Rəhbərlik Şurasından məktub
Əziz təbliğçi!
Təsəvvür et ki, sən Zeytun dağında yığışan həvarilərdən birisən. İsa qarşında peyda olur. Göyə qalxmazdan əvvəl o deyir: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Həmin vaxt sən hansı hissləri keçirərdin?
Yəqin, işin miqyasını düşünəndə səni qorxu bürüyərdi. Bəlkə də fikirləşərdin: «Görəsən, bir neçə nəfər şagird “yerin ucqarlarınadək” necə şahidlik verə bilər? Bu, bir yana, İsa Məsih ölümündən əvvəlki gecə xəbərdarlıq edib demişdi: “Nökər ağasından üstün deyil. Məni təqib ediblərsə, sizi də təqib edəcəklər. Mənim sözümə əməl ediblərsə, sizin də sözünüzə əməl edəcəklər. Mənim adıma görə bütün bunları başınıza gətirəcəklər, çünki onlar məni göndərəni tanımırlar” (Yəh. 15:20, 21). Axı bu cür ədavətlə üzləşə-üzləşə necə şahidlik etmək olar?»
Əslində, bu kimi suallar bu gün bizim üçün də aktualdır. Yehovanın Şahidi olmağımız bizim də üzərimizə «yerin ucqarlarınadək», bütün xalqlara şahidlik etmək məsuliyyətini qoyur (Mət. 28:19, 20). Görəsən, bu boyda işin öhdəsindən necə gəlmək olar? Hələ müqavimətləri demirik!
«Həvarilərin işləri» kitabı birinci əsrdəki məsihilərin fəaliyyətindən bəhs edir. Hadisələrlə zəngin bu kitabda İsanın şagirdlərinin Yehovanın köməyilə öz tapşırıqlarını yerinə yetirməyə necə müvəffəq olduğu canlı şəkildə təsvir edilir. Bu nəşri oxuduqca həm o hadisələri dərindən araşdıracaq, həm də onların iştirakçısına çevrilib, oradakı hiss-həyəcanı yaşayacaqsan. Öyrənəcəksən ki, Allahın birinci əsrdəki xidmətçiləri ilə müasir xidmətçiləri arasında əslində nə qədər çox oxşarlıq var. Üstəlik, görəcəksən ki, biz nəinki eyni işi görürük, həm də eyni cür təşkil olunmuşuq. Bu bənzərliklər üzərində düşündükcə Yehovanın bu gün də Öz təşkilatını idarə etdiyinə bir daha əmin olacaqsan.
Arzumuz budur ki, «Həvarilərin işləri» kitabını araşdırdıqca Yehovanın sənə Öz müqəddəs ruhu ilə həmişə kömək və dayaq olacağına inamın daha da artsın. Qoy bu da öz növbəsində səni Allahın Padşahlığı haqqında ətraflı şəhadət verməyə və başqalarını xilas yoluna yönəltməyə təşviq etsin (Həv. 28:23; 1 Tim. 4:16).
Sənin qardaşların,
Yehovanın Şahidlərinin Rəhbərlik Şurası