FƏSİL 8
«Yığıncaq üçün əmin-amanlıq dövrü başlandı»
Amansız təqibçi Şaul çalışqan təbliğçi olur
1, 2. Şaul Dəməşqdə nə etmək niyyətində idi?
ÜZLƏRİNDƏN qəzəb yağan yolçular Dəməşqə yaxınlaşır. Orada onlar qəddar bir planı həyata keçirmək istəyirlər. Onlar İsanın camaatın nifrətinə tuş gəlmiş şagirdlərini evlərindən çıxaracaq, əl-qollarını bağlayıb alçaldacaq və Sinedrion tərəfindən cəzalandırılmaları üçün Yerusəlimə aparacaqlar.
2 Bu dəstəyə əli qana bulaşmış Şaul adlı bir nəfər başçılıq edir a. Bu yaxınlarda o, dini fanatiklərin İsanın sadiq şagirdi Stefanı daşlayıb öldürdüklərini məmnunluqla müşahidə etmişdi (Həv. 7:57—8:1). İsanın Yerusəlimdə yaşayan davamçılarını təqib etməklə kifayətlənməyib Şaul təqib alovunu başqa yerlərə də yaymağa hazırlaşır. O, «Yol» kimi tanınan bu təhlükəli təriqətin kökünü kəsmək istəyir. (Həv. 9:1, 2; « Şaulun Dəməşqlə bağlı aldığı səlahiyyət» adlı çərçivəyə bax.)
3, 4. a) Şaulun başına nə gəldi? b) Bu fəsildə hansı sualları müzakirə edəcəyik?
3 Qəflətən gur işıq Şaulun ətrafını işıqlandırdı. Onun yanındakılar işığı görəndə heyrətdən donub qaldılar. Şaulun gözləri tutuldu və o, yerə yıxıldı. Göydən bir səs gəldi: «Şaul, Şaul, məni niyə təqib edirsən?» Duruxub qalan Şaul soruşdu: «Ağa, sən kimsən?» Yəqin aldığı cavab Şaulun ürəyinə xəncər kimi batdı: «Mən sənin təqib etdiyin İsayam» (Həv. 9:3—5; 22:9).
4 İsanın Şaula dediyi ilk sözlərdən nə məlum olur? Şaulun məsihiliyi qəbul etdiyi ərəfədə baş verən hadisələri araşdırmağın bizə hansı faydası dəyə bilər? Şaulun məsihi olmasından sonra yaranan əmin-amanlıq dövründə yığıncağın necə davranmasından özümüzə hansı dərsi götürə bilərik?
«Məni niyə təqib edirsən?» (Həvarilərin işləri 9:1—5)
5, 6. İsanın Şaula dediyi sözlərdən nə öyrənirik?
5 Dəməşqə gedən yolda Şaulu dayandıranda İsa ona: «Mənim şagirdlərimi niyə təqib edirsən?» — demədi. Əksinə, yuxarıda qeyd edildiyi kimi, «Məni niyə təqib edirsən?» — deyə soruşdu (Həv. 9:4). Bəli, İsa davamçılarının yaşadığı çətinliklərə öz çətinliyi kimi baxır (Mət. 25:34—40, 45).
6 Əgər Məsihə iman etdiyin üçün təqib olunursansa, əmin ol ki, həm Yehova, həm də İsa sənin nələr çəkdiyindən xəbərdardır (Mət. 10:22, 28—31). Yehova hal-hazırda sınağı aradan qaldırmaya bilər. Unutma, İsa Stefanın ölümündə Şaulun iştirak etdiyini, həmçinin onun Yerusəlimdəki sadiq şagirdləri evlərindən sürüyüb çıxardığını görürdü (Həv. 8:3). Lakin həmin vaxt o müdaxilə etmədi. Buna baxmayaraq, Yehova Məsih vasitəsilə Stefana və digər şagirdlərə sadiq qalmaları üçün güc verdi.
7. Təqiblərin qarşısında sınmamaq üçün nə etmək lazımdır?
7 Növbəti addımları atsan, sən də təqiblər qarşısında əyilməyəcəksən: 1) nə olursa-olsun, sadiq qalmağa qəti qərarlı ol; 2) Yehovadan kömək istə (Filip. 4:6, 7); 3) Qisası Yehovanın öhdəsinə burax (Rom. 12:17—21); 4) Əmin ol ki, Yehova sınağı aradan qaldırmağı lazım bilənəcən sənə kifayət qədər güc verəcək (Filip. 4:12, 13).
«Şaul, qardaş,.. Ağamız İsa məni sənin yanına göndərdi» (Həvarilərin işləri 9:6—17)
8, 9. Hənənya aldığı tapşırığın nədən ibarət olduğunu biləndə hansı hissləri keçirmişdi?
8 Şaulun: «Ağa, sən kimsən?» sualına cavab verdikdən sonra İsa ona dedi: «Dur, şəhərə get, nə etmək lazım olduğu orada sənə deyiləcək» (Həv. 9:6). Gözləri tutulan Şaulu Dəməşqə apardılar, orada o, üç gün oruc tutub dua etdi. Bu arada İsa Dəməşqdə yaşayan «bütün yəhudilərin rəğbətini qazanmış» Hənənya adlı şagirdə Şaul haqqında danışdı (Həv. 22:12).
9 Yəqin Hənənyanın hissləri bir-birinə qarışmışdı. Yığıncağın Başı olan dirilmiş İsa Məsih onunla şəxsən danışıb məhz ona xüsusi tapşırıq verdi. Hənənyaya böyük şərəf göstərilmişdi. Amma tapşırıq şərəfli olduğu qədər də çətin idi! İsa Hənənyaya Şaulla danışmağı tapşıranda o dedi: «Ağa, mən çoxlarından eşitmişəm ki, o, sənin Yerusəlimdəki müqəddəs xidmətçilərinə zülmlər edib. Burada da sənin adını çağıran hər kəsi həbs etmək üçün böyük kahinlərdən ixtiyar alıb» (Həv. 9:13, 14).
10. Hənənya ilə rəftarından İsa haqqında nə öyrənirik?
10 İsa hisslərini dilinə gətirdiyinə görə Hənənyanı məzəmmət etmədi. Amma nə etməli olduğunu ona aydın şəkildə bildirdi. Üstəlik, bu çətin tapşırığı nə üçün icra etməli olduğunu söyləyərək onun ləyaqətinə hörmətlə yanaşdı. İsa Şaul haqqında Hənənyaya dedi: «Bu adam adımı xalqlara, o cümlədən hökmdarlara və İsrail oğullarına bildirmək üçün seçdiyim alətdir. Adım uğrunda nələr çəkəcəyini ona göstərəcəyəm» (Həv. 9:15, 16). Hənənya dərhal İsanın sözünü yerinə yetirdi. Təqibçi Şaulu tapıb ona dedi: «Şaul, qardaş, bura gələrkən yolda sənə görünən Ağamız İsa məni sənin yanına göndərdi ki, gözlərin açılsın və sən müqəddəs ruhla dolasan» (Həv. 9:17).
11, 12. Şaulun məsihiliyi qəbul etməsi ilə bağlı hadisələrdən nə öyrənirik?
11 Şaulun məsihiliyi qəbul etməsi ilə əlaqədar baş verən hadisələr bir neçə faktı üzə çıxarır. Məsələn, İsa söz verdiyi kimi, təbliğ işinə fəal surətdə rəhbərlik edir (Mət. 28:20). Düzdür, o, bu gün heç bir insanla bilavasitə danışmır. Amma evindəki qulluqçuları üzərinə qoyduğu sadiq və ağıllı nökərin vasitəsilə təbliğ işinə rəhbərlik edir (Mət. 24:45—47). Rəhbərlik Şurasının göstərişi ilə təbliğçilər və öncüllər Məsih haqda daha çox öyrənmək istəyən insanları tapmaq üçün göndərilirlər. Ötən fəsildə qeyd olunduğu kimi, bu insanların çoxu Allahdan rəhbərlik istəmiş, sonra isə Yehovanın Şahidləri onlara baş çəkmişlər (Həv. 9:11).
12 Hənənya itaətkarlıq göstərərək tapşırığı yerinə yetirdi və nemətlər aldı. Bəs sən, hətta qorxsan belə, ətraflı şəhadət vermək əmrinə tabe olursan? Bəziləri ev-ev təbliğ etməyə və tanımadıqları adamlarla söhbət etməyə çəkinirlər. Başqaları üçün isə iş yerində, küçədə, yaxud telefon və ya məktub vasitəsilə təbliğ etmək çətindir. Hənənya ürəyindəki qorxunu dəf etdi, bunun da sayəsində Şaulun müqəddəs ruhu almasına kömək etmək kimi şərəfli işi yerinə yetirdi b. Hənənya İsaya etibar etdiyi və Şaula qardaş gözü ilə baxdığı üçün tapşırığının öhdəsindən müvəffəqiyyətlə gəldi. Hənənya kimi biz də İsanın təbliğ işinə rəhbərlik etdiyini yadda saxlasaq, insanlara qarşı şəfqətli olsaq və hətta ən amansız adamlara da gələcək bacı-qardaşlarımız kimi baxsaq, ürəyimizdəki qorxu hissinə qalib gələ bilərik (Mət. 9:36).
O, «İsa haqqında... təbliğ etməyə başladı» (Həvarilərin işləri 9:18—30)
13, 14. Əgər Müqəddəs Kitabı öyrənir, amma hələ vəftiz olmamısansa, Şaulun nümunəsindən nə öyrənə bilərsən?
13 Şaul dərhal öyrəndiklərinə uyğun davrandı. Şəfa tapan kimi vəftiz oldu və Dəməşqdəki şagirdlərlə sıx ünsiyyət etməyə başladı. Amma bu hələ harasıdır? O, «vaxt itirmədən sinaqoqlarda İsa haqqında şəhadət verərək onun Allahın Oğlu olduğunu təbliğ etməyə başladı» (Həv. 9:20).
14 Əgər sən Müqəddəs Kitabı öyrənir, amma hələ vəftiz olmamısansa, Şaul kimi öyrəndiklərinə uyğun olaraq, qəti addımlar atacaqsanmı? Düzdür, Şaul Məsihin möcüzəsini öz üzərində hiss etmişdi və şübhəsiz, bu, onu hərəkətə təşviq etmişdi. Ancaq başqaları da İsanın etdiyi möcüzələrin şahidi olmuşdular. Məsələn, bəzi fərisilər İsanın əli qurumuş adama şəfa verməsini görmüşdü, eləcə də bir çox yəhudilər onun İlazəri ölülərdən diriltməsini eşitmişdi. Bununla belə, onların çoxu buna etinasız yanaşırdı, hətta bəziləri İsaya düşmən kəsilmişdi (Mark 3:1—6; Yəh. 12:9, 10). Amma onlardan fərqli olaraq, Şaul dəyişdi. Nə üçün o, xoş xəbərə hay verdi? Çünki Şaul insandan çox Allahdan qorxurdu və Məsihin ona göstərdiyi mərhəməti yüksək qiymətləndirirdi (Filip. 3:8). Eyni əhval-ruhiyyədə olsan, təbliğ etməyə və vəftiz olmağa sənə də heç nə mane olmayacaq.
15, 16. Şaul sinaqoqlarda nə edirdi və Dəməşqdəki yəhudilər onun çatdırdığı xəbərə necə hay verdilər?
15 Təsəvvür edə bilərsən, Şaul sinaqoqlarda İsa haqqında təbliğ etməyə başlayanda camaat arasında necə çaşqınlıq, təəccüb və hiddət baş qaldırdı? Onlar bir-birinə deyirdilər: «Məgər bu adam Yerusəlimdə İsanın adını çağıranlara göz verib, işıq verməyən adam deyil?» (Həv. 9:21). Şaul nəyə görə fikrini dəyişdiyini izah edərkən «İsanın Məsih olduğunu məntiqli surətdə sübut» edirdi (Həv. 9:22). Amma məntiq hər şeyi həll etmir. Adət-ənənə buxovunda olan hər zehni, qürurla zəncirlənən hər ürəyi tək məntiqlə azad etmək mümkün deyil. Lakin Bulus ümidini üzmürdü.
16 Üç il keçdikdən sonra Dəməşqdəki yəhudilər hələ də Şaula qarşı çıxırdılar. Axırda onu öldürmək qərarına gəldilər (Həv. 9:23; 2 Kor. 11:32, 33; Qal. 1:13—18). Onların sui-qəsd hazırladıqlarının üstü açılanda Şaul ehtiyatla davranıb şəhərdən çıxdı. Onu zənbildə şəhər divarındakı pəncərədən aşağı salladılar. Luka yazır ki, həmin gecə Şaula qaçmağa kömək edən adamlar «Şaulun şagirdləri» idi (Həv. 9:25). Bu sözlərdən belə nəticəyə gəlmək olar ki, Şaulu Dəməşqdə dinləyənlərdən heç olmasa bəziləri xoş xəbərə hay vermiş və Məsihin davamçısı olmuşdu.
17. a) İnsanlar Müqəddəs Kitab həqiqətlərinə necə hay verirlər? b) Biz bundan sonra da nə etməliyik və nə üçün?
17 İlk dəfə ailənə, dostlarına və başqalarına öyrəndiyin yaxşı şeylər haqqında danışanda yəqin ümid edirdin ki, Müqəddəs Kitabdakı məntiq danılmaz olduğu üçün hər kəs onu qəbul edəcək. Ola bilsin, bəziləri belə də davranmışdı, çoxları isə əksinə, onu rədd etmişdi. Bəlkə də ailənin bəzi üzvləri səninlə düşmən kimi rəftar etməyə başlamışlar (Mət. 10:32—38). Lakin Müqəddəs Kitabdan dəlillər gətirərək nəzakətlə söhbət etməyə çalışsan və özünü həmişə əsl məsihi kimi aparsan, hətta sənə qarşı çıxanların belə fikri dəyişə bilər (Həv. 17:2; 1 But. 2:12; 3:1, 2, 7).
18, 19. a) Barnəba nə zaman Şaula zamin durdu və bunun sayəsində nə mümkün oldu? b) Barnəba və Şauldan necə nümunə götürə bilərik?
18 Şaul Yerusəlimə gələndə məlum səbəblərə görə şagirdlər onun məsihiliyi qəbul etdiyinə inanmadılar. Amma Barnəba zamin duranda həvarilər onu qəbul etdilər, o da bir müddət onlarla qaldı (Həv. 9:26—28). Şaul ehtiyatlı idi, amma xoş xəbərdən utanmırdı (Rom. 1:16). O, bir zamanlar İsa Məsihin şagirdlərini amansızcasına təqib etdiyi Yerusəlimdə cəsarətlə təbliğ edirdi. Yerusəlimdəki yəhudilər tərəfdarlarının düşmən mövqeyə keçdiyini başa düşəndə dəhşətə gəldilər və onu öldürmək üçün fürsət axtarmağa başladılar. Müqəddəs Kitabda deyilir: «Qardaşlar bundan xəbər tutanda onu [Şaulu] Qeysəriyyəyə gətirib oradan Tarsa yola saldılar» (Həv. 9:30). Şaul İsanın yığıncaq vasitəsilə verdiyi göstərişi yerinə yetirdi. Bu həm Şaulun, həm də yığıncağın xeyrinə oldu.
19 Diqqət yetir ki, Şaula kömək etmək üçün Barnəba özü təşəbbüs göstərdi. Sözsüz ki, bu xeyirxah addım Yehovanın iki çalışqan xidmətçisi arasında möhkəm dostluğun təməlini qoydu. Sən də Barnəba kimi yığıncağın yeni üzvlərinə canla-başla kömək edir, onlarla təbliğə çıxır və ruhani cəhətdən inkişaf etmələrinə yardım göstərirsənmi? Əgər belədirsə, onda bol-bol nemətlər alacaqsan. Bəs əgər təzəcə təbliğçi olmusansa, Şauldan nümunə götürərək təklif olunan köməyi qəbul edirsənmi? Təcrübəli təbliğçilərlə əməkdaşlıq etməklə sən təbliğ etmək bacarığını yaxşılaşdıracaq, sevinc əldə edəcək və ömürlük dostlar tapacaqsan.
«Xeyli adam... iman gətirdi» (Həvarilərin işləri 9:31—43)
20, 21. Allahın xidmətçiləri keçmişdə əmin-amanlıq dövründən maksimum necə istifadə edirdilər və müasir dövrdə necə istifadə edirlər?
20 Şaulun məsihiliyi qəbul etməsindən və sağ-salamat Yerusəlimdən yola salınmasından sonra «bütün Yəhudiyyə, Cəlilə və Səməriyyədəki yığıncaq üçün əmin-amanlıq dövrü başlandı» (Həv. 9:31). Şagirdlər yaranan bu əlverişli vaxtdan necə istifadə etdilər? (2 Tim. 4:2). Müqəddəs Kitabda deyilir ki, onlar möhkəmlənirdi. Həvarilər və digər məsul qardaşlar şagirdlərin imanını möhkəmləndirir və «Yehova Allahın qorxusu və müqəddəs ruhun təsəllisi ilə» yaşayan yığıncağa rəhbərlik edirdilər. Məsələn, Butrus fürsətdən istifadə edib Şaron düzündə yerləşən Lidda şəhərindəki şagirdləri ruhlandırırdı. Onun səyi nəticəsində həmin ərazidə yaşayan bir çoxları «Ağaya iman gətirdi» (Həv. 9:32—35). Şagirdlərin fikri başqa şeylərə yayınmırdı, əksinə, onlar bir-birilərinin qayğısına qalır və xoş xəbəri təbliğ edirdilər. Bunun sayəsində yığıncaq böyüyürdü.
21 İyirminci əsrin sonlarına yaxın bir çox ölkələrdə Yehovanın Şahidləri üçün «əmin-amanlıq dövrü» başlandı. Allahın xalqını sıxışdıran siyasi quruluşlar bir göz qırpımında dağıldı və qadağalar qismən və ya tamamilə aradan qaldırıldı. On minlərlə Yehovanın Şahidi fürsətdən istifadə edib açıq surətdə təbliğ etməyə başladı və bu, çox gözəl nəticələr gətirdi.
22. Malik olduğun azadlıqdan maksimum dərəcədə necə istifadə edə bilərsən?
22 Sən də malik olduğun azadlıqdan tam şəkildə istifadə edirsənmi? Əgər yaşadığın ölkədə din azaddırsa, o zaman Şeytan səni Padşahlığın maraqlarını bir kənara qoyub var-dövlət dalınca qaçmağa təhrik etmək istəyəcək (Mət. 13:22). Qoyma diqqətin başqa şeylərə yayınsın. Malik olduğun nisbətən əmin-amanlıq dövründən səmərəli istifadə et. Buna şahidlik etmək və yığıncağı möhkəmləndirmək üçün bir fürsət kimi bax. Unutma, vəziyyət gözlənilmədən dəyişə bilər.
23, 24. a) Tabitənin hadisəsindən nə öyrənirik? b) Nəyə qəti qərarlı olmalıyıq?
23 Gəl Tabitə, yaxud Dorka adlı bir şagirdlə baş verənlərə nəzər salaq. O, Liddanın yaxınlığında yerləşən Yaffa şəhərində yaşayırdı. Bu sadiq bacı vaxtından və əmlakından düzgün istifadə edirdi, o, «çox xeyirxah idi və kasıblara həmişə əl tuturdu». Bir dəfə o, qəfildən xəstələndi və öldü c. Yaffadakı şagirdlər, xüsusi ilə də Tabitənin yaxşılıq etdiyi dul qadınlar onun ölümünü böyük kədərlə qarşıladılar. Butrus onun cəsədinin dəfn üçün hazırlandığı evə gələndə, İsa Məsihin həvariləri arasında o vaxtadək görünməmiş bir möcüzə göstərdi. O dua edib Tabitəni diriltdi! Butrus dul qadınları və digər şagirdləri otağa çağırıb dirilmiş Tabitəni göstərəndə onların necə sevindiyini təsəvvür edə bilərsənmi? Yəqin bütün baş verənlər qarşıdakı sınaqlara tab gətirmək üçün onları çox möhkəmləndirdi. Təbii ki, möcüzə haqda «xəbər bütün Yaffaya yayıldı və xeyli adam Ağaya iman gətirdi» (Həv. 9:36—42).
24 Tabitənin başına gələn bu hadisədən iki vacib şeyi öyrənirik. 1) İnsan bu gün var, sabah yoxdur. Buna görə də əlimizdə imkan var ikən Allahın yanında yaxşı ad qazanmaq necə də vacibdir! (Vaiz 7:1). 2) Dirilmə ümidi xəyal deyil. Tabitənin etdiyi çoxlu xeyirxah işlər Yehovanın nəzərindən qaçmırdı, buna görə də Yehova onu mükafatlandırdı. O bizim də əməyimizi unutmayacaq və əgər Armageddondan əvvəl gözlərimizi həyata yumsaq, bizi dirildəcək (İbr. 6:10). Beləliklə, «əlverişli» və ya «çətin vaxtda» yaşamağımızdan asılı olmayaraq, gəl mətanətlə Məsih haqqında əsaslı surətdə şahidlik edək (2 Tim. 4:2).
a « Fərisi Şaul» adlı çərçivəyə bax.
b Adətən, müqəddəs ruhun ənamları həvarilər vasitəsilə verilirdi. Bu dəfə isə həmişəkindən fərqli olaraq, görünür, İsa Şaula ənamlar ötürmək üçün Hənənyaya səlahiyyət vermişdi. Məsihi olandan sonra Şaul xeyli vaxt 12 həvari ilə təmasda olmadı. Buna baxmayaraq, həmin müddət ərzində, çox güman ki, o, məsihi işlərilə məşğul olurdu. Beləliklə, görünür, İsa qayğı göstərdi ki, təbliğ işini yerinə yetirmək üçün Şaulun kifayət qədər gücü olsun.
c « Tabitə çox xeyirxah idi» adlı çərçivəyə bax.