Kontentə keç

Mündəricatı göstər

FƏSİL 4

Üzərimizdəki rəhbərlərə hörmət edək

Üzərimizdəki rəhbərlərə hörmət edək

«Hər cür insana hörmət edin, bütün qardaşlığı sevin, Allahdan qorxun, padşaha hörmət bəsləyin» (1 BUTRUS 2:17).

1, 2. a) Biz kimin göstərişlərinə tabe olmalıyıq? b) Bu fəsildə hansı sualları araşdıracağıq?

 Yəqin uşaq olanda bəzən valideynlərin sənə istəmədiyin bir işi tapşırıblar. Sən valideynlərini sevdiyin üçün bilirdin ki, onlara qulaq asmalısan. Amma hərdən onların dediyini etmək istəmirdin.

2 Biz bilirik ki, Atamız Yehova bizi sevir. O bizim qayğımıza qalır və həyatdan zövq almağımız üçün bizi hər şeylə təmin edir. Üstəlik, xoşbəxt olmaq üçün bizə lazım olan göstərişləri verir. Bəzən Yehova bu göstərişləri bizə insanların vasitəsilə verir. Biz Yehovanın hakimiyyətinə hörmət etməliyik (Məsəllər 24:21). Bəs nəyə görə bu göstərişləri qəbul etmək bəzən bizə çətin olur? Nə üçün Yehova bizdən göstərişlərə tabe olmağı tələb edir? Yehovanın hakimiyyətinə hörmət etdiyimizi necə göstəririk? (9-cu əlavəyə bax.)

NƏYƏ GÖRƏ ÇƏTİNDİR?

3, 4. Necə oldu ki, insanlar qeyri-kamil oldu? Nəyə görə bizə göstərişə tabe olmaq çətindir?

3 Biz insanlar üsyankarlığa meyilliyik. Bu, ilk kişi və qadın, Adəmlə Həvva günah edəndən bəri belədir. Allah onları kamil yaratmışdı. Amma onlar Allahın hakimiyyətinə üsyan qaldırmaqla qeyri-kamil oldular. O vaxtdan bəri dünyaya gələn bütün insanlar qeyri-kamildirlər. Qeyri-kamilliyimizin ucbatından biz Yehovadan və digər insanlardan aldığımız göstərişləri qəbul edə bilmirik. Bunun digər səbəbi isə odur ki, bu göstərişləri verən insanlar da qeyri-kamildirlər (Yaradılış 2:15—17; 3:1—7; Zəbur 51:5; Romalılara 5:12).

4 Biz qeyri-kamil olduğumuz üçün qürurlanmağa meyilliyik. Qürur göstərişlərə tabe olmağı çətinləşdirir. Məsələn, qədim İsraildə Yehova Musanı xalqına başçı qoymuşdu. Amma Yehovaya uzun illər xidmət etmiş Qarun adlı bir kişi qürurlandı və Musaya qarşı çox böyük hörmətsizlik etdi. Musa Allahın xalqına başçılıq etsə də, qürurlu insan deyildi. Musa haqqında deyilir ki, dünyada onun kimi həlim insan yox idi. Ancaq Qarun Musanın göstərişlərini qəbul edə bilmirdi. O, hətta çoxlu sayda adamı özünə tərəfdar etmiş və Musaya qarşı üsyan qaldırmışdı. Bəs Qarun və onun tərəfdarları ilə nə baş verdi? Onlar öldülər (Saylar 12:3; 16:1—3, 31—35). Müqəddəs Kitabda bir çox nümunələr var ki, qürurun təhlükəli olduğunu göstərir (2 Salnamələr 26:16—21; 10-cu əlavəyə bax).

5. Bəzi insanlar hakimiyyətlərindən necə sui-istifadə etmişlər?

5 Ola bilsin, belə bir deyim eşitmisiniz: «Hakimiyyət insanı pozur». Tarix boyunca insanlar öz səlahiyyətlərindən sui-istifadə etmişlər. (Vaiz 8:9 ayəsini oxu.) Məsələn, Yehova Talutu İsrailin padşahı seçəndə o çox yaxşı, təvazökar insan idi. Amma yavaş-yavaş onun ürəyində qürur, paxıllıq yuva saldı. Nəticədə, Talut Davudu, günahsız bir insanı təqib etməyə başladı (1 İşmuil 9:20, 21; 10:20—22; 18:7—11). Sonra Davud padşah oldu. O, İsrailin ən yaxşı padşahlarından biri olmuşdu. Amma vaxt keçdikcə Davud da öz səlahiyyətindən sui-istifadə etdi. O, Uryay adlı bir kişinin arvadı Badsəba ilə əxlaqsızlıq etdi. Sonra günahını ört-basdır etmək istədi. Uryayı ön cəbhəyə, ölümə göndərdi (2 İşmuil 11:1—17).

YEHOVANIN HAKİMİYYƏTİNƏ HÖRMƏT

6, 7. a) Yehovaya olan məhəbbət bizi nəyə təşviq edir? b) Hətta asan olmayanda da Yehovanın dediyini etməyə bizə nə kömək edəcək?

6 Biz Yehovanı sevirik, ona görə də Yehovadan gələn göstərişlərə boyun əyirik. Üstəlik, biz Yehovanı hər kəsdən və hər şeydən çox sevdiyimizə görə Onun qəlbini sevindirmək istəyirik. (Məsəllər 27:11; Mark 12:29, 30 ayələrini oxu.) Adəmlə Həvva Ədən bağında yaşayan vaxtdan bəri Şeytan istəyir ki, insanlar Yehovanın hakimiyyətinə tabe olmasınlar və düşünsünlər ki, Yehovanın bizə nə etməli olduğumuzu deməyə ixtiyarı yoxdur. Ancaq biz bilirik ki, bu, yalandır. Biz növbəti sözlərlə razıyıq: «Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən» (Vəhy 4:11).

7 Balaca olanda yəqin, valideynlərin sənə başa salırdı ki, istədin-istəmədin onlara qulaq asmalısan. Yehovanın xidmətçilərinə də bəzən itaətkar olmaq çətin olur. Ancaq biz Yehovanı sevirik və Ona hörmət edirik. Buna görə də Ona itaət etmək üçün əlimizdən gələni edirik. İsa bizə gözəl nümunə qoyub. O, asan və rahat olmayanda da Yehovanın dediyini edirdi. Buna görə də alnıaçıqlıqla Atasına demişdi: «Qoy mənim yox, Sənin istədiyin kimi olsun» (Luka 22:42; 11-ci əlavəyə bax).

8. Yehova hansı üsullarla bizə göstərişlər verir? (« Məsləhətə qulaq as» adlı çərçivəyə bax.)

8 Bu gün Yehova bizə müxtəlif yollarla göstərişlər verir. Məsələn, O bizə Müqəddəs Kitabı verib. Həmçinin yığıncaqda ağsaqqallar təyin edib. Yehova onların vasitəsilə bizə rəhbərlik edir. Onlara hörmət edəndə Yehovanın hakimiyyətinə hörmət etdiyimizi göstəririk. Onların köməyini rədd etsək, Yehovanı rədd etmiş olacağıq. İsraillilər Musanı rədd edəndə Yehova buna ciddi yanaşdı. Yehovanın gözündə israillilər, sanki Onun Özünü rədd etdilər (Saylar 14:26, 27; 12-ci əlavəyə bax).

9. İtaətkarlıqla məhəbbət arasında hansı əlaqə var?

9 Bizə rəhbərlik edənlərə itaət edəndə, həmçinin bacı-qardaşları sevdiyimizi göstəririk. Belə bir nümunəyə baxaq. Təbii fəlakət baş verəndə çox vaxt xilasedici dəstə birgə işləyir ki, mümkün qədər çox insanı xilas edə bilsinlər. Bu işi səmərəli görmək üçün kimsə bu dəstənin işini təşkil etməlidir. Dəstə üzvləri isə onun göstərişlərinə qulaq asmalıdırlar. Bəs əgər dəstə üzvlərindən biri göstərişə əməl etməyib öz istədiyini etsə, necə olar? Onun niyyəti təmiz olsa da, göstərişə qulaq asmaması dəstə üzvləri üçün problem yaradar, hətta onların yaralanmasına səbəb ola bilər. Əgər biz də Yehovanın və Onun səlahiyyət verdiyi şəxslərin göstərişlərinə riayət etməsək, başqaları əziyyət çəkər. Amma Yehovaya qulaq asanda qardaşlarımızı sevdiyimizi və Yehovanın quruluşuna hörmət etdiyimizi göstəririk (1 Korinflilərə 12:14, 25, 26).

10, 11. İndi nəyi müzakirə edəcəyik?

10 Yehova bizə nə buyurursa, bizim yaxşılığımız üçün buyurur. Biz ailədə, yığıncaqda, məmurlarla münasibətdə rəhbərliyə tabe olanda hamı xeyir tapır (Qanunun təkrarı 5:16; Romalılara 13:4; Efeslilərə 6:2, 3; İbranilərə 13:17).

11 Yehovanın nəyə görə başqalarına hörmət etməyimizi istədiyini başa düşsək, bunu edə biləcəyik. Həyatın üç sahəsində hörmət göstərmək çox vacibdir. Gəl ətraflı araşdıraq görək bunu necə etmək olar.

AİLƏDƏ HÖRMƏT

12. Ər Yehovaya hörmət etdiyini necə göstərə bilər?

12 Yehova ailənin banisidir. O, ailədə hər kəsə rol verib. Ailədə hər kəs Yehovanın ondan nə istədiyini biləndə hər şey öz qaydasında gedir və ailə xoşbəxt olur (1 Korinflilərə 14:33). Yehova əri ailənin başçısı təyin edib. Bu o deməkdir ki, o, həyat yoldaşının və uşaqlarının qayğısına qalmalı və onlara rəhbərlik etməlidir. Deməli, ər ailəsinə necə baxdığına görə Yehovanın qarşısında məsuliyyət daşıyır. Məsihi ər mehriban, qayğıkeş olmalı və ailəsilə İsanın yığıncaqla rəftar etdiyi kimi rəftar etməlidir. Ər bu cür davrananda Yehovaya hörmət etdiyini göstərir (Efeslilərə 5:23; 13-cü əlavəyə bax).

Məsihi ata ailəsinin qeydinə qalanda Məsihdən nümunə götürür

13. Qadın başçılığa hörmət etdiyini necə göstərə bilər?

13 Məsihi qadının da ailədə mühüm və şərəfli rolu var. O, ailə başçısı vəzifəsini icra edən ərinə dayaq olmalıdır. Qadın əri ilə birlikdə uşaqlarını tərbiyə etməlidir. Uşaqlarına hörmətcil olmağı öyrətmək üçün özü bu sahədə nümunə qoymalıdır (Məsəllər 1:8). O, ərinə hörmət etməli və onun qərarlarını dəstəkləməlidir. Hətta nədəsə onunla razılaşmayanda da fikrini mülayim və hörmətcil şəkildə ifadə etməlidir. Məsihi qadının əri imanına şərik olmayanda onun özünəməxsus çətinlikləri olur. Lakin o, əri ilə məhəbbətlə və hörmətlə rəftar edərsə, bəlkə, bir gün o da Yehovanı tanımaq və Ona ibadət etmək istəyər. (1 Butrus 3:1, 2 ayələrini oxu.)

14. Uşaqlar başçılığa hörmət etdiklərini necə göstərə bilərlər?

14 Uşaqlar Yehovanın gözündə dəyərlidirlər. Onların müdafiəyə və rəhbərliyə xüsusilə ehtiyacı var. Uşaqlar valideynlərinə qulaq asanda valideynlər sevinirlər. Ən əsası, itaətkar olmaqla Yehovaya hörmət edirlər və Onu sevindirirlər (Məsəllər 10:1). Bu gün ailələrin çoxu natamamdır və valideyn uşağını tək böyütməli olur. Bu həm valideyn üçün, həm də övladlar üçün çətindir. Amma uşaqlar itaətkar olanda, atasına, yaxud anasına kömək edəndə ailənin güzəranı yaxşı olur. Vəziyyətdən asılı olmayaraq, heç bir ailə mükəmməl deyil. Lakin ailə üzvlərinin hər biri Yehovanın göstərişlərinə riayət etsə, ailə xoşbəxt ola bilər. Bu isə bütün ailələrin Yaradanı olan Yehovaya şərəf gətirir (Efeslilərə 3:14, 15).

YIĞINCAQDA HÖRMƏT

15. Biz yığıncaqda rəhbərliyə hörmət etdiyimizi necə göstərə bilərik?

15 Yehova bizə məsihi yığıncağı vasitəsilə rəhbərlik edir. O, məsihi yığıncağı üzərində səlahiyyəti bütünlüklə İsa Məsihə verib (Koloslulara 1:18). İsa Məsih də Allahın yer üzündəki xalqının qeydinə qalmağı sadiq və ağıllı nökərə tapşırıb (Mətta 24:45—47). Bu gün sadiq və ağıllı nökər Rəhbərlik Şurasıdır. Rəhbərlik Şurası imanımızı möhkəm saxlamaq üçün bizi vaxtlı-vaxtından lazım olan hər şeylə təmin edir. Bütün dünyada ağsaqqallar, yığıncaq xidmətçilərirayon nəzarətçiləri yığıncaqlara kömək edir və Rəhbərlik Şurasından göstərişlər alırlar. Bütün bu qardaşlar bizim qeydimizə qalmaq məsuliyyətini daşıyır. Onlar bu məsuliyyəti necə yerinə yetirdiklərinə görə Yehovanın qarşısında cavabdehdirlər. Beləliklə, biz bu qardaşlara hörmət edəndə Yehovaya hörmət edirik. (1 Salonikililərə 5:12; İbranilərə 13:17 ayələrini oxu; 14-cü əlavəyə bax.)

16. Nəyə görə demək olar ki, ağsaqqallar və yığıncaq xidmətçiləri müqəddəs ruhla təyin olunurlar?

16 Ağsaqqallar və yığıncaq xidmətçiləri yığıncağa sadiq və yekdil qalmağa kömək edirlər. Düzdür, onlar da bizim kimi qeyri-kamil insanlardır. Bəs onlar necə təyin olunurlar? Bu qardaşlar Müqəddəs Kitabdakı tələblərə cavab verməlidirlər (1 Timutiyə 3:1—7, 12; Titusa 1:5—9). Yehova müqəddəs ruhu vasitəsilə bəzi mömin insanlara kömək etmişdi ki, bu keyfiyyətləri qələmə alsınlar. Ağsaqqallar kiməsə ağsaqqal, yaxud yığıncaq xidmətçisi təyinatının verilib-verilməməsini müzakirə edərkən dua edib Yehovadan müqəddəs ruh istəyirlər. Aydındır ki, yığıncaqlar İsa Məsihin və Yehova Allahın rəhbərliyinə tabedir (Həvarilərin işləri 20:28). Bizə kömək etmək və qayğımıza qalmaq üçün təyin olunan qardaşlar Yehovadan hədiyyədir (Efeslilərə 4:8).

17. Bacı hansı hallarda başını örtməlidir və nə üçün?

17 Bəzən yığıncaqda müəyyən işləri icra etmək üçün ağsaqqal, yaxud yığıncaq xidmətçisi olmur. Bu zaman vəftiz olunmuş başqa qardaşlar kömək edə bilərlər. Əgər belə qardaş da yoxdursa, o zaman bu işləri bacı görə bilər. Ancaq bacı vəftiz olunmuş qardaşın məsuliyyətlərini icra edəndə başını örtməlidir. O, başına yaylıq bağlaya bilər, yaxud papaq qoya bilər (1 Korinflilərə 11:3—10). Belə etməklə o, Yehovanın həm ailədə, həm də yığıncaqda qoyduğu başçılıq prinsipinə hörmət etdiyini göstərir. (15-ci əlavəyə bax.)

MƏMURLARA HÖRMƏT

18, 19. a) Romalılara 13:1—7 ayələrindən nə öyrənirik? b) Hakimiyyətə hörmət etdiyimizi necə göstəririk?

18 Bu gün Yehova yol verir ki, hökumətin müəyyən qədər səlahiyyəti olsun. Biz onlara hörmətlə yanaşmalıyıq. Onlar ölkələr, icmalar təşkil edirlər ki, rahat fəaliyyət göstərsinlər və insanları lazımi xidmətlərlə təmin etsinlər. Məsihilər Romalılara 13:1—7 ayələrindəki sözlərə tabe olurlar. (Ayələri oxu.) Biz hökumətə hörmət edirik. Yaşadığımız ölkənin qanunlarına tabe oluruq. Bura ailəyə, işə və əmlaka dair qanunlar daxildir. Məsələn, biz hökumətin tələb etdiyi vergiləri ödəyirik və sənədləri, ərizələri doldurarkən düzgün məlumat veririk. Bəs əgər hökumət bizdən Allahın qanuna zidd gedən bir şey tələb edərsə, nə etməliyik? Həvari Butrus demişdi: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:28, 29).

19 Biz dövlət qulluqçusu ilə, məsələn, hakim və ya polislə həmişə hörmətlə rəftar etməliyik. Gənc məsihilər müəllimlərinə və digər məktəb işçilərinə hörmət göstərməlidirlər. İş yerində, hətta başqa işçilər hörmətsiz davransalar da, biz müdiriyyətə hörmət etməliyik. Belə edəndə həvari Bulusdan nümunə götürdüyümüzü göstəririk. O, çətin olanda belə, məmurlarla hörmətlə rəftar edirdi (Həvarilərin işləri 26:2, 25). Hətta bizimlə pis davransalar da, biz hörmətcil olmalıyıq. (Romalılara 12:17, 18 ayələrini oxu; 1 Butrus 3:15.)

20, 21. İnsanlara hörmət etməyin hansı faydası var?

20 Dünyada get-gedə hörmət itir. Amma Yehovanın xalqı fərqlidir. Bizim məqsədimiz hər kəsə hörmət etməkdir. Biz həvari Butrusun göstərişinə riayət edirik: «Hər cür insana hörmət edin» (1 Butrus 2:17). İnsanlara hörmət edəndə onlar bunu duyurlar. İsa Məsih bizə buyurub: «Qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər» (Mətta 5:16).

21 Biz ailədə, yığıncaqda və həyatın digər sahələrində hörmətlə davrananda insanlarda Yehova haqqında öyrənmək istəyi yarana bilər. İnsanlara hörmət etməklə biz Yehovaya hörmət edirik. Bu, Yehovanı sevindirir və Onu sevdiyimizi göstərir.