Kontentə keç

Mündəricatı göstər

FƏSİL 27

Bulus «ətraflı şəhadət» verirdi

Bulus «ətraflı şəhadət» verirdi

Romada həbsdə ikən Bulus təbliğ etməyə davam edir

Həvarilərin işləri 28:11—31

1. Bulusla yoldaşları kimə güvənirlər və nə üçün?

 TƏXMİNƏN 59-cu ildir. Burnunda «Zevs oğulları» bəzəyi olan iri yük gəmisi Aralıq dənizindəki Malta adasından İtaliyaya yollanır. Mühafizə altında olan həvari Bulus və onun ruhani qardaşları Luka ilə Aristarx gəmidə gedən yolçuların arasındadırlar (Həv. 27:2). Gəmi heyətindən fərqli olaraq, bu məsihilər yunan allahı Zevsin əkiz oğulları Kastor və Polluksa güvənib onları qoruyacağını düşünmürlər (Həv. 28:11). Onlar Bulusun Romada həqiqət haqqında şəhadət verəcəyini və Sezarın qarşısında duracağını qabaqcadan bildirən Qadir Allah Yehovanın qullarıdır (Həv. 23:11; 27:24).

2, 3. Bulusgilin gəmisi hansı marşrutla üzdü və bütün səyahət boyu Yehova Bulusa necə dayaq oldu?

2 Gəmi Siciliyanın Sirakuz şəhərində üç gün qaldıqdan sonra, onu da qeyd edək ki, bu şəhər Roma və Afina ilə rəqabət aparırdı, İtaliya yarımadasının cənubunda yerləşən Regium şəhərinə yola düşür. Sonra müasir Neapolun yaxınlığında yerləşən İtaliyanın Puteoli limanına gəlir. Cənub küləyi sayəsində gəmi 175 dəniz milini, yəni 320 kilometrlik yolu cəmi bir günə qət edib mənzilbaşına vaxtından əvvəl çatır (Həv. 28:12, 13).

3 Artıq Romaya az qalıb. Orada Bulus imperator Neronun qarşısında özünü müdafiə etməlidir. Bütün yol boyu «hər cür təsəlli Allahı» Yehova Bulusa arxa olub (2 Kor. 1:3). Bu fəsli araşdırdıqca görəcəyik ki, bundan sonra da Allah Bulusu tək qoymadı; Bulus da təbliğçi ruhunu itirmədi.

«Bulus... Allaha şükür etdi və ürəkləndi» (Həvarilərin işləri 28:14, 15)

4, 5. a) Bulusa və onun yoldaşlarına Puteolidə necə qonaqpərvərlik göstərildi və nəyə görə ona bu qədər sərbəstlik verilmişdi? b) Həbsdə olduqda belə, məsihilərin yaxşı davranışı onlara hansı faydanı gətirə bilər?

4 Puteolidə Bulusgil qardaşları tapdılar. Qardaşlar onlardan xahiş etdilər ki, bir həftə yanlarında qalsınlar (Həv. 28:14). Belə qonaqpərvərlik göstərməklə onlar əsl məsihi kimi davrandılar. Şübhəsiz ki, qardaşların bu yaxşılığı mükafatsız qalmadı. Bulus və yoldaşları ilə ünsiyyət onları çox ruhlandırdı. Bəs necə olmuşdu ki, dustağa bu qədər sərbəstlik verilmişdi? Yəqin, həvari keşikçilərin tam etibarını qazanmışdı.

5 Müasir dövrdə də elə olub ki, həbsxanaya və ya həbs düşərgələrinə düşən Şahidlərə məsihi davranışlarına görə müstəsna sərbəstlik verilmiş, güzəştlər edilmişdi. Məsələn, Rumıniyada oğurluq üstündə 75 il iş alan bir kişi Müqəddəs Kitabı öyrənməyə başlamış və özündə böyük dəyişikliklər etmişdi. Bunu qiymətləndirən həbsxana müdiriyyəti ona nəzarətsiz şəhərə gedib həbsxana üçün lazım olan şeyləri almağı tapşırmışdı. Məgər bu kimi hallar Yehova Allahımıza izzət gətirmir? (1 But. 2:12).

6, 7. Romalı qardaşlar Bulusa və onun yoldaşlarına necə məhəbbət göstərdilər?

6 Puteolidən Bulusgil haradasa 50 kilometr piyada gedib Appi yolunda yerləşən Kapuyaya gəldilər. Həmin yol birbaşa Romaya aparırdı. İri yastı lava daşlarıyla döşənmiş bu məşhur yolla yeriyərkən İtaliyanın füsunkar təbiətini, arabir isə Aralıq dənizinə açılan gözəl mənzərələri seyr etmək olardı. Romaya 60 kilometr qalmış yol Pontin bataqlıqları adlı bataqlıq yerdən keçirdi. Həmin ərazidə Appi bazarı da yerləşirdi. Luka yazır ki, gəlişlərindən xəbər tutanda Romadakı qardaşlar onları qarşılamağa çıxdılar. Onlardan bəziləri bazara kimi gəldilər, digərləri isə Romanın 50 kilometr uzaqlığında yerləşən Üç Mehmanxanaya gəlib orada gözlədilər. Məhəbbətin necə də bariz nümunəsidir! (Həv. 28:15).

7 Taqətdən düşmüş yolçular Appi bazarında çətin ki, dincələ bilərdilər. Roma şairi və satiriki Horatsi bazarı «dənizçilər və qaraqabaq mehmanxana sahibləri ilə dolu» bir yer kimi təsvir edir. O deyir ki, oranın «suyu çox iyrənc idi». Horatsi bu yerdə hətta yemək yeməyə belə iyrənmişdi! Amma bu şəraitsizlik Bulusgili qarşılamağa çıxan qardaşlara orada oturub onları gözləməyə mane olmadı.

8. Nə üçün Bulus qardaşları görəndə Allaha şükür etdi?

8 Luka qeyd edir ki, Bulus qardaşları görəndə Allaha şükür etdi və ürəkləndi (Həv. 28:15). Ola bilsin, bu qardaşların bəzilərini Bulus şəxsən tanıyırdı. Hər necə olsa da, təkcə bu əziz adamları görməyin özü Bulusu ruhlandırıb ürəyini sakitləşdirdi. Bəs nə üçün Bulus Allaha şükür etdi? O bilirdi ki, fədakar məhəbbət Allahın ruhunun bəhrəsidir (Qal. 5:22). Bu gün də müqəddəs ruh məsihiləri bir-birləri üçün nələrdənsə keçməyə və dara düşənlərə təskinlik verməyə təşviq edir (1 Salon. 5:11, 14).

9. Bulusu qarşılayan qardaşların məhəbbət nümunəsini necə izləyə bilərik?

9 Məsələn, müqəddəs ruh səmimi məsihiləri rayon nəzarətçilərinə, xüsusi təyinatlı müjdəçilərə və digər tamvaxtlı xidmətçilərə qonaqpərvərlik göstərməyə, qayğılarına qalmağa təşviq edir. Bu fədakar bacı-qardaşlardan çoxu xidmətlərini genişləndirmək üçün böyük qurbanlar vermişlər. Özündən soruş: «Rayon nəzarətçisi yığıncağı ziyarət edəndə onu qonaq çağıra bilərəmmi? Onunla və əgər evlidirsə, həyat yoldaşı ilə xidmətdə əməkdaşlıq edə bilərəmmi?» Belə etsən, bu, sənə çoxlu nemətlər gətirəcək. Bulusgil onlarla baş verən ruhlandırıcı hadisələrdən danışarkən romalı qardaşların necə böyük sevinc duyduqlarını təsəvvür et (Həv. 15:3, 4).

«Hər yerdə bu təriqətin əleyhinə danışırlar» (Həvarilərin işləri 28:16—22)

10. Bulus Romada hansı şəraitdə qalırdı və şəhərə gələr-gəlməz o nə etdi?

10 Nəhayət ki, qardaşlar Romaya gəlib çatdılar. Luka yazır: «Bulusa ayrı yaşamağa icazə verdilər. Bir əsgər onun keşiyini çəkirdi» (Həv. 28:16). Adətən, ev dustaqlarını qaçmamaları üçün zəncirlə keşikçiyə bağlayırdılar. Lakin heç bir zəncir Bulusa Padşahlıq haqqında xəbəri bəyan etməyə mane ola bilməzdi. Belə ki, o, yoldan üçcə gün dincələndən sonra Romadakı nüfuzlu yəhudiləri çağırtdırdı ki, özünü təqdim edib onlara şəhadət etsin.

11, 12. Bulus yəhudilərin ürəyinə necə yol tapmağa çalışdı?

11 «Qardaşlar,— deyə Bulus sözə başladı,— mən nə xalqımıza, nə də əcdadlarımızın adətlərinə qarşı pis bir iş görməmişəm. Buna baxmayaraq, məni Yerusəlimdə dustaq edib, romalıların əlinə verdilər. Amma romalılar məni istintaq etdikdən sonra ölüm cəzasına layiq bir iş tutmadığımı görüb azad etmək istədilər. Yəhudilər bunun əleyhinə çıxdılar və mən məcbur olub Sezarın məhkəməsini tələb etdim. Məni düz başa düşün, mən xalqımı ittiham etmək fikrində deyiləm» (Həv. 28:17—19).

12 Yəhudilərə «qardaşlar» deyə xitab etməklə Bulus onların ürəyinə yol tapmağa çalışırdı. Həmçinin əgər bu yəhudilərdə qərəzli fikirlər var idisə, belə bir müraciət bu fikirləri aradan qaldıra bilərdi (1 Kor. 9:20). Bundan başqa, Bulus bildirdi ki, o, bura yəhudiləri ittiham etməyə yox, Sezarın qarşısında özünü müdafiə etməyə gəlib. Lakin yerli yəhudilərin Bulusun məsələsindən qətiyyən xəbəri yox idi (Həv. 28:21). Nə əcəb, Yəhudiyyədəki yəhudilər Romadakılara bu xəbəri çatdırmamışdılar? Bir mənbədə deyilir: «Ola bilsin, Bulusun olduğu gəmi qışdan sonra İtaliyaya gəlib çatan ilk gəmilərdən biri idi, buna görə də nə Yerusəlimdəki yəhudilərin özləri, nə də məktubları Bulusdan qabaq ora gəlib çata bilməzdi».

13, 14. Bulus söhbəti Padşahlıq mövzusuna necə yönəltdi və biz bundan nə öyrənirik?

13 Sonra Bulus söhbəti Padşahlıq mövzusuna yönəltdi. Onun sözləri yəhudilərdə maraq oyatmaya bilməzdi. O dedi: «Məhz elə buna görə xahiş etdim ki, sizinlə görüşüb söhbət edək. Gördüyünüz bu qandallar İsrailin ümidinə görədir» (Həv. 28:20). Bu ümidin gerçəkləşməsi Məsih və onun Padşahlığı olmadan mümkün olmazdı. Məsihi yığıncağı da elə bu haqda təbliğ edirdi. «Yaxşı olardı ki, sənin baxışların barədə elə özündən soruşaq,— deyə yəhudi ağsaqqalları cavab verdilər,— çünki bildiyimizə görə hər yerdə bu təriqətin əleyhinə danışırlar» (Həv. 28:22).

14 Xoş xəbər haqqında danışmaq imkanı yarananda biz də Bulus kimi elə fikirlər söyləyə və ya suallar verə bilərik ki, həmsöhbətimizi düşünməyə vadar edək. «Məsihi həyatı və ibadəti. İş dəftəri», «Teokratik Xidmət Məktəbində təlim alırıq» və «Özünü oxumağa və təlim verməyə həsr et» kimi nəşrlərdə buna dair çox gözəl məsləhətlər var. Sən bu vəsaitlərdən istifadə edirsənmi?

Bulus «ətraflı şəhadət» verməkdə bizə örnəkdir (Həvarilərin işləri 28:23—29)

15. Bulusun təbliğində hansı dörd məqamı vurğulamaq olar?

15 Yəhudilər bir gün təyin edib «əvvəlkindən də çox adamla Bulusun qaldığı evə gəldilər. Bulus Allahın Padşahlığı haqqında ətraflı şəhadət verdi, həm Musanın Tövratından, həm Peyğəmbərlərin kitabından İsa haqqında danılmaz sübutlar gətirib səhərdən axşamadək hər şeyi onlara izah etdi» (Həv. 28:23). Bulusun şahidlik etmə üsulundan dörd məqamı vurğulamaq olar. Birincisi, o, söhbəti Allahın Padşahlığı ətrafında cəmləmişdi. İkincisi, inandırıcı dəlillər gətirirdi. Üçüncüsü, söhbəti Müqəddəs Yazılar əsasında qurmuşdu. Dördüncüsü, həvari öz rahatlığını düşünməyib fədakarcasına «səhərdən axşamadək» təbliğ etdi. Necə də gözəl nümunədir! Bulusun söhbəti yəhudilərə necə təsir göstərdi? «Onlardan bəziləri deyilənlərə inandı, bəziləri isə inanmadı. Aralarında mübahisə düşdü» və Lukanın dediyi kimi, «onlar dağılışmağa başladılar» (Həv. 28:24, 25a).

16—18. Romalı yəhudilərin xoş xəbəri pis qarşılaması nə üçün Bulusu təəccübləndirmədi, bəs biz belə hallarla üzləşəndə necə münasibət göstərməliyik?

16 Bulus təəccüblənmədi. Axı birinci dəfə deyildi ki, yəhudilər xoş xəbərə belə münasibət göstərirdilər. Üstəlik, Müqəddəs Kitabda da bu haqda qabaqcadan deyilmişdi (Həv. 13:42—47; 18:5, 6; 19:8, 9). Buna görə də o, dağılışan yəhudilərə belə dedi: «Müqəddəs ruh Əşiya peyğəmbər vasitəsilə ata-babalarınıza yaxşı demişdi: “Get, bu xalqa belə de: “Eşitməyinə eşidəcəksiniz, amma bir şey başa düşməyəcəksiniz. Baxmağına baxacaqsınız, amma bir şey görməyəcəksiniz. Çünki bu xalqın ürəyi kütləşib”» (Həv. 28:25b—27). «Kütləşmək» kimi tərcümə edilən söz orijinal mətndə ürəyin «kökəldiyini», «piyləndiyini», bu səbəbdən, Padşahlıq xəbərinin ona çatmadığını göstərirdi (Həv. 28:27). Çox heyif!

17 Yəhudilər xoş xəbərə qulaq asmırlar, heç asmasınlar. Digər xalqlar «mütləq qulaq asacaqlar»,— deyərək Bulus sözünü bitirdi (Həv. 28:28; Zəb. 67:2; Əşy. 11:10). Bunu deməyə həvarinin tam əsası var idi, çünki şəxsən özü çoxlu qeyri-yəhudinin Padşahlıq xəbərinə hay verdiyinin şahidi olmuşdu (Həv. 13:48; 14:27).

18 İnsanlar xoş xəbəri rədd edəndə biz də Bulus kimi bunu ürəyimizə salmamalıyıq. Axı biz bilirik ki, həyata aparan yolu tapanların sayı elə də çox olmayacaq (Mət. 7:13, 14). Digər tərəfdən, ürəyi həqiqətə meyilli olan insanlar həqiqi ibadətə qoşulanda gəlin onları mehribanlıq və səmimiyyətlə qarşılayaq (Luka 15:7).

«Allahın Padşahlığı haqqında» danışırdı (Həvarilərin işləri 28:30, 31)

19. Bulus ev dustağı olanda vaxtdan səmərə ilə necə istifadə edirdi?

19 Luka öz hekayətinə belə bir xoş notlarla yekun vurur: «Bulus kirayə tutduğu evdə düz iki il qaldı. O, yanına gələnləri mehribanlıqla qəbul edir, böyük cəsarətlə, heç bir maneə olmadan onlara Allahın Padşahlığı haqqında danışır, Ağa İsa Məsih haqqında təlim verirdi» (Həv. 28:30, 31). Bu qısa parça Bulusun qonaqpərvər, imanlı olduğunu və xoş xəbərin yayılması üçün nə qədər can yandırdığını aydın şəkildə göstərir.

20, 21. Bulusun Romadakı xidmətindən kimlər yararlanmışdı?

20 Bulusun gülərüzlə qəbul etdiyi adamlardan biri də Kolos şəhərində ağasından qaçmış Onisim adlı bir qul idi. Bulus Onisimə həqiqəti öyrənməyə kömək etdi. Onların arasında çox mehriban münasibət yarandı, Onisim Bulus üçün «vəfalı və əziz» qardaş oldu, Bulus isə Onisimi «övladım» adlandırırdı (Kol. 4:9; Flm. 10—12). Yəqin, bu qaçağın məsihi olması Bulusu çox ruhlandırmışdı a.

21 Bulusun gözəl nümunəsinin çoxlarına faydası olmuşdu. O, Filippi məsihilərinə yazmışdı: «Başıma gələnlər müjdənin yayılmasına xidmət etmişdir. Belə ki, Məsih uğrunda həbs olunduğum hamıya, o cümlədən İmperator qvardiyasına da məlum olub. Həmçinin mənim qandallarım Ağamızın xidmətində duran qardaşların çoxunu ürəkləndirib, indi onlar Allahın sözünü cəsarətlə, qorxmadan təbliğ edirlər» (Filip. 1:12—14).   

22. Nədən görünür ki, Bulus Romada dustaq olarkən vaxtını boş yerə keçirmirdi?

22 Bulus Romada dustaq olduğu vaxtı boşuna keçirmədi. İncildə yer alan bir sıra məktubları o, məhz burada yazmışdı b. Bulus birinci əsrdəki məsihilərə yazdığı məktublarla onları ruhlandırmışdı. Biz də Bulusun məktublarından ruhlana bilərik. Allahdan ilham alaraq yazdığı nəsihətlər o dövrdə faydalı olduğu kimi, bu gün bizim üçün də faydalıdır (2 Tim. 3:16, 17).

23, 24. Bulus kimi bu gün də bir çox məsihilər haqsız yerə həbs olunsalar da, nikbinliyi necə qoruyurlar?

23 «Həvarilərin işləri» kitabında Bulusun azadlığa çıxması haqda heç bir şey yazılmasa da, məlumdur ki, o, dörd ilə yaxın həbsdə olmuşdu — iki il Qeysəriyyədə, iki il isə Romada c (Həv. 23:35; 24:27). Bütün bu müddət ərzində Bulus nikbin əhval-ruhiyyəni qoruyaraq xidmətdə əlindən gələni etmişdi. Bu gün də imanlarına görə haqsız yerə həbs olunan Yehovanın Şahidlərinin çoxu sevinclərini itirməmiş və əvvəlki əzmlə təbliğ etmişlər. Məsələn, İspaniyada yaşayan Adolfo bir məsihi olaraq bitərəf mövqe tutduğu üçün həbs olunmuşdu. «Biz sənə mat qalmışıq,— deyə bir məmur heyrətini bildirmişdi. — Sənə nə qədər zülm edirdiksə, sən bir o qədər gülümsəyib, xoş söz deyirdin».

24 Vaxt keçdikcə Adolfo o dərəcədə etibar qazanmışdı ki, artıq onun kamerasının qapısını açıq qoyurdular. Əsgərlər onun yanına gəlib Müqəddəs Kitaba aid suallar verirdilər. Hətta mühafizəçilərdən biri Adolfonun kamerasında Müqəddəs Kitabı oxuyurdu, Adolfo isə göz olurdu ki, onu heç kim görməsin. Sən işə bir bax, dustaq mühafizəçinin «keşiyini çəkir»! Bu cür sadiq məsihilərin nümunəsinə baxıb gəlin biz də hətta çətin vəziyyətlərə düşəndə belə, «Allahın sözünü cəsarətlə, qorxmadan təbliğ» edək.

25, 26. Bulus hansı peyğəmbərliyin həyata keçməsinin şahidi olmuşdu və həmin peyğəmbərliyi bizim günlərə necə aid etmək olar?

25 Ev dustağı olan həvari yanına gələnlərin hamısına «Allahın Padşahlığı haqqında danışır». Hadisələrlə zəngin «Həvarilərin işləri» kitabı belə bir ürəkaçan səhnə ilə yekunlaşır. Kitabın birinci fəslində İsanın şagirdlərinə dediyi bu sözləri oxumuşduq: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Bu sözlərdən heç 30 il keçməmişdi ki, Padşahlıq haqqında «müjdə səma altında yaşayanların hamısına təbliğ» edilmişdi d (Kol. 1:23). Bəli, Allahın ruhunun qüdrəti qarşısında heç nə dura bilməz! (Zək. 4:6).

26 Bu gün də həmin ruh Məsihin yer üzündə yaşayan qardaşlarına, eləcə də başqa qoyunlara güc-qüvvə verir. Bunun sayəsində onlar 240 ölkə və ərazidə usanmadan «Allahın Padşahlığı haqqında ətraflı şəhadət» verirlər (Yəh. 10:16; Həv. 28:23). Bəs sən bu işdə var gücünlə iştirak edirsənmi?

a Bulus Onisimi öz yanında saxlamaq istəyirdi, lakin belə etsəydi, Roma qanununu və Onisimin ağası Filimonun hüquqlarını pozmuş olardı. Yeri gəlmişkən, elə Filimonun özü də məsihi idi. Buna görə də Onisim ağasının yanına qayıtdı. Amma Bulus Onisimlə Filimona məktub göndərib xahiş etdi ki, qulunu mehribanlıqla, ruhani qardaşı kimi qəbul etsin (Flm. 13—19).

c « 61-ci ildən sonra Bulusun həyatı» adlı çərçivəyə bax.