FƏSİL 17
Bulus «Müqəddəs Yazılara əsaslanaraq söhbət apardı»
Uğurlu təlimin əsası və veriyalıların gözəl nümunəsi
1, 2. Filippidən Salonikiyə səyahət edənlər kimlərdir və onlar nə haqda düşünürlər?
ROMALILARIN ustalıqla saldığı hamar yol qayalı dağları yarıb keçir. Bu yolla əsgərlər, tacirlər, sənətkarlar səyahət edir. Adətən burada səs səsə qarışır: bir tərəfdən eşşəklərin anqırtısı, digər tərəfdən qalın daş plitələrin üstündən keçən araba təkərlərinin səsi, bir yandan da yolçuların səs-küyü. Bu yolla Filippidən Salonikiyə gedən Bulus, Sila və Timuti 130 kilometrdən çox məsafəni qət etməlidirlər. Onsuz da asan olmayan bu səyahət Bulusla Sila üçün lap çətindir, axı Filippidə aldıqları yaraların yeri hələ də göynəyir (Həv. 16:22, 23).
2 Yəqin, qardaşlar söhbət edə-edə getdikləri üçün səyahət onlara o qədər də çətin gəlmir. Onlar hələ də Filippidə baş verən hadisənin təsiri altındadırlar. Həbsxana rəisinin ailəsi ilə birlikdə məsihiliyi qəbul etməsi qardaşların Allahın sözünü usanmadan təbliğ etmək qətiyyətini daha da möhkəmləndirib. Amma dənizin sahilində yerləşən Saloniki şəhərinə yaxınlaşdıqca, qardaşlar oradakı yəhudiləri fikirləşəndə bir qədər həyəcan keçirirlər. Görəsən, yəhudilər onlarla necə rəftar edəcəklər? Filippidəkilər kimi onlara hücum edib, döyməyəcəklər ki?
3. Bulusun nümunəsi təbliğ işində cəsarətli olmağa bizə necə kömək edə bilər?
3 Sonralar Bulus Salonikidəki məsihilərə yazdığı məktubunda həmin vaxt keçirdiyi hissləri belə təsvir etmişdi: «Sizə məlumdur ki, biz Filippidə çox əziyyət çəkdik və təhqir olunduq. Lakin Allahımız bizi cəsarətləndirdi ki, güclü müqavimətə baxmayaraq, Onun müjdəsini sizə çatdıraq» (1 Salon. 2:2). Belə məlum olur ki, xüsusilə də Filippidə baş verən hadisələrdən sonra Bulus Saloniki şəhərinə getməyə bir qədər tərəddüd edirdi. Bulusun hissləri sənə tanışdırmı? Hərdən xoş xəbəri təbliğ etmək sənə də çətin gəlirmi? Bulus Yehovaya bel bağlayırdı. O əmin idi ki, Yehova onu möhkəmləndirəcək və cəsarətini toplayıb təbliğ etməyə kömək edəcək. Bulusun nümunəsini nəzərdən keçirdikdə Yehovanın sənə dayaq olacağına əminliyin daha da artacaq (1 Kor. 4:16).
Həvarilərin işləri 17:1—3)
«Bulus... Müqəddəs Yazılara əsaslanaraq söhbət apardı» (4. Nəyə görə belə nəticəyə gəlmək olar ki, Bulus Salonikidə üç həftədən çox qalmışdı?
4 Bulus Salonikidə olanda üç şənbə sinaqoqda təbliğ etmişdi. Bu o deməkdirmi ki, o, şəhərdə cəmi üç həftə qalmışdı? Heç də yox. Biz bilmirik, Bulus şəhərə gələndən nə qədər sonra sinaqoqa getmişdi. Bundan başqa, Bulusun məktublarından aydın olur ki, Salonikidə olarkən o da, yoldaşları da özlərini dolandırmaq üçün işləyirdilər (1 Salon. 2:9; 2 Salon. 3:7, 8). Üstəlik, həmin vaxt ərzində Bulus iki dəfə Filippidəki qardaşlardan yardım almışdı (Filip. 4:16). Buradan belə nəticəyə gəlmək olar ki, o, Salonikidə üç həftədən çox qalmışdı.
5. Bulus insanların ürəyinə necə yol tapmağa çalışırdı?
5 Bulus cəsarətini toplayıb təbliğ etmək üçün sinaqoqa getdi. Oradakı camaatla adəti üzrə «Müqəddəs Yazılara əsaslanaraq söhbət apardı. O, Müqəddəs Yazılardan dəlil-sübut gətirərək Məsihin əziyyət çəkməsinin, ölüb dirilməsinin lazım olduğunu onlara izah edirdi və deyirdi: “Sizə haqqında danışdığım İsa həmin bu Məsihdir”» (Həv. 17:2, 3). Diqqət yetir ki, Bulus dinləyicilərinin hisslərə qapılaraq nəticə çıxarmalarını istəmirdi, onları düşündürməyə çalışırdı. O bilirdi ki, sinaqoqa gələnlər Müqəddəs Yazılarla tanışdırlar və onlara hörmətlə yanaşırlar, sadəcə orada yazılanları axıra kimi başa düşmürlər. Buna görə də Bulus Müqəddəs Yazılardan sübut gətirərək, onları nəsrani İsanın vəd edilmiş Məsih olduğuna inandırmağa çalışırdı.
6. İsa Müqəddəs Yazılardan necə istifadə etmişdi və bu, şagirdlərə necə təsir bağışlamışdı?
6 Təlim verərkən Müqəddəs Yazılara əsaslanmaqla Bulus İsanın qoyduğu nümunəni izləyirdi. Məsələn, İsa yerdə ikən şagirdlərinə söyləmişdi ki, Müqəddəs Yazılara əsasən o, əzab çəkib öldürülməli, sonra isə dirilməlidir (Mət. 16:21). Diriləndən sonra o, şagirdlərinə görünmüşdü. Bu, artıq özü-özlüyündə onun həqiqəti söylədiyini sübut edirdi. Lakin İsa təkcə bununla kifayətlənməmişdi. O, «Musadan və bütün Peyğəmbərlərdən başlayıb Müqəddəs Yazılarda özünə aid olan şeyləri bir-bir onlara izah» etmişdi. Bu, şagirdlərə elə güclü təsir bağışlamışdı ki, onlar: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» — deyə söyləmişdilər (Luka 24:13, 27, 32).
7. Nə üçün təlimlərimizi Müqəddəs Kitaba əsaslandırmalıyıq?
7 Allahın Kəlamındakı xəbər böyük gücə malikdir (İbr. 4:12). Buna görə də İsa Məsih, Bulus və digər həvarilər kimi, müasir məsihilər də öz təlimlərini həmin Kəlama əsaslandırırlar. Biz də təbliğ edərkən Müqəddəs Kitabdan ayələr oxuyur, mənasını izah edir, insanları təlimlərimizin həqiqiliyinə inandırmağa çalışırıq. Çatdırdığımız xəbər bizə məxsus deyil. Bu səbəbdən, Müqəddəs Kitabdan tez-tez istifadə etməklə insanlara göstəririk ki, söylədiklərimiz öz fikirlərimiz yox, Allahın sözləridir. Bəli, təbliğ etdiyimiz xəbər büsbütün Allahın Kəlamına əsaslanır. Ona tam etibar etmək olar. Məgər bunu bilmək xoş xəbəri Bulus kimi cəsarətlə bölüşməyə səni təşviq etmir?
Bir neçəsi iman gətirdi (Həvarilərin işləri 17:4—9)
8—10. a) Salonikililər xoş xəbərə necə hay verdilər? b) Nə üçün bəzi yəhudilərin Bulusa paxıllığı tutdu? c) Yəhudi əleyhdarlar nə etdilər?
8 Bulus İsanın: «Nökər ağasından üstün deyil. Məni təqib ediblərsə, sizi də təqib edəcəklər. Mənim sözümə əməl ediblərsə, sizin də sözünüzə əməl edəcəklər» sözlərinin doğruluğunu artıq öz üzərində hiss etmişdi (Yəh. 15:20). Salonikidə o, bunun həqiqiliyinə bir də əmin oldu: bəziləri onun sözlərini həvəslə dinlədi, digərləri isə ona qarşı çıxdı. Xoş xəbəri yaxşı qarşılayanlar haqqında Luka belə yazır: «Onlardan [yəhudilərdən] bir neçəsi və mömin yunanlardan xeyli adam iman gətirib [məsihiliyi qəbul edib] Bulusla Silaya qoşuldu. Aralarında nüfuzlu qadınlar da az deyildi» (Həv. 17:4). Sözsüz ki, bu yeni şagirdlər Müqəddəs Yazıları düzgün başa düşdüklərinə görə çox sevinirdilər.
9 Bəziləri Bulusun sözlərini məmnuniyyətlə qəbul etdiyi halda, digərləri ona qəzəbləndilər. «Yunanlardan xeyli adam»ın məsihiliyi qəbul etdiyinə görə bəzi yəhudilərin Bulusa paxıllığı tutdu. Bu yəhudilər yunanları iudaizmə döndərmək üçün onlara Tövratı öyrədir, həmin yunanlara artıq özlərinə məxsus adamlar kimi baxırdılar. İndi isə Bulus gözləri baxa-baxa bu yunanları onların əlindən aldı, özü də harada-harada, düz sinaqoqun içində. Yəhudilər qəzəbdən özlərinə yer tapa bilmirdilər!
10 Görək sonra nə baş verdi: «Yəhudilər paxıllıqdan bazar meydanındakı avaraların arasından yaramaz adamlar yığıb şəhərdə hay-küy qaldırdılar. Bulusla Silanı tutmaq və camaatın qabağına çıxartmaq üçün Yasonun evinə soxuldular. Onları tapmayanda Yasonu və bir neçə qardaşı şəhər rəhbərlərinin yanına sürüyüb gətirdilər və çığır-bağır saldılar: “Bütün aləmi bir-birinə vurmuş bu adamlar indi də bura gəliblər. Yason da onları evində qonaq edib. Bu adamların hamısı İsa adında başqa bir padşah olduğunu deyib Sezarın fərmanlarına qarşı çıxırlar”» (Həv. 17:5—7). Görəsən, bu nəyə gətirib çıxaracaq?
11. Bulusa və digər təbliğçilərə qarşı hansı ittihamlar irəli sürüldü və ittihamçılar, ehtimal ki, hansı fərmanı nəzərdə tuturdular? (Haşiyəyə bax.)
11 Kütlənin ki beynini doldurdular, daha onun qarşısını almaq qeyri-mümkündür. Onun qəzəbi məcrasından çıxan çay kimi qarşısında olan hər şeyi vurub dağıdır. Yəhudilər də Bulusla Silanı aradan götürmək üçün məhz bu silaha əl atdılar. Şəhərdə hay-küy qaldırandan sonra rəhbərləri qardaşların təhlükəli adamlar olduğuna inandırmağa çalışdılar. Onların Bulusa və digər təbliğçilərə qarşı irəli sürdüyü birinci ittiham ondan ibarət idi ki, guya qardaşlar «bütün aləmi bir-birinə» vurublar, halbuki aləmi bir-birinə qatan onların özləri idi. İkinci ittiham birincisindən qat-qat ciddi idi. Yəhudilər iddia edirdilər ki, qardaşlar İsa adlı başqa padşahı təbliğ edir, bununla da imperatorun fərmanına qarşı çıxırlar a.
12. Nədən görünür ki, Salonikidəki məsihilərə qarşı irəli sürülən ittihamlar acı nəticələr gətirə bilərdi?
12 Yadındadırsa, İsaya qarşı da buna oxşar ittiham irəli sürmüşdülər. Yəhudi din rəhbərləri Pilata demişdi: «Bu adam xalqımızı yoldan çıxarır... üstəlik, özünü Məsih, padşah adlandırır» (Luka 23:2). Yəqin, Pilat qorxmuşdu ki, imperator onun xəyanətə göz yumduğunu düşünər, ona görə də İsanı ölümə məhkum etmişdi. Bunun kimi, Salonikidəki məsihilərə qarşı irəli sürülən ittihamların nəticəsi çox acı ola bilərdi. Bir kitabda bu haqda yazılıb: «Bundan böyük təhlükə ola bilməzdi, çünki “imperatorlara qarşı xəyanətdə şübhəli bilinmək belə, çox vaxt ölümlə nəticələnirdi”». Bəs yəhudilər istədiklərinə nail ola bildilərmi?
13, 14. a) Nə üçün izdihamın təbliğ işini dayandırmaq cəhdləri baş tutmadı? b) Bulus İsanın ehtiyatlı olmağa dair verdiyi məsləhətə uyğun olaraq necə davrandı və biz bundan nə öyrənə bilərik?
13 İzdiham Salonikidə təbliğ işini dayandırmağa müvəffəq olmadı. Nəyə görə? Birincisi, ona görə ki, onlar Bulusla Silanı tapa bilmədilər. Bundan başqa, görünür, şəhər rəhbərləri ittihamların doğruluğuna şübhə edirdilər. Girov alandan sonra onlar Yasonu və digər qardaşları sərbəst buraxdılar (Həv. 17:8, 9). İsanın «ilan kimi ehtiyatlı, göyərçin kimi məsum olun» məsləhətinə riayət edərək Bulus tədbirlə davranıb özünü təhlükədən qorudu ki, təbliğ işini başqa yerdə davam etdirə bilsin (Mət. 10:16). Deməli, Bulusun cəsarətli olması o demək deyildi ki, o, göz görə-görə özünü oda atırdı. Bu gün məsihilər onun nümunəsini necə izləyə bilərlər?
14 Müasir dövrdə də dünyanın bəzi ölkələrində elə olub ki, Xristian dünyasının ruhaniləri izdihamı Yehovanın Şahidlərinə qarşı qaldırıblar. Bizi iğtişaş salmaqda və dövlətə xəyanətdə günahlandıraraq rəhbərləri əleyhimizə çıxmağa təhrik ediblər. Birinci əsrdəki yəhudilər kimi, müasir dövrdəki əleyhdarlarımızın hərəkətlərinin arxasında da əksər hallarda paxıllıq durur. Hər necə olsa da, həqiqi məsihilər özlərini bilə-bilə təhlükəyə atmırlar. Biz mümkün olan yerlərdə bu cür qəzəbli, düşüncəsiz insanlarla mübahisəyə girişməkdən qaçınırıq. Bizim məqsədimiz insanlarla mübahisə etmək yox, heç kimə dəyib toxunmadan təbliğimizi davam etdirməkdir. Buna görə də gərgin vəziyyət yarananda çıxıb gedir və əgər mümkündürsə, ara sakitləşəndən sonra qayıdırıq.
Onlar «daha alicənab idilər» (Həvarilərin işləri 17:10—15)
15. Veriyalılar xoş xəbərə necə hay verdi?
15 Təhlükəsizlik naminə qardaşlar Bulusla Silanı 65 kilometr aralıda yerləşən Veriya şəhərinə göndərdilər. Buraya çatanda Bulus sinaqoqa gedib orada yığışanlara təbliğ etdi. Onlarla danışmaq çox xoş idi. Luka yazır ki, Veriyadakı yəhudilər «Saloniki yəhudilərinə nisbətən daha alicənab idilər. Onlar Allahın sözünü böyük həvəslə qəbul etdilər. Eşitdiklərinin doğru olub-olmadığını yoxlamaq üçün Müqəddəs Yazıları hər gün diqqətlə araşdırırdılar» (Həv. 17:10, 11). Amma bu o demək deyildi ki, Salonikidəki məsihilər veriyadakılardan pis idi. Çünki Bulus sonralar onları da tərifləyərək demişdi: «Biz daima Allaha şükür edirik, çünki siz bizdən eşitdiyiniz Allahın sözünü insan sözü kimi deyil, əslində, necə var elə, Allahın sözü kimi qəbul etdiniz. Bu söz siz imanlılarda fəaliyyət göstərir» (1 Salon. 2:13). Bəs Veriyadakı məsihilər hansı mənada daha alicənab idilər?
16. Nə üçün Müqəddəs Kitabda veriyalılar «alicənab» adlanırlar?
16 Eşitdikləri veriyalılar üçün yeni bir şey olsa da, onlara şübhə ilə yanaşmır və ya kəskin tənqidi münasibət bəsləmirdilər. Eyni zamanda veriyalıları sadəlövh də adlandırmaq olmaz. Əvvəla, onlar diqqətlə Bulusa qulaq asırdılar. Sonra isə öyrəndiklərini Müqəddəs Yazılarla tutuşdurub onların doğruluğunu yoxlayırdılar. Bundan əlavə, onlar Allahın Kəlamını yalnız şənbə günləri yox, hər gün oxuyub araşdırırdılar. Bunu diqqətlə edirdilər ki, yeni təlimin işığında Müqəddəs Yazıları daha da dərindən başa düşsünlər. Axırda onlar təvazökarlıq göstərərək baxışlarında dəyişiklik etdilər, belə ki, Luka onlardan bir çoxunun iman gətirdiyini yazır (Həv. 17:12). Buna görə də veriyalıların «alicənab» adlanması təəccüblü deyil!
17. Veriyalılar bizə nədə gözəl nümunə qoyublar və vəftizdən sonra da biz bu nümunəni necə izləyə bilərik?
17 Yəqin veriyalıların heç ağlına da gəlməzdi ki, onların xoş xəbəri bu cür qəbul etmələri Allahın Kəlamında bizim üçün parlaq nümunə kimi qorunub saxlanılacaq. Onlar Bulusun ümidlərini doğrultdular və məhz Yehovanın istədiyi kimi davrandılar. Biz də insanları Allahın Kəlamını diqqətlə araşdırmağa təşviq edirik ki, onların imanı möhkəm təməl üzərində qurulsun. Bəs vəftiz olandan sonra Müqəddəs Kitabı səylə öyrənməyə ehtiyac qalırmı? Sözsüz ki, qalır. Yehovadan həvəslə öyrənmək və öyrəndiklərimizi həyatımızda tətbiq etmək hətta əvvəlkindən də vacib olur, çünki belə etməklə Yehovaya bizi Öz iradəsinə uyğun tərbiyə etməyə imkan veririk (Əşy. 64:8). Bununla da səmavi Atamızı razı salır və Onun işinə həmişə yararlı oluruq.
18, 19. a) Nə üçün Bulus Veriyadan getməli oldu və qətiyyət göstərməklə bizim üçün hansı təqdirəlayiq nümunə qoydu? b) Bulus indi kimlərə təbliğ etməli idi və harada?
18 Bulusun Veriyadakı xidməti uzun çəkmədi. Luka yazır: «Saloniki yəhudiləri eşidəndə ki, Bulus Allahın sözünü Veriyada təbliğ edir, camaatı qızışdırıb qarmaqarışıqlıq yaratmaq üçün oraya gəldilər. Onda qardaşlar Bulusu dərhal dəniz sahilinə apardılar, Sila ilə Timuti isə şəhərdə qaldılar. Bulusu ötürənlər onu Afinaya gətirdilər, sonra Sila və Timutinin tezliklə onun yanına gəlməsi üçün göstəriş alıb geri qayıtdılar» (Həv. 17:13—15). Görünür, xoş xəbərə düşmən kəsilmiş bu adamlar sakitləşən deyildilər. Bulusu Salonikidən qovmaqları azmış kimi, ona mane olmaq üçün Veriyaya da gəlib çıxdılar. Lakin onların cəhdləri bu dəfə də boşa çıxdı. Təbliğ ediləsi hələ çox yerlər var idi. Buna görə də Bulus başqa yerə yollandı və xidmətini orada davam etdirdi. Biz də eyni cür davransaq, təbliğ işini dayandırmağa çalışanların cəhdləri birinci əsrdə olduğu kimi bu gün də uğursuzluğa uğrayacaq.
19 Saloniki və Veriyada ətraflı şəhadət verəndən sonra, şübhəsiz, Bulus bir daha əmin oldu ki, cəsarətlə şahidlik etmək və Müqəddəs Yazılardan sübutlar gətirərək insanları düşündürmək olduqca vacibdir. Biz də bu fəsildən bunun vacibliyini yaxşı başa düşdük. İndi isə Bulus tamamilə fərqli insanlara — Afinada yaşayan qeyri-yəhudilərə təbliğ etməli idi. Bəs bu şəhərdə onu nə gözləyirdi? Bunu növbəti fəsildən öyrənəcəyik.
a Bir alimin sözlərinə görə, o dövrdə Sezar fərman çıxarmışdı ki, hər kim yeni padşahın və ya padşahlığın gələcəyini, xüsusilə də hakimiyyətdə olan imperatoru devirmək və ya mühakimə etmək üçün peyda olacağını xəbər verərsə, cəzalandırılsın. Ola bilsin, Bulusun rəqibləri onun təbliğ etdiyi xəbəri təhrif edərək həvarini bu fərmanı pozmaqda təqsirləndirirdilər. « Sezarlar və “Həvarilərin işləri” kitabı» adlı çərçivəyə bax.