FƏSİL 23
«Öz müdafiəm üçün bir neçə kəlmə söz demək istəyirəm»
Bulus acıqlı kütlənin və Sinedrionun qarşısında həqiqəti müdafiə edir
Həvarilərin işləri 21:18—23:10
1, 2. Həvari Bulusu Yerusəlimə gəlməyə nə vadar edib və onu burada hansı çətinliklər gözləyir?
YERUSƏLİM! Adamlarla qaynaşan dar küçələr. Yehovanın xalqının tarixinin neçə-neçə səhifələri bu şəhərdə yazılıb. Şəhər əhalisi öz şanlı tarixi ilə qürur duyur. Bulus bilir ki, buradakı məsihilərin də çoxu hələ də keçmişin ab-havası ilə yaşayır, Yehovanın etdiyi dəyişikliklərlə ayaqlaşmır. Bulusun Efesdən bura gəlmək fikrinə düşməsinin əsas səbəbi buradakı qardaşların maddi cəhətdən korluq çəkməsi olsa da, o başa düşürdü ki, onların ruhani köməyə də ehtiyacı var (Həv. 19:21). Buna görə də o, təhlükəni gözə alıb bura gəlmişdi.
2 Görəsən, Yerusəlimdə Bulus hansı problemlərlə üzləşəcək? Çətinliklərdən biri məsihilər tərəfindən olacaq. Belə ki, Bulus haqqında yayılan söz-söhbətlər onların arasında narahatlığa səbəb olub. Daha böyük çətinliyi isə Məsihin düşmənləri yaradacaq. Onlar Bulusa qarşı yalan ittihamlar irəli sürəcək, onu döyəcək və öldürmək istəyəcəklər. Bu hadisələr Bulusa özünü müdafiə etməyə də imkan verəcək. Bu cür çətinliklər qarşında onun göstərdiyi həlimlik, cəsarət və iman müasir məsihilər üçün çox gözəl nümunədir. Gəlin onun nümunəsini araşdıraq.
«Qardaşlar... Allahı mədh etməyə başladılar» (Həvarilərin işləri 21:18—20a)
3—5. a) Bulus Yerusəlimdə kimlərlə görüşdü və onlarla nə haqda danışdı? b) Bulusun Yerusəlimdəki ağsaqqallarla görüşündən nə öyrənirik?
3 Yerusəlimə çatdıqları günün ertəsi Bulus yoldaşları ilə birlikdə yığıncağın ağsaqqallarını görməyə getdi. Bu yerdə Luka sağ qalan həvarilərdən heç birinin adını çəkmir. Ola bilsin, onlar xidmətlə əlaqədar başqa-başqa yerlərə köçmüşdülər. Lakin İsanın qardaşı Yaqub burada idi (Qal. 2:9). Ehtimal ki, Yaqub «bütün ağsaqqallar»ın və Bulusun iştirak etdiyi bu görüşə sədrlik edirdi (Həv. 21:18).
4 «Bulus qardaşları salamladı və Allahın başqa xalqlar arasında onun xidməti vasitəsilə gördüyü işləri onlara hərtərəfli danışdı» (Həv. 21:19). Təsəvvür et, Bulusun danışdıqları onları necə ruhlandırdı. Bu gün biz də müxtəlif ölkələrdə Padşahlıq işinin irəlilədiyini eşidəndə çox ruhlanırıq (Məs. 25:25).
5 Ehtimal ki, söhbət əsnasında Bulus Avropadan ianə gətirdiyini də qeyd etdi. Uzaq diyarlarda yaşayan dindaşlarının onlara necə qayğı göstərdiyini görəndə, yəqin, qardaşlar çox sevindilər. Müqəddəs Kitabda deyilir ki, Bulusu dinləyəndən sonra ağsaqqallar «Allahı mədh etməyə başladılar» (Həv. 21:20a). Bu gün də bədbəxtliklə üzləşən və ya xəstəliklə mübarizə aparan bacı-qardaşlar dindaşlarının onlara yardım etməsini və xoş sözlərlə ruhlandırmasını yüksək qiymətləndirirlər.
Çoxları hələ də «Qanuna ciddi əməl edirlər» (Həvarilərin işləri 21:20b, 21)
6. Qardaşlar Bulusa hansı problemi danışdılar?
6 Sonra ağsaqqallar Bulusa bildirdilər ki, onun haqqında gəzən söz-söhbətlərə görə Yəhudiyyədə problem yaranıb. Onlar dedilər: «Qardaş, görürsən, yəhudilərin içindən neçə min adam imana gəlib? Onların hamısı Qanuna ciddi əməl edirlər. Sənin haqqında gəzən şayiələr onların qulağına çatıb, guya sən başqa xalqlar arasında yaşayan yəhudiləri öyrədirsən ki, Musanın Qanunundan dönsünlər, uşaqlarını sünnət etməsinlər, adət-ənənələrimizdən üz döndərsinlər» a (Həv. 21:20b, 21).
7, 8. a) Yəhudiyyədəki bir çox məsihilərin hansı yanlış fikirləri var idi? b) Nəyə görə yanlış fikirdə olan yəhudi məsihiləri dönük adlandırmaq olmaz?
7 Musanın qanunu artıq iyirmi ildən çox idi ki, qüvvədən düşmüşdü. Bəs nəyə görə bu qədər çox məsihi hələ də ona riayət edilməsini təkid edirdi? (Kol. 2:14). 49-cu ildə həvarilər və ağsaqqallar yığıncaqlara məktub göndərdilər ki, başqa xalqlardan olan imanlılara sünnət olunmaq və Musanın qanununa riayət etmək lazım deyil (Həv. 15:23—29). Lakin həmin məktubda yəhudi imanlılar haqqında heç nə deyilmirdi. Bu məsihilərin isə çoxu Musanın qanunun qüvvədən düşdüyünü başa düşmürdü.
8 Yəhudilərdən olan imanlıların bu cür yanlış fikirləri onların məsihi adını daşımağa layiq olmadığınımı göstərir? Xeyr. Əgər onlar əvvəllər bütlərə ibadət edib, indi də köhnə dinin adətlərinə riayət etməyə davam etsəydilər, onda başqa məsələ. Yəhudi məsihilərin bu qədər ciddi yanaşdığı Qanunu Yehova vermişdi. Onun nə yalan dinlə bir bağlılığı var idi, nə də adamı hansısa pis hərəkətə təhrik edirdi. Sadəcə olaraq Qanun köhnə əhdə aid idi, məsihilər isə yeni əhdə əsasən yaşamalı idilər. İndi Allaha ibadət etmək üçün köhnə Qanun əhdinə riayət etmək tələb olunmurdu. Qanuna ciddi əməl edən yəhudi məsihilər bunu başa düşmürdülər və məsihi yığıncağına tam arxayın deyildilər. Onlar düşüncə tərzlərində dəyişiklik edib, Allahın Qanun əhdi ilə bağlı açıqladığı yeni həqiqəti qəbul etməli idilər b (Ərm. 31:31—34; Luka 22:20).
«Haqqındakı şayiələr yalandır» (Həvarilərin işləri 21:22—26)
9. Musanın qanununa dair Bulus nə öyrədirdi?
9 Bəs Bulusun başqa xalqların arasında yaşayan yəhudilərə uşaqlarını sünnət etdirməməyi, adət-ənənələrdən üz döndərməyi öyrətdiyi haqda yayılan şayiələr haradan yaranmışdı? Bulus qeyri-yəhudilər üçün həvari göndərilmişdi və onlara çatdırırdı ki, qeyri-yəhudilərdən Qanuna tabe olmaq tələb olunmur. O həmçinin qeyri-yəhudi məsihiləri Musanın qanununa riayət etməyin əlaməti kimi sünnət olunmağa təhrik edənlərin yanıldığını göstərirdi (Qal. 5:1—7). Eləcə də olduğu bütün şəhərlərdə Bulus yəhudilərə xoş xəbəri təbliğ edirdi. Sözsüz ki, o, səmimi insanlara İsanın öz ölümü ilə Qanunu ləğv etdiyini izah edir və açıqlayırdı ki, salehliyə çatmaq üçün Qanuna əməl etmək yox, imanla yaşamaq lazımdır (Rom. 2:28, 29; 3:21—26).
10. Bulus Qanun və sünnətlə bağlı məsələlərdə hansı tarazlı mövqeyi tuturdu?
10 Bununla belə, Bulus bəzi yəhudi adətlərinə riayət edənlərə, məsələn, müəyyən yeməklərdən qaçınanlara, şənbə günü işləməyənlərə anlayışla yanaşırdı (Rom. 14:1—6). Həmçinin o, sünnətlə bağlı heç bir qayda-qanun qoymamışdı. Əslində, Bulus Timutini sünnət etdirmişdi ki, heç bir yəhudinin hisslərinə toxunmasın, çünki yəhudilər onun atasının yunan olduğunu bilirdilər (Həv. 16:3). Sünnət olunub-olunmamaq hər kəsin şəxsi işi idi. Bulus qalatiyalılara demişdi: «Sünnət və ya sünnətsizlik heç bir əhəmiyyət kəsb etmir. Ən əsası, məhəbbət vasitəsilə fəaliyyət göstərən imandır» (Qal. 5:6). Lakin Qanuna riayət etmək məqsədilə sünnət olunmaq və ya Yehovanın lütfünü qazanmaq üçün sünnətin vacib olduğunu fikirləşmək yanlış olardı. Bu, insanda imanın çatışmadığını göstərərdi.
11. Ağsaqqallar Bulusa nə məsləhət gördülər və bunu etmək özünə nəyi daxil edirdi? (Haşiyəyə bax.)
11 Beləliklə, şayiələr yalan olsa da, yəhudi məsihilərin narahatçılığına səbəb olmuşdu. Bu səbəbdən, ağsaqqallar Bulusa dedilər: «Aramızda əhdi olan dörd adam var. Onları özünlə götür, gedin paklanın. Qoy başlarını qırxdırsınlar, xərclərini də üzərinə götür. Onda hamı biləcək ki, sənin haqqındakı şayiələr yalandır, sən düzgün yaşayır və Qanuna riayət edirsən» c (Həv. 21:23, 24).
12. Bulus güzəştə getməyə və əməkdaşlıq etməyə hazır olduğunu necə göstərdi?
12 Bulus etiraz edə bilərdi ki, problemin kökü onun haqqında gəzən şayiələrdə yox, yəhudi məsihilərin Musanın qanununun qızğın tərəfdarı olmasındadır. Amma o, Allahın normalarına zidd getməyən məsələlərdə güzəştə getməyə hazır idi. Bir qədər əvvəl o yazmışdı: «Qanunun hökmü altında olanları gətirmək üçün onlarla qanunun hökmü altında olan adam kimi davrandım, halbuki özüm qanunun hökmü altında deyiləm» (1 Kor. 9:20). Bulus Yerusəlimdəki ağsaqqallarla əməkdaşlıq etdi və «qanunun hökmü altında olan adam kimi» davrandı. Bununla o, öz dediyini yeritməyib ağsaqqallarla əməkdaşlıq etməyə dair bizim üçün gözəl nümunə qoydu (İbr. 13:17).
«Beləsi yaşamalı deyil!» (Həvarilərin işləri 21:27—22:30)
13. a) Nə üçün bəzi yəhudilər məbəddə çaxnaşma saldılar? b) Bulusu ölümdən nə qurtardı?
13 Məbəddə vəziyyət heç də yaxşı deyildi. Əhdin bitdiyi günlər yaxınlaşanda Bulus məbədə gəldi. Asiyadan olan yəhudilər Bulusu görəndə onu qeyri-yəhudiləri məbədə gətirməkdə ittiham edib şəhərdə çaxnaşma saldılar. Əgər Roma sərkərdəsi işə qarışmasaydı, Bulusu ölənə kimi döyəcəkdilər. Sərkərdə Bulusu mühafizə altına aldı. Odur-budur, Bulus bir də dörd ildən sonra azadlığa çıxdı. Amma təhlükə hələ sovuşmamışdı. Sərkərdə yəhudilərdən nə üçün Bulusun üstünə hücum çəkdiklərini soruşanda hərə bir şey dedi. Camaat elə hay-küy qoparmışdı ki, sərkərdə heç nə başa düşmədi. Vəziyyət o yerə gəlib çıxdı ki, əsgərlər Bulusu hərfi mənada götürüb aparmalı oldular. Kazarmanın girəcəyində Bulus sərkərdəyə dedi: «İcazə ver, camaata müraciət edim» (Həv. 21:39). Sərkərdə etiraz etmədi və Bulus cəsarətlə imanını müdafiə etməyə başladı.
14, 15. a) Bulus yəhudilərə nəyi izah etdi? b) Yəhudilərin Bulusa qəzəblənmələrinin səbəbini öyrənmək üçün romalı sərkərdə nə etdi?
14 «Öz müdafiəm üçün bir neçə kəlmə söz demək istəyirəm»,— deyə Bulus sözə başladı (Həv. 22:1). Bulus izdihama ibrani dilində müraciət etdi. Onun ibrani dilində danışdığını eşidəndə camaat sakitləşdi. Bulus nə üçün Məsihin davamçısı olduğunu bircə-bircə izah etdi? Bu zaman o, elə məqamlara toxundu ki, əgər yəhudilər istəsəydilər, özləri də bunları araşdırıb dəqiqləşdirə bilərdilər. Bulus qeyd etdi ki, o, tanınmış fərisi Qəmlailin yanında təhsil alıb və buradakıların bəzilərinin də bildiyi kimi, vaxtilə Məsihin davamçılarını təqib edib. Amma Dəməşqə gedəndə dirilmiş İsa vəhydə görünüb onunla danışmışdı. Bulusun yoldaşları saçan gur işığı görür, səsi eşidir, amma sözləri anlamırdılar (Həv. 9:7; 22:9). Görüntünü alandan sonra Bulusun gözləri tutulmuşdu. Yoldaşları əlindən tutub onu Dəməşqə gətirməli olmuşdular. Orada Hənənya adlı bir yəhudi möcüzəvi şəkildə Bulusun gözünü açmışdı.
15 Bulus sözünə davam edib dedi ki, Yerusəlimə qayıdanda İsa ona məbəddə görünmüşdü. Söz bu yerə gəlib çatanda yəhudilər qəzəblə qışqırmağa başladılar: «Bu adamı yer üzündən yox edin, beləsi yaşamalı deyil!» (Həv. 22:22). Bulusu xilas etmək üçün sərkərdə onu kazarmaya aparmağı əmr etdi. Yəhudilərin nəyə görə ona qəzəbləndiyini öyrənmək istəyən sərkərdə tapşırdı ki, onu qamçılayıb sorğu-sual etsinlər. Bulus isə öz hüquqlarından istifadə etmək qərarına gəlib Roma vətəndaşı olduğunu bildirdi. Bu gün də Yehovaya ibadət edənlər imanlarını müdafiə etmək üçün qanunun təqdim etdiyi hüquqlardan istifadə edirlər. (« Roma qanunu və Roma vətəndaşları», eləcə də « Müasir dövrdə hüquqi mübarizələr» adlı çərçivələrə bax.) Bulusun Roma vətəndaşı olduğunu eşidəndə sərkərdə başa düşdü ki, istədiyini öyrənmək üçün başqa üsula əl atmalıdır. Növbəti gün o, Sinedrionun, yəni yəhudi ali məhkəməsinin xüsusi iclasını çağırdı və Bulusu ora gətizdirdi.
«Mən fərisiyəm» (Həvarilərin işləri 23:1—10)
16, 17. a) Bulus Sinedriona müraciət edəndə nə baş verdi? b) Bulus həlim olmağa dair hansı nümunəni qoydu?
16 Bulus Sinedrion qarşısında özünü müdafiə etməyə başlayaraq dedi: «Qardaşlar, mən bütün ömrüm boyu Allahın qarşısında tərtəmiz vicdanla yaşamışam» (Həv. 23:1). Amma sözünün dalını gətirə bilmədi. Müqəddəs Kitabda deyilir: «Onda baş kahin Hənənya Bulusun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar» (Həv. 23:2). Sən təhqirə bir bax! İnsanı dinləməmiş onunla yalançı kimi rəftar edilən yerdə hansı haqq-ədalətdən danışmaq olar? Buna görə də təəccüblü deyil ki, Bulus ona dedi: «Ey ikiüzlü, Allah da səni vuracaq. Necə olur ki, sən oturub Qanunun əsasında məni mühakimə edirsən, eyni zamanda da Qanunu pozub məni vurmağı əmr edirsən?» (Həv. 23:3).
17 Ətrafdakılar dəhşətə gəldilər. Amma onları dəhşətə gətirən Bulusa vuran adamın hərəkəti yox, Bulusun sözləri oldu. Onlar qəzəblə soruşdular: «Sən Allahın baş kahinini təhqir edirsən?» Bulus cavabı ilə yanındakılara həlim olmağa və qanuna necə hörmət göstərməyə dair nümunə verdi. O dedi: «Qardaşlar, mən onun baş kahin olduğunu bilmirdim. Axı Müqəddəs Yazılarda yazılıb: “Xalqının başçısı haqqında pis danışma”» d (Həv. 23:4, 5; Çıx. 22:28). Bulus Sinedrionun fərisilərdən və saddukilərdən ibarət olduğunu görüb tamam başqa üsula əl atdı. O dedi: «Qardaşlar, mən fərisiyəm, fərisi oğluyam! Məni ölülərin dirilməsinə inandığım üçün mühakimə edirlər» (Həv. 23:6).
18. Nə üçün Bulus özünü fərisi adlandırdı və müəyyən vəziyyətlərdə biz eyni üsuldan necə istifadə edə bilərik?
18 Nə üçün Bulus özünü fərisi adlandırdı? Çünki o, fərisi oğlu idi, yəni fərisi təriqətinə mənsub olan ailədən çıxmışdı. Bu səbəbdən, çoxları hələ də ona fərisi kimi baxırdı e. Bəs Bulus fərisilərin dirilməyə dair fikirlərinə necə şərik ola bilərdi? Axı fərisilərin fikrincə, insan öləndə onun ruhu yaşamağa davam edirdi, salehlərin isə ruhu təkrar-təkrar insan bədənində yaşayırdı. Bulus belə şeylərə inanmırdı. O, dirilmənin İsanın söylədiyi kimi olacağına inanırdı (Yəh. 5:25—29). Amma ölümlə hər şeyin bitməməsi məsələsində Bulus fərisilərlə razılaşırdı. Gələcək həyata inanmayan saddukilər isə bu fikri qətiyyən qəbul etmirdilər. Biz də müxtəlif dinlərdən olan insanlarla söhbət edərkən eyni üsuldan istifadə edə bilərik. Onlara deyə bilərik ki, biz də onlar kimi Allaha inanırıq. Düzdür, ola bilsin, onlar öz allahlarına inanırlar, biz isə Müqəddəs Kitabda haqqında danışılan Allaha. Bununla belə, onlar da, biz də Allahın varlığına inanırıq.
19. Sinedrionun iclasına nəyə görə çaxnaşma düşdü?
19 Bulusun sözləri Sinedrionda parçalanma saldı. Müqəddəs Kitabda deyilir: «Orada hay-küy qalxdı. Fərisilərin sırasından olan mirzələrdən bəziləri qalxdılar və höcətlə dedilər: “Bizim fikrimizcə, bu adam günahsızdır, məgər onunla mələk ya ruh danışa bilməz?”» (Həv. 23:9). Elə təkcə mələyin Bulusla danışmasını demək saddukiləri özlərindən çıxarmaq üçün bəs idi, axı onlar mələklərin mövcud olduğuna inanmırdılar. (« Saddukilər və fərisilər» adlı çərçivəyə bax.) Çaxnaşma elə dərəcəyə gəlib çatdı ki, sərkərdə yenə də həvarini güc-bəla ilə yəhudilərin əlindən qurtardı (Həv. 23:10). Buna baxmayaraq, təhlükə hələ sovuşmamışdı. Görəsən həvarini indi nə gözləyir? Bu haqda gələn fəsildə öyrənəcəyik.
a Çox sayda yəhudinin məsihiliyi qəbul etməsindən belə nəticəyə gəlmək olar ki, Yəhudiyyədə çoxlu yığıncaq var idi. Bu yığıncaqlar görüşlərini evlərdə keçirirdilər.
b Bir neçə il sonra həvari Bulus ibranilərə yazdığı məktubda yeni əhdin üstünlüyünə dair sübutlar gətirmişdi. Həmin məktubda o, aydın şəkildə göstərmişdi ki, yeni əhd köhnə əhdi qüvvədən salıb. Bulusun gətirdiyi tutarlı dəlillərin faydası çox böyük idi. Yəhudi məsihilər onlardan istifadə edərək yəhudilərdən olan əleyhdarlarına cavab verə bilərdilər. Həmçinin, şübhəsiz ki, bu, Musanın qanununa həddindən artıq əhəmiyyət verən bəzi məsihilərin imanını möhkəmləndirmişdi (İbr. 8:7—13).
c Alimlər ehtimal edirlər ki, həmin dörd nəfər nəziri əhdi vermişdi (Say. 6:1—21). Bu əhd Musanın qanununa əsasən verilirdi, Qanun isə artıq qüvvədə deyildi. Buna baxmayaraq, yəqin Bulus fikirləşirdi ki, onların Yehova ilə bağladıqları əhdi yerinə yetirmələrində səhv bir şey yoxdur. Buna görə də onların xərclərini çəksə və onlarla bir yerdə məbədə getsə, pis heç nə etməyəcək. Biz dəqiq bilmirik, söhbət hansı əhddən gedir, lakin bir şey aydındır: ola bilməz ki, Bulus heyvan qurbanının insanı günahdan təmizlədiyinə inanaraq, adətən nəzirilərin etdiyi kimi, heyvan qurbanı gətirsin. Məsihin kamil qurbanı olan yerdə heyvan qurbanının artıq heç bir dəyəri yox idi, o, günahları yuya bilməzdi. Təfərrüatları bilməsək də, əmin ola bilərik ki, Bulus vicdanına zidd gedən heç bir şeyi etməzdi.
d Bəzilərinin fikrincə, gözləri zəif gördüyündən Bulus baş kahini tanıya bilməmişdi. Yaxud da, ola bilsin, çoxdandır Yerusəlimdə olmamışdı deyə, kimin baş kahin olduğunu bilmirdi. Bəlkə də, Bulus adamların arasından kimin onu vurmağı əmr etdiyini görə bilməmişdi.
e Qırx doqquzuncu ildə həvarilərin və ağsaqqalların qeyri-yəhudilərin Musanın qanununa riayət edib-etməməli olduqlarını müzakirə etdiyi görüş təsvir olunarkən oradakı bəzi məsihilər haqqında «fərisi təriqətinin üzvü olmuş bəzi imanlılar» kimi danışılır (Həv. 15:5). Görünür, əvvəllər fərisi olduqlarından həmin məsihilərə hələ də fərisi kimi baxırdılar.