Kontentə keç

Mündəricatı göstər

FƏSİL 18

«Allahı axtarsınlar,.. tapa bilsinlər»

«Allahı axtarsınlar,.. tapa bilsinlər»

Bulus dinləyiciləri ilə ortaq fikir tapır və söhbəti onların baxışlarına uyğun qurur

Həvarilərin işləri 17:16—34

1—3. a) Nəyə görə Afinada həvari Bulusun qanı qaralmışdı? b) Bulusun afinalılar qarşısında söylədiyi nitqi araşdırmaqla nə öyrənə bilərik?

 AFİNA. Elm mərkəzi olan bu şəhərdə bir zamanlar Sokrat, Platon və Aristotel kimi filosoflar təlim vermişlər. Şəhəri gəzib dolaşandan sonra Bulusun qanı yaman qaralıb. Afinanın əhalisi çoxlu allahlara ibadət etdiyindən hər yer — məbədlər, meydanlar, küçələr bütlərlə doludur. Bulus həqiqi Allah olan Yehovanın bütpərəstliyə necə münasibət bəslədiyini yaxşı bilir (Çıx. 20:4, 5). Bu sadiq həvari də bütpərəstliyə Yehovanın gözü ilə baxır: bütə sitayiş onda ikrah doğurur.

2 Aqoraya, bazar meydanına girəndə Bulus gördüklərindən dəhşətə gəlir. Meydanın şimal-qərb küncündə, əsas girişin yaxınlığında Hermes allahın çoxlu sayda fallik bütləri (cinsiyyət orqanı qabarıq şəkildə təsvir olunan heykəl) düzülüb. Bazar meydanı səcdəgahlarla doludur. Həvari bütpərəstliyin dərindən nüfuz etdiyi bu şəhərdə necə təbliğ edəcək? Görəsən hisslərini cilovlamağa və insanlarla ortaq mövzu tapmağa müvəffəq olacaqmı? Kimdəsə həqiqi Allahı axtarıb tapmaq istəyi oyada biləcəkmi?

3 Bulusun Afinanın elmli insanlarına müraciət edərkən söylədiyi nitq bəlağət, nəzakət və bəsirət nümunəsidir. «Həvarilərin işləri» kitabının 17:22—31 ayələrində yazılan bu nitqi araşdırsaq, təbliğ edəndə söhbəti ortaq mövzu üzərində qurmaq və həmsöhbətimizi düşünməyə təşviq etməklə bağlı çox şey öyrənəcəyik.

«Bazar meydanında» təbliğ (Həvarilərin işləri 17:16—21)

4, 5. a) Afinada yoldaşlarını gözləyən Bulus harada təbliğ etməyə başladı? b) Bazar meydanında adətən kimlər yığışırdı?

4 Bulus ilk dəfə Afinaya ikinci təbliğ səyahəti zamanı gəlmişdi a. Eramızın təxminən 50-ci ili idi. Sila ilə Timutinin Veriyadan gəlməsini gözləyən Bulus adət etdiyi kimi «sinaqoqda yəhudilərlə... söhbət etməyə başladı». Bundan başqa qeyri-yəhudilərə təbliğ etmək üçün münasib yer axtara-axtara bazar meydanına gəlib çıxdı (Həv. 17:17). Akropoldan şimal-qərbdə yerləşən aqora təxminən 5 hektarlıq ərazini əhatə edirdi. Bura sadəcə alış-veriş yeri deyildi, şəhərin döyünən ürəyi idi. Bir kitabda deyilir ki, bu meydan «şəhərin iqtisadi, siyasi və mədəni mərkəzi» idi. Afinalılar orada yığışıb intellektual söhbətlər etməyi xoşlayırdılar.

5 Bulusun bazar meydanında təbliğ etdiyi yunanlarla dil tapmaq elə də asan iş deyildi. Onlardan bəziləri bir-biri ilə rəqabət aparan epikür və stoik fəlsəfə məktəblərinin üzvü idi b. Epikürçülər həyatın təsadüf nəticəsində meydana gəldiyinə inanırdılar. Onların həyata baxışlarını belə xülasə etmək olar: Allahdan qorxmaq lazım deyil; öləndən sonra insan əzab çəkmir; xoşbəxtliyə çatmaq mümkündür; pisliyə dözmək olar. Stoiklər Allaha bir Varlıq kimi inanmır, əsas yeri ağıl və məntiqə verirdilər. Nə epikürçülər, nə də stoiklər dirilməyə inanmırdılar. Aydındır ki, bu iki qrupun baxışları Allahın Kəlamına əsaslanan məsihi təlimləri ilə bir araya sığmırdı.

6, 7. Oxumuş yunanlar Bulusun təbliğ etdiyi təlimlərə necə münasibət göstərdilər, bəs biz bu gün ziyalı adamlar tərəfindən necə qarşılanırıq?

6 Yunan mütəfəkkirləri Bulusun təbliğ etdiyi təlimlərə necə yanaşdılar? Bəziləri Bulus üçün «boşboğaz», hərfi tərcümədə «dən dənləyən» deyirdilər (Həv. 17:18). Bu yunan ifadəsini bir alim belə şərh edir: «Bu söz, adətən, dən axtaran kiçik quşlarla bağlı işlənirdi. Lakin sonra bazarın zibilliyində eşələnib yemək, cır-cındır axtaran adamlara aid olunmağa başladı. Lap sonralar isə bu ifadə oradan-buradan qırıq-qırıq məlumat toplayan, xüsusilə də topladığı məlumatı bir-biri ilə əlaqələndirə bilməyən adama deyilirdi». Həmin oxumuş yunanlar mahiyyət etibarilə deyirdilər ki, Bulus başqalarının ağzından eşitdiyini təkrarlayan cahildir. Amma irəlidə görəcəyimiz kimi, adına bu cür adlar qoşulması Bulusu qorxutmurdu.

7 Bu gün də eyni şey təkrarlanır. Etiqadımıza görə çox vaxt bizə təhqiramiz adlar qoşurlar. Məsələn, bəzi ziyalılar təkamülün həqiqət olduğunu iddia edirlər. Onların fikrincə, hər düşüncəli insan bu həqiqəti qəbul etməlidir. Beləliklə, onlar bu təlimlə razılaşmayanlara «cahil» damğası vurmuş olurlar. Biz dünyanın Allah tərəfindən yaradıldığına dair Müqəddəs Kitabdan və təbiətdən sübutlar gətirəndə onlar başqalarını bizim boşboğaz adamlar olduğumuza inandırmağa çalışırlar. Amma biz qorxub geri çəkilmirik. Əksinə, hər şeyi şüurlu Yaradanın, Yehova Allahın yaratdığına olan inamımızı əminliklə müdafiə edirik (Vəhy 4:11).

8. a) Bulusun təbliğini eşidəndə bəziləri hansı qənaətə gəldilər? b) Nəyə görə Bulusun Areopaqa aparılması ciddi məsələ idi? (Haşiyəyə bax.)

8 Bulusun təbliğinə hamı eyni cür münasibət göstərmədi. Bəziləri: «Deyəsən, yad allahları təbliğ edir»,— deyirdilər (Həv. 17:18). Doğrudanmı, Bulus afinalılara başqa allahlar haqda danışırdı? Bu, zarafat deyildi. Afinalıların sözlərində əsrlər əvvəl Sokratın edam edilməsinə səbəb olan ittihamlardan biri əks olunurdu. Buna görə də təəccüblü deyil ki, afinalılar Bulusu Areopaqa aparıb onlara yad olan bu təlimləri izah etməyi tələb etdilər c. Bulus öz sözlərinin həqiqiliyini Müqəddəs Yazılarla tanış olmayan adamlara necə sübut edəcəkdi?

«Ey afinalılar! Görürəm ki,..» (Həvarilərin işləri 17:22, 23)

9—11. a) Bulus dinləyicilərinin ürəyinə yol tapmaq üçün söhbətə nədən başladı? b) Təbliğ edərkən Bulusun nümunəsini necə izləyə bilərik?

9 Yadındadırsa, şəhərdəki bütpərəstlik Bulusu yaman dilxor etmişdi. Lakin o, özünü ələ aldı və açıq hücuma keçmədi. Əksinə, dinləyicilərinin ürəyinə yol tapmaq üçün son dərəcə nəzakətlə davranaraq sözünə onların ürəyincə olacaq fikirdən başladı: «Ey afinalılar! Görürəm ki, siz başqalarına nisbətən daha dindarsınız» (Həv. 17:22). Bu sözləri deməklə Bulus söhbət üçün əlverişli zəmin yaratdı. Mahiyyət etibarı ilə o deyirdi: «Görürəm ki, siz çox dindarsınız». Afinalıları dindar olduqları üçün tərifləmək Bulus tərəfindən müdrik hərəkət idi. O dərk edirdi ki, yalan etiqadların kor etdiyi bu adamlardan bəzilərinin ürəyi, bəlkə də, həqiqətə meyillidir. Axı bir zamanlar Bulusun özü də «cahil və imansız» olmuşdu (1 Tim. 1:13).

10 Qurduğu təməl üzərində mövzunu inkişaf etdirərək Bulus afinalıların dindar olduğunu göstərən amili, «Naməlum Allaha» həsr olunan qurbangahı gördüyünü qeyd etdi. Bir mənbəyə əsasən, «adətən, yunanlar və başqa xalqlar naməlum allahların şərəfinə qurbangahlar düzəldirdilər ki, tanımadıqları üçün sitayiş etmədikləri hansısa allahın onlara acığı tutmasın». Belə bir qurbangah qurmaqla afinalılar onlara məlum olmayan Allahın mövcudluğunu etiraf etmiş olurdular. Bulus bu vəziyyətdən istifadə edərək xoş xəbərə keçid aldı. O dedi: «Mən də sizin bilmədən səcdə qıldığınız bu Allah haqqında təbliğ edirəm» (Həv. 17:23). Bulus üstüörtülü danışsa da, onun sözləri çox təsirli idi. O, bəzilərinin iddia etdiyi kimi, heç də yad bir allahı təbliğ etmirdi. Sadəcə onlara naməlum olan həqiqi Allah haqqında danışırdı.

11 Bəs biz təbliğ edərkən Bulusun nümunəsini necə izləyə bilərik? Əgər diqqətli olsaq, həmsöhbətimizin evindəki və ya həyətindəki, eləcə də özünün üstündəki dini əşyalardan onun dindar olduğunu görə bilərik. Söhbətə belə başlamaq olar: «Görürəm, siz çox dindar adamsınız. Sizin kimi adamlarla söhbət etmək çox xoşdur». İnsanın dini hisslərinə hörmət göstərsək, ona şahidlik etmək üçün gözəl zəmin yaradarıq. Unutma ki, biz insanlar haqqında onların dini baxışları əsasında tez-tələsik nəticə çıxarmamalıyıq. Bizim dindaşlarımızdan da çoxları vaxtilə yalan dini təlimlərə sidqi-ürəkdən etiqad etmişlər.

Həmsöhbətinlə ortaq fikir tap və söhbətini həmin mövzu üzərində qur

Allah «heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:24—28)

12. Bulus öz nitqini dinləyicilərinə necə uyğunlaşdırdı?

12 Bulus nitqini yaxşı başladı. Bəs görəsən həmin ruhda da davam etdirə bildimi? O bilirdi ki, dinləyicilərinin baxışları yunan fəlsəfəsinin təsiri altında formalaşıb, Müqəddəs Yazılardan isə heç bir anlayışları yoxdur. Bunu nəzərə alaraq öz nitqini onlara uyğunlaşdırdı. Birincisi, o, Allahın Kəlamındakı həqiqətlərdən danışarkən Müqəddəs Yazılardan birbaşa sitat gətirmədi. İkincisi, Bulus hərdən «biz» kimi sözlər işlədərək özünü müraciət etdiyi adamlarla bir tutduğunu göstərdi. Üçüncüsü, yunan şairlərindən sitat gətirərək dinləyicilərinin nəzərinə çatdırmaq istəyirdi ki, öyrətdiyi bəzi həqiqətlər onların ədəbiyyatında da əks olunur. Gəl indi Bulusun söylədiyi təsirli nitqi nəzərdən keçirək və görək o, afinalılara naməlum Allah haqqında hansı vacib həqiqəti çatdırdı.

13. Bulus dünyanın mövcudluğu haqqında nəyi bəyan etdi və onun sözünün mahiyyəti nədən ibarət idi?

13 Dünyanı Allah yaradıb. Bulus bəyan etdi: «Dünyanı və onun içindəki hər şeyi yaradan Allah yerin-göyün Sahibidir. O, insan əli ilə tikilmiş məbədlərdə yaşamır» d (Həv. 17:24). Dünya təsadüfən peyda olmayıb. Hər şeyi var olan Allah yaradıb (Zəb. 146:6). İlahə Afinadan, yaxud başqa allahlardan fərqli olaraq, yeri və göyü yaradan Külli-İxtiyar Allahın izzəti məbədlərdən, səcdəgah və qurbangahlardan asılı deyil. O, insanın inşa etdiyi heç bir tikiliyə sığmaz (1 Pad. 8:27). Bulusun nə demək istədiyi aydın idi: gerçək Allah insan əlinin işi olan məbədlərdə qoyulan və insan əli ilə düzəldilən bütlərdən üstündür (Əşy. 40:18—26).

14. Bulus Allahın insanlardan asılı olmadığını necə göstərdi?

14 Allah insandan asılı deyil. Bütpərəstlər, adətən, bütlərini təmtəraqlı libaslara bürüyür, onlara bahalı əşyalar, yemək-içmək qurban gətirirdilər, sanki bütlərin bütün bu şeylərə ehtiyacı var idi. Lakin Bulusu dinləyənlərin arasında olan yunan filosoflarından bəziləri, ola bilsin, əmin idilər ki, əslində, allah insana möhtac olmamalıdır. Belə olan halda, yəqin ki, onlar Allahın insan əllərinin xidmətinə ehtiyac duymaması məsələsində Bulusla razılaşmışdılar. Doğrudan da, insan Yaradana nə verə bilər ki?! Əksinə, O Özü insanlara «həyat, nəfəs — hər şey», o cümlədən günəş, yağış və bərəkətli torpaq verir (Həv. 17:25; Yar. 2:7). Deməli, bütün nemətlərin mənbəyi olan Allah insandan asılı ola bilməz.

15. Bulus afinalı yunanların özlərini başqa millətlərdən üstün hesab etməsi məsələsinə necə toxundu və biz onun nümunəsindən hansı vacib dərsi öyrənirik?

15 İnsanı Allah yaradıb. Afinalı yunanlar özlərini bütün xalqlardan üstün sayırdılar. Lakin millətçilik və ya irqçilik Müqəddəs Kitaba zidd gedir (Qan. 10:17). Bulus bu məsələyə böyük məharət və ehtiyatla toxundu. Şübhəsiz, Bulusun «[Allah] bir insandan hər xalqı yaratdı» sözləri onun dinləyicilərini düşündürdü (Həv. 17:26). Burada o, «Yaradılış» kitabına istinad edərək insan nəslinin ulu babası olan Adəmdən danışırdı (Yar. 1:26—28). İnsanların hamısı bir adamdan törədiyi üçün heç bir irq və ya millət o birisindən üstün deyil. Bu eyhamı anlamamaq mümkün deyildi. Bulusun bu cür yanaşma tərzindən vacib bir şeyi öyrənirik. Şahidlik edərkən nəzakətli olmaq və ağılla davranmaq lazım gəlsə də, həmsöhbətimizi razı salmaq xatirinə Müqəddəs Kitabdakı həqiqətləri təhrif etməməliyik.

16. Yaradanın insanlara dair niyyəti nədən ibarətdir?

16 Allahın niyyətinə görə insan Ona yaxın olmalıdır. Bulusu dinləyən filosoflar həyatın mənasının nədən ibarət olduğunu nə qədər müzakirə edirlərsə etsinlər, heç vaxt bu suala qaneedici cavab verə bilməzdilər. Ancaq Bulus Yaradanın insana dair niyyətini açıq-aydın göstərdi: «Allahı axtarsınlar, Onu duysunlar, tapa bilsinlər. Hərçənd O, heç birimizdən uzaq deyil» (Həv. 17:27). Bəli, afinalılar üçün naməlum olan Allah əslində heç də əlçatmaz deyildi. Əksinə, Allah Onu tapmaq və haqqında öyrənmək istəyən insanlara yaxındır (Zəb. 145:18). Diqqət yetirdinsə, Bulus birinci şəxsin cəmində danışırdı, yəni özünü də Allahı axtarmalı və duymalı olan insanların sırasına daxil edirdi.

17, 18. Nə üçün insanlar Allaha qarşı doğmalıq hiss etməlidirlər və Bulusun öz dinləyicilərinin ürəyinə necə yol tapmasından biz nə öyrənə bilərik?

17 İnsanlar Allaha qarşı doğmalıq hiss etməlidirlər. Bulus sözünə belə davam etdi: «Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq». Bəzi alimlər deyirlər ki, Bulus e. ə.  VI əsrdə yaşayan və «afinalıların dini ənənəsində görkəmli yer tutan» kritli şair Epimeniddən sitat gətirmişdi. Bulus insanın özünü Allaha yaxın hiss etməli olduğunun daha bir səbəbini göstərdi: «Necə ki bəzi şairləriniz deyib: “Biz Onun övladlarıyıq”» (Həv. 17:28). İnsanlar Allaha qarşı doğmalıq hiss etməlidirlər; bütün bəşəriyyət Onun yaratdığı bir insandan törəyib. Dinləyicilərinin ürəyinə yol tapmaq üçün Bulus onların hörmətlə yanaşdığı yunan ədəbiyyatından bilavasitə sitat gətirdi e. Bulus kimi biz də hərdən tarix kitablarına, ensiklopediyalara və digər dünyəvi mənbələrə istinad edə bilərik. Məsələn, müəyyən dini adət və ya ayinin yalan dindən doğduğunu həmsöhbətimizə sübut etmək üçün mötəbər mənbədən münasib sitat gətirmək olar.

18 Bu yerə kimi Bulus sözlərini diqqətlə seçərək Allahla bağlı əsas həqiqətləri açıqlamışdı. Bu həyati vacib həqiqətləri danışmaqla həvari afinalıları nəyə təşviq etmək istəyirdi? Nitqinin növbəti hissəsində Bulus məhz bu haqda danışdı.

«İnsanların hamısı... tövbə etsinlər» (Həvarilərin işləri 17:29—31)

19, 20. a) Bulus bütə ibadət etməyin ağılsızlıq olduğunu nəzakətlə necə ifşa etdi? b) Bulusun dinləyicilərindən nə tələb olunurdu?

19 Artıq dinləyiciləri hərəkətə təşviq etməyin vaxtı gəlib çatmışdı. Yunan əsərlərindən gətirdiyi sitata istinad edərək Bulus dedi: «Beləliklə, biz Allahın övladı olduğumuza görə, İlahi Varlığın insan zəkası və ustalığı ilə qızıldan, gümüşdən düzəldilmiş və ya daşdan yonulmuş bir şeyə bənzədiyini düşünməməliyik» (Həv. 17:29). Doğrudan da, əgər insan Allahın əllərinin işidirsə, necə ola bilər ki, Allah insan əməyinin məhsulu olan bütlərin şəklini qəbul etsin? Bulusun nəzakətlə gətirdiyi arqumentlər bütlərə ibadət etməyin nə qədər böyük ağılsızlıq olduğunu açıq-aşkar göstərirdi (Zəb. 115:4—8; Əşy. 44:9—20). «Düşünməməliyik» deməklə, yəni özünü onlardan ayırmamaqla Bulus iradını bir qədər yumşaltdı.

20 Həvari aydın göstərdi ki, afinalılar hərəkət etməlidirlər. O dedi: «Allah əvvəllər belə cahilliyə [bütlərə ibadət etməyin Allahı razı salması fikrinə] göz yumurdu, amma indi buyurur ki, insanların hamısı, harada yaşamalarından asılı olmayaraq, tövbə etsinlər» (Həv. 17:30). Tövbə etmək çağırışı, ola bilsin, Bulusun dinləyicilərindən bəziləri üçün sözün əsl mənasında zərbə oldu. Amma onun nitqi aydın şəkildə göstərdi ki, onlar həyatlarını Allaha borcludurlar və buna görə də Onun qarşısında məsuliyyət daşıyırlar. Bu adamlar Allahı axtarmalı, Onun haqqında həqiqəti öyrənməli və həyatlarını dəyişib həmin həqiqətə uyğunlaşdırmalı idilər. Bu o demək idi ki, afinalılara bütpərəstliyin günah olduğunu başa düşüb, ondan əl çəkmək lazım idi.

21, 22. Bulus nitqinə necə yekun vurdu və onun sözləri bu gün bizim üçün hansı mənanı kəsb edir?

21 Bulus nitqinə bu cür güclü sözlərlə yekun vurdu: «[Allah] bir gün təyin edib və həmin gündə təyin etdiyi adam vasitəsilə bütün dünyanı ədalətlə mühakimə edəcək. Allah bu adamı diriltməklə hamıya zəmanət verib» (Həv. 17:31). Hökm günü! Məgər bu, insanı həqiqi Allahı axtarıb tapmağa təşviq etməməlidir?! Bulus Allahın təyin etdiyi Hakimin adını çəkməsə də, onunla bağlı qeyri-adi bir faktı açıqladı: bu hakim yer üzündə yaşamış, ölmüş, sonra isə Allah tərəfindən dirildilmişdi!

22 Bulusun yekunda dediyi sözlər bu gün bizim üçün də böyük məna kəsb edir. Biz bilirik ki, Allahın təyin etdiyi Hakim İsa Məsihdir (Yəh. 5:22). Həmçinin bizə məlumdur ki, Hökm gününə çox az qalıb və həmin «gün» min il davam edəcək (Vəhy 20:4, 6). Biz Hökm günündən qorxmuruq, çünki başa düşürük ki, o gün sadiq insanlar üçün görünməmiş nemətlər gətirəcək. Möhtəşəm gələcəyə ümidimizin həyata keçəcəyinə Allah ən böyük möcüzə ilə — İsa Məsihi diriltməklə zəmanət verib.

«Bəziləri... iman gətirdi» (Həvarilərin işləri 17:32—34)

23. Afinalılar Bulusun sözlərinə necə münasibət göstərdilər?

23 Bulusun nitqinə hərə bir cür münasibət göstərdi. «Dirilmə haqqında eşidəndə bəzilərini gülmək tutdu». Digərləri: «Bu haqda yenə danışarsan, qulaq asarıq»,— deyərək onu başdan elədilər (Həv. 17:32). Lakin Bulusun sözlərinə hay verənlər də oldu: «Bəziləri ona qoşulub iman gətirdi. Onların arasında Areopaq məhkəməsinin hakimi Dionisi, Tamar adında bir qadın və başqaları var idi» (Həv. 17:34). Bu gün də insanlar təbliğ etdiyimiz xəbərə müxtəlif cür yanaşırlar. Kimisi bizi lağa qoyur, kimisi laqeydlik göstərir. Lakin Padşahlıq xəbərinə hay verən adamlar da olur. Belələri ilə rastlaşanda sevincimiz yerə-göyə sığmır.

24. Bulusun Areopaqda söylədiyi nitqdən nə öyrənə bilərik?

24 Bulusun nitqindən söhbəti məntiqi ardıcıllıqla qurmaq, inandırıcı dəlillər gətirmək, həmçinin həmsöhbətimizin baxışlarını nəzərə almaqla bağlı çox şey öyrənə bilərik. Bundan əlavə, görürük ki, yalan inancların əsiri olan insanlara səbirlə və nəzakətlə yanaşmaq lazımdır. Üstəlik, bir vacib şey də aydın olur: biz insanları razı salmaq xatirinə Müqəddəs Kitabdakı təlimləri təhrif etməməliyik. Həvari Bulusun nümunəsini izləsək, Allahın sözünü məharətlə öyrədə biləcəyik. Ağsaqqallar isə bunun sayəsində yığıncağa təlim verməkdə daha səriştəli olacaqlar. Beləliklə də, insanlara Allahı axtarıb tapmağa daha yaxşı kömək edə biləcəyik (Həv. 17:27).

a « Qədim dünyanın mədəniyyət mərkəzi Afina» adlı çərçivəyə bax.

b « Epikürçülər və stoiklər» adlı çərçivəyə bax.

c Akropoldan şimal-qərbdə yerləşən Areopaqda Afinanın ali şurasının görüşləri keçirilirdi. «Areopaq» deyildikdə ya şuranın özü, ya da onun iclaslarının keçirildiyi təpə nəzərdə tutula bilər. Buna görə də alimlər arasında Bulusun məhz haraya aparıldığı haqda fikir ayrılığı vardı. Bəziləri onun təpəyə və ya təpənin yaxınlığına, digərləri isə şuranın başqa yerdə, məsələn, aqorada keçirilən görüşünə gətirildiyini fikirləşirlər.

d Yunanlar «dünya» kimi tərcümə olunan «kosmos» sözünü maddi kainata aid işlətdikləri halda, Müqəddəs Kitabda bu söz, adətən, insan cəmiyyətini bildirir. Ola bilsin, yunanlardan ibarət dinləyicilərinin ürəyinə yol tapmaq üçün Bulus kosmos sözünü məhz bu mənada işlətmişdi.

e Bulus stoik şairi Aratın «Fenomen» poemasından sitat gətirmişdi. Başqa yunan yazılarında, o cümlədən stoik yazıçısı Kleanfın «Zevsə həmd» əsərində də buna bənzər sözlər vardır.