Kontentə keç

Mündəricatı göstər

FƏSİL 10

Yehovanın sözü vüsət alırdı

Yehovanın sözü vüsət alırdı

Butrus xilas olunur, təqiblər xoş xəbərin yayılmasına mane ola bilmir

Həvarilərin işləri 12:1—25

1—4. Butrus hansı çətin vəziyyətə düşüb və sən onun yerinə olsaydın, hansı hissləri keçirərdin?

 BÖYÜK dəmir darvaza bərkdən çırpılaraq Butrusun arxasınca bağlanır. İki romalı keşikçi əl-qolu qandallanmış Butrusu zindana aparır. Orada başına nə gələcəyini öyrənmək üçün o, saatlarla, bəlkə də günlərlə gözləməli olacaq. Burada onun gördüyü təkcə həbsxana divarları, dəmir barmaqlıqlar, zəncirlər və keşikçilərdir.

2 Butrus pis xəbər alır. I Hirod Aqrippa Butrusu edam etdirməyə qərarlıdır a. Pasxadan sonra onu camaatın qarşısına çıxaracaqlar. Xalqı razı salmaq üçün onun ölümünə fitva verilib. Bu, sadəcə hədə-qorxu deyil. Aqrippa həvarilərdən biri olan Yaqubu bu yaxınlarda edam etdirmişdi.

3 Axşamdır. Sabah Butrus edam olunmalıdır. Görəsən, qaranlıq zindanda Butrus indi nə haqda düşünür? Bəlkə o, illər öncə İsanın dediyi sözləri yadına salır? İsa demişdi ki, gün gələcək Butrusun əllərini bağlayıb istəmədiyi yerə, öldürməyə aparacaqlar (Yəh. 21:18, 19). Ola bilsin, Butrus indi həmin vaxtın yetişib-yetişmədiyi haqda düşünür.

4 Bəs sən Butrusun yerində olsaydın, hansı hissləri keçirərdin? Çoxları heç bir çıxış yolunun olmadığını düşünərək ümidsizliyə qapılardı. Amma heç elə ola bilərmi ki, İsa Məsihin həqiqi davamçısı ümidsiz vəziyyətə düşsün? Butrusun və digər məsihilərin təqiblər zamanı necə davrandıqlarından nə öyrənə bilərik? Gəl bu suallara cavab tapmağa çalışaq.

«Yığıncaq... gecə-gündüz dua edirdi» (Həvarilərin işləri 12:1—5)

5, 6. a) I Hirod Aqrippa məsihi yığıncağına nə üçün və necə hücum etdi? b) Yaqubun ölümü nəyə görə yığıncaq üçün əsl sınaq idi?

5 Əvvəlki fəsillərdən öyrəndiyimiz kimi, qeyri-yəhudi olan Kornilinin və ailəsinin məsihiliyi qəbul etməsi məsihi yığıncağı üçün əlamətdar hadisə oldu. Lakin iman gətirməyən yəhudilər bir çox yəhudi məsihilərin sərbəst şəkildə qeyri-yəhudilərlə birlikdə ibadət etdiklərini öyrənəndə yəqin dəhşətə gəldilər.

6 İndi hiyləgər siyasətçi olan Hirodun əlinə yəhudilərin rəğbətini qazanmaq üçün fürsət düşmüşdü. Buna görə də o, məsihiləri təqib etməyə başladı. Şübhəsiz, o, həvari Yaqubun İsa Məsihlə xüsusi münasibətlərinin olduğunu eşitmişdi. Ona görə də Hirod «Yəhyanın qardaşı Yaqubu qılıncla öldürdü» (Həv. 12:2). Yaqubun ölümü yığıncaq üçün əsl sınaq idi! Yaqub İsa Məsihin görkəminin dəyişilməsinin və digər həvarilərin görmədiyi möcüzələrin canlı şahidi olmuşdu (Mət. 17:1, 2; Mark 5:37—42). Çılğın təbiətli olduqlarına görə İsa Yaqub və Yəhyanı «İldırım oğulları» adlandırmışdı (Mark 3:17). Bəli, yığıncaq cəsarətli və sadiq bir şahidi, sevimli həvarini itirmişdi.

7, 8. Butrus həbs olunanda yığıncaq nə etdi?

7 Aqrippa düz fikirləşmişdi: Yaqubun edamı yəhudilərin ürəyincə oldu. Bundan ürəklənən Aqrippa Butrusu hədəfə aldı. Fəslin əvvəlində təsvir olunduğu kimi, o, Butrusu həbs etdi. Bununla belə, görünür, Aqrippa bir dəfə həvarilərin möcüzəvi şəkildə həbsxanadan azad olunduqlarını unutmamışdı. Bu haqda 5-ci fəsildə danışmışdıq. Hirod Butrusun qaça bilməməsi üçün işini möhkəm tutaraq onu iki keşikçinin arasında zəncirlədi və gecə-gündüz onun keşiyini çəkmək üçün 16 gözətçi təyin etdi. Butrus qaçsaydı, onun üçün kəsilmiş cəzanı həmin keşikçilər alacaqdı. Bu cür təhlükəli vəziyyətdə Butrusun dindaşları nə edə bilərdilər?

8 Yığıncağın üzvləri nə etmək lazım gəldiyini yaxşı bilirdi. Həvarilərin işləri 12:5 ayəsində oxuyuruq: «Beləliklə, Butrus zindanda idi, yığıncaq isə onun üçün gecə-gündüz dua edirdi». Bəli, yığıncaqdakılar öz sevimli qardaşları üçün gecə-gündüz ürəkdən dua edirdilər. Yaqubun ölümü nə onları ümidsizliyə məhkum etmişdi, nə də onların gözündə duanın əhəmiyyətini azaltmışdı. Dua Yehova üçün böyük əhəmiyyət kəsb edir. Yehova iradəsinə uyğun olan duaları cavabsız qoymur (İbr. 13:18, 19; Yaq. 5:16). Müasir məsihilər bunu yaxşı-yaxşı yadda saxlamalıdırlar.

9. Butrusun dindaşlarından dua ilə bağlı nə nümunə götürə bilərik?

9 Tanıdığın dindaşlarının arasında çoxlu sınaqlarla üzləşənləri varmı? Ola bilsin, onlardan kimsə təqib olunur, dövlət tərəfindən qadağa qoyulan ölkədə yaşayır və ya təbii fəlakətlərə məruz qalıb. Nəyə görə onlar üçün ürəkdən dua etməyəsən? Bəlkə də ilk baxışdan gözə çarpmayan çətinliklərlə, məsələn, ailə problemləri ilə qarşılaşan, ruh düşkünlüyünə qapılan və ya imanı başqa cür sınağa çəkilən bacı-qardaşları tanıyırsan. Əgər duadan qabaq bir qədər fikirləşsən, «duaları eşidən» Yehova ilə danışarkən adını çəkə biləcəyin bir neçə nəfəri yadına sala bilərsən (Zəb. 65:2). Axı çətinliyə düşəndə sən özün də bacı-qardaşların duasına ehtiyac duyursan.

Biz imanları uğrunda həbsxanada yatan qardaşlarımız üçün dua edirik

«Dalımca gəl» (Həvarilərin işləri 12:6—11)

10, 11. Yehovanın mələyinin Butrusu həbsdən necə azad etdiyini təsvir et.

10 Görəsən, düşdüyü təhlükəli vəziyyət Butrusu narahat edirdi? Dəqiq heç nə deyə bilmərik. Bircə o məlumdur ki, zindanda keçirdiyi sonuncu gecə həvari iki ayıq-sayıq əsgərin arasında dərin yuxuya getmişdi. Bu imanlı adam əmin idi ki, sabah hər nə baş versə də, Yehova onunla olduğu üçün ona heç nəyin qorxusu yoxdur (Rom. 14:7, 8). Amma tezliklə baş verəcək qeyri-adi hadisələr Butrusun heç ağlına belə gəlmirdi. Qəflətən onun olduğu yeri gur işıq nurlandırdı. Bir mələk peyda olub Butrusu tələsik yuxudan oyatdı. Görünür, gözətçilər mələyi görmürdülər. Butrusun əlindəki çox möhkəm görünən qandallar asanlıqla açılıb yerə düşdü!

«Onlar... şəhərə açılan dəmir darvazanın qabağına gəldilər. Darvaza öz-özünə açıldı» (Həvarilərin işləri 12:10)

11 Mələk bir-birinin ardınca Butrusa qısa göstərişlər verdi: «Tez ol, dur!.. Əynini geyin, səndəlini ayağına keçir... Üst paltarını geyin». Butrus mələyin sözlərini dərhal yerinə yetirdi. Axırda mələk ona dedi: «Dalımca gəl». Onlar zindandan çıxıb bayırda duran gözətçilərin düz yanından keçdilər və sakitcə iri dəmir darvazaya doğru irəlilədilər. Bəs indi bu darvazadan necə çıxacaqlar? Butrusun beynində belə bir sual yarandısa da, yarandığı kimi də yox oldu. Onlar darvazaya yaxınlaşdıqda «darvaza öz-özünə açıldı». Butrus gözlərini açmağa macal tapmamış, onlar artıq küçədə idilər. Mələk Butrusu orada qoyub yox oldu. Birdən Butrus özünə gəlib bütün bunların həqiqət olduğunu anladı. Bu, görüntü deyildi. O, azad idi! (Həv. 12:7—11).

12. Nə üçün Yehovanın Butrusu xilas etməsi üzərində düşünmək bizə təsəlli verə bilər?

12 Yehovanın Öz xidmətçilərini xilas etmək üçün misilsiz qüvvəyə malik olduğu üzərində düşünəndə təsəlli tapmırsanmı? Butrusu dünyanın ən güclü siyasi qüvvəsinə arxalanan padşah həbs etmişdi. Bununla belə, Butrus zindandan çıxdı. Düzdür, Yehova bütün xidmətçiləri üçün belə möcüzə etmir. O, Yaqub üçün bunu etməmişdi. Sonralar İsanın Butrusla bağlı dediyi peyğəmbərlik yerinə yetəndə Butrus üçün də bunu etmədi. Bu gün məsihilər möcüzəli şəkildə xilas olacaqlarını gözləmirlər. Lakin biz unutmamalıyıq ki, Yehova heç vaxt dəyişmir (Məl. 3:6). O, tezliklə Oğlunun vasitəsilə milyonlarla insanı ən sərt həbsxanadan, ölümün buxovlarından qurtaracaq (Yəh. 5:28, 29). Sınaqlarla üzləşərkən bu cür vədlərin üzərində düşünmək bizə çox böyük cəsarət verə bilər.

«Butrusu görüb təəccübləndilər» (Həvarilərin işləri 12:12—17)

13—15. a) Məryəmin evində yığışan yığıncaq üzvləri Butrusu necə qarşıladılar? b) «Həvarilərin işləri» kitabının 13-cü fəslindən başlayaraq diqqət nəyə yönəldilir və Butrusla bağlı nəyə əmin ola bilərik?

13 Butrus qaranlıq küçədə dayanıb hara gedəcəyini götür-qoy etməyə başladı. Nəhayət, bir qərara gəldi. Yaxınlıqda Məryəm adlı məsihi yaşayırdı. Görünür, bir qədər imkanlı olan bu dul bacının evi yığıncağın orada keçirilməsi üçün kifayət qədər böyük idi. O, Mark ləqəbli Yəhyanın anası idi. «Həvarilərin işləri» kitabında Markın adı ilk dəfə burada çəkilir və o, axırda Butrusa oğlu kimi əziz olur (1 But. 5:13). Həmin gecə yığıncağın üzvlərindən çoxu gec olmasına baxmayaraq, Məryəmin evində yığışıb dua edirdilər. Şübhəsiz ki, onlar Butrusun azadlığa buraxılması üçün dua edirdilər. Amma Yehovanın belə tez cavab verəcəyini gözləmirdilər!

14 Butrus evin qarşısındakı həyətə açılan darvazanı döydü. Roda adlı («qızılgül» mənasını verən, geniş yayılmış yunan adı) qulluqçu qız darvazaya gəldi. Qız qulaqlarına inanmadı. Bu, Butrusun səsi idi. Həyəcandan özünü itirən qız qapını açmaq əvəzinə, Butrusu küçədə qoyub evə qaçdı və evdəkiləri Butrusun gəldiyinə inandırmağa çalışdı. Onlar Rodanın sözlərinə inanmayıb dedilər ki, onun başına hava gəlib. Amma qız dediyini deyirdi. Onda bəziləri fikirləşdilər ki, ola bilsin o, Butrusu təmsil edən mələyin səsini eşidib (Həv. 12:12—15). Bütün bu vaxt ərzində Butrus qapını döyürdü. Nəhayət ki, gəlib qapını açdılar.

15 Bacı-qardaşlar darvazanın ağzında duran «Butrusu görüb təəccübləndilər!» (Həv. 12:16). Onlar o dərəcədə sevinirdilər ki, səsləri aləmi bürümüşdü. Butrus onları sakitləşdirib, başına gələnləri danışdı, sonra isə bütün bunları Yaquba və qardaşlara danışmağı tapşırıb, Hirodun əsgərləri onu tapmamış oradan uzaqlaşdı. Butrus xidmətini davam etdirmək üçün təhlükəsiz yerə getdi. «Həvarilərin işləri» kitabının 15-ci fəslində yazılan sünnət məsələsinin həll edilməsini çıxmaq şərtilə, bu kitabda onun haqqında bir daha danışılmır. Bundan sonra əsas diqqət Bulusun işlərinə və səyahətlərinə cəmlənir. Lakin əmin ola bilərik ki, Butrus hara getməsindən asılı olmayaraq, hər yerdə bacı-qardaşlarının imanını möhkəmləndirirdi. O, Məryəmin evini tərk edəndə, sözsüz ki, orada yığışanlar sevinc içində idilər.

16. Nəyə görə əminik ki, gələcək bizə çoxlu sevincli anlar bəxş edəcək?

16 Bəzən Yehova xidmətçilərinin dualarına gözlədiklərindən artıq cavab verir və onlar elə sevinirlər ki, bunun həqiqət olduğuna inana bilmirlər. Butrus azad olunan gecə onun ruhani bacı-qardaşları məhz bu cür hissləri keçirmişdilər. Ola bilsin, biz də Yehovadan bol-bol nemətlər alanda hərdən eyni hissləri keçiririk (Məs. 10:22). Gələcəkdə Yehovanın bütün vədləri dünya miqyasında həyata keçəcək. Gerçəklik bu gün bizim təsəvvür etdiyimizdən qat-qat üstün olacaq. Buna görə də nə qədər ki sadiqik, qarşıda bizi çoxlu xoşbəxt anların gözlədiyinə ümid edə bilərik.

«Yehovanın mələyi... Hirodu vurdu» (Həvarilərin işləri 12:18—25)

17, 18. İzdiham Hiroda nə üçün yaltaqlandı?

17 Butrusun qaçması Hirodu da heyrətləndirdi, amma bu, xoş təəccüb deyildi. Hirod dərhal axtarışa başladı, sonra Butrusun keşiyini çəkən gözətçiləri sorğu-suala çəkdi. Onları, ehtimal ki, edam edərək cəzalandırdı (Həv. 12:19). Hirod Aqrippa mərhəmətli və ya rəhmli adam deyildi. Bəs görəsən, bu qəddar adam nə vaxtsa cəzalandımı?

18 Yəqin Butrusu edam edə bilməməsi Hirodun şəninə toxunmuşdu. Lakin tezliklə o, yaralanmış qüruru üçün təsəlli tapdı. Düşmənləri onunla sülh yaratmaq fikrinə düşdülər və bu səbəbdən təntənəli mərasim keçirmək lazım gəldi. Sözsüz ki, böyük bir auditoriya qarşısında çıxış etmək Hirodun ürəyindən idi. Luka xəbər verir ki, bu münasibətlə «Hirod şah libasını» geyinmişdi. Yəhudi tarixçisi İosifin sözlərinə görə Hirodun libası gümüşdən idi, buna görə də üstünə işıq düşəndə padşah sanki izzətə qərq olurdu. Özünün vurğunu olan padşah nitqlə çıxış etdi. Camaat yaltaqlanaraq qışqırdı: «Bu, insan səsi deyil, bu, allah səsidir!» (Həv. 12:20—22).

19, 20. a) Yehova nə üçün Hirodu cəzalandırdı? b) Hirod Aqrippanın qəfil ölümü ilə bağlı məlumat bizə hansı təsəllini verir?

19 Bu cür izzət Allaha məxsus idi və O, hər şeyi görürdü! Hirodun fəlakətdən qaçması mümkün idi. O, izdihamı məzəmmət edə və ya ən azından onlarla razılaşmaya bilərdi. O isə öz hərəkəti ilə növbəti məsəlin həqiqət olduğunu parlaq şəkildə nümayiş etdirdi: «Əcəldən qabaq qürur... gələr» (Məs. 16:18). «Yehovanın mələyi həmin andaca Hirodu vurdu» və özündən razı olan bu qürurlu insan dəhşətli ölümlə cəzalandı. Hirodu qurdlar yedi və o öldü (Həv. 12:23). İosif də Aqrippanın qəflətən xəstələndiyini qeyd edir və əlavə edir ki, padşah ölümə mübtəla olmasının səbəbini izdihamın yaltaqcasına dediyi sözləri qəbul etməsində görürdü. İosifin sözlərinə görə, Aqrippa beş gün əzab çəkdikdən sonra ölmüşdü b.

20 Bəzən bizə elə gələ bilər ki, allahsız insanlar ürəkləri istəyəni edirlər, heç cəzalanmırlar da. Bu, bizi təəccübləndirməməlidir, çünki «bütün dünya... Şəririn əlindədir» (1 Yəh. 5:19). Bununla belə, pis insanların sanki cəzasız qalması hərdən Allahın sadiq xidmətçilərini narahat edir. Bu cür hadisələrin təsəlliverici olmasının səbəblərindən biri də budur. Belə ki onlardan Yehovanın hərəkətə keçdiyini və bununla da xidmətçilərinə ədaləti sevdiyini xatırlatdığını görürük (Zəb. 33:5). Gec-tez Allahın ədaləti zəfər çalacaq.

21. «Həvarilərin işləri» kitabının 12-ci fəslindəki əhvalatın əsas məğzi nədən ibarətdir və nə üçün bu, bizə təsəlli gətirə bilər?

21 Bu əhvalatın sonu əvvəlindən də ruhlandırıcıdır. Orada deyilir: «Yehovanın sözü isə vüsət alır, hər yana yayılırdı» (Həv. 12:24). Təbliğ işinin irəliləməsi haqqında olan bu xəbər bizə Yehovanın müasir dövrdə davam edən həmin işi necə avand etdiyini xatırladır. Beləliklə, «Həvarilərin işləri» kitabının 12-ci fəslindəki əhvalat sadəcə bir həvarinin ölümü, digərinin isə xilası haqqında deyil. Bu, Yehova haqqında, eləcə də Şeytanın məsihi yığıncağını məhv etmək və təbliğ işini dayandırmaq üçün göstərdiyi cəhdləri Onun necə boşa çıxarması barədədir. Şeytanın bütün cəhdləri həmin hücumlar kimi müvəffəqiyyətsizliyə uğrayacaq (Əşy. 54:17). Yehova ilə İsa Məsihin tərəfində olanlar isə heç vaxt müvəffəqiyyətsizliyə uğramayacaq bir işdə iştirak edirlər. Elə bunun özü ruhlandırıcı fikir deyilmi? Bu gün Yehovanın sözünü yaymaq işinə öz töhfəmizi vermək necə də böyük şərəfdir!

a « I Hirod Aqrippa» adlı çərçivəyə bax.

b Bir həkimin və yazıçının sözlərinə görə, İosifin və Lukanın təsvir etdiyi simptomlara girdə qurdların yaratdığı ölümcül bağırsaq keçməməzliyi səbəb ola bilərdi. Bəzən xəstə bu qurdları qusub qaytarır, yaxud onlar xəstə ölən zaman bədəndən çıxırlar. Bir kitabda yazılır: «Lukanın bir həkim kimi dəqiqliyi [Hirodun] ölümünün nə qədər dəhşətli olduğunu açıq-aydın göstərir».