Kontentə keç

Mündəricatı göstər

FƏSİL 7

Həyata Allahın gözü ilə bax

Həyata Allahın gözü ilə bax

«Həyat mənbəyi Sənsən» (ZƏBUR 36:9).

1, 2. a) Yehova bizə hansı qiymətli hədiyyəni bəxş edib? b) Xoşbəxt yaşamaq üçün Yehova bizə nə verib?

 YEHOVA hər birimizə möhtəşəm bir hədiyyə verib. Bu, həyat ənamıdır (Yaradılış 1:27). O istəyir ki, biz xoşbəxt həyat yaşayaq. Buna görə də bizə prinsiplər verib. Bu prinsiplər bizə düzgün qərar verməyi öyrədir. Biz bu prinsiplərin köməyilə yaxşını pisdən ayırmağı öyrənməliyik (İbranilərə 5:14). Belə edəndə Yehova bizə aydın düşünməyi öyrədir. Allahın prinsipləri ilə yaşadıqca, həyatımızın necə yaxşılaşdığını gördükcə onların nə qədər qiymətli olduğunu başa düşürük.

2 Həyat çox mürəkkəbdir. Bəzən elə vəziyyətlər yaranır ki, Müqəddəs Kitabda ona aid heç bir qanun olmur. Məsələn, müalicə zamanı qandan istifadəyə dair qərar vermək lazım gələ bilər. Yehovanı razı salmaq üçün necə qərar verməliyik? Müqəddəs Kitabda Yehovanın həyata və qana baxışını əks etdirən prinsiplər var. Bu prinsipləri başa düşsək, düzgün qərar verəcəyik və vicdanımızı təmiz saxlayacağıq (Məsəllər 2:6—11). Gəl bu prinsiplərdən bir neçəsini nəzərdən keçirək.

ALLAHIN HƏYATA VƏ QANA BAXIŞI

3, 4. a) Allah qana olan baxışını necə açıqlamışdı? b) Qan nəyi təmsil edir?

3 Allahın Kəlamında deyilir ki, qan müqəddəsdir, çünki həyatı təmsil edir. Həyat Yehovanın gözündə qiymətlidir. Qabil qardaşını öldürəndən sonra Yehova ona demişdi: «Qardaşının qanı torpaqdan Mənə fəryad edir!» (Yaradılış 4:10). Habilin qanı onun həyatını təmsil edirdi. Yehova Habilin qanından danışanda məhz onun həyatını nəzərdə tuturdu.

4 Nuhun günlərindəki daşqından sonra Allah insanlara ət yeməyə icazə verdi. Amma bir şərt qoydu: «Heyvanın ətini onun canı olan qanı ilə yeməyin» (Yaradılış 9:4). Bu əmr Nuhun bütün övladlarına, o cümlədən bizə də aiddir. Aydındır ki, qan Yehovanın gözündə həyatı təmsil edir. Biz də qana belə yanaşmalıyıq (Zəbur 36:9).

5, 6. Tövratda Yehovanın həyata və qana baxışı necə əks olunurdu?

5 Yehova Musaya verdiyi qanunda demişdi: «Kimsə qan yesə, üzüm ondan dönəcək və onu xalqın arasından yox edəcəyəm. Çünki can qandadır» (Lavililər 17:10, 11).

6 Tövratda deyilirdi ki, yemək üçün heyvan öldürəndə qanını torpağa axıtmaq lazımdır. Bununla, sanki heyvanın həyatı onun Yaradanına, Yehovaya qaytarılırdı (Qanunun təkrarı 12:16). Amma Yehova demirdi ki, israillilər heyvanın qanını son damlasına kimi axıtmalıdırlar. Heyvanın qanını kifayət qədər axıtdıqdan sonra əti təmiz vicdanla yeyə bilərdilər. Heyvanın qanına hörmət etməklə onlar həyatı verənə, Yehovaya hörmət etdiklərini göstərirdilər. Tövratda həmçinin buyrulurdu ki, israillilər günahlarını yumaq üçün heyvan qurbanı gətirməlidirlər. (1920-ci əlavəyə bax.)

7. Davud qana hörmət etdiyini necə göstərmişdi?

7 Qanın nə qədər dəyərli olduğunu Müqəddəs Kitabda yazılan bir əhvalat da göstərir. Bir dəfə Davud filiştlilərlə döyüşə çıxmışdı. O, bərk susamışdı. Onun igidləri həyatlarını təhlükəyə atıb düşmənlərin içinə girmişdilər ki, ona su gətirsinlər. Ancaq suyu gətirəndə Davud suyu içməyib, Yehovanın önündə yerə tökmüşdü. Davud demişdi: «Ya Yehova, heç mən bunu edərəmmi?! Su gətirmək üçün həyatlarını oda atan bu adamların qanını necə içim?» Davud başa düşürdü ki, Allahın gözündə həyat və qan çox qiymətlidir (2 İşmuil 23:15—17).

8, 9. Məsihilər qana necə yanaşmalıdırlar?

8 İlk məsihilərin dövründə daha Allahın xalqından heyvan qurbanı gətirmək tələb olunmurdu. Bununla belə, onlar qana düzgün yanaşmalı idilər. Yehova məsihilərdən Tövratdakı müəyyən qanunlara əməl etməyi tələb edirdi və qandan uzaq durmaq onlardan biri idi. Bu, əxlaqsızlıqdan və bütpərəstlikdən uzaq durmaq qədər vacib idi (Həvarilərin işləri 15:28, 29).

Qanın fraksiyalarından istifadə ilə bağlı qərarımı həkimə necə izah edərdim?

9 Bu gün də belədir. Biz məsihilər bilirik ki, Yehova həyat mənbəyidir və bütün canlıların həyatı ona məxsusdur. Biz həmçinin başa düşürük ki, qan müqəddəsdir və həyatı təmsil edir. Buna görə də qandan istifadə olunan müalicə növləri ilə bağlı qərar verərkən Müqəddəs Kitabdakı prinsipləri nəzərə alırıq.

TİBDƏ QANDAN İSTİFADƏ

10, 11. a) Yehovanın Şahidləri qanın və onun dörd əsas hissəsinin köçürülməsinə necə yanaşırlar? b) Hər məsihi nəyə qərar verməlidir?

10 Yehovanın Şahidləri başa düşürlər ki, qandan uzaq durmaq, sadəcə, qan yeməmək və ya içməmək demək deyil. Bura qan köçürməmək, qan verməmək, öz qanını sonradan köçürmək məqsədilə saxlamamaq da daxildir. Həmçinin qanın dörd əsas hissəsini — qırmızı qan hüceyrələri, ağ qan hüceyrələri, trombosit və plazmanı köçürmək olmaz.

11 Qanın bu dörd əsas hissəsi də kiçik hissələrə, yəni fraksiyalara bölünür. Hər bir məsihi fraksiyalardan istifadə edib-etməyəcəyinə özü qərar verməlidir. Eyni prinsip pasientin öz qanından istifadə olunan tibbi prosedurlara da aiddir. Hər kəs özü qərar verməlidir ki, cərrahiyyə əməliyyatı, analiz və ya müalicə proseduru zamanı qanından necə istifadə olunacaq. (21-ci əlavəyə bax.)

12. a) Nəyə görə vicdan məsələləri ilə bağlı verdiyimiz qərarlar Yehova üçün əhəmiyyətlidir? b) Tibbi prosedurlarla bağlı necə düzgün qərar verə bilərik?

12 Vicdan məsələləri ilə bağlı verdiyimiz qərarlar Yehova üçün böyük əhəmiyyət kəsb edir. Bizim fikirlərimiz və niyyətlərimiz Yehova üçün önəmlidir. (Məsəllər 17:3; 24:12 ayələrini oxu.) Buna görə də müalicə ilə bağlı qərar verəndə də Yehovaya dua edib rəhbərlik istəməli, sonra isə araşdırma aparmalıyıq. Bundan sonra Müqəddəs Kitab əsasında tərbiyə etdiyimiz vicdanımıza uyğun olaraq özümüz qərar verməliyik. Başqalarından soruşmamalıyıq ki, bizim yerimizdə olsaydılar nə edərdilər. Yaxud heç kəsin qərarımıza təsir etməsinə yol verməməliyik. Hər məsihi «öz məsuliyyət yükünü daşıyacaq» (Qalatiyalılara 6:5; Romalılara 14:12).

YEHOVANIN QANUNLARI MƏHƏBBƏTİNİ ƏKS ETDİRİR

13. Qanla bağlı qanun və prinsiplərdən Yehova haqda nə öyrənirik?

13 Yehova bizə nə buyurursa, bizim yaxşılığımızı düşünür və bizə məhəbbətini göstərir (Zəbur 19:7—11). Ancaq biz Ona sadəcə xeyir tapmaq üçün yox, Onu sevdiyimiz üçün itaət edirik. Biz Yehovanı sevdiyimiz üçün qan köçürmürük (Həvarilərin işləri 15:20). Həm də bu bizim sağlamlığımızı qoruyur. Bu gün insanların əksəriyyəti bilir ki, qan köçürmək riskli işdir. Həkimlərin çoxu əmindir ki, qan köçürmədən əməliyyat etmək xəstənin sağlamlığına daha yaxşı təsir göstərir. Aydındır ki, Yehovanın əmrlərində böyük hikmət və məhəbbət var. (Əşiya 55:9 ayəsini oxu; Yəhya 14:21, 23.)

14, 15. a) Yehova xalqını qorumaq üçün hansı qanunlar vermişdi? b) Bu qanunların arxasında duran prinsiplərə necə riayət edə bilərsən?

14 Allahın qanunları həmişə xalqına xeyir gətirir. Yehova israilliləri təhlükələrdən qorumaq üçün qanunlar vermişdi. Məsələn, bir qanuna əsasən, ev yiyəsi evinin yastı damı ətrafına alçaq divar çəkməli idi ki, heç kim oradan yıxılmasın (Qanunun təkrarı 22:8). Heyvanlarla da bağlı bir qanun verilmişdi. Əgər kiminsə öküzü vurağan idisə, onu bağlı saxlamalı idi ki, heç kimə hücum edib öldürməsin (Çıxış 21:28, 29). İsrailli bu qanunlara əməl etməsəydi, başqasının ölümündə günahkar olacaqdı.

15 Bu qanunlardan görürük ki, həyat Yehovanın gözündə qiymətlidir. Bu bizə necə təsir etməlidir? Biz evimizin, nəqliyyat vasitəmizin vəziyyətinə, necə sürməyimizə və necə əylənməyimizə fikir verməliyik. Bundan bizim həyata hörmət etdiyimiz görünəcək. Bəzi insanlar, xüsusilə də, gənclər fikirləşirlər ki, onlara heç nə olan deyil. Ona görə də həyatlarını riskə atırlar, yaxud da təhlükəyə əhəmiyyət vermirlər. Amma Yehova bizim belə davranmağımızı istəmir. O istəyir ki, biz həm özümüzün, həm də başqalarının həyatına hörmət edək (Vaiz 11:9, 10).

16. Yehova aborta necə yanaşır?

16 Hər bir insanın həyatı Yehova üçün önəmlidir. Hətta doğulmamış körpənin də həyatı Onun gözündə qiymətlidir. Tövrata əsasən, kimsə təsadüfən hamilə qadına xətər yetirsəydi, qadın və ya uşaq ölsəydi, Yehovanın gözündə həmin adam qatil sayılacaqdı. Bu o deməkdir ki, təsadüfən olsa da, insan qətlə yetirilib və onun həyatının əvəzində həyat verilməli idi. (Çıxış 21:22, 23 ayələrini oxu.) Allahın gözündə doğulmamış körpə də canlı insandır. İndi necə düşünürsən, Allah aborta necə yanaşır? Hər il milyonlarla doğulmamış körpənin öldürüldüyünü görəndə Allah nə hiss edir?

17. Qadın Yehovanın aborta münasibətini bilməzdən əvvəl abort etdiribsə, ona nə təsəlli verə bilər?

17 Bəs əgər qadın Yehovanın aborta münasibətini bilməzdən əvvəl abort etdiribsə, onda necə? O əmin ola bilər ki, Yehova İsanın qurbanlığı əsasında onu bağışlaya bilər (Luka 5:32; Efeslilərə 1:7). Əgər qadın ürəkdən peşmandırsa, vicdan əzabı çəkib, daha özünü üzməməlidir. «Yehova mərhəmət, şəfqət sahibidir... Şərq qərbdən nə qədər uzaqdırsa, günahlarımızı bizdən o qədər uzaqlaşdırdı» (Zəbur 103:8—14).

NİFRƏT HİSSİNDƏN QAÇ

18. Nəyə görə nifrət hissini ürəyimizdən silmək üçün var gücümüzlə çalışmalıyıq?

18 Allahın verdiyi həyat ənamına hörmət qəlbimizin dərinliyindən başlayır. Bu başqalarına olan münasibətimizi özünə daxil edir. Həvari Yəhya yazmışdı: «Qardaşına nifrət edən qatildir» (1 Yəhya 3:15). Xoşumuz gəlməyən adama qarşı özümüz də bilmədən ürəyimizdə nifrət yarana bilər. Bu isə ona gətirib çıxarar ki, həmin adama hörmət etmərik, ona böhtan atarıq, hətta onun ölümünü istəyərik. Yehova başqalarına olan hisslərimizi bilir (Lavililər 19:16; Qanunun təkrarı 19:18—21; Mətta 5:22). Əgər biz kiməsə nifrət etdiyimizi görürüksə, bu hissi ürəyimizdən çıxarmaq üçün var gücümüzlə çalışmalıyıq (Yaqub 1:14, 15; 4:1—3).

19. Həyata hörmət etdiyimizi başqa necə göstərə bilərik?

19 Həyatı qiymətləndirdiyimizi başqa cür də göstərə bilərik. Zəbur 11:5 ayəsindən görürük ki, Yehova zorakılığı sevənlərə nifrət edir. Əgər biz zorakı əyləncələrlə əyləniriksə, bu bizim zorakılığı sevdiyimizi göstərə bilər. Axı niyə zorakı sözlərə, fikirlərə və səhnələrə beynimizdə yer verək? Əksinə, biz zehnimizi təmiz və sülhpərvər fikirlərlə doldurmaq istəyirik. (Filippililərə 4:8, 9 ayələrini oxu.)

HƏYATA HÖRMƏT ETMƏYƏN TƏŞKİLATLARIN ÜZVÜ OLMAYIN

20—22. a) Yehova Şeytan dünyasına necə yanaşır? b) Allahın xalqı dünyaya məxsus olmadığını necə göstərə bilər?

20 Şeytan dünyası həyata hörmət etmir. Yehovanın gözündə bu dünya qatillikdə təqsirkardır. Əsrlər ərzində siyasi qüvvələr milyonlarla insanın, o cümlədən Yehovanın Şahidlərinin ölümünə bais olub. Müqəddəs Kitabda bu qüvvələr, yəni hökumətlər vəhşi, yırtıcı heyvan kimi təsvir olunur (Dənyal 8:3, 4, 20—22; Vəhy 13:1, 2, 7, 8). Bu gün dünyada silah alveri böyük biznesdir. İnsanlar öldürücü silahlar sataraq çox böyük gəlir əldə edirlər. Doğrudan da, bütün dünya Şəririn əlindədir (1 Yəhya 5:19).

21 Həqiqi məsihilər bu dünyaya məxsus deyillər. Yehovanın xalqı siyasətdə və müharibədə bitərəf qalır. Onlar nə adam öldürür, nə də insanların ölümünə bais olan təşkilatları dəstəkləyirlər (Yəhya 15:19; 17:16). Məsihilər təqib olunanda əvəzində zorakılıq göstərmirlər. İsa öyrədirdi ki, biz hətta düşmənlərimizi də sevməliyik (Mətta 5:44; Romalılara 12:17—21).

22 Dinlər də milyonlarla insanın ölümünə bais olur. Müqəddəs Kitabda bütün dünyadakı yalan dinlərin cəmi olan Böyük Babil haqqında deyilir: «Bu şəhərdə peyğəmbərlərin, müqəddəslərin və yer üzündə qətlə yetirilmişlərin hamısının qanı tapılıb». Yəqin indi aydındır ki, nəyə görə Yehova bizə əmr edir: «Ey xalqım, ondan çıxın». Yehovaya ibadət edənlərin yalan dinlə heç bir əlaqəsi yoxdur (Vəhy 17:6; 18:2, 4, 24).

23. Böyük Babildən çıxmaq özünə nəyi daxil edir?

23 Böyük Babildən çıxmaq üçün insan heç bir yalan dinin üzvü olmadığını aydın göstərməlidir. Məsələn, ola bilsin, bunun üçün adımızı aid olduğumuz yalan dinin üzvlüyündən çıxartdırmalıyıq. Amma başqa şey də tələb olunur. Biz həmçinin yalan dinin pis əməllərinə nifrət etməli və onları rədd etməliyik. Yalan din əxlaqsızlığa, tamahkarlığa nəinki göz yumur, hətta buna təşviq edir, siyasəti dəstəkləyir. (Zəbur 97:10 ayəsini oxu; Vəhy 18:7, 9, 11—17.) Bunun ucbatından, illər ərzində milyonlarla insan həyatını itirib.

24, 25. Yehovanı tanımaq nə üçün bizə qəlb rahatlığı və təmiz vicdan bəxş edir?

24 Yehovanı tanımazdan əvvəl hər birimiz Şeytan dünyasında görülən pis işləri necəsə dəstəkləmişik. İndi isə dəyişilmişik. Fidyəni qəbul etmişik və həyatımızı Allaha həsr etmişik. Bizə «Yehovadan təravət mövsümü» gəlib. Yəni Yehovanın bizdən razı olduğunu bildiyimiz üçün ürəyimiz rahatdır, vicdanımız isə təmiz (Həvarilərin işləri 3:19; Əşiya 1:18).

25 Hətta bir zamanlar biz həyata hörmət etməyən təşkilatlara üzv olmuşuqsa da, Yehova fidyə əsasında bizi bağışlaya bilər. Biz Yehovanın həyat ənamını ürəkdən dəyərləndiririk. Bunu əməldə göstərmək üçün əlimizdən gələni edirik ki, insanlara Yehova haqqında öyrənməyə, Şeytan dünyasından çıxmağa və Allahla dost olmağa kömək edək (2 Korinflilərə 6:1, 2).

PADŞAHLIQ XƏBƏRİNİ BƏYAN ET

26—28. a) Yehova Hizqiyala hansı işi tapşırmışdı? b) Yehova bizə hansı işi tapşırıb?

26 Keçmişdə Yehova Hizqiyal peyğəmbərə buyurmuşdu ki, tezliklə Yerusəlimin məhv olacağı barədə xalqı xəbərdar etsin və onlara sağ qalmaq üçün nə etməli olduqlarını öyrətsin. Əgər Hizqiyal xalqı xəbərdar etməsəydi, onların ölümünə görə Yehovanın qarşısında məsuliyyət daşıyacaqdı (Hizqiyal 33:7—9). Hizqiyal bu vacib xəbəri bəyan etmək üçün əlindən gələni etməklə həyata hörmət etdiyini göstərdi.

27 Yehova bizə də buyurub ki, Şeytan dünyasının tezliklə məhv olacağı barədə insanları xəbərdar edək, həmçinin onların Yehovanı tanımalarına, sağ qalıb, yeni dünyada yaşamalarına kömək edək (Əşiya 61:2; Mətta 24:14). Biz bu xəbəri insanlara çatdırmaq üçün əlimizdən gələni etmək istəyirik. Biz də ümid edirik ki, Bulus kimi deyəcəyik: «İstəyirəm ki, siz hər kəsin qanından təmiz olduğuma bu gün şəhadət verəsiniz. Çünki Allahın niyyətini sizə bütövlüklə çatdırmaqdan boyun qaçırmamışam» (Həvarilərin işləri 20:26, 27).

28 Biz başqa sahələrdə də təmiz olmalıyıq. Növbəti fəsildə bu sahələrdən bir neçəsini nəzərdən keçirəcəyik.