Kontentə keç

Mündəricatı göstər

FƏSİL 6

«Allahın lütfü və qüdrəti ilə dolan Stefan»

«Allahın lütfü və qüdrəti ilə dolan Stefan»

Sinedrion qarşısında cəsarətlə şahidlik verməklə Stefan gözəl nümunə qoyur

Həvarilərin işləri 6:8—8:3

1—3. a) Stefan hansı təhlükəli vəziyyətlə üzləşib, buna baxmayaraq, o, özünü necə aparır? b) Biz hansı sualları müzakirə edəcəyik?

 STEFAN məhkəmənin qarşısında durub. Yerusəlimdə, ehtimal ki, məbədin yaxınlığında yerləşən vahimə doğuran zalda 71 nəfər qövs şəklində oturub. Sinedrionda bu gün Stefan mühakimə olunacaq. Nüfuzlu, səlahiyyətli kişilər olan hakimlərin əksəriyyətinin İsanın bu şagirdindən xoşu gəlmir. Məhkəmə iclasını çağıran baş kahin Qayafadır. Bir neçə ay əvvəl İsa Məsih ölümə məhkum edilərkən Sinedriona məhz o, rəislik edirdi. Bu, Stefanı qorxudurmu?

2 Stefanın üzündə qeyri-adi bir ifadə var. Hakimlər ona baxanda üzünün «mələk üzünə» bənzədiyini görürlər (Həv. 6:15). Mələklər insanlara Yehova Allahdan xəbər gətirirlər, buna görə də qorxusuz və sakit olurlar. Stefan da özünü məhz belə hiss edir. Bu hətta nifrəti aşıb-daşan düşmənlərin də gözündən yayınmır. Nəyin sayəsində o, belə sakitdir?

3 Bu sualın cavabından müasir məsihilər çox şey öyrənə bilərlər. Həmçinin vəziyyətin bu yerə gəlib çıxmasına nəyin səbəb olduğunu da öyrənmək vacibdir. Bundan əvvəl Stefan öz imanını necə müdafiə etmişdi? Biz ondan necə nümunə götürə bilərik?

«Onlar xalqı... qızışdırdılar» (Həvarilərin işləri 6:8—15)

4, 5. a) Stefanı yığıncağın dəyərli üzvü edən nə idi? b) Stefanın lütf və qüdrətlə dolu olması nədən görünürdü?

4 Ötən fəsildən öyrəndiyimiz kimi, Stefan yeni təşkil olunmuş yığıncağın dəyərli üzvü idi. O, həvarilərə kömək lazım olanda həvəslə yardım əlini uzadan yeddi təvazökar kişidən biri idi. Allahın ona hansı ruhani ənamları verdiyini fikirləşəndə onun təvazökarlığı adamı daha da heyran edir. Həvarilərin işləri 6:8 ayəsində oxuyuruq ki, o da bəzi həvarilər kimi «möcüzə və əlamətlər» göstərə bilirdi. Müqəddəs Kitabda həmçinin onun «Allahın lütfü və qüdrəti ilə» dolu olduğu deyilir. Bu nə deməkdir?

5 «Allahın lütfü» kimi tərcümə edilən yunan sözü həm də «xeyirxahlıq və mərhəmət» kimi tərcümə edilə bilər. Görünür, Stefan insanlarla mülayim və nəzakətlə davranırdı, bu da hamını ona cəlb edirdi. O, elə danışırdı ki, dinləyicilərini öz səmimiyyətinə və öyrətdiyi həqiqətlərin faydalı olduğuna inandırır, onları hərəkətə təşviq edirdi. Stefan Yehovanın ruhunun rəhbərliyinə təvazökarlıqla tabe olduğu üçün Allahın ruhu onda fəaliyyət göstərirdi, buna görə də o, qüdrətlə dolu idi. O, Allahın verdiyi ənamlara və bacarıqlara görə qürurlanmır, əksinə, bütün izzəti Yehovaya verir və müraciət etdiyi insanların məhəbbətlə qayğısına qalırdı. Beləliklə, düşmənlərin onu təhlükəli hesab etməsi heç də təəccüblü deyil!

6—8. a) Stefanın düşmənləri ona qarşı hansı iki ittihamı irəli sürdülər və nəyə görə? b) Nəyə görə Stefanın nümunəsi müasir məsihilər üçün faydalıdır?

6 Bəzi adamlar Stefanla mübahisəyə başlasalar da, «onun sözlərindəki hikmətin və onu danışdıran müqəddəs ruhun qarşısında dura bilmədilər» a. Onlar qəzəbdən alışıb yanaraq Məsihin günahsız davamçısına qarşı ittiham irəli sürmək üçün «xəlvətcə bir neçə adam» tutdular. Həmçinin «xalqı, ağsaqqalları və mirzələri qızışdırdılar» və Stefanı məcburi Sinedrionun qarşısına gətirdilər (Həv. 6:9—12). Düşmənlər ona qarşı iki ittiham irəli sürdülər: o, Allaha və Musaya qarşı küfr söyləyib. Hansı mənada?

7 Yalançı ittihamçılar Stefanın «müqəddəs yerin» — Yerusəlimdəki məbədin əleyhinə danışaraq Allaha qarşı küfr etdiyini iddia edirdilər (Həv. 6:13). Onlar Stefanı Musanın qoyduğu adət-ənənələri dəyişərək Qanunun əleyhinə danışmaqda, bununla da Musaya küfr etməkdə günahlandırırdılar. Bu çox ciddi ittiham idi. Çünki həmin vaxt məbəd, Musanın qanununun xırdalıqları və bu Qanuna əlavə edilən bir çox adətlər yəhudilər üçün böyük əhəmiyyət kəsb edirdi. Beləliklə, bütün bu ittihamlarla onlar demək istəyirdilər ki, Stefan ölümə layiq, təhlükəli bir adamdır!

8 Təəssüf ki, bu gün də dindar adamlar Allahın xidmətçilərinə maneçilik törətmək üçün eyni üsullardan istifadə edirlər. Hətta bizim günlərdə də din xadimləri vaxtaşırı hakim dairələrini Yehovanın Şahidlərini təqib etməyə təhrik edirlər. Dolaşıq və yalan ittihamlarla üzləşəndə biz özümüzü necə aparmalıyıq? Bu sahədə Stefandan çox şey öyrənə bilərik.

Stefan «izzət sahibi Allah» haqqında cəsarətlə şahidlik edir (Həvarilərin işləri 7:1—53)

9, 10. Tənqidçilər Stefanın Sinedrion qarşısında söylədiyi nitqlə bağlı hansı iddianı irəli sürürlər və biz nəyi yadda saxlamalıyıq?

9 Fəslin əvvəlində qeyd edildiyi kimi, Stefana qarşı ittihamlar irəli sürüləndə onun üzü mələk üzütək sakit idi. Qayafa üzünü ona tutub soruşdu: «Bu sözlər doğrudur?» (Həv. 7:1). İndi növbə Stefanın idi. O danışdı, özü də necə danışdı!

10 Bəzi tənqidçilər Stefanın nitqini tənqid edərək deyirlər ki, belə uzun nitq söyləməsinə baxmayaraq, Stefan özünə qarşı irəli sürülən ittihamları təkzib edən heç bir söz demədi. Əslində isə Stefan xoş xəbəri müdafiə etməkdə bizə gözəl nümunə qoyub (1 But. 3:15). Unutmayaq ki, Stefanı məbədin əleyhinə danışaraq Allaha, Qanunun əleyhinə danışaraq isə Musaya küfr etməkdə ittiham edirdilər. Stefan cavabında İsrail tarixinin üç mərhələsini əhatə etmiş və müəyyən məqamları xüsusilə vurğulamışdı. Gəlin tarixin bu üç mərhələsini bir-bir nəzərdən keçirək.

11, 12. a) Stefan İbrahimin nümunəsindən effektiv surətdə necə istifadə etdi? b) Nə üçün Stefan öz nitqində Yusifin adını çəkdi?

11 Əcdadların dövrü (Həv. 7:1—16). Stefan nitqinə yəhudilərin böyük iman sahibi olduğu üçün hörmət bəslədiyi İbrahim peyğəmbər haqda danışmaqla başladı. Hamının razılaşdığı bu vacib mövzudan söz açarkən Stefan «izzət sahibi Allah» Yehovanın İbrahim peyğəmbərə ilk dəfə Mesopotamiyada göründüyünü vurğuladı (Həv. 7:2). Əslində, İbrahim peyğəmbər Vəd edilmiş diyarda qərib kimi yaşamışdı. Onun dövründə nə məbəd, nə də Musanın qanunu var idi. Belə olan halda kim təkid edə bilərdi ki, Allaha sədaqət bu kimi şeylərdən asılıdır?

12 Stefanın dinləyiciləri İbrahim peyğəmbərin nəslindən olan Yusifə də dərin hörmət bəsləyirdilər. Lakin Stefan onlara xatırlatdı ki, Yusifin qardaşları — İsrail qəbilələrinin ataları həmin saleh insanı təqib edib qul kimi satmışdılar. Bununla belə, bir gün Allah ondan istifadə edərək İsraili aclıqdan xilas etdi. Şübhəsiz, Stefan Yusiflə İsa Məsih arasındakı oxşarlığı görürdü, lakin dinləyicilərinin mümkün qədər çox ona qulaq asması üçün bu haqda danışmadı.

13. Stefanın Musa haqqında danışdıqları ona qarşı irəli sürülən ittihamlara necə cavab verirdi və bu, hansı mövzunu inkişaf etdirməyə kömək etdi?

13 Musanın dövrü (Həv. 7:17—43). Stefan öz nitqində Musa peyğəmbərə böyük yer ayırdı. Bu, yerində idi. Belə ki, Sinedrionun əksər üzvləri yalnız Musanın yazdığı kitabları qəbul edən saddukilər idi. Həmçinin yadındadırsa, Stefan Musaya küfr etməkdə ittiham olunurdu. Stefanın sözləri həmin ittihama birbaşa cavab idi, çünki o, bununla Musaya və Qanuna dərin hörmət bəslədiyini göstərdi (Həv. 7:38). O qeyd etdi ki, Musa peyğəmbər də xilas etmək istədiyi adamlar tərəfindən rədd edilmişdi. Bu hadisə onun 40 yaşı olanda baş vermişdi. 40 ildən sonra isə onlar dəfələrlə Musanın rəhbərliyini şübhə altına almışdılar b. Beləliklə, Stefan tədricən əsas mövzuya keçdi: Allahın xalqı Yehovanın rəhbər təyin etdiyi adamları dönə-dönə rədd etmişdi.

14. Musanın nümunəsi Stefanın nitqindəki hansı fikri təsdiq edirdi?

14 Stefan dinləyicilərinə xatırlatdı ki, Musa İsraildən özünə bənzər peyğəmbərin çıxacağını qabaqcadan söyləmişdi. O kim olacaqdı və onu necə qəbul edəcəkdilər? Stefan bu sualların cavabını axıra saxladı. O, başqa əsas fikri vurğuladı: Musa öyrənmişdi ki, istənilən yer Yehovanın onunla danışdığı yanan kolun torpağı kimi müqəddəs ola bilər. Beləliklə, demək olarmı ki, Yehova yalnız bir tikilidə, məsələn, Yerusəlimdəki məbəddə edilən ibadəti qəbul edir? Gəlin baxaq.

15, 16. a) Nə üçün müqəddəs məskən Stefanın irəli sürdüyü dəlillərin içində vacib yer tuturdu? b) Stefan nitqində nümunə kimi Süleymanın məbədindən necə istifadə etdi?

15 Müqəddəs məskən və məbəd (Həv. 7:44—50). Stefan hakimlərə xatırlatdı ki, Yerusəlimdə məbəd olmamışdan əvvəl Allah Musaya ibadət üçün səyyar, çadıra bənzər müqəddəs məskən düzəltməyi tapşırmışdı. Müqəddəs məskənin məbəddən az əhəmiyyətli olduğunu söyləməyə kim cürət edə bilərdi? Axı Musanın özü orada ibadət etmişdi.

16 Sonralar Yerusəlimdə məbədi tikəndə Süleyman Allahdan ilham alaraq duasında vacib bir fikir söyləmişdi. Stefanın dili ilə desək, «Haqq-Taala insan əli ilə tikilmiş evlərdə yaşamır» (Həv. 7:48; 2 Saln. 6:18). Yehova Öz niyyətinin həyata keçməsi üçün məbəddən istifadə edə bilər, lakin O, təkcə onunla kifayətlənmir. Bəs onda nə üçün Onun xidmətçiləri həqiqi ibadətin insan əli ilə tikilmiş binadan asılı olduğunu düşünməlidirlər? Stefan «Əşiya» kitabından sitat gətirərək bu fikrə təsirli yekun vurdu: «Göylər mənim taxtımdır, yer ayağım altındakı kətildir. Mənim üçün nə cür ev tikəcəksiniz? Hansı yer Mənə məskən ola bilər? Məgər hər şeyi Mən Öz əlimlə yaratmamışam?» (Həv. 7:49, 50; Əşy. 66:1, 2).

17. Stefanın nitqi a) dinləyicilərinin yanlış əhvali-ruhiyyədə olduğunu necə göstərdi? b) ona qarşı irəli sürülən ittihamlara necə cavab verdi?

17 Stefanın Sinedrion qarşısında söylədiyi nitqini bu məqama kimi nəzərdən keçirdik. Məgər o, öz ittihamçılarının yanlış əhvali-ruhiyyədə olduğunu məharətlə açıb göstərmədi? Stefan göstərdi ki, Yehova sərt və ya ənənələrə bağlı Allah deyil, əksinə, şəraitə uyğunlaşır və niyyətini həyata keçirmək üçün tədricən dəyişikliklər edir. Yerusəlimdəki əzəmətli binaya pərəstiş edənlər və Musanın qanunu ilə əlaqədar yaranan adət-ənənələrə bağlı olanlar Qanunun və məbədin arxasında duran niyyəti başa düşmürdülər! Stefanın nitqi dolayısı ilə vacib bir sualı ortaya çıxardı: Qanuna və məbədə hörmət göstərməyin ən yaxşı üsulu Yehovaya tabe olmaq deyilmi? Stefanın sözləri onun üçün ən yaxşı müdafiə idi, çünki o, Yehovaya itaət etmək üçün əlindən gələn hər şeyi edirdi.

18. Stefana nədə bənzəməyə çalışmalıyıq?

18 Stefanın nitqindən nə öyrənirik? O, Müqəddəs Yazıları yaxşı bilirdi. Əgər biz də «həqiqət kəlamından düzgün istifadə» etmək istəyiriksə, Allahın Kəlamını dərindən öyrənməliyik (2 Tim. 2:15). Həmçinin biz Stefandan mülayim və nəzakətli olmağı öyrənə bilərik. Onun dinləyiciləri ona qatı düşmən kimi yanaşırdılar. Buna baxmayaraq, Stefan onların yüksək dəyər verdiyi şeylər haqqında danışaraq mümkün olduğu qədər onlarla dil tapmağa çalışırdı. O həmçinin hakimiyyət sahibi olanlara «atalar» deyə hörmətlə müraciət edirdi (Həv. 7:2). Biz də Allahın Kəlamındakı həqiqətləri «həlimliklə və dərin hörmətlə» çatdırmalıyıq (1 But. 3:15).

19. Stefan Yehovanın hökm xəbərini Sinedriona qorxmadan necə çatdırdı?

19 Lakin biz kiminsə xətrinə dəyməkdən qorxaraq Allahın Kəlamındakı həqiqətləri bölüşməyə çəkinməməli və Yehovanın hökm xəbərini yumşaltmamalıyıq. Stefan bu sahədə də yaxşı nümunədir. Şübhəsiz, o, Sinedrionun önündə təqdim etdiyi o qədər dəlilin daşürəkli hakimlərə təsir etmədiyini görürdü. Bu səbəbdən, Stefan müqəddəs ruhun təsiri altında cəsarətlə onların da Yusifi, Musanı və peyğəmbərlərin hamısını rədd edən ulu babaları kimi olduqlarını göstərməklə nitqinə yekun vurdu (Həv. 7:51—53). Sinedrionun bu hakimləri Musa və digər peyğəmbərlər tərəfindən gəlişi qabaqcadan xəbər verilən Məsihi öldürmüşdülər. Onlar Musanın qanununu ən ağır şəkildə pozmuşdular!

«Ağam İsa, ruhumu qəbul et» (Həvarilərin işləri 7:54—8:3)

«Bu sözlər onları yandırıb-yaxdı və onlar qəzəbdən dişlərini qıcadılar» (Həvarilərin işləri 7:54)

20, 21. Sinedrion Stefanın sözlərini eşidəndə nə etdi və Yehova Stefanı necə möhkəmləndirdi?

20 Stefanın sözlərindəki danılmaz həqiqəti eşidəndə hakimlər qəzəbdən od tutub yandılar. Onlar ləyaqəti, ədəb-ərkan qaydalarını unudub Stefana qəzəblənərək dişlərini qıcadılar. Yəqin bu sadiq insan başa düşürdü ki, Ağası İsaya mərhəmət göstərmədikləri kimi, ona da rəhm etməyəcəklər.

21 Baş verəcək şeylərə tab gətirmək üçün Stefana cəsarətli olmaq lazım idi. Şübhəsiz, həmin vaxt Yehovanın verdiyi görüntü onu çox ruhlandırdı. Stefan Allahın izzətini və Yehovanın sağında duran İsanı gördü! O, bu görüntünü təsvir edəndə hakimlər qulaqlarını tutdular. Nəyə görə? Axı bir müddət əvvəl İsa elə həmin məhkəməyə özünün Məsih olduğunu və tezliklə Atasının sağında oturacağını demişdi (Mark 14:62). Stefanın aldığı görüntü İsanın dediklərinin həqiqət olduğunu sübut etdi. Sinedrion mahiyyət etibarı ilə Məsihə xəyanət edib onun qatili olmuşdu! Onların hamısı birdən hücum çəkib Stefanı ölənə kimi daşqalaq etdilər c.

22, 23. Stefanın ölümü hansı cəhətdən Ağasının ölümünə bənzəyirdi və bu gün məsihilər Stefan kimi nəyə əmin ola bilərlər?

22 Stefanın ölümü çox şeydə Ağasının ölümünə oxşayırdı. O, qəlb rahatlığı ilə, Yehovaya tam güvənərək, eləcə də qatillərini bağışlayaraq öldü. Ehtimal ki, Yehovanın yanında duran insan Oğlunu hələ də gördüyü üçün: «Ağam İsa, ruhumu qəbul et»,— dedi. Şübhəsiz, Stefan İsanın: «Dirilmə və həyat mənəm»,— deyə söylədiyi ruhlandırıcı sözlərdən xəbərdar idi (Yəh. 11:25). Axırda Stefan ucadan birbaşa Allaha dua edib dedi: «Yehova, bu günaha görə onları məhkum etmə». Bu sözləri deyib ölüm yuxusuna getdi (Həv. 7:59, 60).

23 Beləliklə, Stefan Məsihin davamçıları arasında imanı uğrunda ölən ilk şəhid oldu. (« Hansı mənada “şəhid”?» adlı çərçivəyə bax.) Ancaq təəssüf ki, sonuncusu olmadı. Ta bizim günlərə kimi Yehovanın bəzi xidmətçiləri dini və siyasi fanatiklər və digər amansız təqibçilər tərəfindən qətlə yetirilirlər. Bununla belə, biz də Stefan kimi İsanın dirilmə vədinin yerinə yetəcəyinə əmin ola bilərik. İndi İsa Padşah kimi Atasının ona verdiyi böyük səlahiyyətlə hökmranlıq edir. Sadiq davamçılarını diriltməyə ona heç nə mane ola bilməyəcək (Yəh. 5:28, 29).

24. Şaul Stefanın ölümündə necə iştirak etdi və bu sadiq insanın ölümü uzun müddət hansı təsiri göstərdi?

24 Şaul adlı bir cavan bütün baş verənləri müşahidə edirdi. Stefanın öldürülməsi onun ürəyindən idi. O hətta Stefanı daşlayanların paltarlarına göz-qulaq olurdu. Bundan az sonra onun rəhbərliyi altında şagirdlərə qarşı amansız təqib dalğası başladı. Amma Stefanın ölümü uzun müddət öz təsir qüvvəsini itirməyəcəkdi. Onun nümunəsi digər məsihiləri sadiq qalmaq və zəfər çalmaq üçün möhkəmləndirəcəkdi. Bundan başqa, sonralar Bulus kimi tanınan Şaul Stefanın ölümündə iştirak etdiyinə görə çox peşman olacaqdı (Həv. 22:20). O, Stefanın öldürülməsinə kömək etsə də, sonralar səhvini başa düşərək demişdi: «Mən küfr danışır, Allahın xalqını təqib edirdim və çox azğın adam idim» (1 Tim. 1:13). Aydındır ki, Stefan və onun həmin gün söylədiyi nitq Bulusun yaddaşına həmişəlik həkk olunmuşdu. Hətta Bulusun nitqlərindən və yazılarından bəziləri Stefanın toxunduğu mövzuları inkişaf etdirirdi (Həv. 7:48; 17:24; İbr. 9:24). Vaxt keçdikcə Bulus «Allahın lütfü və qüdrəti ilə» dolu olan insanın, Stefanın qoyduğu iman və cəsarət nümunəsini tamlığı ilə izləməyi öyrəndi. Bəs biz belə edəcəyikmi?

a Stefana qarşı çıxanların bəziləri «Azad edilmişlər Sinaqoqu»na aid idilər. Ola bilsin, onları bir zamanlar romalılar əsir almış, sonra isə azadlığa buraxmışdı. Yaxud da onlar sonradan yəhudi prozeliti olmuş azadlığa buraxılan qullar idilər. Onlardan bəziləri tarslı Şaul kimi Kilikiyadan idi. Müqəddəs Kitabda Stefana qarşı dura bilməyən həmin kilikiyalıların arasında Şaulun da olub-olmadığı açıqlanmır.

b Stefanın nitqində elə məlumatlar var ki, onları Müqəddəs Kitabın başqa heç bir kitabından tapmaq olmaz. Məsələn, orada Musanın Misirdə təhsil alması, oradan ilk dəfə qaçarkən neçə yaşında olması və Mədyəndə neçə il yaşadığı qeyd olunur.

c Roma qanununa əsasən Sinedrionun ölüm hökmünü icra etməyə səlahiyyəti çatması şübhəli məsələdir (Yəh. 18:31). Hər necə olsa da, Stefanın ölümü məhkəmə hökmünün icrasından çox qəzəbli kütlənin törətdiyi cinayətə bənzəyir.