Kontentə keç

Mündəricatı göstər

FƏSİL 19

«Danış, susma»

«Danış, susma»

Bulus özünü dolandırmaq üçün işləməli olsa da, yenə də birinci yerə xidməti qoyur

Həvarilərin işləri 18:1—22

1—3. Həvari Bulus nə üçün Korinfə gəlib və burada qalmaq üçün o, hansı məsələləri həll etməli idi?

 ƏLLİNCİ ilin axırlarıdır. Həvari Bulus Korinfdədir. Bu zəngin ticarət şəhərində çoxlu yəhudi, yunan və romalı yaşayır a. Bulus bura nə alış-veriş etməyə, nə də iş axtarmağa gəlib. Onu bura gətirən vacib bir məqsəd — Allahın Padşahlığı haqqında şahidlik etməkdir. Amma Bulusa qalmağa yer tapmaq lazımdır. Bundan başqa, onun heç kimə yük olmaq fikri yoxdur. O istəmir ki, başqaları onun Allahın sözünün hesabına yaşadığını fikirləşsin. Görəsən o, nə edəcək?

2 Bulusun əlində sənəti var — o, çadır tikə bilir. Çadır tikmək asan iş deyil, amma Bulus əlinin zəhməti ilə dolanmaq istəyir. Görəsən, insanlarla qaynaşan bu şəhərdə o, özünə iş tapa biləcək? Hələ qalmaq yerindən danışmırıq. Bu zəruri məsələləri həll etməli olsa da, Bulus Korinfə nə üçün gəldiyini unutmur.

3 Görəcəyimiz kimi, Bulus Korinfdə xeyli müddət qaldı və buradakı fəaliyyəti çoxlu bəhrələr gətirdi. Bulusun Korinfdəki xidmətindən biz özümüzə hansı nümunəni götürə bilərik və bu, bizə öz sahəmizdə Allahın Padşahlığı haqqında ətraflı şəhadət verməyə necə kömək edə bilər.

«Peşələri çadır tikmək idi» (Həvarilərin işləri 18:1—4)

4, 5. a) Korinfdə olanda Bulus kimin evində yaşadı və özünü dolandırmaq üçün nə işlə məşğul oldu? b) Nə üçün Bulusun çadır tikə bilməsi təəccüblü deyil?

4 Korinfə gələndən bir müddət sonra Bulus Akvilas və onun arvadı Priskilla ilə tanış oldu. İmperator Klavdi «bütün yəhudilərə Romadan çıxmağı» əmr etdiyinə görə bu yəhudi ailəsi Korinfə köçüb orada məskunlaşmışdı (Həv. 18:1, 2). Akvilas və Priskilla xeyirxahlıq göstərib Bulusa həm öz evlərində qalmağı, həm də birgə işləməyi təklif etdilər. Müqəddəs Kitabda deyilir: «Peşələri eyni olduğundan [Bulus] onların evində qaldı və bir yerdə işlədilər. Peşələri çadır tikmək idi» (Həv. 18:3). Bulus Korinfdə xidmət etdiyi müddət ərzində bu qonaqpərvər adamların evində yaşadı. Ehtimal ki, sonralar Müqəddəs Kitaba daxil olmuş məktublarından bəzilərini Bulus burada yazmışdı b.

5 Necə olur ki, «Qəmlailin yanında təhsil almış» Bulus həm də çadır tikməyi bacarırdı? (Həv. 22:3). Birinci əsrdə yəhudilərin uşaqları əlavə təhsil almaqla yanaşı hansısa bir peşəyə də yiyələnə bilərdilər. Görünür, yəhudilərdə bu, eyib sayılmırdı. Bulus çadır tikmək sənətini, ehtimal ki, gəncliyində öyrənmişdi. Onun böyüyüb boya-başa çatdığı Kilikiya əyaləti çadırların hazırlandığı kilikium parçası ilə məşhur idi. Çadır tikənin işi nədən ibarət olurdu? O, çadır tikmək üçün lazım olan qalın, kobud parçanı ya özü toxuyur, ya da hazır parçanı kəsib çadır tikirdi. Hər necə olsa da, bu çox əziyyətli iş idi.

6, 7. a) Bulus öz peşəsinə necə yanaşırdı və Akvilas ilə Priskillanın da eyni baxışa malik olduğu nədən görünür? b) Bu gün məsihilər Bulusun və Akvilas ilə Priskillanın nümunəsini necə təqlid edirlər?

6 Bulus çadır tikməyi özünün başlıca işi hesab etmirdi. O, sadəcə özünü dolandırmaq və xoş xəbəri «təmənnasız» təbliğ etmək üçün işləyirdi (2 Kor. 11:7). Bəs Akvilas və Priskilla öz işlərinə necə yanaşırdılar? Sözsüz ki, onlar da dünyəvi işə Bulus kimi baxırdılar. Əlli ikinci ildə Bulus Korinfdən gedəndə Akvilas və Priskilla da onun ardınca Efesə getmişdilər. Orada onların evində yığıncaq görüşləri keçirilirdi (1 Kor. 16:19). Sonralar onlar Romaya qayıtmış, daha sonra isə yenidən Efesə dönmüşdülər. Bu çalışqan məsihilər Padşahlığın işini həyatlarında birinci yerə qoymuş və özlərini başqalarına xidmət etməyə həsr etmişdilər. Buna görə də «başqa xalqların adamlarından ibarət bütün yığıncaqlar» onlara minnətdar idilər (Rom. 16:3—5; 2 Tim. 4:19).

7 Müasir dövrdəki məsihilər Bulusdan, Akvilasdan və Priskilladan nümunə götürürlər. «Heç birinizə yük olmamaq üçün» onlar işləyib əllərinin zəhmətilə dolanırlar (1 Salon. 2:9). Təqdirəlayiq haldır ki, tamvaxtlı təbliğçilər başlıca işləri olan təbliğ işini icra edərkən özlərini dolandırmaq üçün natamam iş qrafiki ilə işləyir və ya mövsümi işdə çalışırlar. Akvilas və Priskilla kimi Yehovanın bir çox qonaqpərvər xidmətçiləri evlərinin qapısını rayon nəzarətçilərinin üzünə açırlar. Bu məsihilər öz təcrübələrindən bilirlər ki, qonaqpərvərlik insanı sözün əsl mənasında ruhlandırır və təravət gətirir (Rom. 12:13).

«Xeyli korinfli... inanıb vəftiz olundu» (Həvarilərin işləri 18:5—8)

8, 9. Yəhudilər tərəfindən müqavimətlə qarşılaşanda Bulus nə etdi və bundan sonra harada təbliğ etməyə başladı?

8 Bulusun çadır tikmək işinə sadəcə dolanışıq üsulu kimi baxdığını bir hadisə aydın şəkildə göstərdi. Sila ilə Timuti Makedoniyadan əlidolu gələndə Bulus dərhal «bütün vaxtını Allahın sözünü yaymağa həsr etdi» (2 Kor. 11:9; Həv. 18:5). Lakin Bulusun bu cür şahidlik etməsi yəhudilər tərəfindən güclü müqavimətlə qarşılandı. Məsih haqqında xəbəri rədd etdiklərinə görə məsuliyyətin yəhudilərin öz üzərinə düşdüyünü göstərmək üçün Bulus paltarını silkələyib dedi: «Qoy qanınız öz boynunuzda qalsın. Mən təmizəm. Bundan sonra başqa xalqların yanına gedəcəyəm» (Həv. 18:6; Hizq. 3:18, 19).

9 Bulus təbliğ işini harada davam etdirdi? Tit Yust adlı bir nəfər evini Bulusa təklif etdi. Ehtimal ki, prozelit olan bu kişinin evi sinaqoqun yanında yerləşirdi. Bulus fəaliyyətini Yustun evində davam etdirdi (Həv. 18:7). Beləliklə, Korinfdə olduğu müddətdə Bulusun yaşadığı yer Akvilas və Priskillanın evi, təbliğ işini icra etdiyi yer isə Yustun evi oldu.

10. Nədən görünür ki, yalnız başqa millətlərdən olan adamlara təbliğ etmək Bulusun qəti qərarı deyildi?

10 Yuxarıda qeyd edildiyi kimi, Bulus yəhudilərə demişdi ki, bundan sonra başqa xalqlardan olan adamların yanına gedəcək. Bunu necə başa düşmək olar? Bulus artıq bütün yəhudilərdən və prozelitlərdən, hətta səmimi olanlarından da üz döndərmişdi? Çətin ki belə olsun. Niyə? Luka yazır: «Sinaqoq rəisi Krisp və onun ev əhli Ağaya iman gətirdi». Görünür, sinaqoqa gələnlərdən də bir neçəsi Krispə qoşulmuşdu, çünki həmin ayədə deyilir ki, «Allahın sözünü eşidən xeyli korinfli də inanıb vəftiz olundu» (Həv. 18:8). Beləliklə, Tit Yustun evi yeni yaranmış Korinf yığıncağı üçün görüş yerinə çevrildi. Əgər Luka Bulusun Korinfdəki xidmətini özünə xas üslubda, yəni xronoloji ardıcıllıqla qələmə alıbsa, deməli, həmin yəhudilər və prozelitlər Bulusun öz əleyhdarlarına dediyi sözlərdən sonra imana gəlmişdilər. Bu hadisə bariz surətdə göstərir ki, həvari hisslərə qapılmayaraq ağılla hərəkət edirdi.

11. Bu gün Yehovanın Şahidləri özünü məsihi hesab edənlərə təbliğ edərkən Bulusdan necə nümunə götürürlər?

11 Bu gün bir çox ölkələrdə xristian kilsəsi camaatı öz təsiri altında saxlayır. Dünyanın bir sıra yerlərində Xristian dünyasının missionerləri çoxlu sayda insanları xristianlığa döndərmişlər. Özlərini Məsihin davamçısı adlandıran adamlar birinci əsrdə Korinfdə yaşayan yəhudilər kimi, dini adət-ənənələrin quludurlar. Buna baxmayaraq, Yehovanın Şahidləri olan bizlər Bulusdan nümunə götürərək belə adamlara təbliğ edir, onlara Müqəddəs Kitabı daha dərindən anlamağa kömək edirik. Onlar bizə müqavimət göstərəndə, yaxud din rəhbərləri bizi təqib edəndə belə ümidimizi üzmürük. Allahın qeyrətini çəkən, ancaq bunu dəqiq biliyə əsaslanaraq etməyən bu adamların arasında çoxlu həlim insanlar var. Onları axtarıb tapmaq bizim borcumuzdur (Rom. 10:2).

«Bu şəhərdə hələ çox adam mənə inanacaq» (Həvarilərin işləri 18:9—17)

12. İsa görüntüdə Bulusu nəyə əmin etdi?

12 Əgər Korinfdə xidmətini davam etdirməklə bağlı Bulusun ürəyində şübhələr var idisə də, İsa Məsih ona görünəndə bütün şübhələri yox oldu. İsa görüntüdə Bulusa dedi: «Qorxma, danış, susma, çünki mən səninləyəm. Heç kəs sənə hücum edib xələl yetirməyəcək. Bu şəhərdə hələ çox adam mənə inanacaq» (Həv. 18:9, 10). Bu, Bulusu sözün əsl mənasında ruhlandırdı. Məsih Bulusu şəxsən əmin etdi ki, ona xələl dəyməyəcək və şəhərdə hələ çoxları məsihiliyi qəbul edəcək. Aldığı görüntüdən sonra Bulus nə etdi? Müqəddəs Kitabda deyilir: «Bulus orada il yarım qalıb insanlara Allahın sözünü öyrətdi» (Həv. 18:11).

13. Hökm kürsüsünə yaxınlaşdıqca Bulus, ola bilsin, kimin haqqında düşünürdü, amma hər şeyin yaxşı sonluqla bitəcəyinə o, nə üçün əmin ola bilərdi?

13 Korinfdə təxminən bir il qaldıqdan sonra Bulus İsanın ona, həqiqətən də, dayaq olduğuna bir daha əmin oldu. «Yəhudilər birləşib Bulusun əleyhinə qalxdılar və onu hakim kürsüsü qarşısına» gətirdilər (Həv. 18:12). Bəzilərinin fikrincə, üzərinə naxışlar döyülmüş mavi və ağ mərmərdən olan hakim kürsüsü və ya korinflilərin dili ilə desək, bima Korinfin bazar meydanının mərkəzinə yaxın yerləşirdi. Bimanın qarşısındakı açıq yerdə çoxlu adam yığışa bilərdi. Arxeoloji tapıntılara əsasən, hakim kürsüsü sinaqoqdan, deməli, Yustun da evindən cəmi bir neçə addım aralıda idi. Bimaya yaxınlaşdıqca, ola bilsin, Bulus Stefanın daşqalaq edilməsi haqqında düşünürdü. Stefanın öldürülməsi həmin vaxt Şaul kimi tanınan Bulusun ürəyindən olmuşdu (Həv. 8:1). Görəsən, Bulusu da eyni aqibət gözləyir? Yox, ola bilməz. Axı İsa onu əmin etmişdi ki, heç kəs ona xələl yetirməyəcək (Həv. 18:10).

«Onları hakim kürsüsü qarşısından qovdu» (Həvarilərin işləri 18:16)

14, 15. a) Yəhudilər Bulusu nədə təqsirləndirirdilər və Qallio onların iddialarını nə üçün rədd etdi? b) Yəhudilər Sostenə nə etdilər və sonra ehtimala görə o kim oldu?

14 Bulus hakim kürsüsünün yanına çatanda nə baş verdi? Hakim Roma filosofu Senekanın böyük qardaşı, Axayya valisi Qallio idi. Yəhudilər Bulusa qarşı belə ittiham irəli sürdülər: «Bu adam insanları qanuna zidd gedən başqa ibadət yoluna yönəldir» (Həv. 18:13). Yəni onlar demək istəyirdilər ki, Bulus qeyri-qanuni olaraq insanları öz dininə döndərir. Lakin Qallio görürdü ki, burada heç bir «qanun pozuntusu və ya ağır cinayət»ə yol verilməyib (Həv. 18:14). Yəhudilərin mübahisəsinə isə qarışmaq fikri yox idi. Bulus özünü müdafiə etmək üçün ağzını açmağa macal tapmamış Qallio iddianı rədd etdi. Qan ittihamçıların başına vurdu. Onlar bütün acıqlarını Sostenin üstünə tökdülər. (Ehtimal ki, Sosten Krispin yerinə sinaqoq rəisi olmuşdu.) Yəhudilər onu «tutub hakim kürsüsü qarşısında döydülər» (Həv. 18:17).

15 Bəs nə üçün Qallio camaata mane olmadı? Ola bilsin, o fikirləşirdi ki, izdihamı Bulusa qarşı qaldıran Sosten olub, indi də öz cəzasıdır, çəkir. Hər necə olsa da, işin axırı, görünür, yaxşı oldu. Belə ki, bu hadisədən bir neçə il sonra Korinf yığıncağına yazdığı ilk məktubunda Bulus Sosten adlı bir qardaşın adını çəkmişdi (1 Kor. 1:1, 2). Ola bilsin, bu, həmin döyülən Sosten idi. Əgər belədirsə, onda bu xoşagəlməz hadisə Sostenə məsihiliyi qəbul etməyə kömək etmişdi.

16. İsanın «qorxma, danış, susma, çünki mən səninləyəm» sözlərinin bizim xidmətimizə hansı aidiyyəti var?

16 Yadındadırsa, yəhudilər Bulusun təbliğ etdiyi xəbəri rədd etdikdən sonra İsa Bulusa görünüb ona ürək-dirək vermişdi: «Qorxma, danış, susma, çünki mən səninləyəm» (Həv. 18:9, 10). Biz də bu sözləri həmişə yadda saxlamalıyıq, xüsusilə də müqavimətlə rastlaşanda. Heç vaxt yaddan çıxarma ki, Yehova ürəkləri görür və səmimi qəlbli insanları Özünə cəlb edir (1 İşm. 16:7; Yəh. 6:44). Elə bu özü xidmətdə fəal olmaq üçün tutarlı səbəbdir. Hər il yüz minlərlə adam vəftiz olur. Bu o deməkdir ki, gündə yüzlərlə insan Yehovanın xalqına qoşulur! «Bütün xalqların içində şagird hazırlayın» əmrini yerinə yetirənləri İsa Məsih əmin edir: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:19, 20).

«Yehova məsləhət bilsə» (Həvarilərin işləri 18:18—22)

17, 18. Efesə gedərkən Bulus, ola bilsin, nə haqda düşünürdü?

17 Qallionun tutduğu mövqeyin Korinfdəki gənc yığıncağın sakit şəraitdə fəaliyyət göstərməsinə kömək edib-etmədiyini dəqiq deyə bilmərik. Təkcə onu bilirik ki, bu hadisədən sonra Bulus Korinfdə «bir müddət» qaldı. Əlli ikinci ilin baharında o, Suriyaya getmək qərarına gəldi. Bunun üçün Bulus Korinfdən 11 kilometr qərbdə yerləşən Kenxreyaya getdi. Orada olarkən isə «saçını vurdurdu, çünki əhd etmişdi» c (Həv. 18:18). Bundan sonra Akvilas və Priskilla ilə birlikdə Kiçik Asiyada yerləşən Efesə getdi.

18 Gəmi ilə Efesə gedərkən yəqin Bulus Korinfdə yaşadığı vaxt ərzində olub-keçənlər haqqında düşünürdü. Onun bu şəhərlə bağlı çoxlu xoş xatirələri var idi. İndi bunları bir-bir yada saldıqca o, dərin məmnunluq duyurdu. Oradakı 18 aylıq xidməti çox məhsuldar olmuşdu. Korinfdə, Yustun evində ilk yığıncaq təsis edilmişdir. Yust, Krisp və ailəsi, eləcə də bir çox başqa adamlar məsihiliyi qəbul etmişdilər. Bu məsihilərin hamısı Bulusa əziz idi, axı həqiqəti onlara Bulus çatdırmışdı. Sonralar onlara yazdığı məktubunda Bulus bu dindaşlarını ürəyində həkk edilmiş zəmanət məktubu adlandırmışdı. Biz də həqiqəti öyrətdiyimiz insanları özümüzə doğma hiss edirik. Bu cür canlı «zəmanət məktubları»nı görəndə insanın ürəyi dağa dönür (2 Kor. 3:1—3).

19, 20. Efesə çatan kimi Bulus nə etdi və ruhani məqsədlərə çatmaqla bağlı Bulusdan nə öyrənirik?

19 Efesə çatar-çatmaz Bulus təbliğlə məşğul olmağa başladı. O, «sinaqoqa girdi və yəhudilərlə söhbət etdi» (Həv. 18:19). Bu dəfə Bulus Efesdə az qaldı. Qardaşlar ondan bir az da qalmağı xahiş etsələr də, «razı olmadı». Efeslilərlə sağollaşanda isə dedi: «Yehova məsləhət bilsə, yanınıza qayıdaram» (Həv. 18:20, 21). Sözsüz, Bulus bilirdi ki, Efesdə görüləsi hələ çox iş var. Həvari geri qayıtmaq istəsə də, hər şeyi Yehovanın ixtiyarına buraxdı. Məgər bu bizim üçün gözəl nümunə deyil? Ruhani məqsədlərə çatmaq üçün özümüz təşəbbüs göstərməli olsaq da, məsələni Yehovanın öhdəsinə buraxmalı və Onun iradəsinə uyğun davranmalıyıq (Yaq. 4:15).

20 Bulus Akvilas və Priskillanı Efesdə qoyub gəmi ilə Qeysəriyyəyə yola düşdü. Görünür, oradan Yerusəlimə gedib oradakı yığıncaqla görüşdü (Həv. 18:22). Sonra Bulus səyahətinə başladığı yerə, Suriya Antakyasına getdi. Beləcə, o, ikinci təbliğ səyahətini uğurla başa vurdu. Görəsən axırıncı təbliğ səyahətində Bulusu nə gözləyir?

a « İki dənizin ağası Korinf» adlı çərçivəyə bax.

b « Ruhlandırıcı məktublar» adlı çərçivəyə bax.

c « Bulusun əhdi» adlı çərçivəyə bax.