FƏSİL 28
«Yerin ucqarlarınadək»
Yehovanın Şahidləri İsa Məsihin davamçılarının birinci əsrdə başladığı işi davam etdirirlər
1. Birinci əsrdəki məsihilərlə Yehovanın müasir xidmətçiləri arasında hansı oxşarlıq var?
ONLAR canla-başla şahidlik edirdilər. Müqəddəs ruhun təqdim etdiyi rəhbərliyi sözsüz-sovsuz qəbul edir, onun köməyinə arxalanırdılar. Təqiblər bu adamları susdura bilmirdi. Allah onlara yar olurdu. Söhbət birinci əsrdəki məsihilərdən gedir, lakin eyni sözləri bu gün Yehovanın Şahidləri haqqında da demək olar.
2, 3. «Həvarilərin işləri» kitabının bəzi diqqətəlayiq cəhətləri hansılardır?
2 Şübhə etmirik ki, hadisələrlə dolu «Həvarilərin işləri» kitabında yazılanlar sənin imanını möhkəmləndirdi. Bu kitab nadir kitabdır, çünki o, ilk məsihiliyin tarixindən bəhs edən Allahdan ilham alaraq yazılmış yeganə mənbədir.
3 «Həvarilərin işləri» kitabında 95 nəfərin, 32 ölkə və bölgənin, 54 şəhərin və 9 adanın adı çəkilir. Orada müxtəlif cür insanlardan — sadə xalqdan, qürurlu din rəhbərlərindən, şöhrətpərəst siyasətçilərdən və amansız təqibçilərdən bəhs edilir. Lakin kitabın əsas personajları birinci əsrdə yaşamış bacı-qardaşlarımızdır. Onlar da bizim kimi çiyinlərində həyat qayğılarının yükünü daşıyır, eyni zamanda isə canla-başla xoş xəbəri təbliğ edirdilər.
4. Bizi həvari Bulus və Tabitə kimi sadiq şahidlərlə bağlayan nədir?
4 Yehovanın işi üçün can yandıran Butrus və Bulus, sevimli həkim Luka, səxavətli Barnəba, cəsarətli Stefan, xeyirxah Tabitə, qonaqpərvər Lidiya və sairə. Bu və digər sadiq şahidlərin yaşadığı vaxtdan artıq 2000 il keçməsinə baxmayaraq, bizi onlarla bağlayan bir şey var. Biz də onlar kimi şagird hazırlamaq tapşırığını yerinə yetiririk (Mət. 28:19, 20). Bu işi icra etmək bizim üçün böyük şərəfdir!
5. Birinci əsrdə təbliğ işi necə inkişaf edirdi?
5 İsanın öz şagirdlərinə verdiyi tapşırıq üzərində bir düşün. O demişdi: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudiyyədə və Səməriyyədə, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. 1:8). Əvvəlcə, şagirdlər müqəddəs ruhdan qüvvət alaraq «Yerusəlimdə» şahidlik etdilər (Həv. 1:1—8:3). Sonra ruhun rəhbərliyi altında «bütün Yəhudiyyədə və Səməriyyədə» təbliğ etməyə başladılar (Həv. 8:4—13:3). Daha sonra isə xoş xəbəri «yerin ucqarlarınadək» yaydılar (Həv. 13:4—28:31).
6, 7. Birinci əsrdəki dindaşlarımızdan fərqli olaraq, şagird hazırlamaq işində biz nə ilə təmin edilmişik?
6 Birinci əsrdə yaşayan dindaşlarımızın təbliğ işində istifadə etmək üçün tam Müqəddəs Kitabı yox idi. Mətta «Müjdə»sini ən tezi 41-ci ildə yazmışdı. «Həvarilərin işləri» kitabı 61-ci ildə yazılıb başa çatmazdan əvvəl Bulus məktublarından bir neçəsini qələmə almışdı. Lakin ilk məsihilərdə nə bütöv Müqəddəs Kitabın şəxsi nüsxəsi, nə də paylamaq üçün cürbəcür nəşrlər var idi. Yəhudi məsihilər İsanın davamçısı olmazdan əvvəl sinaqoqda Tövratın oxunmasına qulaq asırdılar (2 Kor. 3:14—16). Bununla belə, onlara da Müqəddəs Yazıları çalışqanlıqla öyrənmək lazım idi, çünki çox vaxt onlar təbliğdə ayələri əzbərdən deməli olurdular.
7 Bu gün əksəriyyətimizin Müqəddəs Kitabı və ona əsaslanan çoxlu ədəbiyyatı da var. Biz 240 ölkə və ərazidə, bir çox dillərdə xoş xəbəri bəyan edir, şagird hazırlayırıq.
Müqəddəs ruhun qüvvəti ilə
8, 9. a) Müqəddəs ruhun sayəsində İsanın şagirdləri hansı işi icra edirdilər? b) Allahın ruhunun köməyilə sadiq nökər hansı işi həyata keçirir?
8 İsa şagirdlərinə şahidlik etməyi tapşıranda onlara demişdi: «Müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız». Allahın ruhunun və ya fəal qüvvəsinin rəhbərliyi ilə İsanın davamçıları getdikcə dünyanın bütün guşələrində şahidlik edəcəkdilər. Butrusla Bulus müqəddəs ruhun sayəsində xəstələrə şəfa verir, cinləri qovur, hətta ölüləri belə dirildirdilər! Lakin əsas məqsəd bu deyildi. Müqəddəs ruhun köməyilə həvarilər və digər şagirdlər insanlara əbədi həyata aparan dəqiq biliyi çatdırırdılar (Yəh. 17:3).
9 Eramızın 33-cü ilinin Əllinci gün bayramında İsanın şagirdləri müqəddəs ruhun verdiyi qabiliyyətlə müxtəlif dillərdə danışmağa başladılar. Beləliklə, onlar «Allahın əzəmətli işləri haqqında» şahidlik edirdilər (Həv. 2:1—4, 11). Biz bu gün möcüzəvi şəkildə müxtəlif dillərdə danışmırıq. Lakin Allahın ruhunun köməyilə sadiq nökər bir çox dillərdə Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar nəşr edir. Məsələn, hər ay «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının milyonlarla nüsxəsi çap olunur. Həmçinin jw.org saytımızda 1000-dən çox dildə Müqəddəs Kitaba əsaslanan nəşrlər və videolar var. Bunun sayəsində biz hər xalqdan, tayfadan və dildən olan insanlara «Allahın əzəmətli işləri»ni bəyan edirik (Vəhy 7:9).
10. 1989-cu ildən nəyə xüsusi diqqət yetirilir?
10 Sadiq nökər 1989-cu ildən Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin başqa dillərə tərcümə edilməsinə xüsusi diqqət yetirir. Milyonlarla nüsxədə çap olunan bu tərcümə artıq 200-dən çox dildə mövcuddur, hələ nə qədərinə də tərcümə olunur. Allahın və Onun müqəddəs ruhunun köməyi olmadan bütün bu cəhdlər boşa çıxardı.
11. Yehovanın Şahidləri ədəbiyyatların tərcüməsi ilə bağlı nələrə nail olublar?
11 Tərcümə işini 150-dən artıq ölkə və ərazidə minlərlə könüllü həyata keçirir. Bu bizi təəccübləndirməməlidir, çünki yer üzündə başqa heç bir təşkilatı müqəddəs ruh idarə etmir. Yehova Allah, Onun təyin etdiyi Padşah və artıq göydə təsis olunmuş Padşahlıq haqqında «ətraflı şəhadət» verən yeganə təşkilat müqəddəs ruhun dəstəklədiyi «Yehovanın Şahidləri» təşkilatıdır (Həv. 28:23).
12. Bulus və digər məsihilər şahidlik işini nəyin sayəsində həyata keçirirdilər?
12 Bulus Pisidiya Antakyasında yəhudilərə və başqa xalqlardan olanlara şahidlik edəndə «əbədi həyat yolunda yeriməyə meyli olanların hamısı iman gətirdi» (Həv. 13:48). «Həvarilərin işləri» kitabının sonunda yazıldığı kimi, Bulus «böyük cəsarətlə, heç bir maneə olmadan onlara Allahın Padşahlığı haqqında... təlim verirdi», özü də harada-harada, dünya imperiyasının paytaxtı Romada! (Həv. 28:31). İsanın birinci əsrdəki davamçıları müxtəlif üsullardan istifadə edərək müqəddəs ruhun rəhbərliyi və köməyilə şahidlik işini həyata keçirirdilər.
Təqiblər qarşısında mətanətli
13. Təqiblərlə üzləşəndə nə üçün dua etmək lazımdır?
13 İsanın birinci əsrdəki davamçıları təqiblə üzləşəndə dua edib Yehovadan cəsarət istədilər. Allah bu duaya necə cavab verdi? Onlar müqəddəs ruhla doldular və Allahın sözünü cəsarətlə söyləməyə başladılar (Həv. 4:18—31). Biz də təqiblər zamanı şahidlik işini davam etdirmək üçün dua edib Allahdan hikmət və güc istəməliyik (Yaq. 1:2—8). Allahın işimizi avand etməsi və müqəddəs ruhun köməyi sayəsində biz xidmətdə əzmimizi qoruyuruq. Təbliğ işini heç nə dayandıra bilməz, nə güclü müqavimət, nə də amansız təqiblər. Təqib zamanı mütləq müqəddəs ruh üçün dua etməli və təbliğ işini davam etdirmək üçün Allahdan müdriklik və cəsarət istəməliyik (Luka 11:13).
14, 15. a) Stefanın qətlindən sonra başlayan təqib nəyə səbəb oldu? b) Sibirdəki məsihilərin çoxu həqiqəti necə öyrənib?
14 Qətlə yetirilməzdən əvvəl Stefan cəsarətlə şahidlik verdi (Həv. 6:5; 7:54—60). Həmin vaxt baş qaldıran «güclü təqib» nəticəsində həvarilərdən başqa bütün şagirdlər Yəhudiyyəyə və Səməriyyəyə səpələndilər. Lakin bu, şahidlik işini dayandıra bilmədi. Filip Səməriyyəyə gedib «Məsih haqqında təbliğ etməyə başladı» və bu, çox gözəl bəhrələr gətirdi (Həv. 8:1—8, 14, 15, 25). Bundan əlavə, Müqəddəs Kitabda deyilir: «Stefanın qətlindən sonra başlayan təqibə görə dağılışanlar Finikiya, Kipr və Antakyaya gedib çıxdılar. Amma onlar Allahın sözünü yalnız yəhudilərə danışırdılar. Aralarında kiprli və kirenalı şagirdlər vardı. Bu şagirdlər Antakyaya gəldilər. Onlar yunandilli əhali ilə söhbət edir və Ağa İsa haqqında müjdəni onlara bildirirdilər» (Həv. 11:19, 20). Bəli, təqiblər Padşahlıq xəbərinin yayılmasına səbəb oldu.
15 Müasir dövrdə də buna bənzər şeylər baş verib. Məsələn, keçmiş Sovet İttifaqında 1950-ci illərdə minlərlə Yehovanın Şahidi Sibirə sürgün olunmuşdu. Onlar Sibirin müxtəlif bölgələrində yerləşdirildiyindən getdikcə xoş xəbər bu geniş diyarın hər yanına yayıldı. Çətin ki, bu qədər şahid xoş xəbəri təbliğ etmək üçün 10 000 kilometr yolu getməyə pul tapa bilərdi. Bir qardaş deyir: «Elə alındı ki, hökumət özü Sibirdə yaşayan minlərlə səmimi insana həqiqəti bilməyə kömək etdi».
Yehovanın bol nemətləri
16, 17. «Həvarilərin işləri» kitabı Yehovanın təbliğ işini avand etdiyini necə göstərir?
16 Şübhə yoxdur ki, Yehova birinci əsrdəki məsihilərə nemətlər verirdi. Bulus və digərləri əkir, sulayır, Allah isə böyüdürdü (1 Kor. 3:5, 6). «Həvarilərin işləri» kitabında Yehovanın verdiyi nemətlər sayəsində təbliğ işinin inkişaf etməsi aydın təsvir edilir. Məsələn, «Allahın sözü vüsət alır, Yerusəlimdəki şagirdlərin sayı get-gedə daha da artırdı» (Həv. 6:7). Şahidlik işi yayıldıqca, «bütün Yəhudiyyə, Cəlilə və Səməriyyədəki yığıncaq üçün əmin-amanlıq dövrü başlandı. Yığıncaq möhkəmlənir, Yehova Allahın qorxusu və müqəddəs ruhun təsəllisi ilə yaşayaraq böyüyürdü» (Həv. 9:31).
17 Suriya Antakyasında həm yəhudilər, həm də yunandilli adamlar həqiqəti cəsarətli şahidlərdən eşitdilər. Müqəddəs Kitabda deyilir ki, «Yehova onlarla idi və xeyli adam Ağaya iman gətirib onun yoluna qoşuldu» (Həv. 11:21). Təbliğ işinin sonrakı inkişafı haqda oxuyuruq: «Yehovanın sözü isə vüsət alır, hər yana yayılırdı» (Həv. 12:24). Qeyri-yəhudilər arasında Bulusun və digərlərinin verdiyi əsaslı şəhadət sayəsində «Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı» (Həv. 19:20).
18, 19. a) Haradan bilirik ki, Yehova bizim işimizi avand edir? b) Yehovanın Öz xidmətçilərinə dayaq olduğunu göstərən nümunə çək.
18 Şübhəsiz, Yehova bu gün bizim də işimizi avand edir. Buna görə də bu qədər çox insan həqiqəti qəbul edir, həyatını Allaha həsr edib vəftiz olunur. Üstəlik, yalnız Allahın köməyi və verdiyi nemətlər sayəsində Bulus və digər məsihilər kimi biz də güclü müqavimətə, hərdən isə şiddətli təqiblərə sinə gərib xidmətimizi uğurla icra edirik (Həv. 14:19—21). Yehova Allah həmişə bizə arxa-dayaqdır. O, qarşılaşdığımız hər sınaqda bizi «əbədi qolları üstündə gəzdirir» (Qan. 33:27). Bir də unutmayaq ki, Yehova Öz böyük ismi naminə xalqını heç vaxt atmaz (1 İşm. 12:22; Zəb. 94:14).
19 Məsələn, İkinci Dünya müharibəsi vaxtı Harald Apt şahidlik işindən əl çəkmədiyi üçün nasistlər onu Zaksenxauzen həbs düşərgəsinə göndərdilər. 1942-ci ilin mayında gestapoçular onun evinə gəlib azyaşlı qızını götürüb apardılar, həyat yoldaşı Elzanı isə həbs etdilər. Elza müxtəlif həbs düşərgələrində yatmışdı. «Alman həbs düşərgələrində keçirdiyim illər mənə bir vacib həqiqəti anlamağa kömək etdi — dözülməz vəziyyətdə olanda Yehova adama nə qədər güc verir! — deyə bacı bildirir. — Tutulmazdan qabaq bir bacının məktubunu oxumuşdum. O yazırdı ki, ağır sınaqla üzləşəndə insan ürəyində qəribə bir rahatlıq hiss edir. Mənə elə gəlirdi ki, bacı bir az şişirdir. Amma özüm sınaqlarla qarşılaşanda başa düşdüm ki, o, düz deyirmiş, doğrudan da belə olur. Düzdür, öz başına gəlməyincə adama bunu təsəvvür eləmək çətindir. Mən isə bunu öz təcrübəmdən bilirəm».
Ətraflı şəhadət verməyə davam edək
20. Bulus ev dustağı olanda nə edirdi və bu, bəzi bacı-qardaşlarımızı necə ruhlandıra bilər?
20 «Həvarilərin işləri» kitabı Bulusun «Allahın Padşahlığı haqqında» danışması ilə tamamlanır (Həv. 28:31). Dustaq olduğu üçün Bulus Romada ev-ev təbliğ edə bilməsə də, yanına gələnlərin hamısına şahidlik edirdi. Bu gün də bəzi bacı-qardaşlarımız evdən çıxa bilmirlər. Onlardan bəziləri yataq xəstəsidir, digərləri qocalar evində yaşayır. Buna baxmayaraq, onların Allaha məhəbbəti və şahidlik etmək arzusu əvvəlki kimi güclüdür. Biz onlar üçün dua edəndə Allahdan xahiş edə bilərik ki, həqiqətə susayan insanları onların qarşısına çıxarsın.
21. Nə üçün icra etdiyimiz iş təxirəsalınmazdır?
21 Ev-ev təbliğ etmək və təbliğin digər üsullarında iştirak etmək əksəriyyətimizin gücü daxilindədir. Buna görə xoş xəbərin «yerin ucqarlarınadək» təbliğ olunması üçün gəlin hər birimiz bu işdə var gücümüzlə çalışaq. Bu işi təxirə salmaq olmaz, Məsihin hüzurunun əlaməti göz önündədir! (Mət. 24:3—14). Vaxt gözləmir. Buna görə də gəlin «həmişə Rəbbin işində» çox çalışaq (1 Kor. 15:58).
22. Yehovanın gününü gözlədiyimiz müddətdə nə etmək əzmində olmalıyıq?
22 Biz «Yehovanın möhtəşəm və müdhiş günü»nü səbirsizliklə gözləyirik. Amma o gün gələnə kimi gəlin Yehovaya sadiq qalıb şahidlik işini cəsarətlə davam etdirək (Yuil 2:31). Veriyalılar kimi «Allahın sözünü böyük həvəslə qəbul» edəcək hələ çox insan var (Həv. 17:10, 11). Gəlin, məcazi dillə desək, «afərin, mənim qoçaq, sadiq nökərim» sözlərini eşidənədək şəhadət verək (Mət. 25:23). Belə etsək, yeni dünyada fərəhlə geri boylanıb deyəcəyik: «Mən necə də xoşbəxt insanam ki, vaxtilə Yehovaya sadiq qalıb Onun Padşahlığı haqqında ətraflı şəhadət vermək işində gücümü əsirgəmədən iştirak etmişəm».