17; 3:12, 16—28).

11. Bulusla Timuti necə dostlaşmışdılar?

11 Həvari Bulus gənc Timuti ilə tanış olanda görmüşdü ki, Timuti Yehovanı sevir və yığıncağın rifahını düşünür. Ona görə də o, Timutiyə təlim verirdi ki, müxtəlif yerlərdə olan bacı-qardaşlara kömək etsin (Həvarilərin işləri 16:1—8; 17:10—14). Timuti çox çalışqan idi. Bulus onun haqqında belə demişdi: «O, atası ilə bərabər nökərçilik edən uşaq kimi, müjdənin vüsət almasında mənimlə birlikdə canla-başla xidmət edib». Bulus bilirdi ki, Timuti can-dildən bacı-qardaşların qeydinə qalır. Bulusla Timuti çiyin-çiyinə Yehovaya xidmət etdikcə möhkəm dost oldular (Filippililərə 2:20—22; 1 Korinflilərə 4:17).

DOSTLARI NECƏ SEÇMƏK OLAR?

12, 13. a) Nəyə görə yığıncaqda da dost seçərkən diqqətli olmalıyıq? b) Nəyə görə həvari Bulus 1 Korinflilərə 15:33 ayəsindəki xəbərdarlığı yazmışdı?

12 Yığıncaqda bacı-qardaşlardan çox şey öyrənirik. Bir-birimizə kömək edirik ki, Yehovaya sadiq qalaq. (Romalılara 1:11, 12 ayələrini oxu.) Amma yığıncaqda da dost seçəndə diqqətli olmalıyıq. Bizim müxtəlif xalqlardan, mədəniyyətlərdən olan bacı-qardaşlarımız var. Yığıncaqda bəziləri təzədir, bəziləri isə uzun illərdir Yehovaya xidmət edir. Meyvənin yetişməsinə vaxt lazım olduğu kimi, insanın Yehova ilə münasibətlərinin də möhkəmlənməsinə vaxt lazımdır. Buna görə də biz bir-birimizə səbirlə, məhəbbətlə yanaşmalıyıq və həmişə dostları ağılla seçməliyik (Romalılara 14:1; 15:1; İbranilərə 5:12—6:3).

13 Hərdən yığıncaqda ciddi vəziyyət yaranır. Bu zaman xüsusilə ehtiyatlı olmalıyıq. Ola bilər ki, hansısa bacı və ya qardaş Müqəddəs Kitaba zidd gedən işlər görsün. Yaxud kimsə deyingənlik edə bilər. Bu isə yığıncaq üçün təhlükəlidir. Belə hallar bizi təəccübləndirmir. Çünki birinci əsrdə də yığıncaqda problemlər olurdu. Həvari Bulus o dövrdə yaşayan məsihilərə xəbərdarlıq etmişdi: «Aldanmayın! Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:12, 33). Bulus həmçinin Timutini xəbərdar etmişdi ki, özünə dost seçərkən diqqətli olsun. Bu bizə də aiddir. (2 Timutiyə 2:20—22 ayələrini oxu.)

14. Dost seçimimiz Yehova ilə münasibətimizə necə təsir edir?

14 Biz Yehova ilə münasibətimizi qorumalıyıq. Bu bizim sahib olduğumuz ən dəyərli nemətdir. Ona görə də imanımızı zəiflədən və bu münasibətə xələl gətirən insanlarla dost olmamalıyıq. Süngəri çirkli suya atsaq, o, canına təmiz su çəkməyəcək. Biz də düşünməməliyik ki, səhv hərəkət edən insanlarla dostluq etsək də, düzgün davranmaq bizə asan olacaq. Biz dostlarımızı diqqətlə seçməliyik (1 Korinflilərə 5:6; 2 Salonikililərə 3:6, 7, 14).

Yehovanı sevənlərin arasında çoxlu dost tapa bilərik

15. Yığıncaqda yaxşı dostlar qazanmaq üçün nə edə bilərsən?

15 Yığıncaqda Yehovanı ürəkdən sevən insanlar çoxdur. Onlar sənin yaxın dostun ola bilər (Zəbur 133:1). Təkcə öz yaşıdlarından və ya öz millətindən olan insanların arasında dost axtarma. Unutma ki, Yonatan Davuddan xeyli böyük idi. Rut isə Naimədən çox kiçik idi. Müqəddəs Kitabda deyilir ki, «ürəyinizi geniş açın» (2 Korinflilərə 6:13; 1 Butrus 2:17 ayəsini oxu). Biz bu məsləhətə əməl etmək istəyirik. Yehovaya nə qədər çox bənzəməyə çalışsan, səninlə dost olmaq istəyən adamlar da bir o qədər çox olacaq.

ANLAŞILMAZLIQ YARANANDA

16, 17. Yığıncaqda kimsə xətrimizə dəyərsə, hansı fikirdən uzaq olmalıyıq?

16 Bir ailənin içində hamı eyni xasiyyətdə olmur, eyni cür fikirləşmir. Yığıncaqda da belədir. Bu cür müxtəliflik həyatımıza rəng qatır və biz bir-birimizdən çox şey öyrənirik. Bəzən isə bu müxtəliflik səbəbindən bacı-qardaşlarla aramızda anlaşılmazlıq yaranır və kimsə bizi qıcıqlandırır. Hərdən kimsə xətrimizə dəyir, kimdənsə inciyirik (Məsəllər 12:18). Bəs bu cür problemlərə görə ruhdan düşüb, yığıncaqdan uzaqlaşmaq düzgündür?

17 Xeyr. Kiminsə hərəkətinə görə məyus olsaq belə, yığıncaqdan üz döndərməməliyik. Axı xətrimizə dəyən Yehova deyil! Yehova bizə həyat verib, bizi hər şeylə təmin edib. O, sevgimizə və sədaqətimizə layiqdir (Vəhy 4:11). Yığıncaq Yehovadan bir hədiyyədir və bizə imanımızı möhkəm saxlamağa kömək edir (İbranilərə 13:17). Kimsə xətrimizə dəyib deyə bu hədiyyədən imtina etməməliyik. (Zəbur 119:165 ayəsini oxu.)

18. a) Bacı-qardaşlarla münasibətimizi yaxşı saxlamağa nə kömək edir? b) Nəyə görə başqalarını bağışlamalıyıq?

18 Biz bacı-qardaşlarımızı sevirik. Buna görə də onlarla yaxşı münasibətdə olmaq istəyirik. Yehova heç bir insandan kamillik gözləmir, biz də gözləməməliyik (Məsəllər 17:9; 1 Butrus 4:8). Hamımız səhv edirik, amma məhəbbət kömək edir ki, bir-birimizi ürəkdən bağışlayaq (Koloslulara 3:13). Məhəbbət qoymayacaq ki, kiçik anlaşılmazlığı böyük problemə çevirək. Düzdür, kimsə xətrimizə dəyəndə bu barədə düşünməmək çətindir. Əsəbiləşmək, həmin adama kin saxlamaq isə çox asandır. Amma belə olanda sevincimiz itəcək, kinli adam olacağıq. Xətrimizə dəyən adamı bağışlayanda isə ürəyimiz rahat olacaq, yığıncaqda birlik olacaq, ən əsası isə Yehova ilə münasibətlərimiz yaxşı olacaq (Mətta 6:14, 15; Luka 17:3, 4; Romalılara 14:19).

KİMSƏ YIĞINCAQDAN KƏNAR EDİLƏNDƏ

19. Yığıncaqda kiminləsə ünsiyyətə nə zaman son qoymaq lazım gəlir?

19 Mehriban ailədə hər kəs öz öhdəsinə düşəni edir ki, hamı xoşbəxt olsun. Amma təsəvvür et ki, bir nəfər dikbaşlıq edir. Ailədə hamı dönə-dönə ona kömək etməyə çalışır. O isə inadından dönmür. O ya özü evdən çıxıb gedir, ya da ailənin böyüyü ondan evdən çıxmağı tələb edir. Yığıncaqda da buna bənzər şey ola bilər. Bəzən kimsə Yehovaya ağır gedən əməlindən dönmür, bu isə yığıncağa zərər yetirə bilər. Bu şəxs göstərilən köməyi rədd edir və əməlləri ilə göstərir ki, yığıncağın üzvü olmaq istəmir. Belə adam ya özü yığıncaqdan çıxıb gedir, ya da yığıncaqdan kənar edilir. Müqəddəs Kitabda deyilir ki, belə adamla oturub-durmamalıyıq. (1 Korinflilərə 5:11—13 ayələrini oxu; 2 Yəhya 9—11.) Həmin adam dostumuz, yaxud da ailə üzvümüz olarsa, buna riayət etmək çətin ola bilər. Ancaq belə vəziyyətdə Yehovaya sədaqətimiz insana sədaqətimizdən üstün olmalıdır. (8-ci əlavəyə bax.)

20, 21. a) Nəyə görə günahkarın yığıncaqdan kənar edilməsi məhəbbətdən irəli gələn tələbdir? b) Dost seçimində diqqətli olmaq nəyə görə vacibdir?

20 Yehova günahkarın yığıncaqdan kənar edilməsini məhəbbətdən irəli gələrək tələb edir. Bu, yığıncağı Yehovanın qanunlarına məhəl qoymayan adamlardan qoruyur (1 Korinflilərə 5:7; İbranilərə 12:15, 16). Həmçinin bizə imkan verir ki, Yehovanın müqəddəs adına, Onun ali qanunlarına və Yehovanın Özünə məhəbbətimizi sübut edək (1 Butrus 1:15, 16). Bu tələb daha yığıncağın üzvü olmayan kəsin özünün də xeyrinədir. Bu ciddi cəza ona əməlinin günah olduğunu başa düşməyə və əməlindən dönməyə kömək edə bilər. Vaxtilə yığıncaqdan kənar edilənlərin çoxu sonradan Yehovaya geri dönmüşlər, yığıncaq da onları mehribanlıqla qəbul etmişdir (İbranilərə 12:11).

21 Dostlarımız bizə ya yaxşı, ya da pis təsir göstərir. Buna görə dost seçərkən yüz ölçüb, bir biçməliyik. Əgər biz Yehovanın sevdiyi insanları sevsək, onlar bizə Yehovaya əbədiyyən sadiq qalmağa kömək edəcəklər.