Kontentə keç

Mündəricatı göstər

FƏSİL 15

İşindən zövq al

İşindən zövq al

«Hər kəs... zəhmətindən həzz almalıdır» (VAİZ 3:13).

1—3. a) Çox insan işinə necə yanaşır? b) Bu fəsildə hansı suallar müzakirə olunur?

 BÜTÜN dünyada insanlar özlərini və ailələrini dolandırmaq üçün ağır zəhmət çəkir. Çoxları işini sevmir. Hətta hər gün işə getmək onlar üçün işgəncədir. Ola bilsin, sən də işinə belə yanaşırsan. Bəs işinə yaxşı yanaşmağa, ondan müəyyən qədər zövq almağa nə kömək edə bilər?

2 Yehova deyir: «Hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir» (Vaiz 3:13). Yehova bizi elə yaradıb ki, biz işləməliyik, bundan başqa, O, ürəyimizə işləmək istəyi də qoyub. O istəyir ki, biz gördüyümüz işdən həzz alaq. (Vaiz 2:24; 5:18 ayələrini oxu.)

3 Bəs işimizdən zövq almağa bizə nə kömək edər? Məsihilər hansı işlərdə işləməməlidirlər? İşlə ibadət arasında tarazlığı necə qoruya bilərik? Bizim ən mühüm işimiz nədir?

İKİ DAHİ ZƏHMƏTKEŞ

4, 5. Yehovanın işə münasibəti necədir?

4 Yehova işləməyi sevir. Yaradılış 1:1 ayəsində deyilir: «Başlanğıcda Allah göyü və yeri yaratdı». Allah yeri və ondakı hər şeyi hazırlayandan sonra yaratdıqlarının «çox yaxşı» olduğunu dedi (Yaradılış 1:31). Yaradanımız əl işindən məmnun qaldı (1 Timutiyə 1:11).

5 Yehova heç vaxt əlini işdən soyutmayıb. İsa demişdi: «Mənim Atam indiyədək işləyir» (Yəhya 5:17). Yehovanın gördüyü möhtəşəm işlərin hamısından xəbərimiz olmasa da, bəziləri barədə bilirik. Yehova Oğlu İsa Məsihlə Padşahlıqda idarə edəcək kəsləri seçir (2 Korinflilərə 5:17). Yehova həm də insanlara yol göstərir, onların qeydinə qalır. Bütün dünyada gedən təbliğ işinin sayəsində milyonlarla insan Yehovanı tanıyır və cənnətdə əbədi yaşamaq ümidinə sahib olur (Yəhya 6:44; Romalılara 6:23).

6, 7. İsa Məsih necə işçi idi?

6 İsa da Atası kimi, işləməyi sevir. Yer üzünə gəlməzdən əvvəl o, Allahın yanında usta kimi çalışır, göydə və yerdə olan hər şeyin yaradılmasında iştirak edirdi (Məsəllər 8:22—31; Koloslulara 1:15—17). Yerdə yaşayanda da İsa zəhmətkeş idi. O, yeniyetməliyindən dülgər işinə məharətlə yiyələnmişdi. Ehtimal ki, o, ev əşyaları düzəldir, həm də ev tikirdi. İsa öz işində elə peşəkar idi ki, el içində «dülgər» kimi tanınırdı (Mark 6:3).

7 Lakin yerdə olanda İsa üçün ən vacib iş müjdəni təbliğ etmək və insanlara Yehova haqqında öyrətmək idi. O, üç il yarıma xidmətini başa çatdırmalı idi, buna görə də səhər sübhdən gecə yarısına kimi xidmət edirdi (Luka 21:37, 38; Yəhya 3:2). İsa tozlu yollarla yüz kilometrlərlə yol qət edir, mümkün qədər çox insana müjdəni çatdırırdı (Luka 8:1).

8, 9. İsa nəyə görə işindən zövq alırdı?

8 Allahın işini görmək İsa üçün, sanki qida idi. Bu iş ona güc-qüvvət verirdi. Bəzən elə günlər olurdu ki, onun yemək yeməyə də vaxtı qalmırdı (Yəhya 4:31—38). İsa hər fürsətdən istifadə edib, insanlara Atası haqda öyrədirdi. Buna görə də alnıaçıqlıqla Yehovaya demişdi: «Mənə tapşırdığın işi başa çatdırdım, Səni yerdə şərəfləndirdim» (Yəhya 17:4).

9 Aydındır ki, həm Yehova, həm də İsa zəhmətkeşdirlər və işlərindən sevinc, məmnunluq duyurlar. Biz Allaha bənzəmək, İsanın izi ilə getmək istəyirik (Efeslilərə 5:1; 1 Butrus 2:21). Buna görə də biz də zəhmətkeş olmağa və hər işi əlimizdən gəldiyi qədər yaxşı etməyə çalışırıq.

İŞİMİZƏ NECƏ YANAŞMALIYIQ?

10, 11. İşə müsbət yanaşmağa nə kömək edə bilər?

10 Biz Yehovanın xalqıyıq, buna görə də özümüzü və ailəmizi dolandırmaq üçün işləyirik. Biz işimizə yaxşı yanaşmalıyıq, ancaq bəzən bu, çətin olur. İşimizdən xoşumuz gəlmirsə, onda nə edə bilərik?

Müsbət əhvali-ruhiyyə istənilən işdən zövq almağa kömək edir

11 İşə müsbət yanaş. Ola bilsin, harada və nə qədər işləyəcəyimizi seçmək bizim əlimizdə deyil. Amma biz öz əhvali-ruhiyyəmizi dəyişə bilərik. Yehovanın nöqteyi-nəzərini bilmək bizə kömək edə bilər. Məsələn, Yehova istəyir ki, ailə başçısı əlindən gəldiyi qədər ailəsini təmin etsin. Əslində, Müqəddəs Kitabda deyilir ki, ailəsinin qeydinə qalmayan «imansızdan da betərdir» (1 Timutiyə 5:8). Əgər sən ailə başçısısansa, ailəni dolandırmaq üçün zəhmət çəkirsən. İşin xoşuna gəlsə də, gəlməsə də, bilirsən ki, ailəni dolandırmaqla sən həm də Yehovanı razı salırsan.

12. Əməksevər və dürüst olmağın hansı faydası var?

12 Əməksevər və dürüst ol. Bu sənə işindən zövq almağa kömək edəcək (Məsəllər 12:24; 22:29). Belə olsan, müdirin sənə etibar edəcək. Adətən, müdirlər dürüst işçiləri qiymətləndirirlər, çünki belə işçilər iş vaxtından, pul və ya digər şeylərdən oğurlamırlar (Efeslilərə 4:28). Ən əsası, sənin əməksevər və dürüst olmağın Yehovanın nəzərindən qaçmır. Sevdiyin Allahı razı saldığını bildiyin üçün vicdanın təmiz olacaq (İbranilərə 13:18; Koloslulara 3:22—24).

13. Dürüst işləməyin hansı mükafatı ola bilər?

13 İşdəki davranışın Yehovaya şərəf gətirə bilər. Bu, işə yaxşı yanaşmaq üçün digər bir səbəbdir (Titusa 2:9, 10). Hətta ola bilər, iş yoldaşlarından kimsə sənin yaxşı davranışını görüb Müqəddəs Kitabı öyrənmək istəsin. (Məsəllər 27:11; 1 Butrus 2:12 ayələrini oxu.)

HANSI İŞDƏ İŞLƏYİM?

14—16. İş seçərkən nələri nəzərə almalıyıq?

14 Müqəddəs Kitabda məsihilərin işləyə biləcəyi və bilməyəcəyi işlərin siyahısı yazılmayıb. Lakin orada işlə bağlı düzgün qərar verməyə kömək edən prinsiplər yazılıb (Məsəllər 2:6). Bu prinsipləri nəzərə alaraq özümüzə növbəti sualları verə bilərik.

Yehovanın qanunlarına zidd getməyən iş tap

15 Məndən Yehovanın gözündə günah olan işi görmək tələb olunacaq? Biz Yehovanın hansı əməllərə nifrət etdiyini öyrəndik. Məsələn, onlardan oğurluq və yalanın adını çəkmək olar (Çıxış 20:4; Həvarilərin işləri 15:29; Efeslilərə 4:28; Vəhy 21:8). Buna görə də biz Yehovanın qanunlarına zidd gedən hər bir işdən uzaq durmalıyıq. (1 Yəhya 5:3 ayəsini oxu.)

16 Bu iş Yehovanın ittiham etdiyi əməlləri dəstəkləyir? Tutaq ki, sənə qanköçürmə mərkəzində qəbul şöbəsində iş təklif olunur. Düzdür, qəbul şöbəsində işləməkdə pis heç nə yoxdur. Amma sən bilirsən ki, Yehova qanköçürməyə necə yanaşır. Buna görə də qanın alınıb köçürülməsində şəxsən iştirak etməsən də, səncə, Yehovanın gözündə günah işə şərik olmayacaqsan? (Çıxış 21:22—24).

17. Allaha xoş gedən qərarlar verməyə nə kömək edə bilər?

17 Biz ilahi prinsiplərə uyğun davransaq, İbranilərə 5:14 ayəsində təsvir olunduğu kimi, ağlımızı daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirəcəyik. Özündən soruş: «Bu işə düzəlsəm, başqalarının imanına pis təsir etmərəm? Bu işə görə həyat yoldaşımı və uşaqlarımı qoyub, başqa əraziyə köçməli olmayacağam? Köçməyim ailəmə necə təsir edəcək?»

DAHA VACİB ŞEYLƏRİ AYIRD ET

18. Nəyə görə ibadəti hər şeydən üstün tutmaq çətin ola bilər?

18 «Son dərəcə çətin» vaxt olan indiki zəmanədə ibadəti hər şeydən üstün tutmaq asan deyil (2 Timutiyə 3:1). İş tapmaq və işi itirməmək çox çətindir. Biz ailəmizi dolandırmalıyıq. Amma bilirik ki, ibadətimiz hər şeydən üstündür. Biz maddiyyatın həyatımızda mühüm yeri tutmasına yol verə bilmərik (1 Timutiyə 6:9, 10). Bəs onda necə edə bilərik ki, həm daha vacib şeyləri ayırd etməyi bacaraq, həm də ailəmizi dolandıraq? (Filippililərə 1:10).

19. Yehovaya etibar etmək işimizə tarazlı yanaşmağa necə kömək edir?

19 Yehovaya tam etibar et. (Məsəllər 3:5, 6 ayələrini oxu.) Biz bilirik ki, Allah nəyə ehtiyac duyduğumuzu yaxşı bilir və bizim hərtərəfli qeydimizə qalır (Zəbur 37:25; 1 Butrus 5:7). Onun Kəlamında deyilir: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun, çünki Allah deyib: “Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm”» (İbranilərə 13:5). Yehova istəmir ki, ailəmizin dolanışığına görə elə hey fikir çəkək. O dönə-dönə sübut edib ki, xalqının ehtiyaclarını ödəməyə qadirdir (Mətta 6:25—32). İşimizdən asılı olmayaraq, biz Allahın Kəlamını müntəzəm mütaliə etməli, müjdəni təbliğ etməli və ibadət görüşlərinə getməliyik (Mətta 24:14; İbranilərə 10:24, 25).

20. Həyatımızı necə sadə saxlaya bilərik?

20 Gözünü tox saxla. (Mətta 6:22, 23 ayələrini oxu.) Başqa sözlə, sadə həyat sür ki, diqqətini ibadətə cəmləyə biləsən. Biz bilirik ki, pulu, gözəl həyat tərzini, yaxud son texnologiyanı Allahla dostluqdan üstün tutmaq ağılsızlıq olardı. Bəs onda vacib şeyləri üstün tutmağa bizə nə kömək edə bilər? Biz bacardığımız qədər çalışmalıyıq ki, borca girməyək. Əgər borcumuz varsa, borcu azaltmaq və ya verib qurtarmaq üçün praktiki addımlar atmalıyıq. Ehtiyatlı olmasaq, maddiyyat vaxtımızın və gücümüzün çoxunu alar, dua etməyə, oxumağa və təbliğ etməyə vaxtımız qalmaz. Biz yol verməməliyik ki, maddiyyat həyatımızı ağırlaşdırsın. Yemək və paltar kimi zəruri şeylərə qane olmağı öyrənməliyik (1 Timutiyə 6:8). Hər bir halda, yaxşı olardı ki, vaxtaşırı vəziyyətimizi təhlil edək, görək nə edə bilərik ki, Yehovaya daha çox xidmət edək.

21. Bizim üçün nəyin vacib olduğunu nəyə görə müəyyən etməliyik?

21 Vacib şeylərə üstünlük ver. Biz vaxtımızdan, gücümüzdən və maddi vəsaitlərimizdən ağılla istifadə etməliyik. Ehtiyatlı olmasaq, vacib olmayan şeylər, məsələn, təhsil, pul dəyərli vaxtımızı oğurlayacaq. İsa demişdi: «Padşahlığı hər şeydən üstün tutun» (Mətta 6:33). Etdiyimiz seçimlər, vərdişlərimiz, gündəlik işlərimiz və məqsədlərimiz nələrin ürəyimizdə ən vacib yeri tutduğunu üzə çıxarır.

ƏN MÜHÜM İŞ

22, 23. a) Məsihilərin ən mühüm işi nədir? b) İşimizdən zövq almağa nə kömək edə bilər?

22 Bizim ən mühüm işimiz Yehovaya xidmət etmək və müjdəni təbliğ etməkdir (Mətta 24:14; 28:19, 20). Biz də İsa kimi, bu işdə əlimizdən gələni etmək istəyirik. Bəzi məsihilər təbliğçilərə tələbat olan ərazilərə köçürlər. Digərləri xarici dil öyrənirlər ki, həmin dildə təbliğ etsinlər. Həmin məsihilərlə söhbət et, onlara xidmətləri barədə suallar ver. Onlar sənə həyatlarının daha xoşbəxt və mənalı olduğunu deyəcəklər. (Məsəllər 10:22 ayəsini oxu.)

Bizim ən mühüm işimiz Yehovaya xidmət etməkdir

23 Bu gün çoxlarımız ailəmizin ən zəruri tələbatlarını ödəmək üçün çox, hətta bir neçə işdə işləməli oluruq. Yehova bundan agahdır. O, ailəmizi dolandırmaq üçün etdiyimiz hər şeyi qiymətləndirir. Gəl bundan sonra da Yehovadan və İsa Məsihdən örnək götürərək, nə işdə işləyiriksə işləyək, əməksevər olaq. Heç vaxt unutmayaq ki, bizim ən mühüm işimiz Yehovaya xidmət etmək və Allahın Padşahlığı haqqında müjdəni təbliğ etməkdir. Bu bizə əsl xoşbəxtliyi bəxş edəcək.